Auditoriyanı fəth etməyin yol xəritəsi
Adətən adamın əlinə bir kitab düşəndə
əvvəlcə onu vərəqləyir, içindəki
yazıların sərlövhəsini nəzərdən
keçirir və bununla da əlinə düşən o
kitabın adama gərəkli olub-olmadığını elə
həmin ilk gözgəzdirmədən müəyyən edir.
Xüsusilə indiki kitab bolluğunda, vaxtın
çatışmadığı bizim çağda deyəsən
bu “gözdənkeçirmə” üsulu çox köməyə
çatır.
Lap bu günlərdə BDU Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Könül Niftəliyeva
mənə bir kitab verdi və onun
tematikası, məzmunu, istedadla yazıldığı barədə
çox həvəslə danışdı. Könül
xanım onu da bildirdi ki, o öz tələbələrini bu
kitabın müəllifinin təlimlərinə aparıb və
tələbələr o təlimlərdən çox razı
qalıblar. Mən bu kitabı da əvvəlcə
sadəcə gözdən keçirmək və əgər
“mənə yararlı olarsa” prinsipi ilə vaxtım olacaq bir məqama
saxlamaq istədim. Ancaq mən bu kitaba bir az
diqqətlə baxandan sonra dərhal hiss etdim ki, onu başdan
ayağa oxumağı sonraya saxlamaq olmaz. Çünki
bu kitab həm mənim üçündür, həm də hər
kəs üçündür.
Söhbət Rəşad Bayramovun “Sözünə
güvən” kitabından gedir. Bu kitab auditoriyanı fəth
etməyin (nitq istedadı ilə) on yolunu, on prinsipini təqdim
edir. Doğrusu, kitabın lap üz
qabığında oxucuya belə bir vəd verən bu əsəri
həm də elə bu cəsarətinə görə vaxt
ötürmədən oxumaq istədim. Əvvəlcə
müəllifin ixtisası, peşəsi və belə bir kitab
yazmaq səlahiyyəti məni maraqlandırdı.
Kitabı çox inandığım və modern xarakteri ilə
mənə yaxşı tanış olan “Parlaq imzalar” nəşriyyatı
çap edib və mən yaxşı bilirəm ki, “Parlaq
imzalar”, sözün həqiqi mənasında parlaq imzaları
çap edir. Bu qənaətimlə
“Sözünə güvən”i oxumağa başlayıram.
Əvvəlcə şəxsən
tanımadığım müəllif haqqında nəşriyyatın
qeydlərinə baxıram.
Məlum olur ki, “Rəşad Bayramov korporativ kommunikasiya
üzrə Azərbaycanda aparıcı ekspertdir. On beş
ildən artıq davam edən karyerası ərzində o, mətbuat
müşaviri, biznes - jurnalist, baş redaktor və xarici
işlər üzrə menecer kimi fəaliyyət göstərib.
O, dünyanın ən böyük və nəhəng enerji
korporasiyalarından olan BP-də çalışmaqla şirkəti
yeni əməkdaşlardan başlayaraq dövlət rəhbərlərinədək
fərqli auditoriyalar qarşısında təmsil edib. Rəşad həmçinin uğurlu biznes təmsilçisidir.
Onun təşkil etdiyi “Natiqliyin on sirri” və “Təsirli
ünsiyyətin qanunları” təlim kursları biznes və
akademik auditoriyaların rəğbətini qazanıb. Rəşad ABŞ-ın Roçester Texnologiya
İnstitutunda kommunikasiya və marketinq üzrə magistr, Azərbaycan
Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi
alıb. Bu qısa peşə
bioqrafiyasından göründüyü kimi, Rəşad
Bayramov öz təhsilində dəqiq elmləri, texnologiya və
iqtisadiyyatı filologiya ilə birləşdirib. Onun təhsilə
bu yanaşması karyerasının uğurunu təmin edib və “Sözünə
güvən” kitabının meydana çıxmasını
şərtləndirib.
