Ölülərin dirilərə məktubu - (II yazı)

 

 

 

Harınlıq, acgözlük, yaltaqlıq, nadanlıq etməyin. Bu əməllərə sahib olanları bizim dünyada çox pis qarşılayırlar.

 

Bilin ki, o dünyada nə qədər var-dövlət, mal-pul qazanıb, nə qədər dəbdəbəli villalar tikdirib, bahalı maşınlar alsanız da bir dənəsini də bu dünyaya gətirə bilməyəcəksiniz. O dünyada etdiyiniz naqis əməllər bu dünyada tez-tez üzünüzə vurulacaq, utanıb qızaracaqsınız. Ona görə də dənizi, meşələri, gölləri, yüz hektarlarla torpaqları zəbt etməyiniz, bir yerdə yox on yerdə imarət yapdırmağınız, pul qazanmaq üçün çirkin yollara əl atmağınız, rüşvət alarkən yüz dəfə ölüb-dirilməyiniz, vəzifədə olarkən şirə-pələngə, işdən çıxanda cücəyə çevrilməyiniz, övladlarınızı, ailələrinizi xalqdan uzaqlaşdırmağınız, onları Avropa sayağı böyütməyiniz, bəzən dilimizə, dinimizə, milli adət-ənənələrimizə xor baxmağınız, doğulduğunuz, kəndi, eli-obanı bəyənməməyiniz pis haldır, faydasızdır, bir xalq kimi bizə hörmət, başucalığı gətirmir.

 

Uyuduğumuz məkanda bəd əməl sahiblərinin, insanlara zülm edənlərin nələr çəkdiyinin şahidiyik. Dünyanı zəbt etmək istəyən İsgəndərin məzarını bir az yığcam ediblər ki, etdiyi səhvləri unutmasın. Əmir Teymurun gödək qıçının yerini bir az da gödəldiblər ki, keçmişdən ibrət götürsün. Hitlerin gözlərini qara dəsmalla bağlayıblar ki, işıqlı dünyaya, insanlara bəd gözlə baxmasın...

 

Çəkməli misallar, ibrətamiz hadisələr çoxdur. Amma aldığımız bəzi məlumatları oxuyanda, bəzi hadisələr barədə eşidəndə görürük ki,  sizdə  hələ də bəd əməl sahibləri, dünyanı qarışdırmaq istəyənlər az deyil. Dünyanı yenidən bölüşdürmək, kiçik dövlətləri əzmək, təsir altına salmaq istəyən qüvvələr artıb. İnsanlara millətinə, irqinə, dininə görə  münasibət dəyişir. Yaxşi ki, belə hallar bizim Azərbaycanda yoxdur və bütün millətlərin qardaş kimi bir yerdə mehriban yaşaması bizi çox sevindirir. Ancaq müəyyən hadisələrdən, gedişlərdən narahatıq.

 

Bəzi vəzifə sahiblərinin dövlətə. xalqa, etimad göstərənə xəyanət etməsini, ölkənin gələcəyini deyil, öz mənafeyini düşünməsini, var-dövlət toplamaq üçün ən çirkin vasitələrə əl atmasını eşidəndə çox təəssüflənirik. Bu yaxınlarda dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qrup şəxsin əməlləri-insanları incitmələri, zor yolu ilə külli miqdarda vəsait, mal-mülk əldə etmələri, harın həyat sürmələri qəlbimizi ağrıtdı. Biz ölkəmizdə harın həyat sürmək, zəhmətsiz, rüşvət almaq yolu ilə pul qazanmaq, vəzifəsindən sui-istifadə edərək dövləti, insanları aldatmaq mövqeyində olan və əməlinə görə həbs edilən həmyerlilərimiz haqqında eşidəndə dinclik tapa bilmirik. Axı aldadılan, incidilən, var-dövləti talanan, oğul-uşağı ac qalan da, həbs olunan da bizimkidir, öz qanımızdan, öz canımızdandır.

