204 nömrəli avtobus
O zaman Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsi indi
İqtisad Universitetinin yerləşdiyi binanın sol tərəfində
- Baksovetin qəbul otağı ilə üzbəüz olan
hissəsində yerləşirdi.
Universitetin
yataqxanaları isə buradan xeyli uzaqda - Yasamalda
olduğundan tələbələrin əsas çətinliyi
yataqxanalardan fakültəyə necə gəlib-getmək idi. İndi bu, çox asandı. Yasamaldan
metronun “İçərişəhər” stansiyasına getmək
üçün Yasamalın yaxınlığındakı
stansiyalardan birində metroya minirsan və bir neçə dəqiqəyə
gedib oraya çatırsan.
Tələbələr yataqxanalara iki yolla gedə bilirdilər. Bunlardan biri
Filarmoniyanın yanından başlayan və 5 nömrəli
trolleybusun getdiyi yol idi. Bu
trolleybusa tələbələrin az bir
qismi minərdi. Səbəbi də bu idi ki,
trolleybus oradan baş götürüb nazlana-nazlana indiki Mətbuat
prospektinə doğru hərəkət edərdi və gəlib
yataqxanaların aşağısında dayanardı. Buradan da gərək pilləkənlə Yasamalın
dikinə qalxaydın. Dərsdən
yorğun çıxan tələbələrə bu, sərf
eləmirdi. İnsaf naminə demək
lazımdır ki, pilləkənlərin də öz
azarkeşləri var idi. Bunlar, əsasən, təzə tanış olan tələbə qızlar və
oğlanlar idi. Onlar sayı-hesabı bilinməyən
pillələri asta-asta qalxar, şirin-şirin söhbət edər,
bu pilləkənlərin qurtarmasını istəməzdilər.
İkinci
yol - Marks bağının (indiki Fəvvarələr
meydanının) yanından başlayan 204 nömrəli
marşrut üzrə gedən avtobus idi. 204
nömrəli avtobusda 5 nömrəli trolleybusdan fərqli
olaraq, həmişə basabas olardı. Buna
baxmayaraq, bu marşrutu seçən tələbələrin
sayı daha çox idi. Bunun səbəbi
avtobusun yataqxanaların üst tərəfində dayanması
idi. Bu zaman artıq pilləkənlərin əzabını
çəkmək lazım olmurdu. Xatırlayıram
ki, 204 nömrəli avtobusun dayanacağının
yanındakı pilləkənin böyründə ciyər
peraşkisi satırdılar, qiyməti cəmi 5 qəpik idi,
amma çox dadlı olardı. Oğlanlar
hərdən o isti peraşkilərdən alıb dayanacaqda ləzzətlə
yeyərdilər, qızlar isə aldıqları peraşkiləri
yataqxanaya aparardılar.
Qarlı günlərin birində dərsdən
çıxıb əllərimizi ovuşdura-ovuşdura 204
nömrəli avtobusun son dayanacağına gəldik. Bizdən
qoçaqlar artıq avtobus üçün növbəyə
dayanmışdılar. Gözümün ucuyla peraşki
satılan tərəfə baxdım, satıcı arvad
qapağı qaldırıb peraşkiləri alıcılara
verəndə qazanın içindən ağ
buxar qalxırdı. İnanın ki, bu buxar
qışın bu qarlı çağında elə bil
adamın içini isidirdi. Qəribədir,
bu gün heç kəs peraşki satılan tərəfə
getmədi. Təqaüdə hələ
xeyli vardı.
Bir azdan biz də avtobusa minməyə imkan tapdıq. Mən arxa
qapıdan içəri keçib adamların arası ilə
sürücünün lap yaxınlığına qədər
irəliləyə bildim. İçəri
dolu olduğundan bir neçə tələbə avtobusun
qapısından sallana-sallana qaldı. Sürücü
avtobusu sürmədi, sallanan uşaqlara qışqırdı
ki, qapını buraxın. Uşaqlardan biri “səhər
hamı sallanır, söz demirsən, indi səsin-küyün
buranı götürüb”,-cavabını verdi.
Bu sözlərin sürücüyə təsiri
olmadı, kobud səslə qapının
buraxılmasını tələb etdi. Bildirdi
ki, qapılar bağlanmayınca avtobus getməyəcək.