Mən
ilk növbədə b kitabın missiyasını müəllifin
özünün aydın üslubda və səriştəli
şəkildə təqdim etdiyi anonsvari mətni bu yazıya
köçürməklə bildirmək istərdim:
“Sözünə güvən” öz
çıxışlarını daha cəlbedici,
danışığını daha təsirli, fikirlərini
daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi
hədəf seçmiş peşəkarlar üçün
yazılıb. Bu kitabda auditoriya
qarşısında çıxışların on prinsipi
izah edilir. Hər prinsip gündəlik həyatdan
misallarla təsvir edilib və düzgün tətbiq
üçün asan vasitələrlə zənginləşdirilib.
Oxucular auditoriya qarşısında
narahatlığını müsbət enerjiyə,
darıxdırıcı məsələləri maraqlı
hekayələrə, cansız slaydları rəngarəng təqdimata
çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz
çıxışları ilə auditoriyanı hərəkətə
gətirməyə qadir olacaqlar”.
Müəllifin bu ciddi vədləri özünü
kitabda nə dərəcədə doğruldacaq,
doğurdanmı Azərbaycan təfəkkür mühitində
bir Karnegi ilə rastlaşacağıq? Doğrusu, mən
“Sözünə güvən”i bu suallara cavab axtarmaq məqsədilə
də oxudum və...
Gördüm
ki, bu kitab özünü ifadə etmək istəyən hər
kəsin karına gələcək. O da məlumdur
ki, hər bir insanın - adi bir müəllimdən tutmuş
akademikədək hər kəsin ürəyində
özünüifadə - yəni ona vacib görünən
auditoriyaya ötürmək istədiyi fikri və ya fikirləri
olur. Digər tərəfdən, bir çox
peşə sahibi var ki, vaxtaşırı auditoriya
qarşısında olmağa məhkumdur və bu məqamda
özünüifadə həqiqi bir problemə çevrilir.
Bəs R.Bayramovun əsəri bu insanlara nə vəd
edir? Rəşad Bayramov özü “Müəllifdən”
adlandırdığı giriş sözündə göstərir
ki, bu kitab təkcə siyasətçilərin meydanlarda minlərlə
insanı ayağa qaldıran natiqlik səriştəsi
haqqında yox, həm də dövlət və qeyri-hökumət
təşkilatlarında vətəndaşlarla maarifləndirmə
işi aparan mütəxəssislərin nümayiş etdirdiyi
danışıq qabiliyyəti haqqında, təkcə iri
transmilli şirkət rəhbərlərinin media və səhmdarlarla
iri toplantıda nümayiş etdirdiyi natiqlik yox, həm də
kiçik şirkətlərdə qrup iclaslarında gənc
mütəxəssis tərəfindən layihənin irəliləyişini
təqdim edərkən nümayiş etdirilən
danışıq qabiliyyəti. Nəhayət, təkcə
aktyorların dolu salonlar qarşısında səhnədən
nümayiş etdirdiyi natiqlik yox, həm də tələbələrin
müəllim və qrup yoldaşları qarşısında
kurs işini təqdim edərkən nümayiş etdirdiyi
danışıq qabiliyyəti haqqındadır.
İndi isə bütün bunları gerçəkləşdirmək
üçün müəllifin təqdim etdiyi on prinsipə
baxaq. Prinsiplərin birincisi auditoriyanı tanımaqla
bağlıdır. Müəllif təklif edir ki, hər
hansı bir yerdə çıxış edərkən ilk
növbədə dinləyicilərinizin kim
olduğunu öyrənin və mütləq nəzərə
alın. Auditoriyanı düşündürən
əsas problemin nədən ibarət olduğunu öyrənin.
Və bu problemlərin həllində onlara necə
kömək göstərməyin yollarını arayın.
Müəllifə görə, hər bir
çıxış dinləyicilərə - auditoriyaya
uyğunlaşdırılmalıdır.
