Koroğlu mövzusu Amerikanın şeir və musiqi
dünyasında
Giriş
19-cu əsr Amerikanın milli
şairi Henry Wadsworth Longfellow “Koroğlu” dastanındakı bir
süjetdən ilham alaraq 1878-ci ildə “Leap of Roushan Beg”
(Rövşən bəyin
sıçrayışı/tullanışı) adlı
şeir yazmışdır.
Bu şeirə iki Amerika bəstəkarı,
uyğun olaraq 1907 və 1913-cü illərdə, musiqi bəstələmiş,
xor və orkestr üçün ballada yazmışlar. Türk xalqları
arasında çox yayılan, azərbaycanlıların
xüsusi məhəbbətlə sevdiyi, oxuduğu, ifa etdiyi və
dinlədiyi “Koroğlu” dastanı əsasında böyük
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli
“Koroğlu” operası üzərində işləmiş,
şah əsərlərindən biri sayılan bu operanı
1937-ci ildə tamamlamış, əsər həmin il
tamaşaya qoyulmuşdu. Üzeyir Hacıbəyovdan
xeyli öncə Amerika Birləşmiş Ştatlarında
“Koroğlu” mövzusunda musiqi əsərlərinin
yazılması faktı ilə rastlaşmaq mənim
üçün gözlənilməz oldu, təəccübləndim.
Longfellow`nun adını çəkdiyim şeirinin görkəmli
Azərbaycan şair və dramaturqu Cəfər Cabbarlı tərəfindən
Azərbaycan türkcəsinə tərcüməsi, onun necə
baş verməsi üzərində düşüncələr
axtarışıma başlanğıc impuls verdi.
Longfellow`nun
yaradıcılığı və onda Koroğlu mövzusu,
folklorun yazıya alınması problemi, “Leap of Roushan Beg”
şeirinin Azərbaycan türkcəsinə və ruscaya tərcümələri,
Koroğlu dastanının tərcümələri, ümumi tərcümə
və poetik tərcümə, “Leap of Roushan Beg” mətni əsasında
yazılmış balladalar kimi məsələlər barədə
düşüncələrimi oxucularla bölüşmək
niyyətim var.
Henry Wadsworth
Longfellow və “Leap of Roushan Beg”
Henry Longfellow (1807-1882) 19-cu əsr
Amerikan ədəbiyyatının ən məşhur
siması, Amerikanın ilk milli şairi sayılır. Ömrünün yetkin
çağında dünya şöhrəti qazanan Longfellow
Avropa mirası ilə Amerikanın yaddaşını bir-birinə
qovuşduraraq lirik şeir və poemalar (süjetli uzun
şeir) yazmış, çox poetik tərcümələr
etmişdir (o cümlədən, Dante`nin
“İlahi Komediya” sını). Bowdoin kollecində oxumuş
(1821-1825), sonra (1826) özünün ilk Avropa səyahətinə
çıxmış, 3 il orada
yaşamış, orada dil öyrənmək ehtirasını
da doydurmağa çalışmışdır. 1835-ci ildə ikinci Avropa səyahətinə
çıxmış, Rotterdamda olarkən arvadı uşaq
salmış və ölmüşdür. Bir qədər
sonra yeni sevgiyə düçar olmuş, Fanny adlı
qızla tanış olub ona vurulmuş,
lakin qız onun evlənmək təklifini yalnız 7 il
keçdikdən sonra qəbul etmişdir (1843). Bu
zaman (1836-cı ildən başlayaraq) Longfellow Harvard
universitetində Çağdaş dillər departamentinin
müdiri idi; o, çox dillər bilirdi, fransız, ispan,
italyan dillərini isə tədris edirdi. Şair
kimi də ad çıxarmışdı. Ümumiyyətlə,
Harvard dövrü (1836-1854) Longfellow
yaradıcılığının ən məhsuldar və
şah dövrü sayılır (məşhur “The Song of
Hiawatha” nı 1855-ci ildə
tamamlamış, nəşr etdirmişdi; bu əsəri
İvan Bunin ruscaya gözəl tərcümə etmişdir
-1898). Harvard`dan təqaüdə
çıxmış, özünü tamamilə
yaradıcılığa həsr etmişdi. Longfellow ailədəki 8 qardaş-bacıdan ikincisi
idi, özü də çoxuşaqlı idi, ikinci evliliyindən
6 uşağı olmuşdu - 2 oğlan, 4 qız.
