"Yellənir içimdə bayraq
yaddaşım..."
UNUDULMAZ ŞAİRİMİZ ALİM MƏHƏRRƏMLİNİN XATİRƏSİNƏ
Onun haqqında yaxınlarının, dostlarının
nisgilli söhbətlərini eşidəndə hardansa Məhəmməd
Hadi xatirimə gəlir.
XX əsrin əvvəllərində vətən və
millət dərdini çəkə-çəkə
yazıb-yaradan Hadinin, XXI əsrdə mənəvi varisi,
ruhdaşı tərki-dünya şair, fani dünyanın
puçluğundan bezib də quş kimi Haqq dünyasına
uçub gedən Alim Məhərrəmli olduğunu
düşünürəm. Vətənsevərlik, yurda
bağlılıq, taleyin ən çox acısını
dadan və bu acıları vəsf etdiyi şeirlərində
ağrıya-ağrıya naxışlayan şairin həyatı
bir qış gecəsinin zülmətinə qərq olaraq
bitdi...
... Elə hey, yır-yığışını edib
biryolluq çıxıb gedəcəyini deyirdi. Bu
dünyada özünə doğma, isti bir sığınacaq
tapa bilmədi, onunçun da o dünyaya uşaq təki
ayaqyalın, başaçıq, yüyrək, qaçaraq
getdi... Ölümündən iki gün əvvəl son dəfə
dostunun yanına gəlib ki, onunla halallaşsın,
tapmayıb, qələm kağızı əlinə alıb:
Damıb
ürəyimə, ölüb gedəcəm,
Mən səndən halallıq almağa gəldim.
Gəldim
ki... Mən sənə söz deyəcəkdim,
Eləcə dedilər, gəlməyəcəksən.
Bax elə
həmin vaxt, bax elə o an
Bütün nə vardısa çıxdı
yadımdan.
Gəlmədin...
hardasan... sonluq bu imiş...
Hardasan, hardasan, evi tikilmiş?
Bununla da
ürəyi soyumayıb, höyllənib, qəlbi təlaş
içində, ruhu canında
çırpına-çırpına varağı o biri
üzünə çevirib, qələmi dübarə əlinə
alıb uçuna-uçuna son sözünü-sovunu
kağıza sərib:
Özümü-özümə
sıxıb gedəcəm,
Nəyim
var özümə yığıb gedəcəm,
Bezmişəm,
dünyadan çıxıb gedəcəm,
Yolum var - dönməyə gəldiyim qədər.
Nə deyibsə, düzünü deyib, ikicə gündən
sonra heç kimə demədən, özünü
özünə sıxaraq bir zülmət gecədə
çıxıb gedib. Amma Alimin fiziki yoxluğundan sonra qayıdacağına
inamı böyük olub. Bu inamla da "Yolum var dönməyə
gəldiyim qədər..."- deyib...
O
günü sübhün ala-toranından sonra doğan
qış günəşinin öz ilıq
saçaqlarını təbiətə sərdiyi bir vaxtda Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
dostları bəxtikəm şair Alim Məhərrəmlinin
doğum-anım gününə
yığışmışdı. Həmin
vaxt elə sandım ki, o munis çağda
özünün-sözünün işığı, nuru ilə
tədbirdəkilərin arasında olan Alim Məhərrəmli
baxışlarından qəm yağan şəklinin içinə
sığınıb dostlarını dinləyirdi. Bax,
elə həmin an könlümdən
şairin halından xəbər tutmaq,
ötüb-keçmiş həyatının doğurduğu
bütün "niyə?"ləri
soluxub, işığını itirmiş gözlərindən
oxumaq keçdi. Dedim, bir qədər də üz-üzə,
göz-gözə oturub dərdləşim dərdli
qardaşımla. Xəbər alım ki, taleyinə dar gələn
bu donu kim biçdi sənə? Bəxtinə yaraşmayan libasın əyninə də
oturmadı. Onçun da dilə-gözə
tez gəldin. Düz üzün tərsə
döndü. Səni bu qəribə
görkəmdə görənlər elə hey danlayır, tənə
edirdilər. Sən də dad çəkir, haray
salırdın ki, mən belə yaşamaq istəmirəm,
üzülmüşəm yorulmuşam belə həyatdan...
"Ədalət"də, "Ocaq"da dərc
olunmuş ilk gənclik çağlarının şəklinə
baxıram, dumduru baxışların, tərtəmiz
çöhrən, hələ zəhər dadmamış
dodaqların içinin paklığından xəbər verir. Səni belə qalmağa, adam kimi yaşamağa kim qoymadı, ay
qardaş! Kim səni həyatından bezdirdi?.. Bu nə təəssüf,
bu nə etiraf?
