Tarixə və gələcəyə şair-mütəfəkkir baxışı

 

Yaxud Səməd Vurğun və Zərdüştilik fəlsəfəsi

 

Həyatda dərin məna görüb tərənnüm edən Səməd Vurğun özünəməxsus həyat fəlsəfəsi yaratmışdır.

Şairin həyat fəlsəfəsi həm forma və həm də məzmun cəhətdən orijinal şəkildə təzahür etmişdir. Poetik şəkildə ifadə olunan Vurğunun həyat fəlsəfəsi, həm onun öz düşüncəsi, həm də müəyyən qədər zərdüştilik dünyagörüşü özülündə təşəkkül tapmışdır.

Həyat haqda qənaətlər Vurğun yaradıcılığında mühüm yer tutan “Azərbaycan konsepsiyası” ilə üzvü şəkildə bağlıdır. Azərbaycanın keçmişi, indisi və gələcəyi vahid bir dünyagörüşü əks edən anlayış, poetik bir obraz şəklində canlandırılır. Şairin dünyagörüşü başlıca olaraq bu mərkəzi Azərbaycan anlayışı və sevgisi ilə əlaqədar müxtəlif çalarlarla üzə çıxır. Şair çıxışlarının birində Azərbaycan tarixinin əsas mərhələlərini əhatə edən 30 poemadan ibarət “Azərbaycan epopeyası” yazdığını 1937-ci ildə elan edirdi. Vurğun Azərbaycan xalqının keçdiyi mədəni inkişaf yolunu əsərlərində canlandırmağa təşəbbüs edirdi. Hələ gənc yaşlarından əbədiyyətə qovuşmağa can atan sənətkar tarixin fəlsəfəsini dərk etməyə çalışır, Azərbaycan mədəniyyətinin ümumdünya əhəmiyyətinə hələ 30-cu illərdən diqqəti cəlb edirdi. Azərbaycan mədəniyyəti və tarixi ilə əlaqədar axtarışları onu dünya tarixinin ən qədim dövrlərinə aparırdı. Şairə görə tarixin müxtəlif mərhələlərində bütün Şərqdə qabaqcıl və mütərəqqi rol oynamış Azərbaycan mədəniyyəti çox qədim tarixə - köklərə əsaslanır. Qaf dağının ətəklərində məbədlərdə yanan alovların ətrafına toplaşan, odu Allah bilib ondan murad diləyən insanların ilk inamı əsrlərin zülmətini yararaq babalardan irs qalmışdır.

Bəşərin ürəyi od, arzusu alovdur. Od həyat ustadıdır. Həyat dərsini oddan alan insanlar çox qədimlərdən mədəniyyət yaratmağa nail olmuşlar. İnsan ağlına qanad verən od şər qüvvələrdən tam xilas olmamış, Promotey hələ də daş qəfəsdədir. Zülməti yaran, insanlığı işıqlı gələcəyə aparan qüvvə - Od şər qüvvələrə deyil, yalnız yaşamağa, yaratmağa, həyata xidmət üçün yaranmışdır. Belə düşünən Vurğun bəşəri Promoteyi xilas etməyə çağırır. Konkret zaman və məkanda üzə çıxan həyat Vurğun fəlsəfəsində mürəkkəb və dəyişkən anlayış olub, daxili ziddiyyətlərin mübarizəsi nəticəsidir: “Biz həyat dediyimiz zaman bütün daxili ziddiyyətləri və həyatı irəli aparan bu daxili ziddiyyətlər mübarizəsini nəzərdə tuturuq” - deyir şair. Varlıqla heçlik daim bir-birini izləyir. Həyat - mələk ölüm - iblislə üz-üzə dayanmışlar. İşıqla qaranlıq pəncələşərək yaşadır insanı, işığın mənbəyi isə oddur. Od hər bir varlığın öz daxilindədir və onun mahiyyətini təşkil edir. Od həyat mənbəyidir.