Longfellow`nun 1878-ci ildə nəşr
olunan “Keramos and Other Poems” şeirlər kitabının “Birds
of Passage. Flight the Fifth” fəslində “Leap of Roushan Beg”
adlı şeirə rast gəlinir. Bu lirik
şeir ilk dəfə “The Atlantic Monthly” jurnalında dərc
olunmuşdu (January 1878). Longfellow bu
şeiri redaktoru olduğu 31 cildli, təqribən 8000 səhifəlik
nəhəng Antologiyaya da daxil etmişdi. Yer kürəsinin
çox müxtəlif bölgələri ilə bağlı
əsərlərin toplandığı bu antologiyanın
“Mesopotamia: Orfah” (Urfa) başlığı altında Longfellow
öz “Leap of Roushan Beg” şeirini yerləşdirmişdi.
“Leap of Roushan Beg” yunan və roma klassiklərinin
də yazdığı (Homer`in İliada və Odissey`i,
Virgil`in Aeneid`i, Ovid`in Metamorphoses`i...) hekzametr metrik xətti ilə
yazılmışdır. Hər biri 6 misralı 14 bənddən
(cəmi: 84 misradan) ibarət bu şeirin qafiyə sistemi aabccb
şəklindədir.
Bəs Longfellow Koroğlu mövzusu
ilə necə tanış olmuşdu? Bu
suala cavab vermək cəhdindən əvvəl bir az dastan, folklor nümunələrinin yazıya
alınması haqqında danışacam.
Dastan, folklor və
onların yazıya alınması
Koroğlu dastanı etnik və
coğrafi yayğınlığına görə dünya ədəbiyyatının
nadir və nəhəng incisidir. Qafqaz, Anadolu, İran və Orta Asiya
türk xalqlarının hər birinin öz Koroğlu
dastanı var, bunlar arasında məzmunca yaxın və həmahəng
səslənənlərlə yanaşı, xeyli fərq
göstərənləri də mövcuddur. Dastanlarda
Koroğlunun necə ortaya çıxması,ləqəbi,
səfər və yürüşləri, qocalığı
və son günləri haqqında söylənənlər
coğrafi-etnik fərqləri özündə əks etdirir.
Türkdilli xalqlarla qonşu
olan və ya onlarla iç-içə yaşayan qeyri-türk
və qeyri-müsəlman xalqların da Koroğlu dastanları
olmuşdur. Türklər içində yaşayan, türk dili və
mədəniyyəti ilə yaxın təmasda olan bu xalqlar həmin
mədəniyyətə daxil olmuş, onu zənginləşdirmiş
və onu qismən özününküləşdirmişlər.
Məsələn, erməni aşıqları
türkcə, Qafqaz, İran və Şərqi Anadoluda əsasən
Azərbaycan türkcəsində şeirlər yazmış və
sazın müşayiəti ilə oxumuşlar. Eyni ərazilərdə
və qonşuluqda, çox zaman eyni dövlət içində
yaşayan türk və qeyri-türk, həmçinin müsəlman
və qeyri-müsəlman xalqlar arasında musiqi, musiqi alətləri,
yemək, geyim, toy-düyün kimi sahələrdəki ad və
məzmun yaxınlığı da, heç şübhəsiz
bu iç-içə yaşamaqdan doğmuşdur. Bu zaman, təbii ki, nisbətən azsaylı xalqlar
çoxsaylı və dövlət qurucusu olan xalqların adət-ənənə
və mədəniyyətlərindən daha çox əxz
etmişlər. Hərçənd ki, tarixdə
hökmdar xalq asılı xalqın mədəniyyətini daha
çox mənimsəmişdir kimi hallar da olmuşdur (məsələn,
İranda türklər).
Aşıq, ozan və digər adlarla
tanınmış yaradıcı şəxslər eşitdikləri,
ustadlardan öyrəndikləri dastanları məclislərdə
söyləmiş, ifa etmiş, məzmun və formaya az da olsa əlavələr etmiş, bəzək
vurmuşlar. Beləcə,
ağızdan-ağıza dolaşan dastanlar zənginləşdirilmiş
və bölgələşdirilmiş, şaxələnmişlər.
