"Muğam qəsri"ndəki mətləblər:
ulu sənətin dünəni və bugünü
Saminə Hidayətqızının "Muğam qəsri" kitabı işıq üzü görüb.
Kitaba müəllifin 2000-2016-cı illərdə
aldığı müsahibələr
toplanıb və müsahibələrdə muğam
tariximiz əks olunub.
Kitaba Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov önsöz
yazıb. S. Fərəcov
qeyd edir ki, sözügedən sahənin ta qədim zamanlardan azərbaycanlıların bir
millət kimi yetkinləşməsində danılmaz
rolu var: "Xalqımızı vahid ərazi, dil, din, bayraq kimi birləşdirən
böyük qüvvələrdən
biri də ulu muğamlarımızdır.
Bəlkə də muğamlarımızın
yaşı elə xalqımızın yaşı
qədərdir. Çünki muğamların tarixini, yaşını, təkamülünü
təyin etməkdə
elm hələ ki, acizdir. Lakin qəlbimizin, ruhumuzun,
şüurumuzun dərin
qatlarında bu doğma, munis, əsrarəngiz səslər,
sədalar anamızın
südü qədər
şirin, bizə nəşvünüma verən
torpaq qədər əzizdir".
S. Fərəcov yazır ki, gənc nəsli əcdadlarımızın yaratdıqları
və yaşatdıqları
muğamla tanış
etmək müqəddəs
vəzifəmizdir: "Məhz
belə müqəddəs
vəzifəni qəlbində
yaşadan, ürəyinin
odu-alovu, güclü istəyi ilə gözəl bir kitab halında vücuda gətirən tanınmış jurnalist,
istedadlı qələm
sahibi Saminə Hidayətqızının yeni
kitabını alqışlamaq
istərdim. "Muğam qəsri" adlanan bu kitab,
adından bəlli olduğu kimi, ulu muğam dünyamıza üz tutub. Bu kitabda
tarixi həqiqətlər,
böyük sənətkarlar,
unudulmaz ifaçılar
səhifə-səhifə oxucuların
qarşısına çıxacaqdır.
Bir zaman bildiyimiz, bilmədiyimiz olaylar yenidən dilə gələcək, yenidən
muğam bilgiləri ilə, nəhayətsiz, bir ümmana qərq olacağıq.
Yüksək peşəkarlığa, incə zövqə, yazıya aldığı
hər mövzunun dərinliyinə nüfuz etmək bacarığına
malik olan Saminə Hidayətqızının
ərsəyə gətirdiyi
bir çox kitablar kimi "Muğam qəsri"nin də oxucuları öz ecazına, öz tilsiminə, öz gözəlliyinə
qərq edəcəyinə
şübhə etmirik".
Önsözü kitab müəllifinin müqəddiməsi izləyir. S. Hidayətqızı
son illər ölkədə
və beynəlxalq aləmdə muğam sənətinin təbliği
ilə bağlı görülən işləri
vurğulayıb: "Qətiyyət
və qürurla demək olar ki, muğam sənəti XXI əsrin əvvəllərindəki inkişaf
mərhələsini tarix
boyu yaşamamışdır".
S. Hidayətqızının fikrincə, muğamın bir janr kimi
qəbulu onun əhatə dairəsini daraldır: "Lakin bunu da bilirəm
ki, muğam haqqında fikir demək üçün təkcə musiqi sahəsində çalışmaq
çox azdır. Odur ki, muğamın musiqi janrı kimi qəbul edilməsi ilə razılaşa bilmirəm.
Düşünürəm ki, muğamı janr kimi qəbul
edənlər onun məqamını kiçildir,
bununla da ilahi möcüzənin siqlətini, yumşaq desək, azaltmış olurlar..."
Kitabda Mirmöhsün
Nəvvab, Seyid Əzim Şirvani, Sadıqcan, Mirzə Fərəc, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu
Məhəmməd, Məcid
Behbudov, Əliağa Vahid və başqalarının
yaxınlarından götürülən
və onların həyat və yaradıcılığını əks etdirən müsahibələr yer alıb. Bundan başqa Qurban Pirimov, Zülfüqar Hacıbəyov, Əhməd
Ağdamski, Müslüm
Maqomayev, Seyid Şuşinski, Üzeyir Hacıbəyov, Niyazi və bir sıra
böyük sənətkarlarımız
barədə müxtəlif
sənət və elm
adamlarından alınmış
müsahibələr verilib.
Qeyd edək ki, "Muğam Qəsri" S. Hidayətqızının
"Göy qurşağı"
layihəsindən ikinci
kitabıdır.
MÜŞFİQ
525-ci qəzet.-2017.- 19 yanvar.- S. 4.