 

Əcnəbilər burada biz azərbaycanlıları bəzən dilimizə, dinimizə, adət-ənənəmizə laqeyd, bayağı münasibətdə qınayırlar və bu halların çox zərərli olduğunu izah edirlər. Toy, yas məclislərimiz, dilimizə münasibətimiz, təmtəraqlı həyat şəraitimiz haqqında elə misallar çəkirlər ki, cavab verə bilmirik. Öyrənəndə görürük ki, deyilənlərin çoxu həqiqətdir.

 

Ana dilimizə münasibətdə bir çox həmyerlilərimizlə barışa bilmirik. Çox dil bilmək eyib deyil, əslində qabiliyyətdir, bacarıqdır, ancaq öz dilinə xor baxmaq, onu bəyənməmək əsl nadanlıqdır.

 

Burada 5-6 dil bilən ölülər çoxdur. Amma əcnəbilər öz dillərini daha çox sevirlər və bir -birləri ilə öz ana dillərində danışırlar. Yeri gələndə isə hətta başqa dillərdə seir deyir, mahnı da oxuyurlar. Ay tövbə, öz dillərini heç unutmurlar. Ana dilində olan kitabları göz-bəbəkləri kimi qoruyurlar.

 

O günü bizlərdən biri ingilisə" bəsdir bu qədər kitab topladın,  pullarını bu kağız-kuğuza nə verirsən" deyəndə o, elə qışqırdı ki, istədik məzardan lap çölə tullanaq.

 

- Nə danışırsan, bunlar mənim ana dilimin inciləridir-şeirimdir, laylamdır, həyatımdır, xəzinəmdir - deyib bizdən uzaqlaşdı və bir müddət heç birimizi dindirib danışdırmadı.

 

İngilisin bu hərəkəti bizi xeyli düşündürdü. Öz ana dilini bu qədər ürəkdən sevdiyinə görə ona məhəbbətimiz daha da artdı. Həm də yeni bir azərbaycanlı sakinimizin söhbətini xatırlamalı olduq.

 

Təzə sakinimiz əcnəbilərin ana dilinə olan sayğılarını görəndən sonra iki əli ilə başına möhkəm bir qapaz vuraraq, "Kül mənim başıma, indi gör mənim qardaş-bacılarım nə edir" deyə başına gələn bir əhvalatı yana-yana danışdı: "Kəncim Qulamla çoxdan görüşmürdüm. Biz universitetin ayrı-ayrı fakültələrində oxusaq da bir yataqxanada, bir otaqda yaşamışdıq. Ancaq sonralar yollarımız ayrıldı. Mən işləməyə rayona qayıtdım. Qulam isə nişanlandığı qızın dayısının köməyi ilə Bakıda münasib işə düzəldi. O, əvvəllər kəndə gələr, ata-anasına, qohumlarına baş çəkərdi və mənimlə də görüşərdi. Ancaq vəzifə qazanandan sonra kəndə gəlişi kəsildi. Hətta anasının yasının üçünə gələ bildi və bir neçə saat iştirak edib getdi. Bunu işinin çoxluğu ilə əlaqələndirsə də,  hərəkətindən narazı qalmışdım, onunla heç görüşmək istəmirdim. Ancaq şəhərdə təsadüfi qarşılaşdıq. O, mənim bir neçə gün şəhərdə qalacağımı eşidəndə: Yaxşı bir villa tikdirmişəm, bu günlərdə köçmüşük, sabah axşam bizdə görüşüb təzə evimizi yuyarıq".

 

Düzü etiraz etmək istədim, çünki o, məni heç vaxt evə, çörək yeməyə dəvət etməmişdi. Qarşılaşanda hal-əhval tutub tez də ayrılmışdıq. Düşündüm ki, yaxşı olmaz təzə evə xeyir-dua vermək lazımdır. Axşam Qulamgilə getdim və getməyimə çox peşman oldum. İlk anda başa düşdüm ki, o, məni evinə aramızda olan köhnə səmimiyyətə görə yox, dəbdəbəli villasını, maşınını, geyimini göstərmək üçün dəvət edib.