Avtobusun içindəkilər də qapıdan
sallananlara irad tutdular. Hərə bir söz dedi. Kimi sallanan uşaqların üstünə təpinir,
kimi sürücünü ittiham edirdi. Heç
bir söz demədən sakit dayananlar da var idi. Arxa
qapının yanındakı tutacaqdan tutan iki qızdan biri
sallananlara dedi ki, icazə verin biz düşək, siz rahat
minin, qoy avtobus getsin. Bu
sözdən sonra sallananlar sakitcə ayaqlarını yerə
qoyub avtobusun qapılarını buraxdılar. Qapılar da sanki buna bənd imiş kimi bir-birinə
dəyib bərkdən şaqqıldayaraq örtüldü.
Avtobus “Araz” kinoteatrının yanından irəlilədikcə
silkələnir, adamlar öz yerlərini rahatlayırdılar. Bu marşrutda digər
avtobuslarda, ya Moskva metrosunda olan kimi oturacaqlardan durmamaq, yerini
yaşlılara verməmək üçün üzünə
qəzet, jurnal
tutub özünü görməməzliyə vuran
sərnişin olmazdı. Kiçiklər
böyüklərə, oğlanlar qızlara yer verərdilər.
Bizdən aşağı kursda oxuyan Polad görmədiyi üçün
oğlanlar, lap elə qızlar da yerlərini ona verərdilər.
İndi də belə oldu. Polad
dinməz-söyləməz təklif edilən yerdə oturdu.
Onu da deyim ki, sözə baxan olduğundan tələbələrin
hamısı Poladın xətrini istəyərdi. Poladın
məclislərdə Əli Kərimin “İki sevgi” şeirini
ürəkdən deməsi uşaqları ona daha çox
bağlayardı:
...Gözəl
qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə
səni sevirəm
iynənin ucu boyda
İşığa
həsrət qalan göz
işıq sevən kimi...
Bu minvalla avtobus M.F.Axundov bağına çatdı. Bu bağ məndə
xoş təəssürat yaratmışdı, həmişə
bura çatanda həmin təəssürat təzələnirdi.
Ağlınıza gəlməsin ki, mən bu
bağda hansısa bir qızla eşq macərası
yaşamışdım, burada onunla tez-tez
görüşürdük. Yox, bu təəssürat
heykəlin aşağısında - postamentində olan
yazı ilə bağlı idi. M.F.Axundovun heykəlinin
üzərində yazıçının adı latın əlifbasında
yazılmışdı və bu cəhətdən o,
Bakıda, bəlkə də, ölkədə yeganə heykəl
idi. Mən aşağı kurslarda oxuyanda bir neçə dəfə
gəlib heykəlin
postamentində yazılmış o hərflərə diqqətlə baxmışdım. Ola bilsin ki, bu hərflər indi dayımın əzizləyə-əzizləyə
saxladığı babam Əli Tağı oğlunun köhnə
pasportunda olan hərflərə oxşadığı
üçün mənə doğma gəlirdi.
Bakıdakı heykəllərin çoxusu şair və
yazıçıların heykəlləri idi. Elə bil
onların hərəsi bir tərəfdə dayanıb gecə-gündüz
Bakıya keşik çəkirdi. Amma Sankt-Peterburqda, əsasən,
çarların heykəlləri var. Danimarkalılar Kopenhagendə
onların dilini xilas edən dilçilərə heykəl
qoyublar.
Avtobus Dadaş Bünyadzadənin indi yerində olmayan
heykəlinin yanından keçib sola dönəndə
yadıma Məmməd Cəfər müəllim
düşdü. Məmməd Cəfər müəllim bu
küçədəki “Yazıçıların
binası”nda yaşayırdı. Bir dəfə o, bizi
5 nömrəli trolleybusla Akademiyanın əsas binasına,
Mirzə İbrahimovun “Pərvanə” romanının
müzakirəsinə aparırdı. Mən
Məmməd Cəfər müəllimdən soruşdum ki,
müəllim, Bəxtiyar Vahabzadənin maşını da,
sürücüsü də var, siz niyə maşın
almırsınız? O da gülümsəyə-gülümsəyə
dedi ki, hesablamışam, maşına və
sürücüyə verdiyim pulu taksiyə versəm, ömrümün
sonuna qədər çatar, hələ bir az
da artıq qalar.
