Dili su qədər
lətafətli hekayə - “Su dəyirmanı”
Azərbaycan nəsr və dramaturgiyasında lirik-psixoloji
üslubun yaradıcısı
olan İlyas Əfəndiyev nəsrimizin
inkişafında da böyük xidmətlər
göstərib.
Görkəmli yazıçının lirik
ruhlu nəsr əsərləri məhz
lirik üslubda, poetik dillə qələmə alınmışdır
ki, bu da
ədəbiyyatımızda xüsusi bir hadisə idi. Onun əsərlərinin
dili şirin, lirik, ifadəli, cazibədar bir dildir.
Ədibin məşhur hekayələrindən
biri olan “Su dəyirmanı” hekayəsində
bütün bu cəhətlər parlaq şəkildə öz əksini tapıb. Hekayəni mütaliə
etdikcə adamın yadına dahi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti
var” misrası düşür. Belə ki,
bu hekayənin də dili su
kimi axıcı, lətif və saf bir dildir.
Məlumdur ki, “Su dəyirmanı”
maraqlı, bir az da qəribə məzmuna malik məhəbbət hekayəsidir. Hekayənin qəhrəmanı Eyvaz dəyirmançı
Musa kişinin qızı
Bəyimi sevir. Bəyimin isə ona münasibəti
müəyyən deyil.
Eyvazla Bəyim axşamüstü
görüşürlər. Bəyim Eyvazın sevgi etrafına cavab olaraq: “Kənddə iki yaxşı oğlan varsa, biri sənsən...
Ancaq qoy mən bir
az fikirləşim” - deyir.
Sonra hadisələr
gözlənilmədən dəyişir. Eyvazgilə Humay
adlı bir gənc qonaq gəlir. Məlum olur ki, Humay Gəncə Kənd Təsərrüfatı
İnstitutunu bitirib və MTS-ə mühəndis-mexanizator
təyin edilib.
O, Eyvazın əmisi oğlu Hüseynin dostudur. Hüseyn məktubla xahiş
edir ki, Humaya yaxşı hörmət eləsinlər.
Humay Eyvazgildə qalır və həvəslə işə başlayır.
Hekayədə onun fəaliyyəti
ilə məhəbbəti
müvazi verilir.
Belə ki, o, kəndin su dəyirmanını elektriklə işlətmək
təşəbbüsünü irəli sürür və onun əməlini
işdə həyata keçirir. Bu isə
dəyirmançı Musa kişi ilə onun arasında ciddi ixtilaf yaradır.
Dədə-baba dəyirmanının uçulub-dağılması köhnə
fikirli insan olan Musa kişini qəzəbləndirir. O, Humaya
düşmən münasibət
bəsləyir. Bu zaman həmin gərgin ictimai hadisə ilə yanaşı, gərgin maraqlı bir məhəbbət hadisəsi
də baş verir. Belə ki, Musa kişinin
dəyirmanını uçurub
dağıdan mühəndis
Humay məhz Musa kişinin qızı Bəyimi sevir və Bəyim də onu sevir.
Bu maraqlı, təsirli
hekayə məhz təsirli, şairanə bir dillə verilir ki, oxucu
uzun müddət onun cazibəsindən çıxa bilmir, əsl bədii zövq verir.
Hekayənin dilinin bu qədər
gözəl olmasının
səbəbi nədir? Şübhəsiz ki, bədii vasitələrdən, xüsusən
bədii təsvir və ifadə vasitələrindən böyük
sənətkarlıqla istifadə
edilməsində.
Hekayədə eyni səs və
sözlərin təsirləri
sanki bir sistem təşkil edir. Məsələn: “Mən
də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik.
Biz ikimiz də,
mən də, bahar da, mənim
arzularım da, baharın açdığı
bu söyüd yarpaqları da gənc idi. Bizim üzərimizdən fırtına
keçməmişdi. Biz həyəcan və coşqunluq içində
irəliyə can atırdıq.
Biz arzu və
ehtiraslar selinə düşmüşdük”.
Bu kiçik parça
mənsur şeir təsiri bağışlayır. Bunun səbəbi “mən”,
“biz”, “bahar” sözlərinin
təkrarı, “da” bağlayıcısının təkrarı,
həmçinin “m”, “a”, “ı”, “z”, “c” və digər səslərin ritmik təkrarı (yəni assonans və allitrasiyalar) ilə bağlıdır. Həmin bədii
parça bütünlüklə
metaforalar üzərində
qurulub.
Əlbəttə, misal gətirdiyimiz hissə hekayədən xüsusi olaraq seçilməyib. Əsərin istənilən cümlələri
bu cür bədii gözəlliyə
malikdir. Adama elə
gəlir ki, İlyas Əfəndiyev hər cümlənin, hər sözün deyil, hətta hər səsin də üzərində işləyir, onun ahəngdar, melodik olmasına xüsusi diqqət yetirir. Məsələn, yuxarıda
misal gətirdiyimiz hissədən sonra belə bir cümlə
gəlir: “Biz bu barədə belə düşünmürdük, lakin
bu, belə idi”. Bu cümlədəki
“b” səslərinin ritmik
təkrarını bir
yana qoyub
orada işlədilən
“lakin” bağlayıcısının
üzərində dayanmaq
istərdim. Müəllif “lakin” bağlayıcısının
əvəzinə “ancaq”
və “amma” bağlayıcısını da
işlədə bilərdi.
