Haqqı danılmaz, xidmətləri unudulmaz müəllim...

 

Usta pedaqoq Nurbala Quliyevin əziz xatirəsinə

 

... Türkiyənin məşhur Topqapı sarayındakı muzeydə Sultan Süleymanın bir kaftanı saxlanılır. Onunla bağlı maraqlı bir tarixçə var.

Deyilənə görə, bir dəfə Sultan Süleyman hərbi yürüşə çıxıbmış, səfər zamanı onun arxasınca müəllimi də gedirmiş. Necə olursa, müəllimin atının ayağı çamıra batır, palçıq sıçrayıb sultanın çiyninə yapışır. Müəllimin qorxudan rəngi qaçır. Sultan Süleyman müəllimin halının dəyişdiyini görüb, yüz minlik, iki yüz minlik qoşuna "durun!" - deyə hayqırır. Sonra da çadırların qurulmasını, məclis yığılmasını əmr edir. Hamı toplaşandan sonra sultan əbasını çıxarır. Özü də ehmalca, elə ustufca çıxarır ki, çamır yerə tökülməsin. Sonra da fateh hökmdar üzünü qoşuna tutub deyir ki, bəs siz də bilin, qoy gələcək nəsillərə də örnək olsun. Müəllimimin atının ayağından çıxan çamırın nəinki çiynimdə, başımın üstündə yeri var!..

Sevimli müəllimim mərhum Nurbala Quliyev haqqında düşünəndə ilk əvvəl bu tarixi əhvalatı xatırladım. Bir də güllü-çiçəkli bir yaz günü yadıma düşdü. Onda 1969-cu ilin mayı idi. Və biz, buraxılış sinfinin şagirdləri doğma məktəblə vidalaşmaq ərəfəsindəyik. Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə biz onuncuların sinif rəhbəri Nurbala müəllimin təşəbbüs və təklifləri ilə hər gün az qala yaddaşımızda tarixə çevrilirdi. Şagirdlik həyatının hər gününü bir-birindən maraqlı tədbirlərlə sonradan yaddaşımızdan silinməyəcək xatirələrə döndərirdik.

Və may ayının növbəti bir bazar günündə də Nurbala müəllimin təklifi ilə belə qərara aldıq ki, Çıraqqalaya səfər edək (Nurbala müəllim Çıraqqalanın adını Çaraq qala yazırdı və bu da bu gözəl tarixçinin tarixə öz baxışının bariz nümunəsindən biri idi.)

Nə isə...

Səfərimizdən bir gün qabaq o vaxtlar hamımızın sevimli komandası olan "Neftçi" doğma stadionda öz əzəli rəqibi "Ararat" komandası ilə görüşmüşdü və erməniləri darmadağın etmişdi.

Ulu tariximizin əbədi yadigarı olan Çıraqqalaya səfər zamanı yolboyu sözümüz-söhbətimiz elə doğma komandamızın bu qələbəsindən oldu.

On yeddi yaşlı yeniyetmələr idik və qalanın zirvəsinə də quş kimi uçub qalxdıq. Və bu ucalıqdan gözümüznən, könlümüznən doğma yurd-yuvamızı seyr etdik.

Azərbaycanın şanlı tarixinin yaş pasportuna çevrilən bu abidə haqqında onsuz da az bilmirdik və bu bildiklərimizi də bizə öyrədən elə Nurbala müəllim özü olmuşdu.

İş bundadır ki, qalanın meydanına toplaşan biz şagirdlər fikirləşirdik ki, yəqin Nurbala müəllim yenə də bizə qalanın tarixindən danışacaq.

Ancaq Nurbala müəllim söhbəti artıq qalaya qalxarkən avtobusda tamamladığımız "Neftçi"nin "Ararat" üzərində qələbəsindən saldı. Və onun bizə ünvanladığı sualın məzmunu belə idi ki, niyə Azərbaycanın futbol azarkeşləri həmişə "Neftçi"nin "Ararat" üzərində qələbəsinə daha çox sevinib, məğlubiyyətinə də bu dərəcədə üzülürlər?

