Ölülərin dirilərə məktubu

 

I yazı

 

Salam, əziz ata-analar, bacı- qardaşlar, qohumlar və dostlar!

Dünyada baş verən bir çox hadisələrdən, həyatınızdan, işinizdən, əməlinizdən hərtərəfli xəbərdar olandan sonra bu məktubu sizə yazmaq qərarına gəldik. Məqsədimiz vaxtınızı alıb başınızı ağrıtmaq yox, öz güzəranımızı, dərdimizi, düşüncələrimizi sizinlə bölüşmək, bəzi məsələlərə aydınlıq gətirmək fikrindəyik.

Bəziləriniz bu sətirlərı oxuyanda qəhqəhə çəkib gülsə, hətta arxamızca bir-iki  kəlmə yağlı söz işlətsə də fərq eləməz.

Nə deyirsiniz deyin, öz işinizdir. Amma yaxşı söz eşitmək, məsləhətə qulaq asmaq, böyüyün-kiçiyin yerini bilmək gərəkli olduğu üçün məktubumuzu gözucu  olsa da oxumağı, insanların, dövranın bu hay-küylə, qan-qada ilə, fitnə-fəsadla, yalanla hara getdiyi barədə düşünməyi xahiş edirik.

Çünki biz gor evində siz dirilərdən nigaranıq. Əməlləriniz, hərəkətləriniz barədə qulaqlarımıza elə xoşagəlməz sözlər çatır ki, kəfəni cırıb yenidən yanınıza- bir anlığa o ədalətsiz dünyaya qayıtmaq həvəsinə düşürük. Ancaq tez də fikrimizi dəyişirik.

Bura bizim üçün çox rahatdır, sakitdir. Müdirimiz, rəisimiz yoxdur. Geyimimiz, yeyib-içməyimiz, ev-eşiyimiz, var-dövlətimiz, bağ-bağçamız, vəzifəmiz eynidir. Rüşvət alıb verənə, yaltaqlıq, qohumbazlıq, harınlıq, ədabazlıq edənə, ata-anasını döyənə, arvadını, uşaqlarını çöllərə salana, dost-qardaşını satana, qudurub tanrısına ox atana rast gəlmirik. Torpaq, mal-pul, vəzifə üstündə heç kim bir-birini öldürmür, kimsə-kimsəyə kələk gəlmir.

 Yaxşıdır ki, bütün xalqlar öz ana dilində danışır.Biz ölülər öz dilimizdə  bir-birimizi başa düşürük. Hər kəs bacardığı işi görür, adət-ənənəsini qoruyur, dilinə, dininə hörmət edir, ağsaqqalını eşidir. Yalan danışanı, böhtan yazanı, başqasının malına-puluna göz tikəni aramızdan uzaqlaşdırırıq.

Bazarımızda ucuzluqdur. Marketlərimiz, şadlıq evlərimiz, restoranlarımız eyni ölçüdədir. Malların qiymətləri münasibdir və heç kim qiymət artımı barədə düşünmür, əksinə ucuzluğa gedirik. Sərhədlərimiz açıqdır və dünyanın bu başından vurub o başından çıxmaq mümkündür.  Gömrük qadağası, vergi tətbiq etmə, cərimə yoxdur.

Mehriban dolanırıq. Suyumuz, çörəyimiz, torpağımız, ərzağımız çox təmizdir. Una kəpək qatan, yağa piy vuran, adi suyu minerala çevirən, imanını pula satan, cib kəsən, əyyaşlığa, sərxoşluğa, dələduzluğa qurşanan insanlardan uzağıq. Korrupsiya, rüşvətxorluq, şantaj, saxtakarlıq nə olduğunu bilmirik.