Azərbaycanın keçmiş mədəniyyəti, indiki həyatı və gələcəyi vahid dünyagörüşü əks edən bu mərkəzi Azərbaycan anlayışı ilə əlaqədar müxtəlif çalarlarla üzə çıxır. Qədim mədəniyyət ocağı, “ağ saçlı bir millətin vətəni”, Zərdüştün yurdu Azərbaycan, od, alov, müqəddəs ocaq mənasında anladığı “odlar yurdu” anlayışı ilə əlaqədardır. Od-ocaq Azərbaycan xalq etiqadına görə də həyat, əbədilik rəmzidir (ocaq tüstüsü və işıq).

Şair “Odlar yurdu” Azərbaycanı təcəssüm edən rəmzi  surətini yaradır. Həyat təcrübəsi “böyük kitab” olan  surətində “Odlar ölkəsi” - Azərbaycan  nəzərdə tutulur, “odlar  yurdu” ağıl, kamal, müdriklik rəmzidir.

“Odbaba”, “Azərbaba” - həyat və əbədilik rəmzidir. Qədim Azərbaycanda, atəşpərəstlikdə “Atar”/”Azər” Ahuramazdanın oğlu, insanın ən yaxın köməkçisi, ailənin qoruyucusu sayılırdı. Vurğun fəlsəfi məna verdiyi Azərbaycanı çox zaman tərcümədə “Odlar yurdu” və “Odlar ölkəsi” obrazlarında təqdim edirdi. Beləliklə Odlar yurdunun ağsaçlı nümayəndəsi müdrik bir qoca -  rəmzi bədii-fəlsəfi obrazdır.

Bu, dolub-boşalan, yaranışdan gah ağlar, gah gülən olan dünya ayrı-ayrı ömürlərin (burada xalqlar, millətlər də nəzərdə tutulur) daimi bir yarış meydanıdır. Hər hansı konkret tarixi şəraitdə yaşamaq üçün vətən eşqi ilə dağlar çapan Fərhad iradəsi zəruridir. Tarixi inkişafın hazırkı yüksək sürət mərhələsi daha böyük mətanət və iradə tələb edirdi. Şairin Fərhad obrazı meydana çıxır; Vurğun yaşadığı sosializm cəmiyyətində arzuladığı, obrazlarını yaratdığı başqa surətlərdən (Sarvan, Bəsti və s.) daşıdığı zamana görə heç də seçilməyən xalq iradəsinin, hünərinin rəmzi ifadəsidir Fərhad surəti.

Əsərlərində müdriklik və iradənin rəmzi kimi ümumiləşdirilən  Fərhad obrazları, xalq dastanlarından alınsa da, zərdüştilik fəlsəfəsi əsasında canlandırılır. Ümumiyyətlə, Vurğun yaradıcılığı zərdüştiliklə qırılmaz tellərlə bağlıdır.

Şair Zərdüşt Baba kimi təbiətin, varlığın mahiyyətinə girişmək istəyir. Zaman və məkan məsələsində Vurğunun baxışları, izləri indiyədək xalq yaradıcılığında “Çərxi fələk”, təbii prosesin dövriliyi görüşlərini əks edən zərvaniliyə yaxındır. Vurğun bütün canlılarda gözəlliyə doğru bir meyil-sevgi olduğunu bildirir; ahəng və gözəllik yaranışın cövhərindədir. Ancaq bu ahəng heç də donuq deyildir. İlk baxışdan “ahəng” şəkildə qərar tutan yaranış daima dəyişir, yeni şəkil alır. Təbiətin, yaranışın ahənginə heyrətlə tamaşa edən şairə görə, vaxt dəyişkəndir, məkan isə ilk baxışdan, sanki sabitdir, sükunətdir - hər şey olduğu kimi gözəldir.

