Təkrarsız mahnıların əbədiyaşar
müəllifi
Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər.
"Bilməzdim",
"Gecələr bulaq başı", "Ey Vətən", "Qurban verərdim", "Gəl barışaq",
"Mehribanım", "Yoxluğunu bilə-bilə",
"Mən sənin yanına qışda gəlirdim",
"Sən yadıma düşəndə"
və digər bu kimi mahnıları
hansımız sevə-sevə
dinləmirik?!
Bu mahnılar bizləri mənən yetişdirib, tərbiyələndirib. Dillər əzbəri
olan bu əsərlər
hər birimizə xalq mahnıları qədər doğmadır.
Həmişəyaşar mahnıları, həzin
melodiyaları ilə insanların qəlbində
əbədi məskən
salmaq, könüllərə,
ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Yanvarın 10-da anadan olmasının 79-cu ildönümü qeyd edilən görkəmli bəstəkar, Azərbaycanın
və Dağıstanın
Xalq artisti, Əməkdar incəsənət
xadimi Elza İbrahimova bu xoşbəxtliyi qazanmış
sənətkarlardandır. O, bənzərsiz
yaradıcılığı ilə ən yüksək zirvələri
fəth edərək musiqisevərlərin ürəyində
özünə əbədi
heykəl ucaldıb.
Unudulmaz bəstəkarın zəngin
yaradıcılığı əlli ildən artıq bir dövrü əhatə edir. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi
əsərlər arasında
fortepiano üçün prelüd
və variasiya silsilələri, "Fortepiano üçün
sonatina", "Skripka
və fortepiano üçün
skerso", "İki
skripka üçün
birhissəli kvartet",
dörd hissədən
ibarət "Fortepiano üçün
trio", simfonik poema,
oratoriya, vokal-instrumental
kamera əsərləri,
bir sıra tamaşalara yazdığı
musiqiləri xüsusi
yer tutur. Peşəkar musiqiçinin ürəyini
qoyduğu bütün
bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.
"Afət"
(Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ
faciəsini əks etdirən muğam üzərində yazılmış
"Yanan laylalar"
(librettonun müəllifi
Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş "Neftçilər
himni" bəstəkarın
zəngin təxəyyülünü
bir daha təsdiqləyir.
Bəstəkarın milli qəhrəmanlarımız Təbriz
Xəlilbəyliyə, Salatın
Əsgərovaya həsr
etdiyi rekviyemləri,
"20 Yanvar", "Qarabağ",
"Şəhid qardaş",
"Səngərlər" əsərləri dinləyicilərin
yaralarına bir məlhəmdir.
Elza İbrahimovanın
istedadı və orijinal yaradıcılıq
üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi
kimi dünya şöhrətli sənətkarlar
çox yüksək
fikirlər söyləyiblər.
Şübhəsiz ki, Elza İbrahimovanın
musiqi dünyasında
mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan "Yalan ha deyil" (sözləri Məmməd Rahimin) 1969-cu
ildə Şövkət
Ələkbərova tərəfindən
ifa edilib. Özü də bu, bəstəkarın
musiqi yazıldıqdan
sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.
Musiqi mədəniyyətimizdə geniş
yayılmış mahnı
janrı Elza İbrahimova yaradıcılığında
yeni keyfiyyətlər
qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də
əksini tapıb.
Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən
ilk bəstəkarlardan biri
Elza İbrahimova olub.
Onun mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını "mahnı janrında lövhə ustası" kimi xarakterizə edib.
Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığı, təbiətə vurğunluğu tərənnüm edən "Ey Vətən" mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.
Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi üçün seçdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.
Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan dünyası" beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə "Mehriban ana" ordeninə layiq görülüb.
Bu gün istər yerli, istərsə
də xarici televiziya və
radio kanallarında müxtəlif musiqilər
səsləndirilir, hətta bəzən məzmun və janr "bolluğundan"
insan çaşbaş
qalır. Lakin Elza
İbrahimovanın musiqisi səslənəndə
insan sanki
ayılır, əsl sənətin heç
zaman ölməyəcəyi qənaətinə
gəlir. Tam əminliklə deyə bilərik
ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar
yaransa belə, Elza
İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ
neçə-neçə nəsilləri heyran
edəcək.
525-ci qəzet.-
2017.- 12 yanvar.- S. 7.