Dastançı aşıq aktyordur, hadisələri
maraqlı şəkildə nəql etməklə, öz
danışıq tərzi, hərəkətləri, atmaca və
zarafatları ilə dinləyiciləri söhbətə cəlb
edir. Dastançı aşıq söhbət
arası saz çalır, instrumental musiqi
ifaçısıdır. Dastançı
aşıq xanəndədir, müğənnidir, dastanda
mühüm yer tutan nəzm parçalarını
sazının müşayiəti ilə oxuyur, bununla
dastanın dinləyiciyə təsiretmə gücünü
qat-qat artırır. Dastançı
aşıq söz, saz və səs ustasıdır.
Ağız ədəbiyyatının
taleyi qəribədir, yazıya ehtiyacı yoxdur, yazı olmayan
yerdə də yarana bilir, uzun yüzillər, hətta minillər
ağızdan-ağıza gəzə bilir. Ağız ədəbiyyatı
yazıdan əvvəl doğulmuş, yazı ilə
yan-yanaşı yaşamış,ağızlarda
dolana-dolana bəzi nümunələri böyümüş,
digərləri kiçilmiş, bir sıra hallarda biri o birinin
içinə girmiş və bir vaxt yazıya
alınmışdır. Bu yazıyaalma
vaxtında, tez və ya gec baş vermişdir - buna dəqiq məna
vermək olmur. Şumerlər öz möhtəşəm
Gilqameş dastanını gil lövhələr
üzərində yazıya aldılar, bununla da gələcək
insanların, bəşəriyyətin onu oxumasına, ona
heyran olmasına, ondan həzz almasına imkan yaratdılar (daha
çox tərcümə olunmuş, genişləndirilmiş,
yenidən işlənmiş Akkad variantında). Yunanlar İliada və Odissey dastanlarını qələmə
aldılar (müəllifinin Homer olduğunu söyləyərək),
artıq dəyişmədən, aşınmaya uğramadan
bütün zamanlarda yaşamasını təmin etdilər.
Əlbəttə, bu qələməalma “xalq
işi” deyil, dastançı və yazıçı-şair
bir insanın və ya bir qrup insanın işidir.
Türklər “Dədəm
Qorqud” (Kitab-i Dədəm Qorqud) dastanını yazıya
aldılar, lakin yazı sanki yoxa çıxdı, sanki unuduldu
və...birdən-birə Almaniyada (Drezden, 1814, Heinrich Friedrich
von Diez) və sonra Vatikanda üzə çıxdı. Yazıya
alınmış “Dədəm Qorqud” dilinin Azərbaycan
türkcəsi olduğu qənaətinə gəlindi. Mənim
mənsub olduğum nəsil uşaq vaxtı “Dədəm
Qorqud” adlı dastanın varlığı ilə tanış deyildi, aşıq məclislərində
“Dədəm Qorqud” dan söhbət açılmırdı.
Bu dastandan yalnız az sayda mütəxəssisin
xəbəri vardı. “Dədəm Qorqud”
xalqın malına çevrilməmişdi. Sonralar bu dastan araşdırıldı, təbliğ
olundu, kitab, radio, film, televiziya məkanlarına daxil edildi,
geniş yayıldı.
“Koroğlu” dastanının taleyi
“Dədəm Qorqud” dan fərqlidir. “Dədəm Qorqud” bu gün də
aşıqlar tərəfindən ifa olunmur, bunun bir səbəbi
“Dədəm Qorqud” un aşıq
dövründən əvvəl yaranması isə, digəri
onun kübar oğuz ənənəsinin məhsulu
olmasındadır. Koroğlu dastanı isə
sadə xalq qəhrəmanının poetik obrazı ilə
xalqın içində yaşamışdır. Mənim və əvvəlki nəsillərin,
ümumiyyətlə, yəqin ki, son dörd yüzillikdə
yaşayanların aşıq məclislərində ən
çox dinlədikləri, sevdikləri dastan “Koroğlu”
olmuşdur.