 

Evin gəlini də dostum kimi kənddəki vəziyyət, ailəm haqqında bir kəlmə də soruşmadı. Ancaq hər kəlmə başı" Qulamçik belə qazanır","Qulamçik belə yeyib-içir, belə xərcləyir", "Qulamçikin böyük vəzifəli dostları var" - deyə-deyə tez-tez ərini öpür, yarı rus, ingilis, türk dilində hey danışırdı.

 

Uşaqlarını soruşdum:

 

- Qız İngiltərədə, oğlan Amerikada oxuyur, balaca bizimlədir. - dedi.

 

- Uşaqlardan ötrü darıxırsanmı?

 

- Yox, əşi, burada nə var axı. Qoy gedib dil öyrənsinlər, bir gün görsünlər.

 

Bu vaxt evin kiçiyi gəldi və məni alman dilində salamladı. Qulam qızının saçını tumarlayıb rusca "əhsən yaxşı danışırsan" dedi. Sonra özünəməxsus bir tərzdə:" Bizim evdə hamı xarici dildə danışır, mən uşaqlara azərbaycanca danışmağı qadağan etmişəm ki, xarici dilləri yaxşı öyrənsinlər. Maşallah hamısı bülbül kimi ötür.

 

- Bəs, ana dilimizdə niyə danışmırlar?

 

Sualıma belə cavab verdi:" Biləcəridən o yana kimdir Azəbaycan dilində danışan, ay qadası. Uşaq ingilis, alman, rus dillərini bilməsə gələcəyi yoxdur. Görmürsən, arvad da ingiliscə danışır. Uşaqlara tapşırmışam ki, qalıb o tərəflərdə işləsinlər, yaşasınlar. Cənnət oradadır.

 

Bu söhbətdən sonra bir daha Qulamla görüşmədim.

 

Qəlbində ana dilimizə laqeyd alan insanların dərdini yaşadan bu şəxsin dilindən eşitdiklərimiz digər bir həmyerlimizin dediklərini yada saldı:

 

"Nənə kənddən  Bakıya nəvəsini yoxlamağa gəlir.Erkən şəhərə çatdığı üçün səbirsizliklə uşağın oyanmasını gözləyir və nəvə ayılanda ona "sabahın xeyir, gözümün işığı" deyib yaxınlaşanda uşaq "qudmoninq" deyə geri çəkilir. Nənə gəlinindən nəvəsinin nə söylədiyini soruşanda o, uşağın "nənəm nə yaxşı nənədir" dediyini bildirir və sonra oğluna rus dilində "nənə kəndçidir, sənin dediyini qanmır, get yat" deyir.

 

Bunu eşidən uşaq isə anasına "babuşkatupaya, babuşkatupaya" deyə-deyə otağına gedir.

 

Nəvəsinin onu təriflədiyini zənn edən nənə isə "dilinə qurban olum, nə gözəl danışırsan" deyib fəxrlə  köksünü ötürür. Axşam nənənin gəlişi ilə ailə üzvləri, yaxınları onun başına yığışanda nəvə öz otağından çıxıb nənəsini göstərərək yenə də "babuşkatupaya, babuşkatupaya"deyə-deyə atılıb düşməyə başlayır".

 

Belə əhvalatları eşidəndə Mirzə Cəlillə görüşmək istəyirik, onu tapmayanda isə rəhmətliyin "Bizim obrazovannılar" məqaləsini oxumalı oluruq. Məqalədə öz dilini bəyənməyən, başqa dildə danışmağı ziyalılıq, müdriklik sayan birisindən dostu soruşur:-Mən ölüm, mənə sözün düzünü de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapmısan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən?

 

Yoldaşım mənə belə cavab verir:

 

-Sluşay, obrozovannının müsəlmanca danışmağı eyibdir!

 

Yerin behiştlik olsun, ay Mirzə Cəlil.