Həmin küçəyə çatanda bizim tələbələrin
yadına tamamilə başqa bir hadisə də
düşürdü. Bu da ondan ibarət idi ki, bir neçə
həftə bundan öncə bu küçə ilə gedən
hərbi maşın yolunu azıb universitetimizin professoru
İnayət müəllimgilin evinin bir divarını
uçurmuş, nəinki uçurmuş, hətta mətbəxə
girmişdi. İnayət müəllim
sürücü əsgərdən heç bir şikayət
etmədən həmin divardakı pəncərələri də
ləğv edərək yeni və möhkəm bir divar
çəkdirmişdi. Uşaqlar həmin
divara zarafatla “İçərişəhərin qala
divarı” deyirdilər.
Avtobus bir az da irəliləyib Əzim Əzimzadə adına rəssamlıq məktəbinin yanından N.Nərimanovun heykəlinə tərəf döndü. N.Nərimanovun heykəli əzəmətli idi. O, sağ əlini ürəyinin üstünə qoymuşdu. Sizə deyim ki, heykəldə əl məsələsi çətin bir məsələdir. Çox vaxt heykəltaraşlar əlləri ifadə etməyin yolunu tapa bilmirlər və əllər bayağı görünür. Amma N.Nərimanovun əli onun həyatının mənasını ifadə etməyə imkan verirdi. Həmin gün avtobusda gedəndə mən heç bilmirdim ki, professor Abbas Zamanov N.Nərimanovun heykəlinin arxasındakı binada yaşayır, indi o binaya Abbas müəllimin xatirə lövhəsi vurulub.
Avtobus N.Nərimanovun heykəlinin başına fırlanıb yuxarıya doğru istiqamət götürdü. Bura yoxuş olduğuna görə qarlı günlərdə maşınlar oranı çətin qalxırdılar. Ona görə də avtobusun nəriltisindən bəlli olurdu ki, sürücü özünü əməlli-başlı toparlayıb. Şükür Allaha, gəlib Əzizbəyovun heykəlinin yanına çatdıq. Heykəlin yanındakı bağa aid mənim xoş bir xatirəm var, amma onu indi sizə danışa bilməyəcəm, çünki avtobus oradakı dayanacaqda durmadı, sürətlə gəlib C.Cabbarlı kinoteatrının qarşısında dayandı. İndi orada “Space” televiziyası yerləşir.
Kinotetrla üzbəüz yolun o biri tərəfindəki Dağüstü bazarın arxasında kiçik bir çayxana yerləşirdi. Biz tez-tez həmin çayxanaya gedərdik. Orada yaxşı və maraqlı ədəbi söhbətlər olardı. Politexnik İnstitutunda işləyən, “Füyuzat” jurnalının və Əlibəy Hüseynzadənin tədqiqatçısı olan Ofelya xanımın həyat yoldaşı Səlim müəllim həmin çayxananın yanından keçib evlərinə gedəndə həmişə ora girər, bizə salam verər, içdiyimiz çayın, yediyimiz yeməyin pulunu ödəyərdi. Bəzən öz-özümüzə danışardıq ki, daha bura gəlməyək, kişini yaman xərcə salırıq. Deyirdik, amma yenə gəlirdik, yenə intizarla Səlim müəllimi gözləyirdik...
Avtobus “Ceyran” restoranının qarşısında dayananda çox adam düşdü. Restoranla üz-üzə yolun o biri tərəfində Politexnik İnstitutu yerləşirdi, onun qarşısında Çingiz İldırımın heykəlinə baxmaq istəyəndə qulağıma doğma bir səs gəldi. Kimsə avtobusdan düşə-düşə ucadan: “Mənim pulumu Məmmədağa verib”,- sözlərini dedi. Məmmədağanın adını çəkdiyinə görə bildim ki, düşən bizim tələbələrdəndir. Onun kim olduğunu görmək istəyirdim, bu, mümkün olmadı, çünki həmin adam avtobusun qarşısından burulub yan tərəfə keçmişdi. Gözlərim avtobusa minmək istəyən Şamamaya sataşdı. Nə xoş təsadüf! Şamama arxa qapıdan avtobusa mindi, məni görmədi. Mənim avtobusdakı sıxlığı yarıb ona tərəfə getməyim mümkün deyildi. Şamama ilə mən Dağlı məhəlləsində Höcətullanın həyətində kirayənişin qalmışdıq. Hər dəfə Şamamanı görəndə onunla hal-əhval tuturdum, çox biruzə verməsək də, hər ikimiz ürəkdən sevinirdik. Gözləyirdim ki, indi Şamama başını qaldırıb məni görəcək. Elə bu dəm yataqxanadan tanıdığım və şərqşünaslıqda oxuyan bir oğlan da sürücünün yanından astaca keçərək: “Pulumu Məmmədağa verib”,- dedi və avtobusdan düşdü. Avtobusdakı tələbələrin çoxu bu sözlərə dodaqaltı gülümsündü.