Longfellow
Koroğlu mövzusu ilə necə tanış
ola bilərdi?
Amerikalı bir şairin
Koroğlu dastanına müraciət etməsi, ondan
ilhamlanması və bu mövzuda gözəl lirik şeir
yazması maraq doğurmaya bilməz.
Koroğlu dastanını ilk
dəfə yazıya almaq və sonrakı tərcümə və
araşdırmalara yol açmaq şərəfi Polyak əsilli
şair və filoloq Aleksander Chodzko`ya (1804-1891; Aleksander Xodzko)
nəsib olmuşdur. A. Chodzko Vilnius Universitetində oxumuş, məşhur
şair Adam Mickiewicz ilə yaxın dost olmuşdur. O, 1829-cu
ildə Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin
Asiya departamenti nəzdində fəaliyyət göstərən
Şərqşünaslıq İnstitutunu (Sankt-Peterburq) fars və
ərəb dilləri ixtisası üzrə bitirmiş və
1830-1844-cü illərdə Rusiya diplomatı olaraq
çalışmışdır (əsasən, İranda). Diplomat kimi İran və Xəzər dənizi ətrafındakı
Rusiya ərazilərini gəzib-dolanmış, mədəniyyət
və folklora sevgisini bu yerlərdə yaşayan xalqların
folklor nümunələrini toplamaq və nəşr etdirməklə
həyata keçirmişdir. Sonralar o,
Parisdə yaşamış, Fransa Xarici İşlər
Nazirliyinin Şərqşünaslıq Departamentində
çalışmış (1852-55), sonra 1857-1883-ci illər ərzində
College de France`da dərs demiş və Slavyan dilləri və ədəbiyyatları
departamentinin müdiri olmuşdur. Bu
dövrdə A. Chodzko topladığı qiymətli folklor
nümunələrini nəşr etdirmiş, onlar barədə
şərhlər və məqalələr
yazmışdır (ingiliscə və fransızca).
A. Chodzko Azərbaycan mədəniyyəti
ilə yaxından maraqlanmış, Azərbaycan mədəniyyəti
və Bakı haqqında maraqlı esselər
yazmışdır(bu marağın yaranmasında, yəqin ki,
S. Peterburqdakı əsas müəllimlərindən biri- azərbaycanlı
Mirzə Cəfər Topçubaşovun rolu olmamış deyildir).
Folklorşünas kimi onun şah əsəri də Azərbaycanla
bağlıdır, İran Azərbaycanında yazıya
aldığı 13 məclisdən (“meeting” dən) ibarət
“Koroğlu” dastanıdır; dastanı 1834-cü ilin
yayında Aşıq Sadığın dilindən Mirzə
Abdulvahab qələmə almışdır. Chodzko
savadlı folklorşünas kimi üç şəxsin bu
yazıyaalma işində şahid sifətində
iştirakını da təmin etmişdir. Dastanın nəsr-nəql hissəsi farsca, nəzm
hissəsi Azərbaycan türkcəsində (farscaya hərfi tərcümə
ilə) yazıya alınmışdır. Şeirləri
(mahnıları) nəsrləşdirmiş və ingiliscə
nəşrdə “Improvisation” sözü ilə vermişdir.
Bu əsər və
toplanmış digər folklor nümunələri A. Chodzko`nun
təklifi və Oriental Translation Fund`ın köməyi ilə
A. Chodzko tərəfindən ingiliscəyə tərcümə
olunmuş, onun şərhləri ilə uzun bir adla 1842-ci ildə
nəşr olunmuşdur (Aleksander Chodzko. Specimens of the Popular Poetry of
Persia, as Found in the Adventures and Improvisations of Kurroglou, the
bandit-minstrel of Northern Persia; and in the Songs of the People Inhabiting
the Shores of the Caspian Sea. Orally Collected and Translated, with
Philological and Historical Notes, by Alexander Chodzko. London: Printed for
the Oriental Translation Fund of Great Britain and Ireland, 1842). Kitabın
adını belə tərcümə etmək
olar:”İranın/Persiyanın populyar şeir nümunələri:
Şimali İranın quldur-aşığı Koroğlunun
macəra və mahnıları və Xəzər dənizi
sahillərində yaşayan xalqların mahnıları”. Kitabın içində Koroğluya aid hissə “The
Adventures and Improvisations of Kurroglou, the Bandit-Minstrel of Northern
Persia (Translated from the Perso-Turkish Dialect)” başlığı
altında verilmişdir. Burada Azərbaycan
türkcəsini “fars-türk dialekti” adlandırmaqla onu
Osmanlı türkcəsindən fərqləndirmək istəmişdir.