Kitab ikinci prinsipdə nitqin necə düzgün
qurulması ətrafında tövsiyələr irəli
sürür.
Bu sırada giriş sözünün önəmi,
auditoriyanın diqqətini cəlb etməyi, nitqin strukturu və
kompozisiyası kimi detallara diqqətlə yanaşmağı
öyrədir. Mən bu məqamda “öyrədir”
lekseminin çox cəsarət və çox məsuliyyət
tələb etdiyini bilə-bilə bu sözü işlədirəm.
Çünki Rəşadın tövsiyələri - bir az da cəsarətlə desəm - təqdim
etdiyi reseptlər elə maraqlı hekayətlər və
illüstrativ faktlarla təqdim olunur ki, bütün bunlar
öyrətməyə qadirdir. Məsələn, “Həyəcanınızı
cilovlayın” adlandırılan üçüncü prinsip hər
hansı bir auditoriya qarşısında çıxış
etməyə hazırlaşan hər kəsin başına gələn
və gələsi məqamlardır: çıxış etməkdən
qorxmaq, ya çəkinmək. Müəllif hər kəsdə
özünü göstərə biləcək bu hissdən
can qurtarmağın yollarını çıxışdan əvvəl,
çıxış günü, çıxış
zamanı kimi məqamlarda nə etməyin lazım olduğunu
müdrik bir peşəkarın təlimi kimi ortaya qoyur.
Yaxud, “Bədən dilindən istifadə edin” prinsipində
jestlərin təsnifatı, bu jestlərin müsbət və
mənfi cəhətləri ətrafındakı söhbət
və bununla bağlı fakt materialı oxucuda bədən
dilinin yaratdığı və yarada biləcəyi uğurlar
haqqında dolğun təsəvvür yaradır.
“Səsinizdən düzgün istifadə edin” kimi
beşinci prinsip bizə səsin vacibliyini, yaxşı səsin
meydana çıxmasını, düzgün tələffüzə
nail olmağın, hətta sükutun gücündən istifadə
etməyin qaydalarını öyrədir.
Altıncı
prinsip auditoriyanı söhbətə cəlb etməyin
vacibliyini və onun yollarını, yeddinci prinsip nitq zamanı
əyani misallarla auditoriyanı cəlb etməkdə
xatırlana biləcək əhvalatların səmərəlilik
koofisiyentini, səkkizinci prinsip auditoriyanın reaksiyasına
diqqət və əhəmiyyət verməyin natiqə gətirdiyi
mənəvi dividendi, doqquzuncu prinsip
çıxışçının məkanı
tanımağının vacibliyini, onuncu prinsip
çıxış üzərində məşq etməyin
qaydalarını öyrədir. Bu prinsiplərin
hərəsi bir neçə müddəaya bölünür
və hər müddəa prinsipin əsas göstəricilərini
ortaya qoyur. Əlbəttə, mən bir yazıda bu
prinsiplərin mahiyyətini tam açmaq niyyətində deyiləm,
ancaq belə bir cəhəti qeyd etməyi mütləq
sayıram ki, prinsiplərin hər biri qaldırdığı
problemləri həm elmi, həm publisistik, həm də
kütləvi bir üslubda təqdim etməklə, oxucunu məhz
bu üç istiqamətdən maarifləndirir.
Sonda müəllif maraqlı bir “Yekun söz”lə
çıxış edir. Bu yekun söz hər
hansı bir münasibətləsə hər hansı bir
auditoriyada nitq söyləyəcək hər kəsə
ürəkdən danışmağı, dediyinə
inanmağı, auditoriya ilə ikitərəfli ünsiyyət
qurmağı, dinləyicinin “əlindən tutub”
aparmağı, uğursuzluqdan qorxmamağı tövsiyə
edir. Bunlar sadəcə tövsiyə deyil,
müəllifin gəldiyi elmi qənaətlər və mənim
postulatlar kimi qiymətləndirmək istədiyim müddəalardır.
