Ölülərin dirilərə məktubu - (I yazı)

 

(Əvvəli 10 yanvar sayımızda)

 

Başqa bir fransız da Qurgenin sözünə haqq qazandırdı:

- Qardaşım haqlıdır. Hələ bizim deputatlarımız da soyqırımı tanıyıblar. Onu inkar edənlərin cərimə edilməsi, həbs olunması barədə qanun da qəbul ediblər. Rəhbərlərimiz də ermənilərin tərəfindədir. Erməni qızlarının xətrini xüsusilə çox istəyirlər, onlardan olmaz deyirlər. Babam da ermənilərlə yaxın dost olub, onlara Fransada gözəllik salonu açıb. O, türklərin erməniləri milçək kimi qırdıqları haqqında hələ bir kitab da yazmışdı. Amma bəzi nadanlar çar etdirməyə qoymadılar, dedilər ki,  yalandı. Kişi də yazılarını bir erməni qızına bağışladı. Eşitdim ki, o günü babamın yazılarını bizim parlamentdə oxuyublar, çox şad oldum. Bax budur həqiqət.

Bu dəmdə bir əlcəzairli yerindən güllə kimi açıldı:

- Ay sənin babanı görüm gorbagor olsun. O mənim yüz minlərlə əzizlərimi öldürməsindən yandırmasından, torpaqlarımın viran qoyulmasından niyə danışmır? Yoxsa əsrlərlə insanların başına açdığınız oyunlardan, zülmdən, fəlakətlərdən xəbəriniz yoxdur? 1961-ci ildə millətimi qırdığınız, qanı su yerinə axıtdığınız yadınızdan çıxıb? Siz tək bizə yox tarixən çox xalqlara zülm etmişiniz. Mələk donuna bürünsəniz də hamı sizi yaxşı tanıyır. Cinayətləri malalamaqda, yalan uydurmaqda mahirsiniz. Dünyada qan-qada salan, müharibələr törədən məgər siz deyilsinizmi?

Əlcəzairli yaman qızışmışdı. Bir alman onu sakitləşdirmək istəsə də mümkün olmadı. Əksinə o, almanın da payını verdi: --Sus dedi- Sənin danışmağa haqqın yoxdur. Adolfu görmürsən necə büzüşüb, cücəyə dönüb? Onun axıtdığı qanların hesabını heç zaman verə bilməyəcəksiniz. Get öyüt-nəsihəti, məsləhəti mənə yox, nəvələrinə ver, qoy ətalətli olsunlar, yenidən aralığa millətçi toxumu səpməsinlər, müsəlmanlara zülm etməsinlər.

Bir rus araya girdi:

- Qardaşım haqlıdır - dedi. - Babalarınızın tökdüyü qanları heç vaxt yuya bilməyəcəksiniz. İndi durub haqdan-ədalətdən, azadlıqdan, insan hüquqlarından danışırsınız, ayıb deyil? Siz fransızlar, almanlar, ingilislər tarixlər boyu üzdə haqq, demokratiya deyib, ancaq arxada insanlara zülm etmisiniz, ölkələri viran qoymusunuz, Türk qardaşlardan biri Qurgenə yaxınlaşıb:

- Utanmırsan yalan danışırsan, çörəyimizi yeyib, suyumuzu içib bizə düşmən kəsilən siz deyilsinizmi? Türkiyə, Azərbaycan torpaqlarını tarixən işğalda saxlayan, kəndləri, şəhərləri xarabazarlığa çevirən, milyonlarla insana zülm edən babalarından, nəvələrindən xəbərin yoxdurmu? Torpaq, torpaq deyirsən göstər mənə tarixi torpaqlarını!

Gürcülərdən biri torpaq sözünü eşidəndə səbrini basa bilmədi, Qurgenin boğazından yapışıb:

- Belə çıxır ki, dünyanın bütün torpaqları sizindir, hə? Eşitmişəm bizim elimizə-obamıza da gözünüzü tikmisiniz, bu torpaqlar bizimdir deyirsiniz, utanmırsınız? Axı evimizdə sizi qonaq kimi saxlamışıq. Ev yiyəsinə belə hörmət olar? Yoxsa azərbaycanlıların başına açdığınız oyunları, fəlakətləri bizim də başımıza açmaq istəyirsiniz, xəyanətkar uşağı, xəyanətkar!