A. Chodzko giriş sözündə
Koroğlu dastanının Firdovsinin “Şahnamə”sindən
daha məşhur olmasını, onun coşqun və əzəmətli
harmoniyasını və tərcümədə ona tay tapmağın
mümkünsüzlüyünü irəli sürür (“wild
and bold harmony, inimitable in any translation”). 3-cü məclisin
sonunda isə A. Chodzko qeyd şəklində türkcədəki
feili sifətin şeirə gözəllik verən
gücünə işarə edir, heç bir Avropa dilində
ona tay yoxdur deyir (“The text…serves…for an example
of the force of the Turkish participles, which cannot be equalled in any
European language”).
Bu Koroğlu dastanı
Avropada çox tez populyarlaşmış, 1843-cü ildə əsər
tam şəkildə almancaya və bir hissəsi fransızcaya
çevrilib nəşr olunmuşdur. Tanınmış
fransız yazıçısı George Sand fransızca
Koroğlu variantını hazırlamış (tam deyil, bir
hissəsini - ilk yeddi məclisi, onu da ixtisarla və mətnə
sərbəst yanaşma ilə) və ona çox maraqlı
giriş sözü yazmışdır. G. Sand`ın
Koroğlu haqqında giriş sözü və məktublarından
bir neçə qısa alıntı etməkdən
özümü saxlaya bilmirəm: “Dünyada ən zəngin və
ən gözəl nümunələrdən olan Koroğlu”,
“sazı qılıncı qədər möcüzələr
yaradırdı”, “bu, bir adət-ənənə tarixidir,
Koroğlu milli dahidir”, “Koroğludan alıntı etdiyim bu
üç sətirlik improvizasiya (mahnı - H.İ.)
bütün Victor Hugo yaradıcılığına bərabərdir”...
Əsərin ruscaya tərcüməsi (C. A.
Penn. Koroqlu, vostoçnıy pogt-naezdnik. Polnoe sobranie eqo
improvizaüiy s prisovokupleniem eqo bioqrafii)1856-cı
ildə Tiflisdə “Kavkaz” qəzetində nəşr
olunmuş, əvvəlki illərdəki zəif və təhrif
olunmuş variantları unutdurmuşdur.Burada Koroğlu
dastanının müxtəlif dillərə tərcüməsi
məsələsinə xüsusi diqqət vermək fikrim,
yerim və vaxtım yoxdur, həm də bu məsələ
az-çox məlumdur. Lakin Azərbaycan türkcəsinə
tərcümədə səliqəsizliklərə bilməzlikdən
və bilərəkdən təhriflərə, hətta
çaşqınlıq yarada bilən təhriflərə
rast gəlinir (təəssüf ki, çağdaş zamanımızda
tərcümə sahəsində belə nöqsanlara çox
rast gəlinir). Sadəcə, bir misal
göstərirəm. A.Chodzko`nun tərcümə
variantında Rövşənin atası Mirzə Sərraf
oğluna Azərbaycan vilayətinə (the province of Aderbaidjan)
keçməyi vəsiyyət edir və “The Shah of Persia is its
sovereign”, yəni, “İran şahı oranın (onun)
hökmdarıdır” ifadəsini işlədir. Bu, Azərbaycan
türkcəsinə tərcümədə “İrandan ayrı
müstəqil olan Azərbaycan əyalətinə keçərsən”
(?) kimi verilib...