Bu, o vaxtlar idi ki, "qardaş olub Hayastan-Azərbaycan" misralı nəğmə az qala hər gün qulaqlarımızı yağır etmişdi. Tarixdən yalnız 1905-ci ilin erməni-azərbaycanlı davasından xəbərdar idik və guya ki, "qardaş" qırğınının da əsl səbəbi təkcə çar imperiyasının "parçala, hökm sür..." siyasəti imiş...

Bax, o zaman biz 1918-ci ilin qanlı mart qırğınlarından, tarix boyu xain və məkrli ermənilərin türklərin başına gətirdikləri fəlakətlərdən xəbər tutduq. O zaman rayonumuzun Kilvar adlanan kəndində yaşayıb xristian dininə mənsub əhalinin erməni Qriqoryan kilsəsinin təsiri altında erməniləşmiş əsl albanlar olduğunu, eyni dinə sitayiş etdiyinə görə ermənilərin sonralar Urmiyadan bura axışıb məskunlaşdığını öyrəndik.

Demə, hər birimizin qan yaddaşında ermənilərə qarşı bir nifrət yatırmış və "Neftçi"nin də "Ararat" üzərində hər qələbəsi, yaxud məğlubiyyəti o ulu yaddaşımızı dilləndirirmiş.

Nə yazıq ki, o qan yaddaşımızı bizə unutdurmuşdular və Nurbala müəllim kimi ziyalılar da bizə o zamanlar yalnız müxtəlif yollarla ayıltmağı, Ezop dili ilə yaddaşımızı oyatmağa can atırdılar.

Nurbala müəllim əsilzadə bir soyun oğlu idi. Atababası Pirqulu kişi Kərbalayı idi. Mal-mülk yiyəsi idi və bu imkanlı Kərbalayı həm də səxa əhli idi. Böyük bir mahalda həmkəndliləri Kərbalayı Pirqulunu özlərinin "qaraçuxa"sı bilirdilər. Ancaq öz alın təri, əlinin qabarı ilə sərvət qazananların Sovet hökuməti özlərinin "qaraçuxa"sını yatızdırdı və Kərbəlayı Pirqulu da "qolçomaq" damğası ilə uzaq Sibirə gedər-gəlməzə göndərildi və geri də dönmədi.

Ancaq tale 1937-ci ildə Sibirə sürgün edilən on yaşlı Nurbalanın atası Kərbəlayı Pirqulu kişinin oğlu Şahbalanın, Məşədi kişinin üzünə güldü. 1944-cü ildə sürgündən geri dönə bildi.

Nurbala müəllimin anası Bibixanım xala isə ağır bir seyid ocağının qızı idi və bu zəhmətkeş qadın boynunun, qulağının qızıllarını dava illərində müdafiə fonduna köçürmüşdü və bu haqda hələ o vaxt, 1941-ci ildə "Kommunist", "Bakinski raboçi" qəzetlərində xəbərlər də dərc olunmuşdu.

Bəlkə də elə bütün bunlar imiş məktəbli Nurbalada tarixə həvəs oyadan?

2010-cu ilin oktyabr ayının 12-də, payızın əvvəllərində elə payızın özü kimi qəmli bir xəbər təkcə Nurbala müəllimin əzizlərinin, doğmalarının deyil, onu tanıyan yurdsevər hər bir şabranlını kədərləndirdi: elinə-obasına bağlı bu gözəl ziyalı, məşhur pedaqoq, hər şeydən öncə doğma Vətəninin layiqli vətəndaşı öz haqq dünyasına qovuşmuşdu.

Qədim əfsanələrimizdə, nağıllarımızda "Gülüstani-İrəm"i yer üzünün cənnəti hesab edirlər. Nurbala müəllim üçün də bu yer üzündəki "Gülüstani İrəm" doğulub boya-başa çatdığı keçmiş Dəvəçi, indi tarixi adı özünə qayıdan Şabran torpağı idi, zəngin biliyə malik Nurbala Quliyev uzun illər öz tarixi araşdırmalarının yekunu olan, təkcə Şabran bölgəsinin deyil, ümumilikdə Qədim Şirvanın açılmamış səhifələrinə işıq tutan   qədirbilən oxucular tərəfindən də maraqla qarşılanan kitabını "Bura Gülüstani-İrəm torpağıdır" adlandırmışdı ("Şuşa" nəşriyyatı, Bakı, 2005). O kitabda Nurbala müəllimlə bağlı onu yaxından tanıyanların, keçmiş şagirdlərinin (elə biri mənim) ürək sözləri də toplanmışdı. Və özü haqqında o ürək sözlərini oxuyan sevimli müəllimimiz hansı hissləri keçirmişdi, indi bunları demək çətindir. Ancaq mən sözümün bu yerində o yazıların bəzilərini bir daha yada salmaq istəyirəm.