Amerikadan olan ölü mübahisə edənləri sakitləşdirməyə çalışdı:

- Ay qardaşlar, bir az dözümlü olun - dedi.  Yəqin bu mübahisələrə, münaqişələrə BMT, ATƏT, bizim mötəbər beynəlxalq təşkilatlarımız, siyasətçilərimiz bir aydınlıq gətirərlər. Onsuz da dünya qarışıb ,bizim özümüzdə də vəziyyət yaxşı deyil, hərə bir səmtə çəkir. Böyük-kiçiyin yeri bilinmir.Səbirli olmaq lazımdı, biz ölüyük, dirilərə nə edə bilərik.

- Əgər ölüyüksə, heç kimə təsir edə bilmiriksə, bəs Qurgen köpək oğlu burada Daşnaqsütun partiyasının şöbəsini nə üçün yaradır, niyə camaatı yoldan çıxarır? Beynəlxalq təşkilatlara danos göndərir, qəzetlərə, saytlərə yalan məlumatlar ötürür? Ağlayır, inləyir, göz yaşı tökür, arvadını, qızını onun-bunun yanına göndərib kömək istəyir?

Amerikalı:

- Ermənilər buna adət ediblər, öyrənənə tövbə olmaz. Gərək səbrimizi basaq, bu dünyada da özümüzü biabır etməyək.

Bildirmək istəyirəm ki, burada - bizim uyuduğumuz məkanda belə söhbətlər, mübahisələr tez-tez baş verir. Çünki  bir qarış torpaqdan başqa burda heç nəyimiz yoxdur.Son zamanlar sizin dünyadan torpaq üstə vuruşub gələnlər də çoxdur. Torpaq satanlar, mal-mülk, torpaq üstə canını tapşıranlar da az deyil.

Ancaq torpaq uğrunda vuruşub şəhid olanlara burada böyük hörmət və ehtiram var. Başlarını dik tutub gəzirlər, sözü üzə qırmızı deyirlər, hərəkətlərinə nəzarət edirlər.

Torpaq satanlardan danışmaq istəməzdim, amma danışmamaq olmur. Onların bir neçəsi burada da müəyyən əraziləri zəbt edib, satmaq istəsə də alınmadı. İşin üstünə tez düşdük, düzəltdikləri saxta sənədləri ləğv etdirdik. Düzü bizim məkanda torpaq satmaq çox çətindir. Çünki hər bir kəsin yeri-yurdu dəqiq məlumdur. Buna baxmayaraq namərdlər bəzi köhnə ölülərin sümüklərini gecə ikən oğurlayıb xəlvəti bir yerə yığaraq onların yatdığı yeri satmaq istəyirlərmiş. Bu kriminal dəstəyə ermənilərin başçılıq etdiyi məlum oldu və onlar ağır cəzalarını aldılar. Təəssüflər olsun ki, onların arasında bir neçə həmyerlimiz də var idi.

Ancaq nə olursa olsun vətən, torpaq çox əzizdir, qiymətlidir. Elə buna görə də biz hər gün bu barədə düşünür, əcdadlarımızın qəhrəmanlığını xatırlamaqla bərabər, torpağa xəyanət edənləri də lənətləyirik. Bəzi ağlagəlməz hadisələrin şahidi olub, xoşagəlməz şeylər eşidəndə yuxumuz ərşə çəkilir, yerimizə od tökülür. Eşidəndə ki, böyük, sözükeçən bir çox dövlətlərin rəhbərləri öz var-dövlətlərini artırmaq, torpaqlarını genişləndirmək, vəzifələrini qorumaq naminə milyonlarla insanı qırğına verir, ev-eşiklərindən didərkin salır, kiçik dövlətləri barmaqlarına sarıyıb oynatmaq istəyirlər və bu mümkün olmayanda demokratiya adı altında onlara sanksiyalar tətbiq edib, qərarlar çıxarırlar, ölkə rəhbərlərini diktator, cəllad adlandırırlar adamın matı-qutu quruyur.

Bir neçə ay bundan əvvəl nümayəndə heyətimiz xaricdə səfərdə olarkən təsadüfən Səddam Hüseyn və Qəddafi ilə qarşılaşıblar. Deyirlər ki, hər ikisi vətən, xalq həsrətindən quruyub çöpə dönüb, tanınmaz vəziyyətdədirlər. Ancaq yenə də ümidlərini üzmürlər, xalqlarının azadlığı yolunda hər bir dərdə-əzaba dözməyə hazır olduqlarını bildirirlər.