 Biz gözəi və azad bir dünyadayıq. Məkanımız, sərvətlərimiz, qanunlarımız eynidir. Eşitdiklərimizə görə sizin dünyada vəziyyət yaxşı deyil və deyirlər ki, çətinliklər gündən-günə artır. Müharibə, qarşıdurma, bahalıq, quldurluq, terror ölkələri bürüyüb. Çox yerdə insanlara millətinə, irqinə, dininə görə qiymət verilir. Müsəlmanlar  hər yerdə sıxışdırılır. Böyük, güclü dövlətlər kiçik dövlətləri əzmək, var-dövlətini əlindən almaq, əhalisini didərgin salmaq üçün min bir oyundan çıxırlar. Demokratiya, insan hüquqları, söz, mətbuat azadlığı pərdəsi altında insanları aldadır, pulla müxalifətçi, terror qruplaşmaları  yaradır və istədikləri ölkədə çevriliş planları hazırlayırlar. Haqq-ədalət pulla alınıb satılır.

Suriya, İraq, Livan, Misir, Yəmən, Fələstin, Pakistan və başqa ölkələrdən gələn ölülər böyük, demokratiya, azadlıq deyən dövlətlərin, beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in və başqalarının ədalətsiz qərarlarından, yanlış mövqeyindən elə yana-yana, acı-acı danışırlar ki, adam işıqlı dünyanın xoşbəxt gələcəyinə inanmır. İnsanların başına gətirilən müsibətləri, bəzi ağılsız,təkəbbürlü dövlət rəhbərlərinin  bəşəriyyətə zidd  əməllərini eşitdikcə siz dirilərin halına acıyırıq.

Öz-özümüzə düşünür ki, nəyə görə milyonlarla insan öz torpağında, yurd-yuvasında kiməsə qula çevrilməlidir, qaçqın-köçkün kimi çöllərə salınmalı,qardaşın qardaş qanı axıtmasına, ananın öz balasından ayrı düşməsinə,  abad şəhərlərin, kəndlərin viran edilməsinə, suyun, torpağın, mənəviyyatın zəhərlənməsinə rəvac verilməlidir? Haqlının haqqını qaytarmaq əvəzinə, haqsıza, qaniçənə, zalıma, qatilə haqq qazandırmaq, bəşər övladına qənim kəsilənləri dəstəkləmək insanlığın gələcək faciələrindən xəbər vermirmi?

Biz azəbaycanlılar bu suallar barədə çox düşünür və ədalətsizliklərə dözə bilmirik. Axı bizim də torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın-köçkünümüz var.Kəndlərimiz, şəhərlərimiz, tarixi abidələrimiz, məzarlarımız ermənilər tərəfindən dağıdılıb, məhv edilib. On minlərlə dinc sakinimiz öldürülüb, yandırılıb, şikəst olub. Ancaq dünya, özlərini demokratik, böyük hesab edən dövlətlər Ermənistana, erməni cəlladlarına gözün üstə qaşın var demir, əksinə ABŞ təcavüzkarlara yardım edir, Fransa bütün hallarda ermənilərə dəstək verir, bəzi başqa dövlətlərdə işğalçının, terrorçunun nazı ilə oynayır, onları silahlandırır, müharibəyə qızışdırırlar.

 Yaxşı ki, insanlarımız dünyada baş verən hadisələri, bəzi  dövlətlərin çirkin siyasətini artıq dərk edib düzgün qiymətləndirirlər. Ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik, inkişaf, bir çox dövlətlərlə qarşılıqlı mehriban münasibətlər bizi çox sevindirir. Buranın təzə sakinləri, xüsusilə əcnəbilər paytaxtımızın, kənd və qəsəbələrimizin abadlaşmasından, xalqımızın qonaqpərvərliyindən, vətənə sevgisindən elə ağızdolusu danışırlar ki, adam qanad açıb uçmaq istəyir.

 Belə yaxşıdır.Bir-birimizə qarşı nə qədər mehriban, diqqətli olsaq, o qədər möhkəm, güclü, qüdrətli olarıq. Aramıza heç kim nifaq toxumu səpə bilməz. Yaramazlar, nadanlar əl-qol açmağa, düşmənçilik yaratmağa imkan tapmaz. Axı bizim düşmənlərimiz çoxdur. Varımız-dövlətimiz, çörəyimiz-suyumuz, gözəlləşən həyatımız, müstəqil dövlətimiz tikan olub çoxlarının gözünə batır, inkişafımız çoxlarının yuxusuna haram qatır. Ona görə də hər an bizi əyməyə, zəiflətməyə, birliyimizi pozmağa, başqasının əl altısına çevirməyə cəhd edirlər.