Məndən
bəndə olmaz, İlahi sənə,
Ağacam, torpağam, bir daşam daha.
Uçulub
dağılmış min illik saray,
Əsən küləklərə yoldaşam daha.
Bilmirdinmi,
küləklərlə yoldaşlıq eləyəni də elə
küləklər sovurub aparar...
Deyirlər, Alim Məhərrəmli heç nə
yazmasaydı belə, təkcə "Hava" şeiri onun
şairlik pasportu olacaqdı. Amma o gün sənin
hansı şeirini oxudularsa, o əlahiddəliyi
hamısında gördüm. Bütün şeirlərini
elə bil yüz ölçüb, bir biçmisən,
bütün gözəlliklər, axıcılıq, səmimiyyət,
şəhdi-şirinlik, bunların da ucalığında tac timsallı poetik məntiq-məna dünyaya
şair qiyafəsində gəldiyini bəyan edir. Bütün şeirlərin
bağrından od təki sıçrayıb qəlbləri
yandırır...
Hava var,
oynadı köhnə kişilər,
Hava var, paslanıb qan yaddaşında.
Dünyanın
ən gözəl adamı sənsən,
Azadlıq havası varsa başında.
Şeirlərini
bir toplu halında da görmədim, əlimə nə
düşdüsə, kimdə nə gördümsə, ordan
oxuyub səni tanımağa çalışdım. Kimi
qınayasan ki! Adamın başının
üstündə tavanı, yanında bir canıyananı, ailəsi
olar. Palına-paltarına, yemək-içməyinə,
səhhətinə baxar. Yaman günündə
də mənəvi varidatını, nişanəsini qoruyub
saxlayar. Heyhat, olmadı! Yoxsa:
Varım
yoxdu - qalar deyim,
Gülüm
yoxdu - solar deyim,
Balam yoxdu
- ölər deyim...
Dünya mənə neyləyəcək? -
deməzdin ki!
Sən bu dünyada havalı təki, əziyyətlər
içində yaşadın. Elə təkcə
şəxsi kədərinin içində ictimai
ağrıları da mərdanə yaşadığına
görə səni böyük vətəndaş kimi
xatırlamaq doğru olar.
İndi dostların
yanır, heyfsilənirlər ki, Alimin nə vaxtsa bir kitabı
çıxıb, o da bilinmir kimlərdə qalıb, haralarda
it-bata düşüb... Hər zaman
müasirimiz olan böyük Sabirin öz
sağlığında kitabı çap
olunmamışdı. Amma ölümündən sonra qələmdaşları,
maarifpərvər ziyalılar onun "Hophopnamə"sini
işıq üzünə çıxardılar... Doğru deyirlər ki, əsl şair bircə
şeirindən də bəlli olar, tanınar və sevilər.
Sağlığında hələ kitabına qədər
şeirlərin dillərdə gəzirdi.
Sənin
doğum-anım günündən danışırdım
axı... Həmin günün üzündə
sanki bir kədər dumanı vardı. Tədbirin
aparıcısı, Alimin dərin məzmunlu, bəmbəyaz,
bütünlükdə ovqata köklənmiş sanballı,
çəkili şeirlərini ürəyinin tellərindən
qopara-qopara ifa edən istedadlı şair Fərqanə
Mehdiyevanın səsi ruhumuza sanki narın yağış damcıları
kimi çisəkləyirdi. Fərqanə xanım
şairin dillər əzbəri olan "Hava" şeirini
söylədikcə sanki bağrımıza köz
salırdı...
Sağlığında dostun şərəfinə
söz deməyə nə var ki. Amma yoxluğunda... Belə
günlərin havası bambaşqadı. Sanki dilin kilidlənib,
müşkülə düşmüsən... Bayaqdan
içinə qısılıb Alimin, gözünün
qabağında keçən gəncliyini xatırlayan şair
Musa Yaqub gənc həmkarının yaşadığı
sevinci az, qəmi çox həyatına təəssüfünü
bildirdi:
Mənim ona çox heyfim gəlirdi. Deyirdim, Allah, bu cavan niyə
oturub belə gözəl şeirlərini yazmır, bu nə həyat
tərzidi binəva yaşayır... Onun ilk
şeirinə vaxtilə uğurlu söz yazdım, çap
olundu. Alim ənənə üstündə
naxış salan şair idi.