Məsələn, bu mətndəki “auditoriyanın
düşüncələrinə hakim olmaq istəyən natiq
ilk növbədə insanların ürəklərinə yol
tapmalıdır”, yaxud, “hər çıxış eqo ilə
mübarizədir: mən (natiq) vacibəm, yoxsa onlar (dinləyicilər)?”
kimi məntiqi fikirləri postulat hesab etməmək də ədalətsizlik
olardı.
“Sözünə
güvən”in çox maraqlı strukturu var. Əlbəttə,
bu struktur müəllifin aydın üslubuna aydınlıq gətirən
məqamdır və bu məqamlarda - hər prinsipin
izahlarını daha da mükəmməlləşdirən
faktlar maraq doğurur. Məsələn, deyək
ki, təxəyyülün məhsulu olan adamlar barədə
hekayətlər. Bu hekayətlərdəki
personajların haçansa hansısa bir çıxış ərəfəsində
keçirdiyi həyəcanları, uğurlu anların uğur
gətirmə səbəbləri, uğursuz anların
uğursuzluq səbəbləri və s. kimi illüstrativ
faktlar qoyulan problemin daha dərindən qavranılmasına təkan
verir. O cümlədən, müəllifin milli kino incilərimizdən
gətirdiyi uğurlu misalları, ayrı-ayrı natiqlərlə,
görkəmli sənət adamları ilə mövzuya
bağlı müsahibələri təkcə mətnin
strukturunu deyil, bütövlükdə əsərin
kompozisiyasını tamamlayan detallar kimi çox maraqlı
effekt yaradır.
Azərbaycanın müxtəlif elm və sənət
adamlarının bu kitaba rəylərindən təqdim olunan
fraqmentlər birbaşa əsərin mahiyyətini qiymətləndirən
çox obyektiv fikirlər kimi oxucu marağına səbəb
olmaqdadır.
Bu rəylərdən bəzilərini xatırlatmaq istərdim:
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin prorektoru
Elçin Ağakişiyevin belə bir səmimi fikri kitabda yer
alıb: “Həyatım boyunca rastıma çıxmış
bütün böyük şəxsiyyətlərdə
mövcud olan bir xüsusiyyəti seçməli olsa idim,
onların insanlarla səmimi, təsirli, emosional
danışıq qabiliyyətini seçərdim. Hansı sahədə fəaliyyət göstərməyinizdən
asılı olmayaraq, əgər siz lidersinizsə, yaxud
liderliyi qarşınıza hədəf qoymusunuzsa, bu kitab
natiqlik bacarıqlarınızı təkmilləşdirməyə
kömək edəcək. Onun strukturu
intuitiv olaraq mənimsəniləcək şəkildə
hazırlanıb və məzmunu asan başa düşülən
dildə yazılıb. Kitabın
özünəməxsusluğu ondan ibarətdir ki, orada
ölkəmizə aid nitqlə bağlı bir sıra real vəziyyətlərə
dair çoxsaylı misallar qeyd olunur və bu vəziyyətlərin
öhdəsindən rahatlıqla gəlmək
üçün məsləhətlər verilir. İstənilən auditoriya qarşısında
çıxış etmək istəyən hər bir kəsə
bu kitab tövsiyə olunur”.
Yaxud, Azərbaycan telemühitində istedadlı şoumen və aparıcı kimi tanınan Murad Dadaşovun fikrincə, “yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”.
Bütün bunlardan sonra mən bir daha bu qərara
gəldim ki, “Sözünə güvən” həqiqətən
hər kəsə lazımdır. Bu gün
Respublika Təhsil Nazirliyinin xüsusi qərarı ilə
bütün universitetlərin bütün fakültələrində
tədris olunan “Nitq mədəniyyəti” fənni
üçün də bu kitab mükəmməl bir dərs vəsaiti
rolunu oynaya bilər.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.14.