Mənəvi dəyərlər naminə, vətəndaş
qayəsi ilə yaşanan ömür
Fədəkar qələm adamı Mayis
Yanardağın 80 yaşına
İllərdir ki, biz AzTV-nin həyətində, radionun
dəhlizində üz-üzə
gələndə hörmət
xatirinə dodaqucu salamlaşaraq ötüb keçirdik. Amma bir-birimizi əməlli-başlı
tanımırdıq.
Bəzən bu hündür qamətli insan hətta salama da etinasız yanaşır, gözümün
içinə baxa-baxa
səssiz-səmirsiz yoluna
davam edirdi. Sadəcə
bilirdim ki, əvvəllər "Telefilm"də,
sonra isə Radioda "Təhsil" redaksiyasında çalışıb,
indi də kitabxananın müdiridir...
Milli Radionun 90 illik yubileyi ilə bağlı "525-ci qəzet"də
ardıcıl bir neçə yazım işıq üzü görəndə qulağıma
çatan ilk oxucu sözü o insandan oldu. Dedilər ki, Mayis Yanardağ səni axtarır, səni soraqlayır, "mən onu niyə tanımıram"
deyir. "Xəbərlər"
redaksiyasında gərgin
iş rejimi olduğundan bir müddət yanına qalxa bilmədim. Bir aydan sonra
Mayis Yanardağın iş otağının qapısını döydüm.
Görkəmi ilə ətrafından
seçilən, çiyninə
düşən ağarmış
saçları ilə
sanki dərviş təsiri bağışlayan
bu insanın qeyri-adi cəhətləri
olduğunu hamı kimi mən də
hiss etmişdim. Ancaq nədən
belə imicdə olduğunu, bir ziyalının bu cür görkəmdə dolaşdığını, pərişan,
dalğın, tərki-dünya
halını dərk edə bilmirdim. Nə qədər ki, onu yaxından tanımırdım, Mayis Yanardağ mənim üçün adi kəslərdən, sıradan
olan həmkarlarımdan,
qocaman əmək veteranlarından, bir sözlə özünə
sadəcə təxəllüs
götürmüş adi
yazarlardan biri idi. Elə ilk görüşümüzdə
də gülümsər
sifətlə yaxınlaşıb
özümü təqdim
etdim. Lakin bir az söhbətləşəndən sonra təəccüb dolu nəzərlərlə
onu anlamağa çalışdım, fərqli
birisi ilə qarşılaşdığımı lap yəqin etdim.
Qarşımda dərddən-ələmdən heykəlləşən bir
qəhrəmanın taleyini
gördüm. O özündən
başladı, kim və nəçi olduğunu söyləmək istədi,
amma bacarmadı. "Mən heç
özüm bimirəm
axı kiməm" deyib, özünü tanıtmaqda aciz qaldı. "Ailəmdən,
aləmdən uzaqlaşaraq,
mağarada tək yaşayışa can atan,
Robinzon Kruzo kimi kimsəsiz adada qalmaq istəyən,
dağların döşündə
kaha qurub tək ömür sürən, bir sözlə "adam"lardan
qaçıb "insan"
axtarışına çıxan
şüurluyam"-dedi...
Gözünü açdığı, uşaqlıqdan
hafizəsində əbədiləşən
ilk damın təsvirini
cızdı. 12 yaşında
olarkən heyranı olduğunu bir gözəli izləməsini,
özündən yaşca
böyük bir qıza, müəlliməsinə
vurulduğunu, hər gün ona tamaşa
etməsini xatırlatdı.
Sonra sığındığı o damın üstünün
aşılanmasını özünün
ömrüylə, çiliklənmiş
qəlbi ilə müqayisə edərək
axan yağışın
qəlbinə tökülən
göz yaşı olduğunu sezdirdi.
Sığındığım o damdı,
Dam da yağışda damdı.
Ətraf tamam adamdı,
İnsan axtarıram
mən...
Dilə gətirdiyi bu misralarla nə demək istədiyini, insanlardam küskün olmasının səbəbini
öyrənməyə çalışdım. Danışdıqca,
xəyalında canlanan
doğulduğu Zəngəzurlu
günlərini yada saldıqca, hər yay köç etdikləri "Hacı Qaya", "Qazan göl", "Qırxlar"
adlı dağların
adını çəkdikcə,
boya-başa çatdığı
Qubadlını xatırladıqca,
o yerlərin daha əlçatmaz olduğunu
düşündükcə uşaq kimi kövrəlməsi ürəyimin
başını göynətdi.
