"Səni ömrümə yazmışam..."

 

Həmişə yanında olan, doğma bir adamı obyektiv qiymətləndirmək çətindir.

O hətta dahi olsa belə məhz doğmalıq ona dahi kimi baxmağa imkan vermir. Heç bir mütəfəkkirə öz ailəsi böyük şəxsiyyət gözü ilə baxmayıb, ata kimi, əmi kimi, dayı kimi baxıb.

Mən Şəmsi Vəfadara mehriban dost kimi baxmışam, onun qayğıkeşliyinə vurulmuşam. Bir dəfə bizi bir yerdə görən qocaman həkim, bir dəfə gözəl bir xanım məndən soruşub: Oğlunuzdu? Demişəm, . Şəmsi məndən azı 15 yaş kiçikdi. Keşməkeşli ömür yaşayıb. Mən buna ömür deməzdim, o, tale yaşayıb. Adi adamlar illərin sayı ilə hesablanan adi ömür, nadir adamlar tale yaşayır. Şəmsi öz taleyi-insan taleyi, oğul ata taleyi, mütəqəlqəl ömür taleyi yaşayan istedadlı bir adamdır. Onun Azərbaycan Yazıçılar Birliyinin AYB kitab layihəsi çərçivəsində "Yazıçı" nəşriyyatında 2016-cı ildə çap olunmuş "Səni ömrümə yazmışam..." adlı şeirlər kitabını oxuyanda kəşf etdim ki, hər gün yanımda olan Şəmsi Vəfadar həm uca bir şair taleyi yaşayır.

Dahi M.Füzuli farsca şeirlər "Divan"ının dibaçəsində yazır: "Bilirəm sən dərdlisən, dərd isə şairliyin sərmayəsidir". Şəmsinin ömür taleyi , şair taleyi dərddən doğulub: dərd Şəmsinin sərmayəsidir. Əgər belə olmasaydı o, yazmazdı:

 

Tam yox dərdim tamı kimi,

Bu tam zəhər camı kimi,

Daha mən hamı kimi

Pərdəni gözdən asacam.

 

Qəzəbindən külə dönmüş,

Qəlbimi közdən asacam.

Səndən uzaq günün biri

Özümü sözdən asacam.

 

Söz Şəmsinin ən doğma yavrusu, onun şair kimi ölümünə layiq axırıncı şansı, onun ağır çəkisini saxlaya bilən etibarlı sərvətidir. Hər şair "özünü sözdən asa" bilməz, bunun üçün əvvəlcə sözü ilham toruna salmaq, ovlamaq lazımdır. Şəmsi söz ovçusudur, Şəmsinin qəlbi söz yuvasıdır.

Böyük tənqidçi V.Belinski deyir: "Həqiqi poeziyanın mənbəyi şairin qəlb aləmidir". Poeziyasında şairin "mən"i özündən öndə görünməlidir. Şəmsinin "Mən" şeirində olduğu kimi:

 

Neçə eşqə düşənin,

Könül havasıyam mən.

Ömrüm günah içində,

Ürəyim ah içində,

Dağ boyda, dağ içində,

Bir dərd yuvasıyam mən.

 

Şairin qəlbi "dərd yuvası" olmasa oradan həqiqi poeziya pərvazlana bilməz: "Lirika lal duyğulara söz surət verir, onları köksün dar qəfəsindən ədəbiyyatın təmiz havasına çıxarır" (Belinski).

Şəmsinin poetik sulları da tale düşüncələrindən doğulur:

 

Həsrət uzun ömür gödək,

Dərdə necə dözsün ürək,

Taleyimə əsən külək,

Neyləmişəm axı, sənə?

 

"Vətən" poeziyanın əzəli əbədi mövzusudur. Son illər poeziyamızda "Qarabağ" adı ilə daha çox səslənir elə bu müqəddəs mövzuda da çoxlu trafaret şeirlər yazılır. Bu mövzu istedadsız şairlər üçün yaxşı meydan açıb. Şəmsi çox konkret deyir:

 

Hər şəhid oğul ilə

Qarabağ şəhid olub.

 

ya

 

Açılan çiçəklər

Qalxar güllə səsinə.

 

Elə "vətən"in poetik obrazını da o dəqiq tapıb:

 

Mən açım dərdimi kimə deyim ki,

Ağlaya bilmirəm, gülə bilmirəm

Həyat bir, ömür bir, vətənsə iki

Mən belə dərd ilə ölə bilmirəm.

 

Şəmsinin "Araz-Araz ağladı", "Ölüm", "Sənin həyatda yoxluğun" xüsusilə "Yoruldun adam olmaqdan" şeirləri müasir lirikamızın uğurlu nümunələri hesab oluna bilər.

Şəmsinin taleyində həyatın qara üzü sayılan zindan dövləri olub. Onun kitabının "Baharsız zindan" bölməsinə daxil olan şeirlərini oxuyanda Xaqaninin Şabran qalasında yazdığı "Həbsiyyə" şeirlərini xatırladım.

Yaxın dostum, nəcib ziyalı Balaş Abbaszadə şərə düşüb həbsxanaya salınanda ona bir məktubumda yazmışdım: "Həbsxana da vətənin bir parçasıdır, orada da kimsə yaşamalıdı". O, buna etiraz edib demişdi: "Həbsxanada vətən olmur".

Şəmsinin şeirləri göstərir ki, adamı həbs etmək olar, şeiri, nəğməni həbs etmək mümkün deyil.

 

Yoruldum adam olmaqdan,

Daşa dönmək istəyirəm.

Bezmişəm adam olmaqdan,

İstəyirəm külək olum,

Vətənimin sinəsində

Daim vuran ürək olum.