Kamran Rəhimov - keçmiş partiya işçisi, ictimai xadim, tarix elmləri doktoru:

- 1945-ci ilin isti sentyabr günləri idi. Universitetin qabağı "Kommunist" (indiki "İstiqlaliyyət") küçəsi gənc oğlan və qızlarla dolu idi. İnstitutun dəhlizlərini xoş qəhqəhələr bürümüşdü. Biz isə, yəni, universitetin birinci kursuna yenicə daxil olan gənclər kənarda dayanıb, onlara oğrun-oğrun, bir qədər də qibtə hissi ilə baxırdıq. Onlar isə bizim yanımızdan biganəliklə ötür, bizə heç məhəl belə, qoymurdular.

Nəhayət, biz Tarix fakültəsinin universitetin üçüncü mərtəbəsində yerləşdiyini öyrənib, həmin mərtəbəyə qalxdıq. Hansı auditoriyada dərs keçəcəyimizi bələdləyib, içəri daxil olduq. Hərə öz yerini tutdu. Hələ çoxumuz bir-birimizlə tanış deyildik. Qısa vaxt ərzində hamımız bir-birimizlə tanış olduq, dostlaşdıq. Həmin gün mənim tanış olduğum tələbə yoldaşlarımdan biri də Nurbala idi. O, çox sakit bir oğlan idi. Tələbə yoldaşlarının zarafatlarına, şıltaqlıqlarına, mübahisələrinə qarışmaz, kənarda dayanıb, baş verənlərə tamaşa edərdi.

Doğrudur, tələbəlik illərindən sonra mən Nurbala müəllim ilə rastlaşmamışam. Lakin bizim tələbə yoldaşımız istər tələbəlik illərində, istərsə də bütün həyatı Nurbala ilə yaxın dost, sirdaş olmuş Abdulla Rəsulovla görüşərdik və o, mənə Nurbala haqqında həmişə xoş, ürəkaçan məqamlar danışardı. Onun dediklərindən məndə belə bir qənaət, inam yaranmışdı ki, Nurbala cəmiyyət, xalq üçün ən gərəkli müqəddəs, şərəfli, həm də çətin müəllimlik peşəsinin bütün incəliklərinə yiyələnmiş, öz şagirdlərinin ən sevimlisinə çevrilmişdir.

Mübariz Əmirov - keçmiş şagirdi, pedaqoji elmlər doktoru, professor:

- Onun xasiyyətini Allah fəzilətlərlə zənginləşdirmişdir. Nurbala müəllimdə hikmət, şücaət, iffət, ədalət, zəka, dərk sürəti, zehni aydınlıq, ağıl gözəlliyi, möhkəm hafizə (gəncliyimdə həsəd aparardım), hazırcavablıq, nəfsin ağayanalığı, mərdlik, mətanət, helm, dözümlük, təvazökarlıq, həya, səmimiyyət, səbir, qənaətçilik və səxavət var. Onun zəngin daxili aləmini gözəl xarici aləmi tamamlayır.

O, həm də gözəl natiqdir. Onun nitqində bir çox zaman Levitanın ahəngi, Demosfenin məntiqi olduğunu deyirdik. Bizim müəllimimiz səadət və fəzilət sahibidir. Birincisi, ona görə səadət sahibidir ki, o, hər cür nəfsini idarə edə bilir. İkincisi, Allahımız ona sağlam bədən bəxş etmişdir. Üçüncüsü, bilik, ədəb-ərkan və dərin ağıl sahibidir. Təsadüf deyil ki,  Nəsirəddin Tusi şəxsiyyətlər haqqında demişdir: "Xoşbəxt o adamlardır ki, onların xasiyyətində fəzilətlər - yaxşı əməllər vərdiş halına keçir".