 

Deyirik ustad sağ olsaydı indi  ayda bir ətək pul sərf edib uşaqlarına tərbiyə verməyə, dil öyrətməyə  ayrı-ayrı uzaq ölkələrdən dayələr gətirən vəzifə sahibləri haqqında  nələr yazmazdı. Ana dilimizi bəyənməyən, övladlarına yad ruhda tərbiyə verən, başqalarının adət-ənənələrini təbliğ edən, öz balasını azərbaycanlı müəllimə deyil, dünyanın o başından gələn əcnəbi tərbiyəçilərə etibar edən və bunun üçün külli miqdarda pul xərcləyən "obrazovannı"ları biabır edərdi. Məgər bizdə yaxşı müəllim, yaxşı tərbiyəçi yoxdurmu? Nədən öz müəllimimizə 100 manat verməkdə xəsislik edib, başqalarına 10 min manat xərcləməyi fədakarlıq bilir, hətta bununla fəxr edirik?

 

Bu məktubla sizdən xahiş edirik ki, dilinizi, adət-ənənələrinizi, milli-mənəvi dəyərlərinizi qoruyun. And olsun Allaha əgər siz öz dilinizi sevməsəniz, onu əziz tutub ucaltmasanız heç bir dili sevə bilməyəcəksiniz.

 

Heç kim də sizi sevməyəcək, saymayacaq, qiymətləndirməyəcək.

 

Başqa dillərə də sahib olun, ancaq sakini olduğunuz dövlətin, mənsub olduğunuz xalqın dilində danışmağı, yaratmağı yaddan çıxarmayın. Çünki ana dili unudulanda, öləndə xalq, torpaq, vətən məhv olur, alçalır, unudulur. Bunu qulaqlarınızda saxlayın, ürəklərinizin başına yazın: "Ana dili ölməzdir, müqəddəsdir və əbədidir".

 

Bu sözlər dinimizi sevənlərə, dini ayinlərimizi təbliğ edənlərə, İslama hörmətlə yanaşanlara da aiddir. Din, İslam həmrəyliyi pərdəsi altında dünyada baş verən xoşagəlməz hadisələri eşidəndə torpağın altında bağrımız çatlayır, nəfəsimiz daralır, gözümüz qaralır. İslam bayrağı altında terror qruplaşmalarının, silahlı birləşmələrin kimlər və hansı dövlətlər tərəfindən, hansı məqsədlər üçün yaradıldığını biz də yaxşı bilirik. Bu müsəlmanlara qarşı bir soyqırım vasitəsidir, inkişaf edən müsəlman dövlətlərinin viran edilməsi üçün Qərb və bəzi Avropa ölkələrinin məkrli planlarıdır. Axı İraqda, Suriyada, Misirdə və başqa müsəlman ölkələrində insanlar əvvəllər indikindən qat-qat yaxşı və təhlükəsiz yaşayırdılar. Hər gün yüzlərlə, minlərlə insan qətlə yetirilmirdi, kəndlər, şəhərlər viran edimirdi, milyonlarla sakin öz doğma ev-eşiyini qoyub qaçmırdı, dilənçi, əsir vəziyyətinə düşmürdü. Bu demokratiyadırmı, insan hüquqlarının qorunması, bəşəriyyətə hörmət, qayğıdırmı?

 

Vallah çəkiləsi dərd deyil. Müsəlman dünyasına, İslama qarşı yönələn məkrli məqsədlərin kökü çox dərindədir.Yanımıza gələnlər də bunu açıq deyirlər və çox vaxt bir-birimizə sual veririk: "İŞİD-i kim yaradıb? Onun zavodu, fabriki  yoxdur, bəs bu qədər topu-tüfəngi, silahı, ərzağı haradan alır?  Onu yaradanlar, maliyyələşdirənlər əsasən müsəlmanlar olmadığı halda, nədən bu terrorçu qruplaşma islamçı adlandırılır?  Niyə bu qruplaşma məhz müsəlman dövlətlərini hədəfə götürüb və həmin ölkələri viran qoyurlar? Müsəlman olan müsəlmana belə zülm edərmi?