Koroğlu dastanının ingiliscə
səslənməsi, həmçinin əsas Avropa dillərinə
tərcüməsi və qısa zamanda populyarlaşması mifologiya və əfsanələri
sevən, yaradıcılığında onlardan uğurla bəhrələnən
Longfellow`nun, yəqin ki, diqqətini cəlb etməli idi. Avropa
ilə sıx əlaqədə olan, Avropada da çox
yaxşı tanınan Longfellow dastan-kitabıya özü ala
bilər, ya da tanışları bu kitabı ona
çatdıra bilərdilər(zamanında
Longfellow`nu yaradıcılığa ruhlandırmış
yaşca böyük həmkarı, mifologiya və tarixə
xüsusi marağı olan Washington Irving 1842-1846-cı illərdə
İspaniyada səfir idi, digər dostlarından
yazıçı Nathaniel Hawthorne də həmin dövrdə
Avropaya gedib-gəlirdi). Elə A.Chodzko özü də tərcümə
etdiyi dastanı Longfellow`ya göndərə bilərdi (və
ya George Sand?! və ya Chodzko`nu George Sand`la tanış
edən populyar şair Adam Mickiewicz?!). Bir sözlə, Avropada
populyarlaşmış bir şərq dastanı
dastançı ruha və qələmə sahib Longfellow`dan
uzaqda qala bilməzdi, əvvəl-axır ona gəlib
çatmalı, onun ilhamını qanadlandırmalı idi...
Longfellow “Leap of Roushan Beg”
şeirinin mövzusunu Chodzko`nun yazıya aldığı və
tərcümə etdiyi dastanın 3-cü məclisindən
almışdır. 3-cü məclisi ən qısa şəkildə
yada salıram. Xoca Yaqub Urfada Qəssab Mir
İbrahimin oğlu Eyvazı görür, onu Koroğluya
oğul olmağa layiq bilir və bu fikrini Koroğluya
açır. Koroğlu Qıratı minib
Urfaya gedir. Qoyun alıb-satmaq əhvalatını
uydurmaqla Koroğlu Eyvazı ələ keçirir və
Eyvazı Qıratın tərkinə alıb yola
düşür, daha doğrusu Urfadan qaçır. Mir İbrahim Ərəb Reyhana şikayət edir.
Ərəb Reyhan uçurumun üstündəki
körpünü tutmaqda Koroğlunu qabaqlayır.
Əlacsız qalan
Koroğlu Qırat və Eyvazla dağın
üstünə qalxır. Qıratı tərifləyir, bizi
xilas et deyə Qırata yalvarır. Qırat öz qüdrətini nümayiş etdirir,
uçurumu tullanıb keçir.
Longfellow Koroğlunun Qıratı vəsf
etməsini (qızıl nal, məxmərə bürümə,
atlasdan çul,...)
və sonra Qıratın belində uçurum üzərindən
düşmənini belə heyran qoyan qeyri-adi
atlanışını (“Koroğlunun papağı belə tərpənməmişdi”)
özünə mövzu seçmiş və gözəl
lirik şeir yaratmışdır. O, vəziyyəti bir qədər
sadələşdirmiş, sanki daha təbii etmişdir, burada
Eyvaz yoxdur, Ərəb Reyhanın dəstəsindən
canını qurtarmaq istəyən Rövşən bəy -
Koroğlu Qıratın belində təkdir.
“Leap of Roushan Beg”
və Cəfər Cabbarlı
Longfellow`nun
sağlığında onun bir sıra əsərləri
çox dillərə, o cümlədən, ruscaya tərcümə
edilmişdir.
Cəfər Cabbarlı onun Koroğlu haqqında
şeirini Azərbaycan türkcəsinə tərcümə
edib “İnqilab və Mədəniyyət” jurnalında dərc
etdirmişdi (1928). C. Cabbarlı şeirin bənd və
qafiyə şəklini saxlamamış, onu biri 5, digər hər
biri 4 misradan düzələn 27 bənd (cəmi 109 misra)
şəklində tərcümə etmişdir. Müxtəlif nəşrlərdə və bu
mövzuya həsr olunmuş məqalələrdə “C.