Hayıf ki, taleyi gətirmədi. Poeziya yoxdusa, məncə gözəllikdən
danışmağa dəyməz.
Şairlik
belədir, əgər poetik fikir deyə bilirsənsə,
meydana gəl, bacarmırsansa, çəkil get. Alim
meydanda oldu, məlum səbəblərdən çəkilib
getdisə də şeirləri yaşayır. O,
duyğuların içində duyğulanan şairdi. O vaxtlar
İsmayıllının "Zəhmətkeş" qəzetinin
nəzdində fəaliyyət göstərən "Dağ
çiçəkləri" yaranan dövrdən o da
çiçək kimi öz ətrini yaydı. Bu gün onun şeirləri səpələnib,
onları bir yerə yığmaq lazımdı. Xahiş edirəm, kimdə varsa, yığsın bir
yerə kitabını çap edək.
Musa müəllimdən sonra tənqidçi Vaqif Yusifli
Alim Məhərrəmli üçün yazdığı
"Bir ölüm, bir ayrılıq havası"
yazısını bütünlükdə Alimsevərlərin
diqqətinə təqdim etdi. Burda Alimin Bakıya təhsil
almağa gəldiyi gündən başlamış, onun
şair kimi yetişməsi, qəribəliklərlə dolu həyatı,
dərdləri, çətinlikləri ifadə olunub. "Alim Məhərrəmli hər cür çətinliyə,
həyatın ona bəxş elədiyi maddi və mənəvi
sarsıntılara tab gətirirdi. Müxtəlif
qəzetlərdə işləyə-işləyə
özünü bir jurnalist kimi təsdiq etməyə
çalışırdı. İçində
nikbin idi, çünki onu hər cür məşəqqətə
tab gətirməyə məcbur edən bir qüvvə
vardı. O da şeir, poeziya, yazıb-yaratmaq
havasıydı. Doxsanıncı illərin
sonunda onun "Səni də öyrətdim
ayrılıqlara" adlı şeir kitabı da çap
olundu. Ara-sıra xəsisliklə də olsa, onun bir
şair kimi istedadlı olduğu etiraf edildi...”
Şair
Oqtay Rzanın da qəlbini acı təəssüf
yandırırdı: "Alimi təzə-təzə
tanıyırdım, tanışlıqdan sonra dostluq gəlir.
Təəssüf ki, ölüm aman vermədi
dostluğumuza. Elə bilirəm Alim bu
gününü görürmüş kimi deyib ki, mən
köçsəm də mənim həyatım davam etməkdədir.
Bugünkü anım günü də
şairin həyatının davam etdiyini göstərir".
Maarif
Soltanın xatirələri ilk görüşlərindən
bu günə cığır salır: "Onu ilk dəfə
dərnəkdə gördüm, hiss etdim ki, istedadlı
şairdi. Alim özünü məhv etməyə
çalışdı. Onun
yanğısıyla yanıram ki, niyə belə
yaşadı, niyə özünü qoruya bilmədi? Alim poeziyaya bütöv gəlmişdi, onun şeirlərinə
əl gəzdirməyə ehtiyac yox idi. Hayıf
ki, çoxumuz kimi məsuliyyətsiz idi".
Alimin
yoxluğu dostu Vəli Xramçaylını da odsuz-ocaqsız
yandırırdı: "Məni onunla Məhəmmədhaqqı
tanış edib. Bizim onunla çox yaxın
münasibətlərimiz olub. O, çox savadlı, amma
özünə qapanıb qalmış adam
idi.
Alim təpədən-dırnağa şair idi. Həm də
qəribə insan idi. Bir vaxt "Vətən"
qəzetini nəşr edirdi. Mənə elə
gözəl bir şeir yazmışdı ki, elə bil
özünə ithaf etmişdi. Bir baxın, deyib,
şeiri qəmli avazla oxuyur:
Hələ
böyrümüzdə yanımızdadı,
Hələ
ki, yerdədi bu göy adamı,
Göynəyə-göynəyə
bir gün gələcək
Qədrini
bilmədik deyəcək hamı" .
Və
bundan sonra: "Bir şair kimi yaşadı, şair kimi də
öldü", - deyib gözlərinin yaşını gizlətdi
Vəli Xramçaylı...
Bayaqdan
şairin dostlarını həyəcanla dinləyən, xatirələrinə
bələnən şair Sabir Arazlı elə bunları dilə
gətirdi:
"Mən bura bu qarlı gündə 4 saatlıq yolu
basa-basa gəlmişəm ki, Alim haqqında deyilən sözləri
eşidim. Onun şeirlərini "Yada
düşdü"jurnalında oxumuşam. O şeirlərdən
qidalandım. Bu gün onun 55 yaşı tamam
olur.