Jurnalistlərdən birinin "Siz kimyəvi silahlardan istifadə edirdinizmi?" sualına Səddam Hüseyn belə cavab verib: "Kimyəvi silahlardan açıq-aşkar istifadə edən, dünyaya müharibə toxumu səpən ölkələrin bu silahı başqalarında axtarması, ona qadağa qoyması gülüncdür. Mənim mövqeyim, əqidəm, xalqıma, torpağıma məhəbbətim kimyəvi silahdan da güclü və sarsıdıcıdır. Başqalarına əyilmədim, qul olmaq, xalqımı alçaltmaq istəmədim. Övladlarıma, nəslimə, iraqlılara pis ad qoyub getməkdən çəkindim və ona görə də nadanların qəzəbinə tuş gəldim. Vətəninə sədaqətlə xidmət edən, siyasi oyunlardan baş çıxaran iraqlılar bunu yaxşı bilir. Mən xalqımın azadlığı yolunda canımı qurban verdim və peşman deyiləm. Ölkəmin vəziyyəti çətin olsa da, inanıram ki, xalqım qalib gələcək. Yalnız o vaxt üzüm güləcək, rahatlıq tapacağam".

Onun sözlərini Qəddafi də təsdiqləyib. Xalqını bəlalara, nifaq salanlara lənətlər yağdırsa da göz yaşlarını saxlaya bilməyib: "Mən çadırımı yenidən Livanın çiçəklənən torpaqlarında, xalqımın arasında qurub amalımla, sözümlə onlara xidmət edəcəyəm"-deyərək jurnalistlərdən uzaqlaşıb.

Əlbəttə ki, ədalət alçalanda, haqsız haqlını mühakimə edəndə dünyanın nizamı pozulur, insanlıq unudulur, qarşıdurmalar, münaqişələr artır, ölüm-qan, terror baş alıb gedir. Bu təbiidir. Çünki insan öz haqqına ağıl, ədalət hesabına nail olmayanda zora, silaha əl atmalıdır.Özlərini demokratiyanın dayağı, həqiqətin carçısı hesab edən böyük dövlətlərin baş verən hadisələrə, reallıqlara laqeyd münasibətlərinin nəticəsidir ki, dünya siyasi və iqtisadi böhran içərisindədir. Aclıq, səfalət, müharibələr milyonlarla insanı məhv edir, qaçqın-köçkünə çevirir, ölkələri viran qoyur.

Bu gün məhv olan, şikəst edilən, əzab içində yaşayan yüz minlərlə insanın taleyinə acımayanlar, biganə olanlar humanizm, insan haqları bayrağı altında yüz il bundan əvvəl tarixə məlum olmayan saxta "soyqırımlara" yas saxlayırlar, onlara həqiqət donu geydirir,qanuniləşdirirlər.

Tarixi ziddiyyətli, əməli məkrli olmayan dövlətin, insanların bunu etməsi bir o qədər qəribə görünməsə də, ancaq əsrlərlə neçə-neçə ölkələri işğal edib, milyonlara işgəncə verən, başqa ölkələri demirik Əlcəzairdə kütləvi insan qırğınları törədən Fransa kimi bir dövlətin deputatlarının  tarixə bəlli olmayan qondarma erməni soyqırımını tanımayanların cərimə olunması, məsuliyyətə cəlb edilməsi haqqında qanun qəbul etmələri tarixin saxtalaşdırılması, nəinki Türkiyə Respublikasına, türk dünyasına qarşı bir xəyanət, əsl siyasi riyakarlıqdır. Təəssüf doğuran haldır ki, öz gözlərində tiri görməyib başqalarının gözündə qıl axtaran bu dövlətin hakim dairələri də pulla ələ alınan deputatların saxta əməllərini dəstəkləyir, onlara rəvac verirlər.

Fransada son illər baş verən terror aktları, qarşıdurmalar məhz bu haqsızlıqların, ədalətsizliyin nəticəsidir. Bu ölkənin bir çox siyasətçiləri, hakim dairələri nəinki tarixi saxtalaşdırıb təcavüzkar ermənilərə haqq qazandırır, həm də islama, müsəlman dünyasına qarşı total müharibə aparırlar.

İslamı gözdən salmaq meylləri, müsəlmanlara qarşı kəskin nifrət, qaçqın-köçkünlərə təqib və təsirlər Qərb və Avropa ölkələrində gündən-günə güclənir, genişlənir.