Cabbarlı şeiri dilimizə orijinal ingiliscədən tərcümə
etmişdir”, “ingiliscə Long Fellow`dan, orijinaldan” kimi ifadələr
yer almışdır. Böyük dramaturq və şair
C. Cabbarlı həm də bədii tərcümə ustası
idi, ingilis, alman, fransız və rus ədəbiyyatından bir
sıra əsərləri ruscadan Azərbaycan türkcəsinə
çevirmişdi, orijinaldan deyil, məhz yaxşı bildiyi
ruscadan. Onun Qərbi Avropa dillərini, o cümlədən,
ingiliscəni bilməsi güman edilmir; bildiyi halda bundan bir
işarə, bir iz qalardı, bilsə, “Hamlet” və “Otello”nu
ingiliscədən tərcümə etmək üzərində
düşünərdi. Digər tərəfdən
isə, mənim bildiyimə görə, Longfellow`nun “Leap of
Roushan Beg” şeiri C. Cabbarlının sağlığında
ruscaya tərcümə olunmamışdı.
Longfellow`nun çoxsaylı əsərlərini
sevə-sevə ruscaya çevirən Qorfinkelğ Daniil
Mixayloviç (1889-1966) bu şeiri də çevirmişdi
(“Prıjok Ruşan-Beka” adı ilə); özünün
yazdığına görə Longfellow`nu 1937-ci ildən
başlayaraq tərcümə etməyə
başlamışdı (bu zaman böyük Cabbarlı əbədi
uyumuşdu). Qorfinkel`in tərcüməsində orijinalın
bütün qafiyə sisteminə (aabccb) əməl
edilmişdir. Qorfinkel` tərcümə
zamanı məzmun və formanı, həmçinin şeirin
oynaqlığını qoruya bilmiş, təbii ki, poetik tərcüməyə
xas olan ifadə çalarlarından istifadə etmişdir.
Hər halda bir neçə yerdə sərbəstlik
dərəcəsini yüksəltmişdir.
Orijinaldakı “journeying north from Koordistan”, yəni
“Kürdüstandan şimala doğru yolda” misrasını
(3-cü bənddə) “Po doroqe v Kurdistan”, yəni
“Kürdistana gedən yolda” kimi tərcümə etmişdir;
aşağıda buna başqa bir tərəfdən yanaşma
və yaranan müəyyən anlaşılmazlıq barədə
fikir söylənəcək. Longfellow`da
Koroğlunu izləyən igidin adı Urfalı Ərəb
Reyhandır (“Koroğlu” dastanının əksər variantlarında
bu igidin adı, sadəcə, Ərəb Reyhandır),
Qorfinkel` isə onu “Urfalı şeyx Reyhan” adlandırır, yəni
onun ərəbliyini şeyxliklə əvəz edir.
Və nəhayət,
Longfellow`nun bu gözəl şeirinin sonuncu bəndinə gəlirəm. Koroğlunun Qıratın
üstündə uçurumu tullanmasını görən
Ərəb Reyhan Koroğluya heyranlığını bildirir:
“...In all
Koordistan/Lives there not so brave a man/As this Robber Kurroglou!”.
Yəni, “bütün
Kürdüstanda (yaşayanlar içində) bu quldur
Koroğlu kimi igid yoxdur”. C. Cabbarlı bu yeri “Kürdüstanda Koroğluya tay
olmaz” kimi tərcümə etmişdir. Cabbarlının
həyat və yaradıcılığının bilicisi Asif
Rüstəmli bu şeir və onun Cabbarlı tərəfindən
tərcüməsi haqqında yazarkən bu yerdə
Longfellow`ya etiraz edir, Koroğlunun təkə-türkmən
olduğunu yada salır, Koroğlunun Kürdüstanla
bağlılığı fikrini Longfellow`nun ciddi səhvi
sayır. Əlbəttə, dastanın əsas
variantlarına görə Koroğlunun təkə-türkmən
olduğu danılmazdır (Chodzko`da: True-born Turkman Tuka, yəni
əsl, anadandoğma təkə-türkmən). Lakin bu məsələdə
Longfellow təhrifə yol verməyib; Koroğlunun igidliyi
haqqında bu sözləri Ərəb Reyhanın dilindən
deyir və dediyinin mənası belədir: bu diyarda, Urfa ətrafında,
Ərəb Reyhanın yaşadığı və igidlik
göstərdiyi Kürdüstan adlanan bu yerdə Koroğlu
kimi igid yoxdur. Urfa tərəflər
Kürdüstan adlandırılmışdır, buna
şübhə yoxdur, indi də orada türklərlə
yanaşı çoxlu kürd (və bir qədər ərəb)
yaşayır. Digər tərəfdən, Longfellow,
yuxarıda dediyim kimi, Koroğlunun Kürdüstandan şimala
doğru yolda olduğunu yazır (3-cü bənd), yəni
Koroğlu Kürdüstanlı deyil, Kürdüstana gəlmişdi
və indi şimala, öz yerinə qayıdır. Mən yuxarıda Qorfinkel`in tərcüməsindəki
bir ifadə yanlışlığına da məhz bu
baxımdan diqqət çəkmişdim.
