Şair Ədalət Əsgəroğlu yad
edilib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) dəstəyi ilə, tanınmış şair Ədalət Əsgəroğlunun anadan olmasının 60 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Ədalət Əsgəroğlunun həyat və yaradıcılığından, bir dost kimi insani xüsusiyyətlərindən söhbət açıb.
Bildirilib ki, Göyçayda dünyaya
göz açan
şair ilk ədəbi fəaliyyətinə "Kirpi"
jurnalında başlayıb. Bir sıra qəzetlərdə
çalışan Ədalət
Əsgəroğlu 2003-cü ildən ömrünün
sonunadək Azərbaycan
Yazıçılar Birliyində
mətbuat katibi kimi fəaliyyət göstərib. Şeir və poemaları
bir çox xarici dillərə tərcümə edilib, əsərləri bir neçə beynəlxalq mükafata layiq görülüb. Onun
"Yaz ilə gələn sevda",
"Göyçaydan başlayan
ömür yolu",
"Mən sənə
aşiqəm, dünya!",
"Özüm qürbətdə,
gözüm Vətəndə",
"Sabahını itirməyən
adamlar", "Məmləkətim
canım mənim...",
"Dərdimizin qan rəngi" və s. kitabları oxucuların rəğbətini qazanıb.
Filologiya elmlər
doktorları Vaqif Yusifli, Buludxan Xəlilov, şairlər Əli Rza Xələfli,
Oqtay Rza, Qəşəm Nəcəfzadə
və başqaları
Ə.Əsgəroğlunun yaradıcılığında vətənpərvərlik mövzusundan
söhbət açıblar.
Onun Xocalı faciəsinə həsr etdiyi "Dərdimizin qan rəngi" (4 dildə) poemasının məna tutumundan, əhəmiyyətindən
danışıblar.
Bildirilib ki, bu poemada
qan obrazı var. Qan obrazına ədəbiyyatımızda simvolik
bir obraz kimi çox rast gəlinsə də, burada Qan milli dərdin
obrazı kimi diqqəti cəlb edir. Qan burada Xocalıdan
bütün dünyaya
yayılan fəryadın,
ahın, kədərin
simvoludur. Qan burada
tarixdir - bir məmləkətin təklənməsi,
səsinin, fəryadının
boğulması, öz
içində qərq
olmasıdır. Ümumiyyətlə şair elə bil şeirlərində öz həyatı ilə də bağlı demişdi hər şeyi - "Fələyin yazdığı
yazılar"a təəssüflənmişdi.
Öz həyatında
gördüyü haqsızlığa
üsyan etmişdi:
"Mənə demişdilər
getmə bu yolu" təəssüfünü
yaşamışdı, "Haqqı tikə-tikə bölən"ə etiraz
eləmişdi, "Sözün
özünə qurduğu
xana"da qalmaq istəmişdi. "Fələk qəmi qoşa-qoşa göndərir"-
deyib, ədalətsizlikdən
bezdiyini, yorğunluğunu
ifadə eləmişdi.
Çox
əzabdan, əziyyətdən
keçən bir şair ömrünün
"Yenə düyün-düyün
qarışıq" halından
yazmışdı. Yaradıcılığında son zamanlar irfan
ədəbiyyatına müraciət
edərək "Yetiş
dadıma gəl, Xudam"- deyib, üsyan elədiyi də olmuşdu Ədalət Əsgəroğlunun.
Gördüklərinə etiraz edəndə
"Şahə qalxıb
ağ yalanlar" söyləmişdi. "Sonaladı
əcəl məni",
"Ölüm haqq işidi" deyib, hamını, əsasən
də əzizlərini
öz ölümünə
hazırlamışdı, "Dərdə qəmə bələnməyin", "Qərib
quşlar ağlasın
məni" yazmışdı.
Mərasimdə bədii qiraət ustaları şairin şeirlərindən ibarət
kompozisiya təqdim ediblər.
Tədbirdə şairin ölümündən
sonra, AYB-nin "aybKitab" layihəsi çərçivəsində nəşr olunan "Yaşamağın dadı"
adlı kitabının
təqdimatı keçirilib. Kitabda şairin
ömrünün son dövrlərində
yazdığı əsərləri
toplanıb.
Sonda şairin vaxtilə Bakıda "Şairlər
günü"ndə layiq
görüldüyü, lakin
ala bilmədiyi "Mikayıl
Müşfiq" ədəbi
mükafatı oğlu
Elşad Məmmədova
təqdim edilib.
Elşad Məmmədov atasının
xatirəsinə göstərilən
ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
525-ci qəzet.- 2017.- 12 yanvar.- S. 7.