Əyyub Əyyubov: "Turizm sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsini daha da yüksəltməyə çalışırıq"

 

Statistik məlumatlara görə, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb, bununla da göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər çox olub.

Ölkəmizdə turizm  üzrə  kadr hazırlığı ilə bağlı Mingəçevir Turizm Kollecinin də fəaliyyəti qənaətbəxş hesab edilir. 10 illik fəaliyyəti dövründə bu təhsil müəssisəsində 5 min nəfərə yaxın kadr hazırlanıb. Ötən dövr ərzində görülən işlər, 10 il müddətində qazanılan nailiyyətlər, beynəlxalq təcrübənin tətbiqi, yeni ildə perspektivdə olan məsələlər, bəzi zəruri ixtisasların yaradılması və digər mövzularla bağlı  Mingəçevir Turizm Kollecinin direktoru, İqtisad elmlər doktoru, professor Əyyub Əyyubovla söhbət elədik.

- Əyyub müəllim, Azərbaycanda turizm sektoru inkişaf edir. Ölkədə müasir dövrün tələbləri səviyyəsində tuzim infrastrukturu yaradılıb. Təbii ki, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi də prioritet vəzifələrdən biridir. Məhz Mingəçevir Turizm Kolleci də bu məqsədlə yaradılıb. Ötən il kollecin 10 illik yubileyi qeyd olundu.  Kollecin fəaliyyəti ilə bağlı oxuculara geniş məlumat verərdiniz.

- Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarları ilə 2006-cı ildə fəaliyyətə başlayıb. Orta ixtisas pilləsində turizm sahəsində mütəxəssis hazırlığı aparan demək olar k, respublikamızda  yeganə   təhsil müəssisəsidir. Təsisçisi Mədəniyyət və Turizm Nazirliyidir. Məlum olduğu kimi ölkəmizin böyük turizm potensialı var. Vaxtilə Ulu Öndər Heydər Əliyev    bu sahəyə xüsusi diqqət yetirirdi.

Məhz bunun nəticəsi idi ki, onun dövründə Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi yaradılmışdı. 2006-cı ildən prezident İlham Əliyevin  sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Bu nazirliyin də nəzdində iki yeni turizm istiqamətli təhsil müəssisəsinin yaradılması qərara alındı. Bunlardan biri Azərbaycan Turizm İnstitutu idi. Bu gün  Azərbaycan Dövlət Turizm və Menecment Universiteti adlanır. Digəri isə Mingəçevir Turizm Kollecidir. MTK yarandığı vaxtdan onun üzərinə düşən vəzifənin məsuliyyətini  dərk edərək bu istiqamətdə mütəxəssis hazırlığı üçün bütün imkanlarını sərf etdi. Məlum olduğu kimi böyük turizm potensialı olan ölkəmizdə bu istiqamətdə mütəxəssis yox idi.

Yəni Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə Azərbaycanda müxtəlif istiqamətlər üzrə kifayət qədər ali təhsilli və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasına baxmayaraq, təəssüf ki, turizim sahəsinə o qədər də diqqət yetirilməmişdi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra bu imkanlar  yarandı və bu istiqamətdə çoxlu işlər həyata keçirilməyə başladı. Zəruri olan turizm üçün  kommunikasiyalar yaradıldı, infrastrukturlar formalaşmağa  başladı və nəticə etibarı ilə  turizmin Azərbaycanda olan imkanlarından sözün əsl mənasında  istifadə etmək üçün geniş fəaliyyət proqramına başlandı. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi  Regionların Sosial İqtisadi İnkişaf Proqramlarına uyğun olaraq  ölkəmiz demək olar ki, başdan-başa abadlaşdı, gözəlləşdi. Təkcə paytaxt Bakı şəhəri deyil,  digər şəhərlərimiz, rayonlarımız, regionlarımız abadlaşaraq turistlər üçün maraqlı diyarlara çevrildi. Azərbaycanın on bir iqlim qurşağından  doqquzuna  mənsub olması, ölkəmizin  çox zəngin tarixə, mədəniyyətə malik olması, ölkəmzin coğrafi vəziyyəti elə bir haldadır ki, o hər bir turistin görmək, istirahət etmək istədiyi bir diyardır. Aydın məsələdir ki, yaranmış o müasir səviyyəli inforostrukturlarda çalışacaq yüksək səviyyədə servis xidmətlərini bacaran  mütəxəssislərə ehtiyac yaranır. Bu zərurət əsasında məhz Mingəçevir Turizm Kolleci  yaradıldı.

