Müqəddəs borc
Atamın - şair və publisist Vaqif Məmmədovun
əziz xatirəsinə
Atam haqq dünyasına qovuşduqdan sonra onun haqqında keçmiş zamanda danışmaq, yazmaq mənim üçün çox çətindir.
Onun haqqında sağlığında
günlərcə, saatlarca
danışardım, lakin
indi nədənsə
hiss və duyğularımı
heç kimlə paylaşa bilmirəm. Ata oğul kimi onunla aramızda olan mənəvi körpü o qədər
möhtəşəm idi
ki, indi bu münasibətin tərifini verməkdə,
onun haqqında yazmaq üçün gərəkli olan kəlimələri seçməkdə
çətinlik çəkirəm.
Mənə elə gəlir
ki, övladlar neçə yaşlarında
olursa-olsun valideynlərini
itirəndən sonra böyüyürlər. Ata-ana həyatda olduğu müddətdə
uşaq kimi qalırlar, ancaq o böyük itkinin ağırlığını duyandan sonra sanki yetkin insana
çevrilirlər.
Vaqif Məmmədov oxucuları
üçün əvəzsiz
şair, publisist, tələbələri üçün
dəyərli müəllim,
universitet üçün
əsl ziyalı alim, gərəkli naşir idisə, mənim üçün qayğıkeş ata, qibləgah, yol göstərən mayak idi. Artıq bir ildir ki, atam aramızda
yoxdur. Nə qədər ki,
atam həyatda idi, mən özümü
qollu-budaqlı, əzəmətli
bir çinarın cavan pöhrəsi hesab edirdim. Çünki o, həmişə güvəndiyim, varlığına
şükr etdiyim bir insan idi.
Lakin indi... Qəribədir ki, ölümündən bir
il keçməsinə
baxmayaraq gözüm hər yerdə onu axtarır. Nədənsə, həmişə gələcəyinə olan
ümidim sadəlövhcəsinə
olsa da sönmür.
Hətta
telefonuma zəng gələndə bir anlıq da olsa,
o olduğunu zənn etdiyim vaxtlar olur. Bir hadisə baş
verəndə qeyri-ixtiyari
atama zəng etmək istəyirəm.
Ötən il
oğlum ali məktəbə qəbul
olanda sevinclə bu şad xəbəri
ilk atama vermək üçün tələsik
nömrəsini yığıb
zəng etdim, ancaq bu sevinc
uzun sürmədi, tez xatırladım ki, artıq o bizimlə deyil...
Onun haqqında yazmaq məni həm iftixar hissinə, həm də hüznlü duyğulara kökləyir. Amma düşünəndə ki, yaşanmış bu ömür hədər getməyib, şərəfli bir ömürdür, bununla qürur duyuram. Atam ömrünün sonlarında
keçirdiyi ağır
beyin əməliyyatından
sonra 30-dan artıq şeir yazmışdı.
“Gedirəm” adlı şeirində də dediyi kimi:
Kimsənin yazığı
gəlməsin mənə,
Sanmayın qəlblərə dəyib
gedirəm.
Atımı sürmədim
dumana, çənə,
Şərəfli bir ömür qoyub gedirəm.
Həqiqətən, atam çox ədalətli və haqqa sadiq insan
idi. Onun üçün ədalətsizlik yolverilməz
idi. Heç yadımdan çıxmaz,
atam Sədərək
kənd orta məktəbində direktor
işləyirdi. Mən də
bu məktəbdə oxuyurdum. O vaxt atamın təşəbbüsü
və təşkilatçılığı
ilə məktəbdə
fond yaradılmışdı. Bu Naxçıvanda, bəlkə
də Azərbaycanda öz fondu olan
yeganə orta məktəb idi. Belə ki, bu fondun
hesabına ildə otuza yaxın şagird keçmiş
SSRİ-nin müxtəlif
şəhərlərinə ekskursiyaya göndərilirdi.
Ancaq bunun üçün şagirdlərin
il boyu
əlaçı olmaları
şərt idi. Mənim də bir fəndən
dördüm vardı.
Həmin il
əlaçı çıxa
bilməmişdim. Atama nə
qədər dil tökdüm ki, o dördümü görməzdən
gəlib məni də əlaçılar
sırasında ekskursiyaya
göndərsin, qətiyyən
razı olmadı ki, mən heç
kəsin haqqına girə bilmərəm.
Sən çalış,
oxu, qiymətini düzəlt, növbəti
il səni
məmnuniyyətlə göndərərəm.
Halbuki bu atamın əlində çox asan bir iş idi.
Nə o vaxtlar, nə də sonra atam
heç bir zaman öz vəzifəsindən
sui-istifadə edən
insan olmadı. İşlədiyi kollektivdə həmişə
haqq, ədalət tərəfdarı, dürüst
və vicdanlı olmağı ilə tanınıb sevildi.
Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli
mənəvi keyfiyyətlərindən
idi. O, bir salnaməçi
tək 1990-1992-ci illərdəki
Sədərək döyüşlərini,
müharibənin dəhşətlərini
ustalıqla qələmə
almış, o günlərin
odunu, alovunu, xalqın dərdini, nisgilini ürək ağrısıyla şeirlərində
“Tanrı talelərini
yazıb
, mən sadəcə
kağıza köçürürəm”
deyib təsvir etmişdi:
Taxıl zəmisinə
düşmən od atıb,
Yanır, tabağımda çörəyim
yanır.
Alov dilimləri lap ərşə çatıb,
Elə bil cızhacız ürəyim
yanır...