Müxtəlif mövzularda qırıq-qırıq
danışıqları, sözün
birini qoyub, o birisinə keçməsi
müsahibimi xəyalən
daha da uzaqlara
aparırdı. Ona
görə də icazə istəyib stolunun üstündəki müəllifi
olduğu bir neçə kitabını
götürdüm ki,
bəlkə onun haqqında ətraflı nə isə öyrənə bildim...
Mayis Yanardağın indiyə kimi 6 publisistik kitabı çapdan çıxıb. Bu kitabları
vərəqlədikcə haqqında
düşündüyüm sullara aydınlıq gəldi. Sən demə, itirdiyi
Zəngəzurun acısı,
Qubadlının dərdi
onun ürəyinə
elə bir şırım çəkib
ki, o dağların, yamacların, düzlərin
həsrətindən ağzında
dili-dodağı da quruyub.
O içindəki
ağrılarını kitablarına
köçürüb, düşündüklərini
səmimi etiraf edib. O yerləri bir an belə
unutmadığını dilə
gətirib. Yaşadığı hər günün,
şahidi olduğu, hafizəsində qaldığı
hər məqamın kağıza həkk edilməsini düşünüb.
Hətta
röyalarda torpağı
ilə bağlı gördükləri yuxularını
da unutmaq istəməyib. Atasının
məzarını ziyarət
edə bilmədiyini qələmə alıb, onun ruhuna məktub
ünvanlayıb, naəlac
qaldığını etiraf
edib...
Bir vaxtlar qonaq kimi
qapısını döyən,
süfrəsindən razı
dönən şəhərdəki
tanışlarının sonrakı
laqeydliyindən inciyib. Qaçqın kimi pənah gətirdiyi bu şəhərdə ürəyi
istəyən kimi qarşılanmayanda insanlığın
itdiyini zənn edib. "Qaçqın",
"köçkün", "yurdsuz-yuvasız", "didərgin",
"evsiz-eşiksiz", "torpaqsız" və başqa, özünə yaraşdırmadığı adları
yaşamağa məhkum
olub.
Amma qolundan tutan, onu ayağa qaldıran insana da ömrü boyu dua edir. Ona dəstək
olan, yaşamaq amalı verən bir ziyalının köməyini heç vaxt gizlətmir. Dəfələrlə mətbuatda
yazıb: "...Ölüm
mənə güc gəlib məni əbədi dünyaya aparmaq istərkən, taleyin hökmü ilə qəfil bir səs məni
harayladı. O səs,
o hiss mənə qol-qanad
verdi... Mən parladım.
O ilahi qüvvənin maddi-mənəvi qayğısı
sayəsində 5-6 publisistik
kitab dərc etdirdim. O səs mənə ilham verdi. Pusquda duran
ölüm isə məndən qaçaq düşdü. Ömrümün
son 25 ili o insan mənə dayaq oldu... Həmin insan isə ömrünün yeniyetmə çağlarından
bugünə kimi AzTV-yə bağlı olan, AzTV-nin indiki sədri hörmətli Arif Alışanovdur. Mən həyatımı o insana borcluyam... Bu yaxınlarda Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyi
münasibətilə Cəmiyyətin
bir qrup əməkdaşı hörmətli
Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə
fəxri adlara, orden və medallara
layiq görüldü.
Bundan mənim də payıma düşən medala görə ölkə başçısı cənab
İlham Əliyevə
və hörmətli sədr Arif Alışanova öz dərin minnətdarlığımı
bildirirəm..."
Mayis Yanardağ haqqında tanınmış elm xadimləri,
bir çox dəyərli ziyalılar gözəl fikirlər söyləyiblər. O fikirləri, deyilən sözləri oxuyanda belə qənaətə gəldim
ki, görkəmli alimlərimiz məhz onun bu şəxsi
keyfiyyətinə, vətən
sevgisinə qibtə edib, əsl vətəndaş qayəsinə
görə qarşısında
baş əyirlər.