- Əyyub müəllim, sizin kollec yaranandan xarici təcrübənin öyrənilməsinə xüsusi  diqqət yetirib. Beynəlxalq əməkdaşlıq istiqamətində bir neçə layihələrdə iştirak edirsiniz. Bu barədə də məlumat verərdiniz.

- Mən söhbətimizin əvvəlində də qeyd etdim ki, əsasən iki məqama fikir verildi. Nazirlik 2006-cı ildən mədəniyyət və turizmin bir araya gətirilməsi istiqamətində fəaliyyət göstərir. Bunlar qarşılıqlı, bir-biri ilə bağlı olan sahələrdir - mədəniyyətimiz turizmin inkişafına, turizm isə mədəniyyətimizin tanınmasına faydalı ola bilər. Biz fəaliyyətə başlayarkən qeyd elədiyim kimi müvafiq təcrübə yox idi, buna görə də beynəlxalq təcrübəni bu istiqamətdə öyrənməyə önəm verdik. İlk olaraq Mingəçevir Turizm Kolleci Böyük Britaniya Kollecləri ilə əlaqələr qurduq. Britaniya Şurasının "Skills@ Work" layihəsi çərçivəsində biz Şotlandiyanın Stevenson kolleci ilə əməkdaşlığa başladıq. Qarşılıqlı beş səfər təşkil edildi bu əməkdaşlıq nəticəsində. Tələbə müəllim mübadiləsi  həyata keçirildi. Stevenson kollecinin  tədris sahəsindəki təcrübələrini öyrəndik və o  önəmli, faydalı sahələri burda tətbiq etməyə çalışdıq.

Onların  bizim müəllimlərin iştirakı ilə interaktiv metodlar, yeni təhsil metodları ilə bağlı seminar treniqlər, birgə kurslar, tələbələrin  beynəlxalq konfransı təşkil olundu. Hər iki kollecin tələbəsi ingilis dilində birgə təqdimatla  çıxış etdilər. Sonra Rumıniyanın Braşov şəhərində yerləşən Andrei Barseanu Kolleci, Rusiyanın Moskva Humanitar və Moskva Biznes İqtisadiyyat Kollecləri ilə əməkdaşlığa başladıq.  Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment kolleci ilə  əlaqələr qurduq.

TEMPUS proqramı layihəsi çərçivəsində Almaniyanın Yade Universiteti, ikinci TEMPUS proqramı ilə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışıq. Xüsusilə ilə bu son əməkdaşlıqlar nəticəsində Azərbaycandan Texniki Universitet    Turizm və Menecment Universiteti ilə  birgə bu layihələrdə iştirak edirik. Bu layihələr təhsil proqramlarının Tvinninq  metodologiyasına uyğunlaşdırılması, kolleclərin, ümumiyyətlə Azərbaycan təhsil müəssisələrinin Avropa təhsil müəssisələrinə inteqrasiyasını təşkil edən bir layihədir. İkili diplomların verilməsi məsələsinə baxılır. Bizim təhsil müəssisəsi bu layihədə iştirak edən yeganə kollecdir. Çünki digərləri  universitet və bakalavr  pilləsində mütəxəssis hazırlığı aparan təhsil müəssisələridir.Bu layihə bizə pilot  formasında ona imkan verəcək ki, bizim "turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi" ixtisası üzrə məzunlarımız sonradan müvafiq  ali təhsil müəssisələrində yuxarı kurslardan təhsillərini davam etdirə bilsinlər. Artıq onların qazanmış olduqları kreditlər  bakalavr pilləsində də qəbul ediləcəkdir. Yəni beynəlxalq təcrübədə biz xeyli faydalı yeniliklər qazandıq  onları təhsil müəssisəsində tətbiq edirik.

- Siz ötən dövr ərzində nail olduğunuz uğurlardan söhbət açdınız. 10 il ərzində gördüyünüz işlər, qazandığınız nailiyyətlər təbii ki, təhsilin keyfiyyət göstəricilərinə də öz təsirini göstərib.