 

Şairin bu istəyi gözəl bədii-fəlsəfi məramdır oxucuda dərin nəcib hisslər oyadır. Adamı adamlıqdan çıxaran naqis cəmiyyətdə adam olmaqdan yorulmuş şair! - budur Şəmsinin obrazı.

Çiçəksiz çəmən olmadığı kimi sevgisiz poeziya yoxdur. Sevgi,məhəbbət, eşq poeziyanın xüsusən lirikanın cövhəridir. Şəmsinin kitabının "Ah, bu vüsal..." bölməsini çiçəklərdən hörülmüş nadir sevgi çələngi adlandırmaq olar.

 

Günahım sevməkdi, onu bilirəm,

Yoxdu bu sevginin sonu bilirəm,

Axı görürsən ki, onsuz ölürəm

Rəbbim, bu sevgini günaha yazma.

 

Günahla yazılıb ömrün hər sətri

Allah, gözəldi günahın ətri

Ölürəm günaha batmaqdan ötrü

Rəbbim, bu sevgini günaha yazma.

 

Şəmsinin " var, "Sən məni gözləmə", "Sənsiz", "Sevə biləydim", "Tapmayacaqsan", "Qəmin üstünə", "Getdin" kimi uğurlu şeirlərindən bir çox bənd, beyt misraları beləcə misal gətirmək olar. Onun sevgi şeirlərində vüsaldan çox dərd, qəm, həsrət var. Elə bunlar da Şəmsinin poetik obrazlarıdır.

 

Yenə sızıldadı yaram,

Can verirəm aram-aram,

Çilik-çilik, param-param

Yerə düşmüş söz kimiyəm.

 

Gəlin etiraf edək ki, bu misraların, bu poetik obrazın müəllifi incə ruhlu, söz fəhminə malik istedadlı şairdir.

O inamla poetik tapıntılara doğru gedir.

Onun ayrı-ayrı uğurlu misraları, beytləri orijinallığı ilə diqqəti cəlb edir:

"Həsrətin özgə dadı var // Dərdə bükülmüş odu var", "Demə halın necədi // Dərdlərim iç-içədi", "Sən gəlmirsən əvəzinə // Qəm gəlir qəmin üstünə", "Həsrətini nizə kimi // Ürəyimə taxıb getdin".

Təkcə bu misralar əyani tərzdə göstərir ki, Şəmsinin əsas poetik obrazı həsrətdir, bu şeirləri "həsrət poeziyası" adlandırmaq olar.

Şairin qəlb arzusu oxucunun ürəyini titrədir:

 

Ən bəxtəvər çiçək ollam,

Əllərində sola bilsəm.

Bu dünyada dərdim olmaz,

Ürəyində qala bilsəm.

 

"Söz gözəlinin nazını çəkmək" (Füzuli) şairliyin ümdə şərtidir. Mən müasirlərim olan şairlərin poeziyasına bu meyarla yanaşıram. Söz istedadlı şairin əlində çiçək açır, ləçək-ləçək pardaxlanır, sinə dolusu nəfəs alır.

Bu mənada Şəmsi Vəfadar Sözün abrını qoruyan, Sözü urvatdan düşməyə qoymayan, Sözə sevgi kimi yanaşan şairdir. Buna əminlik üçün onun "Səni ömrümə yazmışam..." şeirini oxumaq bəs edər:

 

Ürəyim çat-çat olsa da,

Dərdlərim qat-qat olsa da,

Ömür əmanət olsa da,

Səni ömrümə yazmışam.

 

Eşqə uydum, ömür keçdi,

Geri dönmək daha gecdi,

Bilə-bilə sonu heçdi,

Səni ömrümə yazmışam.

 

Şəmsinin "Səni ömrümə yazmışam..." şeirlər kitabının bir bölməsi "Gül-çiçək qədər" adlanır. Buraya uşaqlar üçün yazdığı şeirlər daxildir. Buradakı şeirlər göstərir ki, o, uşaq aləmini, uşaq psixologiyasını yaxşı bilir.

A.P.Çexov deyirdi: "Biz hamımız uşaqlıq adlanan sehrli aləmdən keçib gəlmişik". Şəmsi uşaqlığını təkcə xatirələrində yox, həm içində qoruyub saxlayıb. Onun uşaq şeirlərində həm xatirələrdə yaşatdığı, həm içində qoruyub saxladığı uşaq danışır.

Şəmsinin kitabı ilə bağlı bir iradımı da deməliyəm: burada xeyli sayda təkrarlar özünütəkrar var. Məsələn "Soruş" şeiri S.Vurğunun "Xəbər al məni" şeirini xatırladır, "Gəlmədi" şeirində M.Müşfiqin təsiri hiss olunur.

"Mən gedim kimin üstünə", "Mən", "Mənim", "Gəzdirirəm", "Yolumu gözləmə", "Sənə qovuşmaq üçün", "Bircə qarış", "Dua etdim" şeirlərində beyt təkrarı, poetik ovqat təkrarı - özünütəkrarlar yer alır. Bir misal. "Sənsiz" şeirində oxuyuruq:

 

Demə halın necədi

Dərdlərim iç-içədi.

 

"Sənə qovuşmaq üçün" şeirində eyni ifadə tərzi:

 

Dərdim ilə iç-içə

Ömür dönüb heçə.

 

Özgəni təkrar eləməkdənsə, özünütəkrar etmək yaxşıdır: Əslində hər ikisi pisdi...

"Səni ömrümə yazmışam..." şeirlər kitabı müasir poeziyamızın bədii-fəlsəfi axtarışlarını əks etdirir.

 

Nizaməddin ŞƏMSİZADƏ

professor

 

525-ci qəzet.-  2017.- 12 yanvar.- S. 8.