Burada bizim güclü tədqiqatçılarımız, siyasətçilərimiz, filosoflarımız var. Onlar tarixi hadisələri yaxşı bilir, müqayisələr aparır, faktları təhlil edir və həmişədə belə bir nəticəyə gəlirlər ki, demokratiya, insan hüquqları, bərabərlik deyən bir çox böyük dövlət rəhbərlərinin qüdrəti, siyasəti onların bacarığında yox, malik olduqları silahların gücündədir.

Ona görə də əziz bacı və qardaşlarımız, siz pafoslu, yalan demokratiya şüarlarına deyil, birliyinizə, sədaqətinizə, düzgün sözünüzə inanın. Bilin ki, demokratiya, söz azadlığı, insan hüquqları bir çox hallarda  bəzi dövlətlərin müstəqilliyini qazanan, sərbəst yaşamaq istəyən, inkişafda olan kiçik dövlətlər üzərində bir təsir, onları özlərinə tabe etdirmək vasitəsidir. Dövlətimizə də edilən təsirlərdən xəbərdarıq. Bəzi xarici və daxili düşmənlərin əli ilə ölkəmizdə qarşıdurmalar yaratmağa göstərilən cəhdlər barədə də eşitmişik. Bəzi siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının, siyasətçilərin xarici ölkələrə arxalanması onlara qulluq etmələri, dövlətimiz və xalqımız barədə mənfi fikirlər, rəylər söyləmələri barədə   məlumatlıyıq.

Dövlətimizin müstəqilliyinin qorunub saxlanılması üçün birləşməyi, xalqımızın firavan həyatı naminə sabitliyi, sakitliyi gözləməyi, fitnələrə, yalan vədlərə uymamağı sizdən xahiş edirik. Bu gələcəyimiz, inkişafımız üçün çox vacibdir. Əgər  1990-cı ilin əvvəllərində  qarşıdurmalar olmasaydı, vəzifə, var-dövlət üstündə bir-birinizə qəsd etməsəydiniz, siyasi oyunların qurbanına çevrilib onun-bunun dediyi ilə durub-oturmasaydınız, özünüzə ağıllı, uzaqgörən bir başbilən seçə bisəydiniz torpaqlarımız əldən getməzdi, insanlarımız məhv olmazdı, düşmən bizi üstələməzdi, qaçqın-köçkünə çevrilməzdik.

Nə yaxşı ki, tez ayıldınız, dostu düşməndən, yaxşını pisdən ayıra bildiniz. Çətin anda ağsaqqal, müdrik sözünə dəstək verdiniz, ağıla, kamala, cəsarətə arxa oldunuz. Kimin kim olduğunu dərindən dərk etdiniz, sizi gözləyən ağır bəlalardan xilas oldunuz.

Amma narahatçılığımız tam ötüşməyib. Adı azərbaycanlı olub öz xalqına xəyanət edən, mala-pula, vəzifəyə satılıb dövlətini gözdən salmağa çalışan, harınlıq edən həmvətənlərimiz haqqında xoşagəlməz sözlər eşidəndə dinclik tapa bilmirik. Partiya yaratmaq, qəzet açmaq, siyasətə qoşulmaq, nöqsanları demək mümkündür, ancaq bunun həddi olmalı, yaradılan qurum, deyilən söz, görülən iş insanların, ölkənin mənafeyinə xidmət etməli, vətəndaşlarda torpağa, vətənə məhəbbət, sədaqət hissi yaratmalıdır. Bu yolu əməli düz, əqidəsi saf, savadlı, ağıllı, iş bacaran insanlar seçməli, onlar əməlləri ilə başqalarına hər an nümunə olmalıdır.

Yoxsa vəzifədə olanda xalqına arxa çevirən, torpağı satan, milləti zülmə məruz qoyan, çətin gündə vətəni qoyub qaçan insanların yenidən müxtəlif partiyalar, milli şuralar, ictimai birliklər, müxalifət adı altında meydana atılması milli xəyanətdir, ara qarışdırmaq, düşmənə xidmət etməkdir. Kiçik bir ölkədə bu qədər siyasi partiyanın, mətbuatın, qəzet-jurnalın, qeyri-hökumət təşkilatlarının, informasiya vasitələrinin olmasının bizə görə xeyrindən çox ziyanı vardır. Siz onlardan qorxub-çəkinmədən kimə və nəyə xidmət etdiklərini soruşun, yeri gələndə qanunun yolunu göstərin, səhvlərini başa salın.

 

Tahir RZAYEV

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.-  12 yanvar.- S. 4.