- 10 il müddətində kollecimiz tərəfindən 5 mindən artıq  məzun 12 ixtisas üzrə Azərbaycan Turizm sənayesinə təqdim olunub. Onlar uğurla turizm sahəsində fəaliyyət göstərirlər. Kollecimiz artıq 5-ci dəfədir ki, Azərbaycanda,  Bakı Ekspo Mərkəzində təşkil olunan  Beynəlxalq Turizm və Səyahətlər  Sərgisində iştirak edir. Ötən il aprel ayında keçirilən sərgi zamanı ölkə prezidenti cənab İlham Əliyev sərgidə bizim stendlə də tanış oldu. Hörmətli dövlət başçısına kollecin 10 illik fəaliyyəti haqqında  ətraflı məlumat verdik, onun xeyir-duasını aldıq. Yəni daimi olaraq çalışırıq ki, həm beynəlxalq sahədə müasir dövrdə turizm təhsili sahəsində baş verən yenilikləri əldə edib, ölkəmizdə tətbiq edərək gündən-günə mütəxəssis hazırlığı səviyyəsini  yüksəldək və nəticə etibarı ilə Aərbaycan turizminin inkişafı üçün  faydalı olaq. Mədəniyyət və turizm  naziri Əbülfəs Qarayevin də qeyd etdiyi kimi ölkəyə hazırkı dövrdə gələn turistlərlə 10 il əvvəl gələn turistlərin  Azərbaycandan qayıdarkən təəssüratlarını soruşanda onlar daha  müsbət dəyişikliklərin olduğunu, daha yaxşı təəssüratlarla döndüklərini bildirirlər. Yaxşı istirahət etdiklərini, onlara zəruri servis xidmətlərinin göstərildiyini bildirirlər. Burda isə əlbəttə ki,  Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin, həm Mingəçevir Turizm Kollecinin məzunlarının, eləcə də  nazirliyin nəzdində fəaliyyət göstərən turizm peşə məktəbinin məzunlarının xidmətlərini qeyd etmək olar.

- Təbii ki,  təzə ildə kollecin fəaliyyətini daha da genişləndirmək, yeni-yeni zəruri ixtisasların sayını artırmaq, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində  əlaqələri gücləndirmək baxımından   görüləcək işləriniz çox olacaq ?

- Hər bir yeni təqvim ili gələrkən  yeni arzularla, yeni proqramlarla hər bir müəssisə, təşkilat müəyyən dərəcədə özünə hesabat verir və gələcəyə yönəlmiş planlar qurur. Bizim də bu istiqamətdə planlarımız var. Bildiyiniz kimi keçən il ölkə prezidentinin  sentyabr ayında turizmin inkişafına dair əlavə tədbirlər planı haqqında sərəncamı  oldu. Bu sərəncama uyğun olaraq  ölkəmizdə Turizm Şurasının yaradılması məsələsi gündəmə gəldi. Biz çalışırıq ki,  mütəxəssis hazırlığı zamanı mümkün olan bütün imkanlardan istifadə edərək işə götürənlərin arzularına, istəklərinə uyğun olaraq  məzunlar təqdim edə bilək. Biz daimi olaraq işə götürən müəssisələrlə sorğular aparırıq, onların məzunlarımızdan görmək istədikləri bacarıqları öyrənməyə çalışırıq. Regionlarla mütəmadi əlaqədə oluruq. Məlum olduğu kimi son illər ərəb ölkələrindən gələn turistlərin sayında  çoxalma müşahidə olunur. Bu isə həm bələdçi peşəsinə malik olan, həmçinin xarici dili mükəmməl bilən bələdçilərin olması zərurətini ortaya çıxarır. Əlbəttə ki, Mingəçevir Turizm Kollecində  "bələdçilik işi"  ixtisası üzrə hazırlıq aparılır. Biz nazirlik vasitəsi ilə Nazirlər Kabinetinə təklif vermişik ki, orta-ixtisas pilləsində mütəxəssis hazırlığı təsnifatına "tərcüməçi bələdçi" ixtisasları da daxil edisin. Yəni ştat imkanları kiçik otellərin turizm mərkəzlərində geniş olmur. Bu mənada ikili ixtisasa malik  olan işçilərin önəmi artır. Bu baxımdan belə bir ixtisasın yaradılması təklifi ilə çıxış etmişik. Ümidvarıq ki, təklifimiz qəbul ediləcək və o sahə üzrə də mütəxəssis hazırlığına nail olacayıq. Çalışırıq ki, keyfiyyətli mütəxəssis hazırlığı ilə Azərbaycan turizm sənayesinin inkişafına  kömək olaq. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, festivallar, böyük tədbirlər, bunlar hamısı Azərbaycanımızı dünyada  daha da tanıdır, ölkəmizə marağı artırır və gələn turistlərin sayı günbəgün artır və onların burada görmək istədiyi xidmətlərin çeşidlərini bizim mütəxəssislər onlara bacarıqla verməlidirlər ki,  onlar ölkələrinə dönərkən  yeni-yeni dostlarını, tanışlarını Azərbaycana yönəldə bilsinlər. Bu baxımdan üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan radiosunun əməkdaşı

 

525-ci qəzet.- 2017. - 10 yanvar.- S.4.