Görkəmli sənətkara ehtiramın
təntənəli ifadəsi
Bir musiqiçinin
yiyələndiyi sənət
üzrə zirvəni
fəth etməsi onun xoşbəxtliyidir.
Dinləyicilər tərəfindən həm
sənətkar, həm
dəyərli insan, həm pedaqoq kimi sevilmək, rəğbət qazanmaq hər ifaçıya nəsib olmur. Dünyanı
dolaşaraq Azərbaycan
musiqi mədəniyyətini
daim təbliğ edən çox dəyərli sənətkarlarımızdan
biri, skripka ifaçılıq sənətində
iz qoymuş Xalq artisti, professor
Zəhra Quliyevadır.
Tanınmış skripka ifaçısı Zəhra Quliyeva uzun zamandır musiqi mədəniyyətimizə
öz töhfələrini
verir. Onun sənət yoluna qısaca nəzər salaraq deyə bilərik ki, musiqiyə erkən yaşlarında marağı
yaranan Zəhra Quliyeva ilk
professional musiqi təhsilinə
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində başlayıb, istedadlı
gənc musiqiçi təhsilini böyük həvəslə Azərbaycan
Dövlət Konservatoriyasında
davam etdirib. Gənc skripkaçı təhsil illərində istedadı ilə fərqlənərək tez-tez
konsertlərdə virtuoz
ifaları ilə çıxış edib.
Təhsilinin davamı
olaraq Zəhra xanım N.A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının
assistent-stajor bölməsinə
daxil olub. Qürbətdə təhsil
alan gənc
ifaçı bu illərdə Azərbaycan
bəstəkarlarının əsərləri ilə bir çox konsertlərdə çıxış
edib. Zəhra xanım yaradıcılığı boyu
özünü aparıcı
kimi də sınayıb, uzun illər Azərbaycan
Dövlət Televiziyasında "Zəriflik"
adlı proqramı izləyicilərə təqdim
edib. Çoxşaxəli
yaradıcılığına bir çox nailiyyətləri sığdıran
Zəhra Quliyeva Türkiyənin
Bilkənd Universitetində
də müəllimlik
fəaliyyəti göstərib.
Bununla yanaşı onun saysız qastrol səfərləri olmuş
və bu sayədə Zəhra xanım dünyanın bir çox səhnələrini və
dinləyicilərin qəlbini
öz skripkasındakı
ifası ilə fəth edə bilib. Bütün bu keşməkeşli
sənət yolunda formalaşan Zəhra Quliyeva sənətkarlıq
zirvəsinə ucalıb.
Zəhra
xanım 1978-ci ildən Azərbaycan
Dövlət Konservatoriyasında
pedaqoji fəaliyyətə
başlayıb və bu gün də
şərəfli müəllimlik
sənətini Ü. Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında davam etdirməkdədir. Müasir dövrümüzdə ölkəmizin
digər sahələri
kimi Azərbaycan musiqi mədəniyyəti
də fasiləsiz inkişafdadır. Təbii ki,
bu inkişafın arxasında zamanla püxtələşmiş Zəhra
xanım kimi dəyərli sənətkarlar
dayanmaqdadır. Dünya səhnələrində
məharətlə çıxış
edən yeni nəsil ifaçılarımız
sözü gedən musiqi inkişafımızın
bariz nümunələridirlər.Dəyərli
sənətkarımızın özündən sonra belə tələbələr
yetişdirməsi bizim
üçün fəxrdir.
Gələn yeni nəsil nümayəndələri artıq
Respublikanın Xalq artisti, professor Zəhra Quliyeva kimi pedaqoqdan
dərs alma imkanı əldə edə bildikləri üçün şanslıdırlar. Onların təcrübələrindən
yararlanaraq irəliyə
doğru parlaq şəkildə addımlayırlar.
Bu günlərdə (13 yanvar
2017) Xalq artisti, professor Zəhra Quliyevanın illərdir sənətinin sirlərini
bölüşdüyü tələbələri ilə
birgə özünün
yubiley konserti keçirildi. Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə rəngarəng musiqi proqramı ilə Ü. Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Rauf
Abdullayev), Zəhra xanım və tələbələri- Beynəlxalq
müsabiqələr laureatları
Səbinə Quliyeva, Cəmilə Qarayusifli, Anar Seyidov, Mustafa Mehmandarov, Xədicə Mirqulamlı, Çinarə
Əzimova, Osman Mustafazadə musiqisevərlərin
qarşısına çıxdı.
