Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.
Müəllifin
“Yarımçıq əlyazma” romanının İtaliyada iki
dəfə nəşrindən sonra Kamal Abdulla
yaradıcılığına oxucu marağını görən
nəşr evi “Sehrbazlar dərəsi” romanını da
çap etməyə qərar verib. Romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni
tərcümə edib.
Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti
ilə də əməkdaşlıq edən,
orta əsrlər ədəbiyyatı və
mədəniyyəti, eləcə
də islam,
xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər
üzrə mütəxəssis
Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı “Ön söz”də əsər bütün ədəbi-bədii layları
ilə təhlil olunur, romandakı magik təxəyyülün
Şərq və Qərb sivilizasiyalarının
qovuşma nöqtəsində
ortaya çıxan enerjidən qaynaqlandığı
ifadə edilir.
Professor F.Kardin yazır: “Roman böyük
uğur qazandığı
Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyrin Şər
üzərində qələbəsindən
bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş
hesab edilən seçim azadlığına
malik olan, eyni zamanda da
seçimin ağır
məsuliyyətini öz
çiynində daşıyan
bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış
bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər
birimiz İlan gədiyinin axtarışındayıq.
Oradan Görükməz təpənin
yaşıl ətəyinə
keçmək, sonra isə aşağı, Sehrbazlar dərəsinə
düşmək olar.
Dərəyə axtarış məqsədilə
gəlirlər. Amma sən
nə axtardığına,
vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə
sənə lazım olan, orada isə
əlindən almaq istədikləri gücə
diqqət etməlisən”.
Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin
1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.
Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib.
525-ci qəzet.-
2017.- 18 yanvar.- S. 2.