Yanır, bütün
kəndin gözü önündə,
Dönübdü ünyetməz divara tüstü.
Qarabəxtlilərin qara günündə
Kəndi bürüyübdü bu qara tüstü.
Bu şeirin
yaranmasının canlı
şahidiyəm. Müharibə vaxtı atılan TOP və güllələrdən
kəndimizin taxıl zəmisinə od
düşdü. Hər tərəf
bir anda alova büründü.
Heç
bir şəkildə bu yanğını söndürmək mümkün
olmadı. Çox qısa
bir müddətdə
böyük bir ərazi külə döndü. Mən ilk dəfəydi
ki, atamın gözlərində çarəsizlik,
ümidsizlik görürdüm.
O günlərdə mən
bir şairdən, müəllimdən daha çox bir vətən oğlunu, el qəhrəmanını gördüm.
O, vətənin dar günündə qələmini
süngüyə çevirib,
ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, qeyrət qalası Sədərəyin
müdafiəsinə qalxdı.
Bunu yalnız vətənini ürəkdən sevən,
ona cismən, ruhən bağlı olan insan edə
bilərdi.
Mən bir oğulun atasına duyduğu heyranlıqdan daha çox, bir oxucu kimi həmişə
atama qibtə etmişəm. Onun bütün yaradıcılıq
uğurlarına mən
və bütün ailəmiz həmişə
ürəkdən sevinmişik.
Bir dəfə qardaşımla
birgə, ancaq atamdan xəbərsiz, onun şeir kitabını çap etdirib ad günündə
hədiyyə etdik.
40-dan artıq kitabın müəllifi olsa da, şeirləri
dünyanın 12 ölkəsində
müxtəlif dillərdə
çap edilsə də, bizim hədiyyə etdiyimiz bu kitaba görə
uşaq təki sevindiyi hələ də gözlərimin qarşısındadır. Həmişə deyərdi ki,
bu kitab mənim üçün ona görə daha doğma və əzizdir ki, oğul qayğısı
və diqqəti ilə çap olunub. Bu ənənəyə
sadiq qalaraq, haqq dünyasına qovuşandan sonra onun ayrı-ayrı illərdə yazdığı iki
bəndlik şeirlərini
eyni adla - “Qoşayarpaq misralar” adıyla çap etdirib atama doğum
günü hədiyyəsi
etdik. Xəstə olduğu müddətdə
“Ömrün payız
nəğməsi” adlı
kitabını çapa
verdik, təəssüf
ki, onu görməyi
qismət olmadı.
Ölümündən sonra kitab işıq üzü gördü.
Atam ürəyi arzularla dolu bir insan
idi, onun yazılmamış neçə-neçə
əsərləri qaldı. Sədərək kəndində mənsub olduğumuz Bəyməmməd
nəslinin 1700-cü ildən
bəri nəsil şəcərəsi atamın
böyük araşdırmalarından
sonra ərsəyə
gəlmişdi. Həmin nəsil
şəcərəsi sonuncu
dəfə yəni,
2002-ci ildə çap
olunsa da, atam son illəri də işləmək haqqında düşünürdü.
Böyük bir nəslin
şəcərəsini araşdırıb
ərsəyə gətirən
atamın bu araşdırmasını davam
etdirməyi bir övlad kimi özümə mənəvi
borc bilib, yeni əlavələri şəcərəyə əlavə
edərək yenidən
çap etdirməyi düşünürəm. Atamın bir çox tamamlanmamış işləri
var idi ki,
onları həyata keçirə bilmədi.
“Seçilmiş əsərləri”nin 1-ci və 2-ci cildlərini 2008-ci ildə
çap etdirmişdi.
3-cü cildini də hazırlamışdı,
lakin ömür vəfa etmədi. Hazırda atamdan sonra onun yaxın
dostlarının, şair
və yazıçıların,
iş yoldaşlarının,
həmkarlarının atam
haqqındakı xatirələrini
toplayıb kitab halında çap etdirmək istəyirəm.
Əminəm ki, bu kitab da maraqla
qarşılanacaq.
İndi mən ancaq atamın şeir və kitabları vasitəsilə onunla danışa bilirəm. Şeirlərinin ilk oxucusu olmağıma baxmayaraq, indi bu şeirləri oxuyanda daha çox fərqli duyğular keçirirəm. Sanki indi daha çox başqa mətləblər, sətiraltı eyhamlar kəşf edirəm. Bu mənada, “Ata” şeiri mənim üçün çox dəyərlidir:
Ata səbr, dözüm, əzəmət, vüqar,
Ata övlad üçün haqqın yoludur.
“Ata” kəlməsində böyük məna var,
Ata müqəddəsdir, ata uludur.
Tikməyə, qurmağa həvəsi olar,
Ata əkən güllər solmaz dünyada.
Dostun, sirdaşın
da əvəzi olar,
Atanın əvəzi olmaz dünyada.
Ata bu həyatın mənası,
dadı,
Ata keşikçidir
ata yurduna.
Ən uca heykəli, ən böyük adı
Övlad ürəyində ucaldar ona.
Şeirin son misrasında yazdığı
kimi, “Ən uca heykəli, ən böyük adı, Övlad ürəyində ucaldar ona”. Atamın dediyi kimi, bundan sonra bu
şərəfli adı
və atamdan qalan dəyərli xəzinəni qoruyub saxlamaq və gələcək nəsillərə
çatdırmaq bizim
- övladlarının müqəddəs
borcudur.
Səbuhi MƏMMƏDOV
Hüquqşünas
525-ci qəzet.-
2017.- 20 yanvar.- S. 19.