Tofiq Məliklinin "Türk ədəbiyyatı tarixi" kitabının rusca nəşri təqdim olunub

 

Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində görkəmli türkoloq, professor Tofiq Məliklinin "Türk ədəbiyyatı tarixi" kitabının rusca nəşrinin təqdimatı keçirilib.

 Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq kitab haqda məlumat verib: "Tofiq Məliklinin bu kitabı çox qiymətli nəşrdir. Moskvada da çap olunub orada kitab haqda yazım da dərc edilib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycan dilinə çevriləcək".

Xalq şairi Nəriman Həsənzadə kitabı ciddi ədəbi hadisə adlandırıb: "Türk ədəbiyyatı tarixi"ni oxuduqca heyran qaldım. Nazim Hikmətlə bağlı elə ciddi mətləblər açılır, göstərilir ki. Türkiyə ədəbiyyatı tarixi haqda Azərbaycanda ilk dəfədir belə səliqəli, ciddi bir kitab çap olunur. Tofiq müəllimin çəkdiyi əziyyətlər hamısı kitabda öz əksini tapıb. Fikrimcə, bu kitab önəmli bir ədəbi hadisədir müəllifin böyük yaradıcı zəhmətinin nəticəsidir".

Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım kitabın gənclər arasında təbliğinə diqqət çəkib: "Bu kitab təkcə Azərbaycanın yox, bütöv Türk dünyasınındır. Orta Asiyanın elə ölkələri var ki, bu cür maraqlı lazımlı elmi vəsaitlərdən məhrumdur. Tofiq Məliklinin kitablarının həmin ölkələrdə yayılması, paylanması çox vacibdir. Müəllif bütünlükdə Türkiyə ədəbiyyatı barədə çox əhatəli, müdhiş bir əsər ortaya qoyub. Kitabın gənclər arasında da yayılması, təbliği üçün tədbirlər görmək, görüşlər təşkil etmək, çalışmaq lazımdır".

Tədqiqatçı alim Aqşin Babayev bildirib ki, bu kitab tələbələrimiz üçün lazımlı məxəzdir: "Adətən, elmi əsərlərin dilində istər-istəməz bir quruluq olur. Tofiq müəllimin kitabı isə elmi-bədii əsərdir. Kitaba Cəlaləddin Rumidən Orhan Pamuka qədər ayrı-ayrı yaradıcı şəxsiyyətlər barədə oçerklər daxildir. Onların hər biri ayrıca monumental bir əsərdir. Mən türk ədəbiyyatı tədqiqatçısıyam. Amma etiraf edim ki, kitab mənim üçün yeni məlumatlarla zəngin idi".

Professor Əsgər Rəsulov kitabın əhəmiyyətindən söz açıb: "Rusiyada vaxtilə bu adda kitablar nəşr olunub. Ancaq onlar daha çox Osmanlı ədəbiyyatını əhatə edirdi. Sovet dövründə isə Türk ədəbiyyatı adı altında kitab çap olunmayıb. Bu mənada Sovet türkologiyası üçün bu bir ilkdir. Azərbaycan Türkiyə ədəbiyyatından müxtəlif dövrlərə, sahələrə, şəxsiyyətlərə aid monoqrafiyalar çoxdur. Tofiq Məliklinin bütöv bir tarixi ifadə edən kitabının 2010-cu il nəşri barədə fikirlərimi bir məqalədə qələmə almışam. Bu təkmilləşdirilmiş nəşri isə keçən ilin noyabr ayının əvvəllərində əldə etmişəm. Təxminən 400 səhifəlik kitaba 1300 illik ədəbiyyat tarixi sığışdırılıb. Nəticədə, Türkiyə ədəbiyyat tarixi haqda bütöv bir təəssürat yaradılıb".

Professor Elman Quliyev bildirib ki, Tofiq Məlikli Azərbaycan türkologiyasında ciddi şəkildə tanınan və qəbul edilən bir imzadır: "Bu səbəbdən əsərləri də qəbul olunuroxunur. Ədəbiyyat tarixinin öz prinsipləri var. O, bədii nümunələrin təhlilini deyil, müəyyən dövrün estetik, ideoloji, milli zövqlərini təmin və ehtiva etməlidir. Tofiq Mələklinin kitabı məhz milli aspektdən böyük dəyər kəsb edir".

Yazıçı Pərvin T. Məliklinin böyük pedaqoq olduğunu önə çəkib: "Tofiq müəllimlə müsahibələrim olub. Onun şəxsiyyəti yazıları ilə harmoniya təşkil edir. Həm kitablarını oxuyarkən, həm də müsahibələr zamanı onun çox böyük pedaqoq olduğunu gördüm. Tofiq müəllimin ən üstün məziyyətlərindən biri onun öyrədə, sevdirə bilməsidir".

Rejissor Ramiz Həsənoğlu, şair Paşa Qəlbinur, professorlar Vaqif Sultanlı, Sayyad Orucova da çıxış edərək fikirlərini bölüşüblər.

Sonda söz alan Tofiq Məlikli tədbir iştirakçılarına minnətdarlığını bildirib, kitabın ərsəyə gəlməsindən və yazılma səbəblərindən danışıb: "40 il öncə ağlımdan keçməzdi ki, "Türk ədəbiyyatı tarixi"ni yazacağam. Çünki bilmədiyim  məqamlar var idi. Yəni, kitab uzun bir mərhələni keçəndən sonra meydana çıxıb. Mənim əsas konseptual məqsədlərimdən, mesajlarımdan biribudur ki, zirvələrə dayanaraq ədəbiyyat tarixi yazmaq, bütövlükdə Türk ədəbiyyatını - başlanğıcdan zirvəyəcən keçdiyi yolu göstərmək mümkündür".

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 19 yanvar.- S. 4.