Tofiq Əhmədov - fizika-riyaziyyat elmləri namizədi:

- Nurbala müəllimin dediyi tarix dərslərinin ab-havası, məğzi hələ də xatirimdədir. Mən, əsasən, dəqiq elmləri - riyaziyyatı, fizikanı sevdiyimə baxmayaraq(ixtisasca geofizikəm), Nurbala müəllimin tarix dərslərinə həvəslə qulaq asar, lazımınca hazırlaşar və bu dərslərin təsiri altında atamla (aqronom Rəşid) uzun diskussiyalar qurardım. Dərsə lazımınca hazırlaşanların sayı az olanda onun yaxşı bir müraciəti var idi: "Kim gəlib ürəyimdəki nisgili qaldırar?" Onda mən də əlimi qaldırıb, dərsə cavab verənlərdən biri idim. Bizim cavabımızdan sonra o, bığaltı gülümsəyər və razılıqla başını yelləyərdi. Vay dərs oxumayanın halına! "Filankəsov filankəs, dərsə hazır olmadığın üçün sənə bir dənə qazboyun iki!" - deyə Nurbala müəllimin amiranə səsi eşidilərdi. Nurbala Quliyev bu gün də çöhrəsi gülümsər, lakin olduqca tələbkar müəllim kimi yaddaşıma həkk olunub. Bizim dünyagörüşümüzün formalaşmasında onun müstəsna rolu var.

Ağalar Mirzə - şair, Əməkdar incəsənət xadimi:

- Herodot yunan tarixçisidir. Bizim zamandan çox-çox əvvəl yaşayıb, tarixi kağıza köçürüb. Onun qələmi ilə qanlı savaşlar, ölkələr, ərazilər, xalqlar, tayfalar, insanlar yaşayış, məskən uğrunda mübarizələri söz-söz sıralanıb, tarixə çevrilib...

Nurbala müəllimlə Herodot arasında min  illərin dağları sıralanıb. Amma o yunan ölkəsində doğulan, adı tarixlə yanaşı çəkilən Herodot mənim nəzərimdə bir az da Nurbala müəllimə oxşayır. Əslində, baxanda, Nurbala müəllim Herodota oxşamalıydı. Amma belə desəm, yalan olar, çünki nə mən Herodotu görmüşəm, nə də məndən yüz illər əvvəl yaşayan cəddi-əqrəbam. Amma Nurbala müəllimi görmək də bəs edər ki, biləsən Herodot kim olub, nə iş görüb. Deyilənə görə, Herodot dövrünün tarixini yazıb - görüb-eşitdiklərini, baş verən hadisələri... Nurbala müəllim də yaşadığı mikrodünyada - Dəvəçidə bu işi peşəkarcasına görən dəyərli bilik adamıdır. Orta məktəbdə mənə dərs deyib bu nəcib insan və gözəl müəllim.

Ariz Xəlilov - tibb elmləri doktoru:

- Rayonumuzun ən yaxşı tarix müəllimlərindən Nurbala müəllimin həm də rəsm dərsini aparması onun bu sahədə xüsusi istedada malik olması ilə əlaqədar idi. Eşitdiyimizə görə, bu qabiliyyət onda kiçik yaşlarından olmuşdur. Orta məktəbdə oxuyarkən məktəbin həyətində təbaşirlə çəkdiyi rəsmlər hamını valeh edərmiş. Dəniz kənarında qumdan düzəltdiyi müxtəlif insan fiqurları bizdən yuxarı siniflərdə oxuyan şagirdlərin xatirində bu günə qədər də qalmışdır. Nurbala müəllim sinfə gələrkən çox vaxt əlində müxtəlif albomlar olardı. Biz bu albomların içərisindəki şəkillərdən Azərbaycanın tanınmış fırça ustaları Əzim Əzimzadə, Tahir Salahov, eləcə də Rusiya və dünyanın bir sıra məşhur rəssamlarının (Repin, Surikov, Mikelancelo, Rafael) yaradıcılığı ilə tanış olurduq. Nurbala müəllim rəsm dərsini bizə o qədər sevdirmişdi ki, az qala hamımız gələcəkdə rəssam olmaq haqda fikirləşirdik. Əlbəttə, bu, onun müəllimlik peşəsinə möhtəşəm məhəbbətindən, öz işinə böyük məsuliyyət hissi ilə yanaşmasından, habelə şagirdlərinə olan dərin sevgisindən irəli gəlirdi. O zaman başa düşmürdük ki, bundan ötrü xüsusi qabiliyyətə malik olmaq lazım imiş. İllər ötdü, bizim heç birimiz rəssam olmadıq. Lakin mənə elə gəlir ki, Nurbala müəllimin zəhməti hədər getməmişdi. O, bizlərə incəsənəti, torpağımızı, Vətənimizi sevməyi aşılaya bildi.