Təbiət gözəl yaranmışdır. İnsan hər dəfə bu gözəlliyi fəth etməli, görməli, duymalıdır. Yalnız ölümü saymayıb hər an ona qalib gəlməklə, işığa doğru getməklə həyati-gözəlliyi fəth etmək, sonsuz ahəngə qovuşmaq olar. İnsan zamanın burulğanından, ömrün alovlarından keçərək gözəlliyə nail olur. “Ölümün belə, cəsarətdən qorxduğunu” bildirən şair, hünəri insana peşə etməyi zəruri sanıb onu haqq uğrunda vuruşa çağırır. O, insanı, birinci növbədə, gözəlliyi özündə axtarmağa (hüsnünü tap) çağırır və beləliklə əbədiyyət yolunu göstərir. Əgər öz hüsnünü tapmısansa, ölsən belə sən varsan, nəticəsinə gəlir. Təbiəti hərəkətə gətirən qüvvə xeyir və şər olsa da, Vurğun fəlsəfəsinin başlıca hədəfi insan və torpaqdır. Elə buna görə də göydəki ulduzlar da elə bil cütçünün aya verdiyi və “və ayın kainata səpdiyi buğda danələridir”. Yaradıcı insanın təxəyyülünə hətta kosmosun ehtiyacı olduğunu şair romantikcəsinə təsvir edir. Qara torpaq isə xeyir rəmzidir.

Vurğunun bir çox əsərində xeyirlə şər qüvvələrin mübarizəsi başlıca yer tutur. Şairin dünyagörüşündə xeyirlə şər arasında mübarizə tarixi şəraitdən doğaraq təzahür etməklə yanaşı, bəşərin qarşılaşdığı mühüm etik problemin - xeyirlə şərin mübarizəsi - maddi və mənəvi aləmdə həyat ruhu ilə ölüm ruhu arasında çarpışma getməsi ideyasının Azərbaycanla əlaqədar olması, xalqın keçmiş etiqad və ənənələri əsasında dünyanın ilk filosofu adlandırdığı Zərdüştün ortaya qoymasının xüsusi əhəmiyyət və mənası var idi. Yaxşı və yamanı qarşılaşdıran şair, Əhrimanın fəal qüvvə olmadığını, özgə vasitəsilə, zülmətin əli ilə iş gördüyünü, onun isə öz növbəsində paslı qılıncla bütün aləmi yarmağa sövq olunduğunu göstərir və işığı təmsil edən, haqqın səsi Hürmüzdün qalib gələcəyinə inam bəsləyir.

Şər qüvvələrin bəzən çaldığı qələbə, heçliyə apardığından, müvəqqətidir, keçicidir, xeyrin qələbəsi əbədiyyətə, həyata xidmət etdiyindən mütləqdir. Həyat xeyrin şər üzərində qələbəsi deməkdir. Xoşbəxtliyin, səadətin, xeyir qüvvələrin son nəticədə şər-yamanlıq üzərində qələbə çalacağı fikri onun əsərlərinin əsas leytmotividir.

Faşizmin tarix səhnəsinə çıxması şairə bir daha insan taleyində iki bir-birinə zidd qüvvələrin çarpışdığını xatırladır. Müharibə onu çoxdan məşğul edən xeyirlə şərin çarpışmasının gerçək mənzərəsini açırdı.

Mübaribə sadəcə qəsbkarlıq və ona qarşı mübarizə ilə bitməyib. Həm də bəşər düşüncəsi və fəlsəfəsinin iki müxtəlif qütbünün mübarizəsidir, özü də bu çarpışma bu gün başlanmamış, uzun tarixi vardır. O, xeyirlə şəri, yaxşı ilə yamanı üzləşdirir.

Qoca Şərqi təmsil edən Zərdüşt fəlsəfəsini faşizm məfkurəsi və “fəlsəfəsinə” qarşı qoyur. “İnsan” pyesində faşist ideoloqu özünün “fəlsəfi anlağı” ilə öyünərək “Vicdanın da, haqqın da, dostluğa arxalanmağın da insanın zəifliyindən “doğduğunu” bildirərkən əsir filosofun dili ilə: “bu orijinal deyil, bu Nitşe fəlsəfəsidir” deməklə faşizm “fəlsəfəsinin” heç də yeni,  orijinal olmadığını göstərir.

Sinfi cəmiyyətlərdə əxlaqın hakim təbəqəyə xidmət üçün yarandığını bütün çılpaqlığı ilə dərk edən F.Nitşe onu təbii bir hal kimi izah edir, hakim təbəqəni, aristokratiyanı qətiyyətlə addımlar atmağa çağırırdı. Əgər o, məşhur “Zərdüşt belə demişdir” kitabını yazmışsa da, onun fəlsəfəsi, əslində, mahiyyətcə Zərdüşt fəlsəfəsini danmaq idi.

