Biz yada salmasaq...
"Səhər-səhər"
rubrikasında
Bir neçə gün bundan əvvəl Rəfibəylilər nəslinin
ağsaqqalı, dostum
və qohumum, Ədliyyə generalı Akif Rəfiyev mənə:
-Yadındadır da - dedi - yanvarın 12-də Xudadat bəyin doğum günüdür,
həm də anadan
olmasının 140 ili
tamam olur. Televiziya kanallarından biriylə danış, heç olmasa 2002-ci ildə onun haqqında çəkilmiş
45 dəqiqəlik “Tanrı
adamı” filmini göstərsinlər
o gün.
Doğrusu xəcalət çəkdim.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
ilk səhiyyə naziri,
1919-cu ildən 1920-ci ilin
mayında həbsinə
qədər Gəncə
quberniyasının valisi
vəzifələrini icra
edən babam Xudadat bəy Rəfibəylinin yubileyi heç kəsin yadına düşməsə
də, bu günü ilk növbədə mən xatırlamalıydım.
Tarixi yaddaşımız niyə
belə korşalıb?
Bu yaxınlarda “Exo”
qəzetində bir müsahibədə oxudum ki, müstəqil Azərbaycanın ilk səhiyyə
naziri adını çəkmədiyi bir yəhudi olub. Müsahibə verənlə
əlaqə saxladım,- bu mənim
sözlərim deyil -dedi,-müsahibə alan mənim adımdan yazıb.
Müsahibə alan jurnalist heç olmasa Cümhuriyyət ensiklopediyasına baxaydı.
Bu ensiklopediyada Rəfibəylilər
nəslinin altı nümayəndəsi - Ələkbər
bəy, Xudadat bəy, Cavad bəy, Səməd bəy, Eyyub bəy, Cəmil bəy
- haqqında ayrıca yazılar verilib. Xudadat bəy barədə yazıda
onun tərcümeyi-halı, tutduğu
vəzifələr haqqında
dəqiq məlumatlar
var.
1920-ci ilin aprelində Azərbaycanın bolşevik
işğalı haqqında
ürək ağrısıyla
yazan Ceyhun bəy Hacıbəyli qeyd edirdi ki,
təcavüzkarları belə
asanlıqla, ciddi müqavimət göstərmədən
gözəl ölkəmizə
buraxmağımız üz
qaramızdırsa, Gəncə
üsyanı tariximizin ən şərəfli səhifələrindəndir:
“ Mayda Gəncədə
axıdılan türk
qanı 28 aprel ləkəsini sildi”.
Tədqiqatçı, rəhmətlik Xanlar Bayramov “1920-ci ilin Gəncə üsyanı” kitabında yazır ki, Orta əsrlərin qiyamçısı Bəndərdən,
çar qoşunlarına
boyun əyməyən, qala divarlarında şəhid düşən
Cavad xandan üzü bəri Cəncə həmişə əyilməzliyiylə
seçilən, azadlıq
ruhuyla yaşayan qeyrət istehkamımız olub.
Bolşevik işğalından sonra1920-ci il mayın 10 -da Gəncədə amansız repressiyalar başladı, Bolşevik komissarları fəxarətlə
bəyan edirlərmiş
ki, Gəncədə bəy nəslindən bir başıpapaqlı qoymadıq (37-ci ildə bu qana susamışların
da ömürləri edamlarla nəticələndi).
20-ci ildə isə Cavad xan nəslindən
İsmail xan Ziyatxanov, Məmməd Bağır Şeyxzamanov həbs edilib güllələndilər,
Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Behbud xan Cavanşir namərdcəsinə qətl
edildilər. X.Bayramov yazır: “Uzun illərin tədqiqatından
sonra belə bir nəticəyə gəldim ki, xalqın səbr kasasını daşdıran
mayın 10-da Xudadat bəy Rəfibəylinin həbs edilməsi oldu”.
Xudadat bəyin tutulub Bakıya
aparılması xəbəri
yayılanda camaat dəmir yolu vağzalına tərəf
axışır, valini
silahlı gözətçilərin
əlindən almağa
cəhd edir. Xudadat bəy qətiyyətlə
bu cəhdin qarşısını alır.
Camaata üz tutub:
- Qan tökməyin, - deyir - bu bizim
nəslin üstündə
ləkə kimi qalar, mən namuslu bir ömür
sürmüşəm və
heç bir günahım yoxdur.
Rəfibəylilər nəsli haqqında dəyərli kitabın müəllifi akademik Rafael Hüseynov qeyd
edir ki, Xudadat bəy nəslini və ailəsini hakimiyyətin qisasından xilas etməkçün özünü
qurban verdi.
Amma bu fədakarlığa
baxmayaraq Rəfibəylilər
nəsli Sovet dövründə doqquz dəfə sürgünlərə
məruz qalıb.
Əlbəttə tutduğu vəzifənin miqyasına görə Xudadat bəyi Çili Prezidenti S.Alyendeylə müqayisə
etmək gülünc
olardı. İri, müstəqil bir ölkənin dünyaca məşhur rəhbəri
hara, cəmisi iki il müstəqil
yaşamış kiçik
bir məmləkətin əyalət
valisi hara? Amma bir cəhətiylə bu müqayisəni məqbul sayıram.
Humanist bir peşənin
sahibi -həkim olan bu iki
şəxs dar gündə qaçıb
canlarını qurtarmağı
yox, ölümü belə göz önünə alaraq vəzifə ləyaqətini
saxlamağı üstün
tutublar...
Gəncə üsyanının bilavasitə
rəhbəri
isə sonralar xaricə mühacirət edə bilmiş Cahangir
bəy Kazımbəyli
idi.