Babək Xubyarov - Əməkdar müəllim:

- Nurbala müəllim haqqında lakonik şəkildə danışsaq, onu bir söz ilə xarakterizə etmək olar: İstedad! Bir çox insanlar Nurbala müəllimi tarixçi, tarix-ictimaiyyət, təsviri incəsənət müəllimi kimi tanıyır. Ancaq mən isə deyərdim ki, bu kişi Vətənini qarış-qarış gəzib, onu öyrənən, sevə-sevə şagirdlərinə istədən, Vətənə sədaqətli, dəyanətli bir insan kimi formalaşan şəxsiyyətdir. Nurbala müəllim hədsiz dərəcədə elinə, adət-ənənələrinə bağlı bir insandır. Dəvəçi rayonunun, eləcə də Quba zonasının elə bir tarixi, təbii abidəsi yoxdur ki, ziyarət etməsin, öyrənməsin, təbliğ etməsin. Nurbala müəllim çox şirin mükaliməsi ilə gördüklərini, oxuduqlarını, eşitdiklərini ləzzətlə danışmağı xoşlayır. Tarixçi-müəllim kimi o, Dəvəçinin keçmişi ilə bağlı onlarla məqalə yazmış, çıxışlar, məruzələr etmiş, bu gün də ömrünün ahıl çağında bu sahədə daha çox fəaliyyət göstərməkdədir.

Faiq Şahbazlı - filologiya elmləri namizədi:

- Tez-tez məclislərdə qarşılaşırıq onunla. Hər dəfə bağrına basıb, xoş sözlər deyir. Çox təsirlənirəm...

Doğrusu, bu ilıq münasibət məni kəndimizin, onun köç etmiş yerlərinin hərarəti kimi ruhuma qədər isidir...

...Kəndimizdə orta məktəb olmadığından təhsilimi 1969-cu ildə Dəvəçidəki Tofiq Abbasov adına orta məktəbdə davam etdirməli oldum. O zaman evimizdən 10 kilometr aralı olan Dəvəçi şəhəri mənə qəribliyin ilk nümunəsi idi. Və bu qəriblikdə Nurbala müəllimin, qohumumun bizə tarix dərsini deməsi, tez-tez halımı soruşması, baxışlarının işığı, dərs danışarkən hərdənbir yanımda durub əlini çiynimə qoyması mənə bu qəribliklə həm də doğmalıq hisslərini aşılayırdı. İndi, çox-çox sonralar keçirdiyim bu hisslər mənə daha qiymətli gəlir.

 

lll

 

Məlum həqiqətdir ki, hər şey doğma yurd-yuvaya sevgidən, məhəbbətdən başlanır. İnsan yalnız sevdiyini qoruyub, əzizləyib yaşadır. Nurbala müəllim də ömür boyu Vətəni, doğma yurdu şagirdlərinə sevdirmək üçün tanıtmağa, dərindən tanıtmağa çalışıb, öz həyatını bu müqəddəs işə həsr etmişdi. Elə buna görə də Nurbala Quliyev kimi pedaqoqların öz şagirdlərinin hər birinin başı üstündə yeri var idi.

Biz onuncular 38 il bundan qabaq futbolçularımızın erməni komandası üzərində qələbəsinə sevinib uca Çıraqqalanın zirvəsində də bu sevinci yaşamışdır. Azərbaycan əsgərinin döyüş meydanında da işğalçı düşmən üzərində qələbəsini qeyd edəcəyimiz gün də elə uzaqda deyil.

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2017.-  12 yanvar.- S. 6.