Siz isə bu maneələri yalnız səfərbər olmaqla, düz söz və əməlimizlə dəf edə bilərsiniz. Bunun üçün  yeri gəlsə canınızdan keçməyi belə bacarmalısınız. Bu yanımızda uyuyan minlərlə şəhid oğul və qızlarımızın sizə çağrışıdır. Buna görə   yalan vədlərə,  şirin dillərə uymayın. Öz mənafeləri üçün sizə yaxınlaşanlardan uzaq olun, hər kəsə inanmayın. Yalnız özünüzə, öz gücünüzə, birliyinizə inanın.

 İçinizdə olan nadanları tərbiyə edin, başlarına ağıl qoyun, həqiqətləri açıb göstərin, düz yola gətirməyə çalışın. Yoxsa onların vəziyyəti bizim yanımıza gələndə çox çətin olacaq. Çünki burada insanlıq, sədaqət, vətəndaşlıq haqq-ədalətlə müəyyən edilir, xainlər ömürlük cəzalandırılırlar.

Bizim məkanda insanlar sizin dünyada işlətdikləri əməllərinə, yaxşı-pis hərəkətlərinə görə seçilib ayrılırlar. Xeyirxah, ədalətli, sədaqətli, namuslu, bilikli, vətənpərvər insanlar həmişə məclisin başında otururlar. Onlara xüsusi hörmət və ehtiram göstərilir. Məsləhətləri, dəyərli fikirləri daim köməyimizə çatır. Bəzən sizin dünyada gördükləri yaxşı işləri xatırlatmaqla pis adamları utandırır, onlara bir daha ibrət dərsi keçirlər.

Yaxşı haldır ki, sağlığında pis əməllərə qurşanıb insanlara zülm edən, qan tökən, baş kəsən, dünyaya ağalıq etmək eşqinə düşən insanlar burada-kor evində onlara tutulan iradlardan qətiyyən  incimirlər, hətta səslərini belə çıxarmırlar. Əksinə başlarını aşağı tikib deyilən haqlı sözləri təsdiqləyirlər, xəcalət təri axıdırlar.

Baş ağrısı olsa da bir-iki əhvalatı xatırlatmağı özümüzə borc bilirik və inanırıq ki, yazdıqlarımızı bir çoxlarına danışıb onları da dünyanın işlərindən az da olsa hali edəcəksiniz.

Bir neçə gün əvvəl müdriklər yığışıb nəyisə müzakirə edirdilər. Aristotel, Heredot, İbn Sina, Nizami Gəncəvi, Məhəmməd Füzulu, Babək, Hacı Zeynalabdin, Üzeyir bəy, Mirzə Cəlil və  Sabirlə yanaşı məclisdə iştirak edən Hüqonun, Drayzerin, Bayronun, Şekspirin başı söhbətə elə qarışmışdı ki, onlar aşağı cərgədə oturan Əmir Teymuru, Çingiz xanı, Napaleonu, Hitleri tamam unutmuşdular. Söhbətin şirin yerində Makedoniyalı İsgəndərin gəlişi və uca səslə, şəstlə məclisdəkiləri salamlaması Nizami Gəncəvini birdən-birə hövsələdən çıxardı.

- Ay oğul, nə üçün yekəxanalığından əl çəkmirsən, bu nə ədəb-ərkandır,salamdır? Yoxsa yenə özünü dünyanın ağası hesab edirsən? Axı mən sənə insanlığın dəyərini sağlığında, hələ hakimi-mütləq olanda başa salmışdım,nahaq qanlardan, insanlara zülm etməkdən, ölkələri xarabazarlığa çevirməkdən əl çək demişdim. Nüşabənin qarşısında diz çöküb səhvlərini etiraf etməyin yadından çıxıb? Görünür nəsihətlərdən yaxşı nəticə çıxarmamısan?-deyə narazılığını bildirdi.