Babam haqqında yazmağım qeyri-təvazökar
görünə bilər,
halbuki bizim günlərdə bununla kimsəni təəccübləndirmək
olmaz. Hər halda Xanlar Bayramov
və Rafael Hüseynovdan
başqa iki jurnalistin yazısından da
sitat gətirmək istəyirəm. Azad Şərifov
və S.Abdullayeva “Özünü günahkar
saymadı” adlı məqalələrində yazırlar
ki, Xudadat bəyi bir neçə
maddəylə ittiham edirdilər, o cümlədən, bolşevikləri
təqib etməkdə
və musavatçılıqda,
halbuki, Xudadat bəy nə Musavat, nə də hər hansı başqa partiyanın üzvü olub və Gəncə
bolşevikləri onun
valiliyi müddətində
açıq fəaliyyət
göstəriblər. Aprel işğalından sonra Bakıda iqtidarı bolşeviklər zəbt edəndə Gəncə kommunistləri valini yanına gəlib hakimiyyəti ondan təhvil alıblar. A.Şərifov və S.Abdullayeva
yazılarında onu da göstərirlər ki, Xudadat bəyə
ən əsas ittiham guya ki,
ermənilərə zülm
etməsi olub. Ancaq bir neçə erməni “şahidin” ifadəsinə əsaslanan
bu ittiham heç bir konkret faktla təsdiq olunmayıb.Yeri gəlmişkən, “şahidlərdən”
başqa istintaqı aparan da, hökmü
çıxaran da erməni millətindən
idilər.
Xudadat bəy ittihamların heç birini qəbul etmir, “Əgər mənə imkan verilsəydi, mövcud olan sənədləri üzə
çıxarıb heç
bir günahım olmadığını sübut
edərdim” - deyir.
Belə bir imkanı vermədilər ona. Tələsik
çıxarılmış hökmlə Azərbaycan ordusunun 76 yüksək
rütbəli zabitiylə
birlikdə Nargin adasında güllələndi.
Türk
kommunistlərinin rəhbəri
Mustafa Sübhi Azərbaycan
Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi
Komitəsinə, Azərbaycan
İnqilab Komitəsinə
və Orconikidziyə ünvanladığı məktubda
qeyd edirdi ki, Gəncə üsyanının əsas
səbəbi Xudadat bəy Rəfibəylinin həbs edilməsi olub.
Xudadat bəyin həbsindən sonra Gəncə ziyalılarının nümayəndələri,
o cümlədən, Xudadat bəyin əmisi oğlu Cavad bəy Rəfibəyli Bakıya gəlib bu məsələylə əlaqədar N.Nərimanova
müraciət edirlər.
Amma artıq gec idi, iş işdən
keçmişdi, Xudadat
bəy qətl edilmişdi. Nərimanov həkim həmkarı kimi tanıdığı
Xudadat bəyin güllələnməsinə dərin
təəssüfünü bildirir, bu işdə
bağışlanmaz günahı
olan komissarın adını çəkir,
“Heyf ki, Firudin bəy Köçərli
və Xudadat bəy Rəfibəyli kimi qiymətli ziyalılarımızı qoruya
bilmədik” - deyir. Xudadat bəyin qətlinə sonralar Məmməd Əmin Rəsulzadə də böyük təəssüfünü bildirib.
Xudadat bəy, atası, el ağsaqqalı Ələkbər bəylə birlikdə Tiflisdə təşkil olunmuş ilk müstəqil Azərbaycan hökümətinin üzvlərini Gəncədə qarşılayanlar sırasındaydılar. Bu mövzuda rəssam Arif Məmmədovun çəkdiyi iri tablo Gəncədə cümhuriyyət hökumətinin yerləşdiyi binada asılıb (Yeri gəlmişkən, Şərqdə ilk cümhuriyyət hökumətinin yerləşdiyi bu binanı İstiqlal muzeyi etməyin vaxtı çoxdan çatıb). Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi hökumətin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin Nuru paşayla fotoşəkli də durur.
Çox-çox illər sonra babamın Nargin adasında güllələndiyini bildikdə gündə pəncərəmdən seyr etdiyim bu adaya getmək fikrinə düşdüm. Neftçi qaynım rəhmətlik Çingiz Səfərovun təşkil etdiyi katerlə o, mən və yoldaşım Zemfira xanım adaya getdik. Bomboş qalmış adada tək bir mayak gözətçisi rus yaşayırdı. Evinin həyəti boşaldılmış araq şüşələriylə dolu idi.
Bu anlarda beynimdə dolaşan fikirlərdən bir dastan yazmaq olardı yəqin. Burdan kimlər gəlib keçib... Çar vaxtının məhbusları, əsir türk əsgərləri, bolşeviklərin ölümə məhkum etdikləri musavatçılar, on yeddi il sonra həmin bolşeviklərin özləri, ziyalılar, siyasətçilər, günahsız adi adamlar. Susuzluqdan, aclıqdan, istidən ya soyuqdan olmazın əziyyət çəkənlər, güllələnənlər, dənizə atılanlar...
...Və indi cilovsuz Xəzər küləklərinin cövlan etdiyi adamsız ada... Tək bir sakini - tənhalığını araqla ovudan yalqız insan... Bir də gəmilərin yolunu yönəldən mayak...
Bəlkə də haçansa bu məşum adada ən ağır günlərini yaşamış və həyatlarını burda bitirmiş insanların xatirəsinə abidə qoyulacaq və bədbəxtlərin sərgərdan ruhları nəhayət, huzura qovuşacaq. Və o zaman xalqının müstəqilliyi, səhhəti və sağlamlığı yolunda ömrünu fəda etmiş Xudadat bəyin də ruhu şad olacaq.
10 yanvar 2017
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.11.