Məmmədağa Jurnalistika fakültəsində oxuyurdu. Bu fakültə də Baksovetin yaxınlığında - vaxtilə Nikolayevski, sonra Kommunist, indi İstiqlaliyyət adlanan küçənin o biri tərəfində Yefim Saratov küçəsində yerləşirdi. Məmmədağa nəinki kurslarında, hətta fakültədə yaşca hamıdan böyük idi, çünki əsgərlikdə xidmət eləmiş, hələ üstəlik universitetə də üç-dörd il gec qəbul olunmuşdu. Maraqlı adam idi, öz bildiyini dədəsinə verməzdi. Çəkinmədən fakültənin yerləşdiyi küçəyə “Yetim Saratov” deyərdi. Həmişə səliqə ilə geyinərdi, əlində qara çanta olardı. Yayın qızmar günlərini çıxsaq, demək olar ki, həmişə kostyum geyinər, qalstuk taxardı. Tələbələrin məzəmmətinə əhəmiyyət verməzdi. Məmmədağanın qalstuku, kostyumu və çantası sonralar onun karına gəldi. Rayonların birində qəzet redaktoru oldu. Daha sonrasını bilmirəm. O vaxtlar qalstuk, kostyum qalsın bir tərəfə, tələbələr çanta da götürməzdilər. Dəftərlərini köynəklərinin altından kəmərlərinə keçirərdilər. Çox adam çanta götürməyi qəbahət bilirdi.
Məmmədağanı tələbələr arasında məşhur eyləyən başqa bir cəhət vardı. Bu da ondan ibarət idi ki, pulu olmayan tələbələr avtobusdan düşəndə pul verməmək üçün həmişə Məmmədağanın adını çəkərdilər. Bunun da öz səbəbi var. Məmmədağa bir dəfə avtobusda gedəndə quruplarındakı xoşu gələn bir qızın pulunu verir. Sürücünün yanında ucadan bildirir ki, düşərsən, düşəndə de ki, Məmmədağa pulumu verib. Ondan sonra bu sözlər tələbələr arasında zərbi-məsələ çevrildi. Məmmədağa universiteti qurtarandan sonra da pulsuzların “pənahı” Məmmədağa olardı. Bir az bundan qabaq tələbələrin Məmmədağanın adını çəkməsi məhz həmin vərdişin nəticəsi idi. Məmmədağanın xəyalının üstündən dönüb Şamamaya tərəf baxdım, demə Şamama məni görürmüş. Gülümsəyə-gülümsəyə başımızla salamlaşdıq.
Avtobus Akademiyanın qarşısındakı bağın başına fırlandı. (İndi bu bağ “Cavid bağı” adlanır və orada Hüseyn Cavidin heykəli ucalır). Bağın ətrafındakı döngələr sərt olduğuna görə avtobus bir tərəfə əyildi. Adamlar bir-birinin üstünə yıxılmamaq üçün birtəhər özlərini saxlaya bildilər. Avtobus metronun indiki “Elmlər Akademiyası” stansiyasının çıxışının qabağında dayananda xeyli adam düşdü. Yenə bir nəfər: “Mənə Məmmədağa bilet götürüb”,-deyərək qabaq qapıdan çıxdı. Onu tanıdım. Jurnalistika fakültəsində oxuyurdu. Xalasıgil dayanacaqdakı kitab mağazasının arxasındakı Xrebtovi küçəsində yaşayırdı. Yəqin yuyulmaq üçün verdiyi pal-paltarlarını götürmək üçün gedirdi.