Aramızda olmasa da o bizim qəlbimizdə,
düşüncəmizdə yaşayır.
Çoxlarının
ilk sözə çətinliklə
başladığını görən Şahməmməd
Dağlaroğlu da düşdüyü vəziyyəti dilinə
gətirdi:
Şairin
sağlığında danışmaq asan olur, olmayanda çətin...
Alim "Dağ çiçəkləri" dərnəyinə
şair kimi gəlmişdi.
Onun bir fikrindən tutub neçə-neçə
şeir yazmaq olardı. Alim özünə baxmırdı, onun
bizdən ən fərqli cəhəti o idi ki, dünyanı
bizdən yaxşı görürdü. Alim
şeirin alimi idi. Alim adı sözün həqiqi
mənasında istedadın adıdır.
Ruhu şad olsun. Belə adamlara öldü demək olmur,
onun bir şeiri yaşayırsa, demək özü də
yaşayır. Onun "Daha məndən Kərəm
olmaz" adlı gözəl şeiri qəlbimə necə od saldısa, "Sən nəğməsən"
şeirini yazdım. O, başdan-başa nəğmə
idi.
Daş
bağlayıb ürəyinə qış günü,
Kimdi salan çölə səni, ay Alim?
"Daha
məndən Kərəm olmaz"- deyirsən,
Əsli
görmür hələ səni, ay Alim!
1981-ci ildən başlanan dostluğumuzun əksidir bu
şeir".
Ötərxan
Alimi ölümündən sonra şeirlərindən,
haqqında söhbətlərdən tanıyıb sevdiyini dilə
gətirdi: "Nəzakət xanım otağında
duyğulu bir insandan söhbət etdi. Soruşdum,
özü alimdi, ya adı Alimdi. Dedi ki, şeirin alimidi,
həm də adı Alimdi. Yaxın günlərdə
yenə Alimin sözü düşdü, şeirini oxudum,
çox duyğulandım. Dünya Alimdən
heç nəyini ala bilmədi. Öz
şeirlərini yazdı, dostlar qazandı getdi".
Xatirə
Əziz dost itkisilə barışa bilmədiyini, həyatına
təəssüfləndiyini gizlədə bilmirdi: "Alimlə
bağlı xatirələrim var, o xatirələri
yazacağam. Alimə yazdığım şeir
də o xatirələrdə yer alacaq. Anamın ad
günündə, 2009-cu il martın 10-da
bizə gəldi. Anam onu oğlu kimi
qarşıladı. Ailəmizdə xətri əziz
tutulurdu... Onun ölümünə heç
inanmadım. Düşünürəm,
belə bir istedadlı insanı qoruya bilmədik. Bəlkə
də bu, bir alın yazısı idi... Onun
şeirlərində elə bir xətt vardı ki, hamı
özünü orda görə bilirdi. Ruhu
şad olsun".
Alim Məhərrəmlinin
dostu Məhəmmədhaqqıya yazdığı
iki şeiri onun son şeirləri idi. "Hardasan, hardasan, evi
tikilmiş...", "Gedəcəm" şeirlərini
oxuyanda sanki adamın içini bir üşütmə
sarır...
Məhəmmədhaqqının
ən yaxın dostunun, sirdaşının yoxluğundan ürəyi
hələ də param-parça idi: "Alimin taleyində
Haqqı kimi bir insan olub, onun ölməyə haqqı yox idi. Bizi birləşdirən Müdri kəndi olub. Alim mənə hər kəsdən yaxın idi.
Bir kənddən olmuşuq, qohum idik, müəllim
kimi də eyni məktəbdə
çalışırdıq. O, ədəbiyyat müəllimi
idi. Vurğunu idi ədəbiyyatın. Alim havalı bir insan olub. Mütaliəsi
geniş idi. Onu müəllim kimi də
sevmişəm. Biz o zaman məlum hadisələrdən
sonra erməni məktəbini Azərbaycan məktəbinə
çevirmişdik. Bir gün 8-ci sinfə
"Leyli və Məcnun"u keçirdi. Dərsini dinləyirdik, düz 3 saat
danışdı. Ermənistandan qaçqın kimi kəndimizə
gələn bir ədəbiyyat müəllimi o dərsi
eşidəndən sonra, ümumiyyətlə, onun savadına,
hazırlığına bələd olandan sonra dedi ki, Alim
müəllimdən sonra mənim sinfə girməyim doğru
deyil... " Alim təbiətən
qapalı, dərviş ruhlu bir insan idi. Sərt
olduğu qədər də mülayim idi. Elə
bir gün olmur ki, onu xatırlamayım. Bu
gün Alimin ölümündən sonra qayıdış
günüdü. Qayıdış günün mübarək
olsun, dostum..."