 İsgəndər başını aşağı salıb  müdriklərdən dönə-dönə üzr istədi və ağlaya-ağlaya çıxıb getdi.

 Bizim məkanda belə hallar tez-tez olur və heç kim həqiqi sözdən inciyib küsmür. Elə bu yaxınlarda bizimkilər-Həzi Aslanov və Mehdi Hüseynzadə Adolf Hitlerin əməlli-başlı dərsini verdilər:-Ay namərd, niyə bu qədər insanı məhv etdin, qanlar axıtdın, ata-anaları, qız-gəlinləri gözü yaşlı qoydun? Viran edilən kəndlərə, şəhərlərə,  milyonlarla günahsız insanlara necə qıydın, göz yaşlarına, ah-amanlara necə dözdün? Qaz peçlərində diri-diri yandırılan, ölüm düşərgələrində zillət çəkən insanlardan utanırsanmı? Eşitmişik ki, bəzi nəvələrin də sənin yerişini yerimək istəyirlər, ali xalqıq deyirlər, haqqı-ədaləti, tarixi həqiqətləri unudurlar, kimsəsizləri, köçkünləri incidirlər, millətçi olduqlarına görə öyünürlər? Onlara xəbər göndər yollarını azmasınlar, insafa-dinə gəlsinlər, yoxsa sənin kimi pis günə qalarlar!

Adolf gözlərini döyə-döyə onları axıra kimi dinlədi. İradlarının həqiqət olduğunu bildirdi və millətçi nəvələrinə məktub yazıb yaramaz əməllərinə son qoymağı xahiş edəcəyinə söz verdi.

Sakinlərimiz bu günlərdə bir ermənini möhkəm sıxışdırdılar, otunu-suyunu verdilər, bihörmət etdilər. Erməni Qurgen sən demə bir neçə həmyerlisi ilə sövdələşib müəyyən köhnə məzarları zəbt edərək burada da Ermənistan dövləti yaratmaq fikrinə düşübmüş. O, bəzi fransızları, ingilisləri, italyanları da bu işə cəlb etməyə çalışıb.

Qurgen qondarma erməni soyqırımını onlara sırıdığı kimi, bu binəvaları inandırıb ki, bütün məzarlıqlar tarixi erməni torpaqlarıdır, əcdadlarından qalıb və bu ərazilərə sahib çıxmağa haqları vardır. Hətta saxtakar erməni bir çox əcnəbi ölülərin sümüklərinə xaç möhürü də vurub, siçovullara, qarışqalara, həşəratlara erməni dilində danışmağı öyrədib, goreşənləri əməli-başlı silahlandırıb. Bunun üçün xüsusi fond da yaradıb.

Özlərini dünyanın ən qədim xalqı adlandıran ermənilərin və dələduz Qurgenin əməlləri çox çəkmədi ki, müzakirəyə çıxarıldı və yunan tarixçiləri Miletli Hekatey və Herodot tərəfindən tamamilə ifşa olundu.

Herodot Qurgenin boğazından yapışıb divara dirəmişdi.

- Ay şərəfsiz, nə üçün əcdadların, nəvə-nəticələrin, elə sənin özün mənə qara yaxırsınız, yazdıqlarımı danır, hamını aldadır, arxamda yaramaz sözlər danışırsınız? Axı sizin əzəli torpaqlarınız, qədim xalq kimi tarixiniz, fərli bir dövlətiniz olmayıb. Bilmək istəsən sənin ulu baban Ardaşes və Darex lap qədimdə (e.ə. 223-187) Suriya padşahı Böyük Antioxun sərkərdəsi olmuş və sonradan xəyanət yolu ilə hakimiyyəti ələ keçirib Suriya ərazisində erməni dövləti yarandığını elan etmişlər.