Lakin... “lakin”
sözündə “l” səsi
xüsusi melodik ahəngə malik olduğuna görə o, məhz bu məqamda
həmin sözü seçib.
Maraqlıdır ki, yazıçı bəzi məqamlarda isə təsvir mühirinə uyğun olaraq “lakin” deyil, “ancaq” bağlayıcısından istifadə
edib.
Haqqında bəhs elədiyimiz hekayə müəllifin sevə-sevə işlətdiyi
epitetlərlə, metaforik
ifadələrlə, bədii
suallarla da çox zəngindir.
Əsəri oxucuya sevdirən başlıca xüsusiyyətlərdən
biri də təbiət təsvirləridir.Təbiət
təsviri (peyzaj) İlyas Əfəndiyev tərəfindən o qədər
gözəl verilir ki, sanki müəllif
təbiəti təsvir
etmir, onu tərənnüm edir. Həm də
bu tərənnümlər
əsərdə iştirak
edən obrazların daxili aləmi, psixoloji ovqatı ilə məharətlə
bağlanır. Məsələn:
“Mən təzətər
söyüd yarpaqlarının
pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü
eşidirəm. Mən onun
gəncliyi ilə üçgünlük ayın
işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi
ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur”.
Yaxud:
“Lap qulağımın dibindən
kiçik qanadlarını
ilıq və ətirli bahar havasına çırparaq
bir quş da uçub getdi”.
Bu bədii mənzərə,
şübhəsiz, yazıçının
müşahidə qabiliyyətinin
nə qədər yüksək olduğunu göstərir. Bu cür
bədii detallar hekayəni inci kimi bəzəyir, qiymətləndirir.
“Su dəyirmanı” hekayəsinin
qəhrəmanı Eyvaz
da təbiətin özü kimi gözəl oğlandır. Onun gözəlliyi
daha çox mənəviyyatı ilə
bağlıdır. Qonağı olan Humay eyvazın
sevgilisini, demək olar ki, əlindən
alır. Lakin özündə
mənəvi güc tapan Eyvaz qonağı
Humayla Bəyimin arasında qəflətən
yaranan məhəbbətinə
hörmətlə yanaşır.
“Ürəyə zor etmək olmaz” qənaətinə gələn
Eyvaz öz-özünə
deyir: “Ancaq zərbə nə qədər güclü olur-olsun, onu mərdliklə qarşılamaq
lazımdır”.
Hekayənin məzmununda bir nağıl xeyirxahlığı var. Eyvaz canı qədər sevdiyi Bəyimin Humayla məhəbbətinə nəinki mane olmağa cəhd eləyir. Hətta bir-birlərinə qovuşmaq üçün onlara kömək edir. Belə ki, öz anasını Humay üçün Bəyimgilə elçiliyə göndərir! Sonra isə onun Humaya qoşulub ZAQS-a getməsinə vasitəçilik eləyir.
Əlbəttə bu onun üçün daxili iztirablar və əzablar hesabına başa gəlir. Məhz həssas qəlbə, gözəl əxlaqa, qürur və ləyaqətə sahib olan Eyvaz oxucu tərəfindən sevilir və onun məhəbbət hekayəsi oxucuya güclü təsir göstərir, onu kövrəldir. Lakin müəllif Eyvaz üçün də necə deyərlər işıq ucu qoyur. Dəmirçi Muradxanın qızı gözəl əsmərin Eyvaz haqqında “yaman çox danışması” Əsmərin Eyvazı sevməsinə bir işarədir.
Eyvaz kimi Bəyim də, Humay da müsbət surətlərdir. Bəyim ona görə yaxşı qızdır ki, ürəyinin hökmü ilə hərəkət eləyir, Humayı sevir. Lakin Eyvazın ona olan məhəbbətinə hörmətlə yanaşır, onu “qardaş kimi” sevir. Humay Bəyimi dərindən sevir və beləliklə, hər iki gənc məhz qarşılıqlı məhəbbt əsasında bir-birinə qovuşurlar.
Hekayədə kolxoz sədri Qədir, dəyirmançı Musa kişi, Eyvazın anası Bədirxan xala kimi də maraqlı surətlər də vardır. Kolxoz sədri Qədirin məzəli sözləri və hərəkətləri, Bədirxan xalanın kişi kimi ötkəm, kobudyana xasiyyəti, Musa kişinin ata-baba mülkünə bağlılığı oxucunun ürəyində dərin iz qoyur.
Ümumiyyətlə, “Su dəyirmanı” hekayəsinin məzmunu da, dili də çox gözəldir və bu gözəllik bütövlükdə oxucuya estetik zövq verir və onun mənəvi-ruhi aləminə güclü təsir göstərir.
Sərvər
ŞİRİNOV
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.23.