O, özü də Zərdüştdən bir obraz kimi istifadə etdiyinə işarə etmişdir. O, xeyir və şər kateqoriyalarını rədd edir. “Xeyir və şərin o biri üzünə”, daha doğrusu, fövqünə qalxdığını irəli sürürdü. Guya təbiətdə hər yerdə  azad iradənin, ayrı-ayrı güclərin kombinasiyasının hökmranlığı mövcuddur, heç bir xeyir və şər yoxdur.

Faşizmin ideya mənbələrini yalnız Nitşe və “həyat fəlsəfəsi” məktəbi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Faşizm Avropa-burjua fəlsəfəsinin, xüsusilə Makiavelli, Hobs, Hegel və b. filosofların baxışlarındakı mürtəce cəhətlərdən qidalanmışdır.

Qərb filosoflarının pessimist fikirlərinə qarşı qədim Şərq fəlsəfəsini qoyan Vurğun son nəticədə insanın “kamala” yetişəcəyini tam əminliklə bildirir. “Kamal” xeyir qüvvələrin tarix boyu yaratdığı “böyük  kitabdır”, onun ardını varaq-varaq hər nəsil özünə görə yazır. Elə buradan da ata Şahbazın yazdığı kitab yarımçıq qalır, (Şahbaz müharibədə şər qüvvələrin əlində öldürülür), onu oğlu davam edir. Oğlu atasının kitabını sadəcə davam etmir. O, yeni bir kitab yazır, atasının irs qalan yarımçıq kitabındakı “Qalib gələcəkmi cahanda kamal?” kimi eyni bir suala cavab axtarmış, kamalın qələbəsinə çalışmışdır. Ata-oğul, keçmiş-gələcək, zəfərin yolu bu aramsız axınla bağlıdır. Kamalın zəfər yürüşü məhz bu vəhdətlə başa gələ bilər. Oğul Şahbazın bağladığı “kitab” kiçik olsa da, ataların başladığı böyük kitabın ardı olub bəşərin kamala çatmağına kömək etdiyindən onunla dialektik vəhdət təşkil edir, əbədiyyətə xidmət edir (əslində bu kitab da yarımçıqdır; onu sonrakı nəsillər yazacaqdır). Beləliklə, Vurğun fəlsəfəsində özünəməxsus yeri olan ahəng, “müqəddəs ahəng” öz möhkəm, pozulmaz təməli üstündə durur. Şair həyatı bütünlükdə böyük bir kitaba bənzədirdi. Həyatın “bu böyük kitabı” birdən-birə deyil, çətin mübarizədə bəşərin şər qüvvələr üzərində aramsız qələbələrlə keçdiyi bütün yol boyu ibtidaidən aliyə kimi yazılır. Buna görə də, o, ötən keçmişə bəşərin yazacağı “Böyük kitab”ın, dastanın ötən, qatlanan bir yarpağı kimi baxmağı, özü də qiymətli bir varağı kimi ehtiramla yola salıb, qayğı ilə yanaşmağı tövsiyə edirdi.

Vurğun faşizmin humanizmə qarşı çevrilən irrasional “həyat fəlsəfəsinə” qarşı bu mübarizədə təşəkkül tapan xeyir qüvvələri təmsil edən həyat fəlsəfəsini qoyur.

Şair bununla bir daha göstərir ki, qara-şər qüvvələrin həyatı təmsil etməyə haqları yoxdur. O, “çarxını qurduğu dövrandan gah ağlar və gah da gülər olan dünyanın” son nəticədə gəncliyinə qovuşacağına inanır.