Zəhra
xanımın tələbələri
öz müəllimlərinin
işığına müxtəlif
ölkələrdən toplanmışdılar.
Azərbaycan Dövlət Filarmoniyasında
keçirilən "Violino
musiqi gecəsi" adlı yubiley konsertinin musiqi çələngində A.Vivaldi,
E. Lalo, P.Sarasate, M.Brux, B. Britten, E.Morikkone kimi xarici ölkə
bəstəkarlarının əsərləri yer almışdı.
Tədbiri musiqişünaslıq üzrə
fəlsəfə doktoru
Səadət Təhmiraz
qızı açaraq
professor Zəhra Quliyevanın
həyat və yaradıcılıq yolu haqqında çıxış
etdi. Səhnəyə çıxan Xalq
artisti, professor, "Şöhrət"
ordenli dirijor Rauf Abdullayev öz ustadlığı ilə bütün orkestri və dinləyicilərin diqqətini
ələ aldı.
İlk musiqili nömrə olaraq Zəhra xanım və tələbəsi Səbinə Quliyeva məhşur
italyan bəstəkarı
A. Vivaldinin "İki
skripka və orkestr üçün konsert (a-moll)"ini səsləndirdilər.
Daha sonra səhnəyə çıxan Mustafa Mehmandarov tədbir üçün vətənə Avstriyadan təşrif buyurmuşdu. Gənc və istedadlı dirijorun rəhbərliyi ilə səslənən əsərlər - Pablo Sarasatedən "İntroduksiya və Tarantella" (solist Xədicə Mirqulamlı), Maks Bruxdan "Skripka və orkestr üçün konsert, 2-3-cü hissələr" (solist Çinarə Əzimova) böyük marağa səbəb oldu. Konsert çərçivəsində maraqlı məqamlardan biri Cəmilə Qarayusiflinin ifasında B.Brittenin viola və orkestr üçün əsəri idi. Bu möhtəşəm əsər Azərbaycanda ilk dəfə səslənirdi. Uzun müddətli səslənən alıqşlar əsərin və ifaçının sevilməsinin göstəricisi oldu. Qeyd edək ki, Cəmilə Qarayusifli yubiley gəcəsində iştirak üçün İsveçrədən gəlmişdi.
Ardarda çıxış edən gənc istedadların hər biri müəllimləri Zəhra Quliyevanın onlar üzərindəki təsiri və əməyini ifadə edirdi. Tədbirin sonlarına doğru Xalq artisti Rauf Abdullayevlə birgə səhnəyə Rusiyadan yenicə qayıtmış bacarıqlı skripka ifaçısı Anar Seyidov çıxdı. Dinləyicilər Anar Seyidovun ifasında P.Sarasarte "Qaraçı nəğmələri"nə qulaq asdılar. Məhşur əsər ifaçı tərəfindən ustalıqla səsləndi.
Musiqisevərlərlə dolmuş zalda auditoriyanın fasiləsiz alqışları ilə müşayiət olunan yubiley gəcəsi konserti geniş rəğbətə boğulmuşdu. Yaradıcı ab-hava hər bir dinləyiciyə öz təsirini göstərmişdi.
Son olaraq səhnəyə professor Zəhrə Quliyeva çıxaraq, ilk öncə dinləyicilərə, daha sonra tədbirdə əməyi keçənlərə - xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Simfonik Orkestri heyətinə və tədbirdə məharətlə çıxış etmiş tələbələrinə öz dərin minnətdarlığını bildirdi.
Dəqiqələrlə səslənən alqışların fonunda dinləyicilərin konsertdən necə də razı, sevinclə ayrılması onların gözlərindən oxunmaqda idi.
Virtuoz skripka ifaçısı, Xalq artisti, professor, dəyərli pedaqoq Zəhra xanıma Tanrıdan uzun ömür, davamlı sənət uğurları, can-sağlığı diləyirik. Xalqımızın, mədəniyyətimizin Zəhra xanım kimi əvəzsiz sənətkarlara, onların konsertlərinə daim ehtiyacı var.
İlahə QİSMƏT
Ü.Hacıbəyli adına BMA-nın Mətbuat xidmətinin əməkdaşı
525-ci qəzet.- 2017.- 17 yanvar.- S.7.