Avtobus universitetin binasının yaxınlığından keçəndə mən başımla Şamamaya işarə elədim ki, növbəti dayanacaqda düşək, o da razılaşdı. Həmin dayanacaq 5 nömrəli trolleybusun dayanacağı idi. Oradan yuxarıya - yataqxanalara aparan hündür pilləkənlər başlayırdı.
Avtobus indiki mətbuat prospektinə burulub dayandı. Şamama arxa qapıya doğru getdi, mən isə qabaq qapıya tərəf irəlilədim. Ucadan Şamamaya bildirdim ki, sən düş, biletini alıram. Mən elə səslə deyirdim ki, Şamama da, sürücü də bunu eşitsin və hər ikisi eşitdi. Sürücüyə yaxınlaşıb avtobusun motorunun üstünə sərilmiş dərinin üzərinə 5 qəpik qoydum və “mənim biletimi Məmmədağa alıb”,-dedim. Bunu demişdim ki, sürücü yerindən sıçrayıb mənim nimdaş qəhvəyi rəngli paltomun yaxasından yapışdı. Yaxalığımı bərk-bərk silkələyərək ucadan qışqırdı:
-Əşi, nə Məmmədağa, Məmmədağa salmısınız! Elə düşən deyir ki, mənim pulumu Məmmədağa verib.
Sürücü paltomun yaxalığını sıxmaqda davam edirdi. Mən yavaşca dedim ki, əlini çək, paltomu cırarsan! O, paltomun yaxalığını buraxmayıb dediyini deyirdi:
-Mənə o Məmmədağanı göstər görüm, kimdi o Məmmədağa?
Mən yenə yavaşca “Məmmədağa avtobusdan çoxdan düşüb, mən onu sənə necə göstərə bilərəm?”-dedim.
-Hansı dayanacaqda düşüb?-sürücü bu sualı verib paltomun yaxasını bir az boşaltdı.
-”Ceyran” restoranının yanında.
Sürücü paltomun yaxalığını buraxdı, geri çəkilə-çəkilə dedi:
-Yaxşı, gələn dəfə hökmən Məmmədağanı mənə göstərməlisən. Göstərməsən mənim avtobusuma minmə!
Mən avtobusdan düşdüm. Avtobus gurultu ilə uzaqlaşdı. Şamama məni elektrik dirəyinin yanında gözləyirdi. O soruşdu ki, nə olmuşdu? Mən də cavab verdim ki, heç, elə-belə. Şamama çox da bənd olmadı. Biz qarın üstü ilə ehtiyatla pilləkənlərə doğru addımladıq. Pilləkənlərə bir az qalmış uşaqların su töküb dondurduğu və gəlib-gedənlər üçün tələ hazırladıqları sürüşkənlik başlayırdı. Həmin yerə çatanda təklif elədim ki, sürüşməmək üçün ona kömək edim. O razılaşdı, çünki yer çox sürüşkən idi. Hiss elədim ki, çəkmələrinin altı da, deyəsən, çox etibarsızdı, adamı böyrü üstə qoyar. Biz ilkin on pilləni qalxıb nisbətən düz yerə çatdıq. Həm Şamamanın isti təmasından, həm də bu sərt pilləkənləri çıxmaqda ona kömək edə bildiyimdən fərəh hissi keçirirdim. Böyük bir işi yerinə yetirmiş adamlar kimi sevinirdim. Özümü sərbəst aparmağa başladım. Bu sərbəstlik çox çəkmədi, qəfil ayağım sürüşdü və tir-tap yerə sərildim. Şüşə kimi hamar, sürüşkən pilləkənlərlə sürətlə üzüaşağı yumbalandım. Pilləkənlərin axırıncısına çatanda da özümü saxlaya bilmədim, sürüşkən yeri keçib dayanacağa qədər gedib çıxdım. Bu zaman pilləkənlərin başında: “Narahat olma, get, pulunu Məmmədağa verib”, -deyən Şamamanın gülüşləri ağappaq qar dənələrinə dəyib çiliklənərək ətrafa səpələnirdi.
Bakı, dekabr 2015
Kamran
İMRANOĞLU (ƏLİYEV)
Əməkdar
elm xadimi
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.22-23