“Həyat fəlsəfəsi” şeirində əslində çoxdan şairin yaradıcılığında istilah şəklini alan bir sıra anlayışlar - hünər, səadət, fəlakət və s. xüsusi fəlsəfi məna kəsb edir. Uzun çəkən çarpışmada fəlakət qocalmışsa, “səadət” gəncdir. Bu iki qüvvə - yaxşılıq və yamanlığın öz taleyi vardır. Əgər şər qüvvələr getdikcə qocalırsa, əksinə “gözəl pəri” - səadət gəncləşir. Buradan onun “Dünya qocaldıqca gəncləşir həyat” kəlamı və fəlsəfi mənasını tapır. Vurğun əslində çox adi görünən sözlərə fəlsəfi məna verir. Əsərlərində dönə-dönə işlətdiyi “məhəbbət” - “Hünər”, “Vətən”, “Səadət”, “Zəfər” sözlərini “dörd söz” adı altında rəmzi fəlsəfi mənada birləşdirir. Şair üçün bu dörd söz fəlsəfədə işlənən dörd ünsürü əvəz edir. Fərq yalnız bundadır ki, dörd ünsür əgər təbiətə, yaranışa tətbiq edilmişsə, şair onu insan həyatına, həyat fəlsəfəsinə tətbiq edir.

Sosializm quruculuğunun adi gündəlik tələblərindən irəli gələn bu sözlər Vurğun yaradıcılığında fəlsəfi məna kəsb edir. Vurğun bəşər leksikonunda ulduzlar sanı qədər sözdən məhz dörd söz seçir: “məhəbbət” və eşqi hünər adlandırır. Gələcəyin rəmzi tale ulduzu kimi insanları daima izləyən “səadət” zaman və məkan tək ölçüsüz və hüdudsuzdur. Məhz ölçüsüz və hüdudsuz olduğundan o: əbədiyyətdir. Səhər və gələcəkdir. “Vətən”- təkin ümumiliyə bağlılığıdır: ana qucağıdır, qadirdir, özünəməxsus pozulmaz qanunu vardır. Hər bir fərd həm də hər hansı bütünün bir hissəsidir, ondan ayrılmazdır.

Tarixə, xalqının gələcəyinə böyük nikbinliklə baxan şair “sözün” gücünə xüsusi inam bəsləyir və onun qüdrətini sərhədsiz sanır.Ancaq söz polad kimi odlu ürəkdə bişəndən sonra hökm verməyə qadirdir. O, hətta sözü və insanı bir sanır: “Adın sözdür, özün insan!”  mənasının dünyaya sığmadığını bildirir. “Söz” və “azadlıq” ayrılmazdır. İnsan yaranmışsa o, azaddır. O, yarış meydanına atılmışdır. Bu yarış meydanı isə yalnız “hünər” göstərib “zəfər” çalanlarındır. Hər bir fərd öz təcrübəsində, şər qüvvələrə qalib gəlib çətinlikləri üstələməklə xeyirin qələbəsini asanlaşdırır.

Vurğun konsepsiyasında bəşərin xoş gələcəyi səhəri həm də öz kökləri ilə dünyanın ilk filosofu adlandırdığı Zərdüşt fəlsəfəsində başlıca yer tutan xeyir qüvvələrin son mərhələdə qələbəsi şəklində canlanırdı.

Cəmiyyətdə həyatın təbii axını insanların fəaliyyətindən asılıdır. Hər bir insanın öz həyat və mübarizə kitabı vardır.

Bəşərin böyük kitabının yazılmasında, kamala yetişməsində, gəncliyinə qovuşmasında yaradıcı insanın rolu və mövqeyi xüsusi əhəmiyyətə malikdir. Şair də arxayındır. O, bu böyük gələcək naminə dövrünü vəsf edir. Bütün xalqların çatacağı o xoşbəxt günə qovuşmaqdan ötrü Odlar yurdunun bu gününü yaratmaq gərəkdir. Vurğun xalqının iş, hünər rəmzi Fərhad və ağıl, kamal rəmzi - Dədə Qorqud ənənələrini, yəni bu iki cəhətini özündə üzvü şəkildə birləşdirməklə Ulu Hürmüzdün şəfəqdən taxtını bəzəyib, Əhriməni boğduğu günə, bəşərin gəncliyinə yetişəcəyini inamla  bildirir.

 

Fərhad kimi külüng vuran insan oğlu, insan qızı

O aləmin sevgisilə cəbhələrdə sinə gərir,

Alovların qucağından gələcəyə yol göstərir.

...Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə

Öz şeirinin nəfəsilə yaşayacaq o zamanda;

Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da

Qoca vaxtı öz sazını sinəsinə basacaqdır,

Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.

...O, məclisə can verəcək Ayın, Günün camalilə,

Azərbaycan torpağının dərya boyda kəmalilə.

 

Həyat problemi ilə yanaşı şairi “ölüm” də düşündürür və o, əsərlərində bir neçə dəfə bu məsələyə qayıdır. Xalq əfsanələri (Bulaq əfsanəsi) əsasında ölümün mənasını açaraq “ölüm” də başqa bir sevdalı həyat” deyərək onu həyatın zəruri bir ünsürü kimi anlayır. Ölüm problemi, fəlsəfəsi şairi hələ gəncliyində düşündürmüşdü. Yaradıcılığında pessimizm notlarının qabarıq səsləndiyi ilkin mərhələsindən ikinci daha yetkin məhəlləsinə keçidin astanasında “ölüm” və “yaşamaq” anlayışlarından danışarkən o, “ölümü: “həyat deyilən şübhəli şeydən çıxmaq” adlandırmışdı. Xeyir qüvvələrə xidmət edib bəşərin “kamal kitabı” yazanlar ölməzlik qazanır; ölüm aldanır. Zəncir kimi davam edən bu xətt xeyrin qələbəsinin ayrı-ayrı düyünləridir. Yaşayıb yaratmaq müqəddəs ahəngə (harmoniyaya) uyğun olduğuna görə, yaradıcı insan ölümdən qorxmamalıdır: O, əbədiyyəti öz yaradıcılığı ilə qazanmışdır. Şair insanı ölümdən qorxmamağa çağırır, ömrün mənasının onun sürəkliyində, vaxt ölçüsündə deyil, məzmununda, həyatı necə dolğun yaşamağında olduğunu bildirir:

 

Torpağa dönsə də, ucalsın göyə,

Ölsün, mən yaşadım, yaratdım deyə!

Budur əbədiyyət! O qüdsi ahəng!..

 

Ölümlə çarpışmaqda həyat qalib gəlir, bəşər öz xoş gələcəyinə doğru, onu qarşılamaq üçün gedir. Həyat mənasında düşünülən gələcək daim gəncləşərək özü də insanlara doğru gəlir. Şair sadə əmək adamlarını böyük ustalıqla, bədii boyalarla tərənnüm etdiyinə, xalqında vətən eşqini oyatdığına görə xoşbəxtdir. O, öz həyat idealına, yaxşılıq idealının qələbəsinə xidmət etdiyinə görə sonsuzluğa qovuşmuş, əbədiyyəti qazanmışdır. Artıq çoxdan proyektləşdirdiyi, ömür məramnaməsinə çevirdiyi yaradıcılıq zirvəsinə çatdığına görə rahatdır. O, artıq “heç yerə mən tələsmirəm” deyərək həyatından razıdır. Bilir ki, indi “nə sevglisi, nə də Vətəni” deməyəcək.

 

“Şair nə tez qocaldın sən!”

Şair özü əmindir ki:

“Unutmaz bu oba, bu mahal...”Vurğunu.

 

Şair yaşamaq, yaratmaqdan hələ yorulmamışdır, ömrünə bir dəqiqə də olsa belə artırmağa hazırdır. İnsanın çox yaşaya bilməsini şair qəhrəmanlıq adlandırır. Ancaq ömür yolu gəlib başa çatmışsa və qarşında qoyduğun həyat məqsədi gerçəkləşmişsə, artıq ölüm özü sənin qarşında məğlubdur. O artıq gecikmişdir; Xeyir qələbə çalmışdır. Azərbaycan Sovet mədəniyyətini, poeziyasını möhkəm nikbinlik özülü üzərində qurmaq kimi qarşısına möhtəşəm vəzifə qoyan Vurğunun ömür yolu onun həyat fəlsəfəsini təsdiq etmiş, sənətkar idealına uyğun ahənglə başa çatmışdır.

 

1986

 

Beytulla ŞAHSOYLU

tarix elmləri namizədi

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S. 22, 23.