"Müqəddəs məkan
Naxçıvan" gənc yazarın təqdimatında
NƏRGİZ İSMAYILOVANIN YENİ KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin elmi
işçisi Nərgiz
İsmayılovanın yaradıcılığı
ilə yaxından tanışam. Öz dəsti-xətti ilə ayrı-ayrı mövzularda çap etdirdiyi əsərlərinin
demək olar ki, hamısını maraqla oxumuşam.
Gənc yazarın müxtəlif mövzularda qələmə
aldığı yazılarında
təbiilik, səmimilik,
yüksək vətəndaşlıq,
vətənpərvərlik hissləri daha qabarıqdı. Bu da
onunla bağlıdır
ki, yaradıcılığının
əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq, gözəllik
üstə köklənib.
Nərgiz İsmayılovanın yazılarının böyük
əksəriyyəti bu
günümüzün reallıqlarını
əks etdirir. Müraciət etdiyi bütün
mövzulara o, bir mövqedən yanaşır,
oxucu marağı ilə üst-üstə düşən əsərlər
ortaya çıxarmaq.
Bu dəfə həmsöhbət
olduğum yeni əsəri-"Müqəddəs
məkan Naxçıvan"
kitabı haqqında oxuculara söz açmaq istəyirəm.
Nərgiz
İsmayılovanın son illər
Naxçıvan haqqında
yazdığı bədii
əsərlərinin, publisist
məqalələrinin və
o cümlədən, bir
çox elmi məqalələrinin də
toplanıldığı kitab
AMEA Naxçıvan Bölməsinin
Rəyasət heyətinin
qərarı ilə bu günlərdə Naxçıvan "Əcəmi"
nəşriyyatında işıq
üzü görüb.
İlk öncə qeyd edək ki, nəfis tərtibatda, yüksək
poliqrafiya üslubunda oxuculara təqdim olunan 270 səhifəlik kitabda yer alan əsərlər
Naxçıvanın orta
əsrlərdən başlayaraq
müasir dövrümüzədək
keçdiyi keşməkeşli
yolu özündə əks etdirir.
Yeni nəşrin
ilk səhifələrində "Əcəmi" adlı (povest), Möminə Xatın adlı (pyes) və hekayələr
yer alıb. Daha sonrakı
bölmə publisistik
məqalələr bölməsidir
ki, burada da dövrünün görkəmli, tanınmış
naxçıvanlı alim,
təbib, şair, sənətkarlar və digər bir-birindən maraqlı faktlarla zəngin olan oxunaqlı yazılar işıqlandırılıb. Tanınmış naxçıvanlılardan
Baba Nemətullah, Nəcməddin,
Əkmələddin, Əmirəddin
Məsud, Əhməd
Əli oğlu əl-Hafiz, Osman Salman oğlu Naxçıvani və digərlərinin həyat
və yaradıcılıqları
əks olunub.
Burada müəllif
əhatəli axrarışlar
apardığının, qələmə
aldığı hər
bir mövzuya məsuliyyət hissilə
yanaşdığının şahidi oluruq. Bu məsuliyyəti onun dolğun məlumatlarla öz əksini tapdığı məqalələrində
daha açıq duyuruq. Mövzuların qaranlıq məsələlərində
bir çox arxiv materiallarına, eyni zamanda tarixçilərə,
tədqiqatçı alimlərin
elmi əsərlərinə
müraciət olunur və bu da
onu göstərir ki, müəllif araşdırdığı mözvuların
ağırlığını dərk edir. Maraqlı faktlarla zəngin olan sözügedən bölmədə
müxtəlif illərdə
yaşayıb-yaradan Naxçıvan
elmi-ədəbi, ictimai-siyasi,
mədəni mühitinin
Azərbaycan tarixinə,
əbəbiyyatına, elminə,
mədəniyyətinə bəxş
etdiyi naxçıvanlılar
və Naxçıvan
tarixinin bəzi maraqlı səhifələri
öyrənilir.
Kitabda Azərbaycan
ədəbiyyatında Şərq
və Qərb mövzusuna da toxunulur. Bu mənada gənc
tədqiqatçının "Sovet dövründə Naxçıvan ədəbi
mühitində qərb
ədəbi ənənəsinin
zəifləməsinin səbəbləri
və nəticələri",
"Naxçıvan ədəbi
mühitində Qərb
amili", "Məhəmməd
Tağı Sidqinin ədəbi-elmi pedaqoji fəaliyyətində Şərq
və Qərb",
"Cəlil Məmmədquluzadə:
Şərq-Qərb meyllərindən
milli özünəməxsusluğa"
və digər elmi məqalələri diqqətəlayiqdir. Kitabda
müəllif XIX-XX əsr
Azərbaycan ədəbiyyatının
çox görkəmli
nümayəndələrinin bir neçəsinin yaradıcılıq yoluna
nəzər salır,
onların əsərlərini
ayrı-ayrılıqda təhlil
edir və bir tədqiqatçı kimi Naxçıvan ədəbi mühitinin formalaşmasında misilsiz
xidmətləri olan və ən əsası o dövrün
mühitində yazıb-yaradan
dəyərli maarifpərvər
yazıçılarımızın əsərlərinin bir sıra məqamlarına işıq salır.
"...XIX-XX
əsrlərdə yaşayıb
yaratmış sənətkarlar,
ədəbiyyatşünaslar və digər elm sahəsinin şəxsiyyətləri
təkcə bu torpağın adını
deyil, bütöv Azərbaycan xalqının
adını qızıl
hərflərlə həm
xalqımızın, həm
də beynəlxalq ədəbi mühitin, siyasi arenanın yaddaşına həkk etmişdilər. İstənilən yöndən mühitin
formalaşmasına nəzər
saldıqda ilk öncə
əsasən milli mən, milli ənənə, milli kökə istiqamətlənmiş
əhval-ruhiyyə və
bu mühitə bağlılığın müxtəlif
modern cizgilərlə əks
olunduğunu görürük".
Bütövlükdə müəllifin
XIX-XX əsrdə Naxçıvanda
yaşayıb-yaradan yazıçılar,
o cümlədən, Cəlil
Məmmədquluzadə, Hüseyn
Cavid,Məmməd Səid
Ordubadi, Məhəmməd
Tağı Sidqi və digərləri haqqında gəldiyi nəticə budur ki, "...müxtəlif mühitlər, müxtəlif
ədəbiyyatlar, müxtəlif
mədəniyyətlərlə, dünya ölkələrinin
nailiyyətləri ilə
tanış olublar. Lakin bu sənətkarları dəyərli edən o idi ki, onlar
VƏTƏN, MİLLƏT naminə fanatik mühitə qarşı vuruşurdular".
Gənc tədqiqatçının dahi
sənətkarlarımızın millətin tərəqqisində
əvəzolunmaz xidmətləri
müxtəlif başlıqlı
elmi məqalələrində
oxuculara təqdim olunur.
Bu kiçik qeydlərlə
Nərgiz İsmayılovanı
təbrik edir və inanırıq ki, "Müqəddəs
məkan Naxçıvan"
geniş ictimaiyyət
tərəfindən maraqla
qarşılanacaq.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2017.- 17 yanvar.- S.7.