Nəzakət
Məmmədlinin səsi-sözü titrəyirdi: "Mənim
çiyinlərimdə Alimə bir vəfa borcum var. Təəssüflənirəm
ki, onu öləndən sonra dərindən tanıdım. Tez-tez gələrdi "Yada
düşdü"nün ocağına. Həyat
tərzi xoşuma gəlmirdi, danlayırdım onu, incimirdi məndən.
Düzələcəyinə ümid edirdim.
Qədərsiz içirdi, elə əcəli də
içki oldu. Onu qoruya bilmədiyimizdən
çox sıxılıram. İlk kitabına ön
sözü gözəl şairimiz Musa Yaqub yazıb, onun
şeirlərinə, gələcəyinə
inandığı üçün xeyir-dua verdi...
Otağıma gələnə Alimdən
danışıram, Məcnunsayağı yaşayan Alimdən".
Nəzakət xanım doluxsunmuş halda,
gözünün yaşını uda-uda Alimə həsr
etdiyi şeirini oxuyur. Bu da həmin şeirdən bir bənd:
O zərif
vücuda sığmırdı ürək,
Yükü
ağır idi, çəkmirdi ürək,
Sorğudan,
sualdan bezmişdi ürək,
Canını dişinə sıxıb getmisən.
Qardaş dağı ölənəcən qardaşın sinəsindən çəkilməz, son nəfəsinəcən yandırıb-yaxar onu. Alimin yoxluğu Muradı da beləcə, odsuz-ocaqsız yandırır: "Mən burda ədəbiyyatı sevən bir insan kimi danışıram. Alim duyğusallıqda tək idi. Onun dörd qardaşı, arxası, köməyi vardı. Amma yenə də içində bir tənhalıq vardı. O da olmasaydı, şeirlər olmazdı, siz də onu bu qədər məhəbbətlə xatırlamazdınız. Onun itkisi ailəmiz üçün çox ağırdı. Onu ədəbi ictimaiyyət müəyyən qədər tanıyırdı, Musa Yaqub, Maarif Soltan, Vəli Xramçaylı, Məhəmmədhaqqı, yenə kimlərsə tanıyırdı. Qınayırdım, tənbeh edirdim qardaşımı, deyirdi, mən də belə doğulmuşam. Bir dəfə Musa müəllim xəbər aldı ki, Murad, Alim sənin qardaşındı, dedim bəli. Dedi istedadlı şairdi, onu qoru. Alimi xarakterinə, təbiətinə görə qoruya bilmədik, heç şeirləri də harda itib-batdı, bilmədik. Alim ədəbiyyata nə veribsə, yaşayır, biz onu ağrılarının içində xatırlayırıq, adı pozulmayan yazı kimi qəlbimizdədir".
Murad bəyin "Qardaş ağrısı" şeiri hamımızı kövrəltdi...
P.S. Son bir neçə gündü Alimsevərlərin əhatəsindəyəm. İndi şairin haqqında yanğılı, qəlb ağrıdan xatirələri eşidincə, qəribə də olsa elə bilirəm, onun gəzdiyi, gördüyü yerlərdən keçmişəm. Yollar, ağaclar, yaşıl düzənlər, kol dibindən boy göstərən bənövşələr, zəmilərin sarı çiçəkləri də Alimi tanıyırmış... Demə, mən də çoxları kimi onu əzəldən tanıyırammış. Sadəcə, görüşməmişik, amma arada bir ruh yaxınlığı, duyğuların keçib gəldiyi körpü varmış. Bu, duyğusal insanların bir-biri ilə yaxınlığının, qohumluğunun nişanəsiymiş. Nə yaxşı ki, bu cür nişanələr varmış. Olmasaydı, biz bir-birimizdən necə xəbər tutardıq...
Yerin behişt olsun, qardaş...
P.S.S. Şair, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Alim Məhərrəmli 2010-cu ilin soyuq
dekabr ayında Haqqa qovuşub. Ruhu şad olsun...
Şəfəq
NASİR
525-ci qəzet.- 2017.- 17 yanvar.- S.6.