Mayis Yanardağ əməli ilə sözü düz gəlməyənləri
görəndə özünə
yer tapa bilmir. Onu daha yaxından tanımaq üçün kitablarını,
xüsusən "Könül
pıçıltıları"nı oxumaq kifayətdir. Beynində dolaşan suallara
özünün adekvat
cavabları ilə aydınlıq gətirmək
istəyi, öz-özünə
danışan bir yazarın daxilən düşüncəli dünyasından
xəbər verir.
Əsirlikdə qalan uca dağlardan nigaran qalan jurnalist doğma obasının ətir qoxusunu hiss etmək üçün ömrünün bu vədəsində Babadağa, Şahdağa səfər edir. Dümtəkcə yerli bir bələdçinin (çoban) müşayiəti ilə hündürlüyə qalxır. Çobanlara bir az yaxın yerdə özünə çadır qurur, istədiyi kimi bir neçə gün tənhalıqda qalır. Gecələr vahiməli səslərdən ürpənsə də, ay işığı, qartal səsi dizinə güc, ürəyinə ümid verir. Ordan da Şahdağa, bir neçə gün məskən salmaq fikri ilə qədəm basır. Ancaq təbiətə daha da yaxınlaşdıqca qaysaq tutmuş yarasının sızıltısı təzələnir. Həmin an telefonu zəng edir. Eşitdiyi doğma səsdən kövrəlir. Biixtiyar gözündən yaş süzülür. Cavan bələdçi oğlan halı dəyişən qocaya "bəlkə geri dönək, siz deyəsən narahatsınız" deyib, onu fikrindən döndərməyə çalışır. İnsafən də razı olur, "birdən ürəyim də etibarsız çıxar" deyib geri, əzizlərinin, nəvələrinin yanına dönür. Beş il öncə 75 yaşında bir insanın hündürlüyə qalxması da hər kişinin işi deyil axı. Bu yaşda beyin qan dövranı adi halda belə yüksək olur, o ki qaldı zirvələrdə tab gətirəsən. Ancaq köhnə kişilərdən olması, vaxtilə at belində dolaşan birisinin yüksəkliyə can atması təbii görünür.
Ona görə də kitablarında Mayis Yanardağ deyir: "Elə zənn edirdim ki, əridəcək ahım dağları. Yox! Çox təəssüf: Əritdi dağların dağı məni".
İndiyə qədərki 80 illik yaşamı boyu gözəl ailə başçısı, oğul-uşaq, nəvə sahibi olan Mayis Yanardağ mehriban xanımı ilə xoşbəxt ömür sürüb, cəmiyyətimiz üçün layiqli övladlar böyüdüb. Lakin onun vətən nisgili, torpaq həsrəti və bir də o yerlərə qayıtmaq arzusu hələlik xülya göründüyündən ürəyinin ən ağır dərdidir...
İnsan o zaman yüngülləşər ki, dərdini deyəcək, ürəyini boşaldacaq bir məqamı olsun. Ağı desin, dərdini bayatıya çevirsin, qübarını, göynərtisini dilə gətirib, içindəki qəm yükündən xilas olsun. Mayis Yanardağ da beləcə bütün kitablarında sarsıldığı vətən itkisinin ağrılarını sözə çevirərək bir yazılı abidə yaratmağa çalısır ki, ürəyinə təpər olsun.
Düşüncələrini isə nəvəsi Aqşinlə bölüşür. Yazılarının üstündə nəvənin apardığı qeydlər ona daha da stimul verir və arada bir-birlərinin fikirləri ilə razılaşmasalarda hər halda ağrılı deyilən söz yerinə düşür.
Mayis
Yanardağın bu il
80 yaşı tamam olur
və yenə də onu tanıyanlar
haqqında xoş söz
deyib, könlünü
ovundurmağa çalışacaqlar. Mən
isə acizəm söz deməyə,
hörmətli Mayis Yanardağ.
Sizin çəkdiyiniz vətən
acısını ovunduracaq bir söz deməyə hələki
heç bir deyiləcək
söz təsəlli ola
bilməz. Hələlik söz acizdir bu məqamda. Allahdan isə sizə daha da yazmaq eşqi
arzulayıram. Yazın ki, yad
əllərdə qalan vətən
torpağının hər qarışından, heç olmasa yavaş-yavaş yaddaşlardan
silinən kənd-kəsəyimizin tarixi
adlarından xəbərimiz olsun. Qələminizə
qüvvət!
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun
redaktoru
525-ci qəzet.- 2017.- 18 yanvar.- S.4.