 

Bizim kimi siz də yəqin ki, bu suallara cavab tapa bilmirsiniz. Çünki ədalətsiz bir dünyada yaşayırsınız. Yaşadığınız dünyada haqq-ədalət böyük, güclü dövlətlərin əlində puldur, təsir vasitəsidir. Ona görə də sizə məsləhət görürük ki, bəzi dövlətlərin yalançı demokratiya şüarlarına çox uymayın, özünüzə inanın, bir-birinizin qədrini bilin. Xaricdən göndərilən haram pullara allanmayın, dilinizə, dininizə xələl gətirməyin.

 

Dediklərimiz sizə qəribə görünməsin."Başına gələn başmaqçı olar" deyiblər.Burada uyuyanların bir çoxu məhz həmin yalan vədlərin qurbanı olanlardır. Bu gün də etdikləri hərəkətlərin əzabını çəkir, gor evində rahat yata bilmirlər.

 

Eşidəndə kimlərsə din pərdəsi altında adamları başına toplayıb münaqişə yaratmaq, bir başqası silah əldə edib hakimiyyət qazanmaq , digər birisi saxta dini kitablar çap edib əhalini çaşdırmaq istəyir çox narahat oluruq. Biləndə ki, ömrü boyu bəd işlərlə məşğul olub   oğurluq, xuliqanlıq, əyyaşlıq edən bəzi insanlar həccə gedirlər və hacı statusu alandan sonra xeyir-şər məclislərində alimləri, ziyalıları, ağsaqqalları saymadan birbaşa keçib başda otururlar, həm də hamıya əxlaq dərsi keçirlər halımız pozulur. Sərxoş halda məscidlərə gedən, yaslarımızı yeyib-içmək məclisinə çevirən, saxta dini ayinlər təbliğ edən, dini alverə çevirən dindarlar haqqında məlumatlarımız çoxdur.

 

Bir-iki əhvalatı sizə də bildirmək istərdik:" Qəbirsanlığda bir nəfər mollaya beş manat verib atasına Quran oxumasını xahiş edir. Ətrafına müştəri yığmaq istəyən molla səsini qaldırmaqla bərabər vaxtı da xeyli uzadır. Digər birisi mollanın cibinə əlli manat basıb atasının qəbiri tərəfə çəkir. Adamların çoxaldığını görən molla isə ona pul verən adamın xahişini bir-iki kəlmə Quran ayələri ilə yerinə yetirir. Bu atasına quran oxutduran şəxsi razı salmır və o, sakitcə molladan soruşur: Molla əmi, nə üçün o kişinin beş manatına yarım saat, mənim əlli manatıma isə üç dəqiqə Quran oxuyursan?

 

Molla tez vəziyyətdən çıxış yolu tapır və gəncin qulağına:" Ay oğul, sənin atan savadlı,  qanan adamdı, bir kəlmə deyən kimi başa düşdü,  dediyimi götürdü. O rəhmətliyin oğlu lap zırramadır, yarım saat mouzə oxudum, yenə bir şey anlamadı-deyə ölü sahibini sakitləşdirir və əvəzində təkəbbürlü oğlan bu sözlərdən qürrələnərək mollanın cibinə daha bir əlli manatlıq basaraq gedir...

 

O günü varlı- karlı ailədən olan bir nəfəri dəfn edirdilər. Buna görə də qəbirstanlıq adamla tamamilə dolmuşdu. Biz də torpağın atından səs-küyü eşidib çöldəkiləri dinləməyə başladıq. Ölənin qohumları imkanlı, vəzifəli olduğundan hamı ölənin şəninə təriflər söyləyirdi. Xeyli keçəndən sonra söz mollaya verildi və onun bir-iki kəlməsindən sonra gülmək bizi tutdu. Çünki molla ərəb dilində mərhumu əməlli-başlı yuyub sərdi: -Ay Allah, bu yaramaz neçə-neçə evlər yıxıb, çoxdan ölməli idi, niyə bunun cəzasını vaxtında vermirdin ki, camaatın canı qurtaraydı. Yenə məsləhət sənindi, özün bilən yaxşıdır. Amin, amin..

 

(Ardı var)

Tahir RZAYEV

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 17 yanvar.- S.4.