Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar - Ümumxalq hüzn günü”nə həsr olunmuş "20 Yanvar - fəxrlə andığımız gün" adlı tədbir keçirilib.

Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunub.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ona görə bu hadisə Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm bir qəhrəmanlıq səhifəsi kimi daxil olub. N.Vəlixanlı bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər Dövlət Himni səsləndirilib.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Aparat rəhbəri xatırladıb ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacardığını nümayiş etdirib. Bu faciə zamanı xalqımız vahid bir Azərbaycan milləti kimi düşmənə qarşı çiyin-çiyinə birləşib.

Sonra anım mərasimində 20 Yanvar hadisələrinin şahidi olan Əlizadə Elşən faciə ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse-prezidenti, bu mərkəzin Suraxanı rayon bölməsinin sədri, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edib. O müəllifi olduğu “20 dən 20-yə” adlı kitabını Muzeyə təqdim edib.

Tədbirdə həmçinin qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.

Tədbirin bədii hissəsində “Güllələrin mübarək” adlı mahnıya çəkilmiş klipin təqdimatı olub. Şəmistan Əlizamanlının ifasında səslənən mahnının sözləri Şəhla Gündüzə, musiqisi isə bəstəkar Əli Behbudzadəyə məxsusdur. Tədbir çərçivəsində məktəblilərin faciəni əks etdirən kompozisiyası da nümayiş olunub.

 

525-ci qəzet.- 2017.- 19 yanvar.- S. 2.