Bu məqamda onun sözünü tarixçi Strabon kəsdi:

- Tamamilə düzdür. Amma bu iki xəyanətkar qardaş hakimiyyət üstündə razılığa gələ bilmədi və onlar daha bir erməni dövləti yaratmaq fikrinə düşərək Qafqaza hücum etdilər.Qurgen sən bil ki, baban Artavaşt xəyanətkarlıq etdiyinə görə romalılar tərəfindən öldürülüb və siz romalıların nökərinə çevrilmisiniz. Bilirsənmi baban Tiqran (e.ə.95-56) Suriyanın bir çox ərazilərini işğal edəndən sonra əcdadlarının Qafqaza  kütləvi köçürülməsinə təkan verib? Ancaq sonra alban hökmdarının qəzəbinə gəlib, məğlub edilərək qurama erməni dövlətinin varlığına son qoyulub?

Qurgen mat-məəttəl qalmışdı. Nə edəcəyini bilmirdi. Ancaq birdən dilləndi:

- Bəlkə deyəsiniz, Ermənistan, Qarabağ da bizim deyil, hə?

 Bayaqdan söhbətə diqqətlə qulaq asan bir nəfər irəli çıxdı. Bu məşhur "Qarabağnamə" kitabının müəllifi Mirzə Adıgözəl bəy idi.

- Əlbəttə, İrəvan və Qarabağ sizin əzəli torpaqlarınız deyil. 1828-30-cu illərdə sənin əcdadlarının 40 min nəfəri İrandan, 84 min nəfəri isə Türkiyədən köçürülərək İrəvan və Gəncə qəzalarına köçürülüb. Sonrakı illərdə də siz başqa ölkələrdən gəlib Azərbaycan torpaqlarında ev-eşik sahibi olmusunuz. 1918-ci ildə İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndini dağıdıb, orada yaşayan 135 min nəfəri doğma yurdundan didərgin salmısınız. Sənin babaların nəinki İrəvanda, Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Qarabağda və digər ərazilərdə yüz minlərlə müsəlmanı, yəhudini, ləzgini qətlə yetirmişlər, insanlara ağlagəlməz əzablar, işgəncələr vermişlər.

Qurgenin səsi batmışdı. Bu vaxt kənarda dayanan başqa bir erməni - Aşot söhbətə qoşuldu:

- Ə, nə gözünü döyürsən, bir dillənsənə! Bəs sən deyirdin türklər, azəbaycanlılar bizi qırıb torpaqlarımızı əlimizdən alıblar? Bu kişilərsə başqa söz deyirlər. Niyə, ay qansızlar, bizi aldadıb, qızışdırıb evimizi-eşiyimizi dağıdırsınız, balalarımızı yetim qoyursunuz.

Qurgen arada bir "sus,ərə" desə də Aşot baxmadı, əksinə daha da qızışdı.

- Bakıda əməlli-başlı dolanırdım. Allah evinizi yıxsın, balalarınızı yetim qoysun. Oğlanlarımı əlimdən alıb Qarabağda döyüşməyə göndərdiniz. İndiyədək heç birindən xəbərim yoxdur. Qızlarımı guya hərbidə işə düzəltdiniz. Sonra eşitdim ki, ikisi də hamilədir. Heç uşaqları kimdəndir bilmirəm. Dərd məni, arvadımı, anamı bu günə saldı, indi gor evində də bağrım çatlayır. Amma yenə yaxamızdan əl çəkmirsiniz.

- Sus, bəsdir, çərənləmə! Nə istəyirsən bu yazıq ermənidən?

Bunu fransızlardan biri dedi.Qurgen də onun sözünə qüvvət verdi.

- Fransız qardaşım düz deyir, doğurdan da biz yazığıq. Ona görə də türklər başımıza oyun açırlar. Bizə qarşı soyqırım törədirlər, torpaqlarımızı əlimizdən alırlar.

 

(Ardı var)

 

Tahir RZAYEV

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017. - 10 yanvar.- S.4.