Bəs C. Cabbarlı
Longfellow`nun bu şeirini haradan bilirdi və necə tərcümə
etmişdi? Görünür ki, kimsə (Longfellow`nu bilən rus
ədəbiyyatçılarından?) ona belə bir şeirin
olduğunu söyləmiş, Cabbarlı həmin şeiri kiməsə
sətri tərcümə etdirmiş (ruscaya və ya Azərbaycan
türkcəsinə) və şeir ruscada olmadığı
üçün “ingiliscədən, orijinaldan tərcümə”
etdiyini demişdi. C. Cabbarlı bu şeiri “Rövşənbəy-Koroğlunun
atlanışı” adı ilə çevirmişdir. C.Cabbarlı tərcüməyə forma və ifadə
baxımından xeyli sərbəst yanaşmış,
şeirin ruhunu nümayiş etdirməyə, onu azərbaycanlaşdırmağa
səy göstərmişdir.
Ümumiyyətlə, poetik tərcümədə
şeirin qafiyə sistemini və digər nişanə və
ölçülərini saxlayıb-saxlamamaq məsələsi
həmişə müzakirə edilir. Azərbaycan dilinə
poetik tərcümənin danılmaz ustası olan S. Vurğun
şeirin məzmun və poetikliyi ilə yanaşı formal
xüsusiyyətlərinin saxlanmasını da mühüm
sayırdı. Puşkinin “Yevgeni Oneqin” i
xüsusi, mürəkkəb sonet qafiyə sistemi (Puşkin
sonet sistemi) ilə yazılmışdır. Əsəri Azərbaycan türkcəsinə
çevirməyə cəhd edən M. Rahim tərcümədə
bu qafiyə sisteminin saxlanmasını vacib saymamış,
sonradan əsəri tərcümə etmək vəzifəsini
üzərinə götürən S. Vurğun isə
Puşkin sonet sisteminə tam əməl etmişdir. Bənzər fikri Şota Rustavelinin “Vepxistkaosani” (“Pələng
dərisi geymiş pəhlivan”) əsərinin tərcüməsi
haqqında da söyləmək olar. Əsər
hər misrasının həmqafiyə olduğu
dördlüklər şəklində
yazılmışdır (aaaa). Əhməd
Cavad bu əsərin tərcüməsində misraların
dördünün də qafiyələnməsini vacib
saymamış, rübailərdə olduğu kimi
üçüncü misranın qafiyəsiz olmasını təbii
hesab etmişdi (aaba). Lakin S. Vurğun, S. Rüstəm və
M. Rahim üçlüyü bu əsəri orijinalda olduğu
kimi tam qafiyələnmiş dördlüklərlə tərcümə
etdilər.
C. Cabbarlı Longfellow`nun 6
misralı bəndlərdəki qafiyə sistemi əvəzinə
maraqlı bir səkkizlik silsiləsi
düşünmüşdür.
Qırat Koroğlunun vuran əlidir,
Qırat Koroğlunun
qaçar ayağı.
Vur günündə Qırat onun
yoldaşı,
Hay günündə Qırat onun
dayağı.
İgidlər titrəyir duycaq
adını,
Qırat qədər sevməz
heç bir qadını,
Yüz gəlinə dəyişməz
o atını,
İstər gözəl
olsun, istər cavan, hey.
Əvvəl 2-ci və 4-cü misraları
qafiyələnmiş, 3-cü və 4-cülər sərbəst
buraxılmış dördlük gəlir, onun arxasınca gələn
dördlükdə isə birinci 3 misra qafiyələnmiş və
dördüncü isə hər oxşar dördlükdə təkrarlanan
xüsusi qafiyəli nida işarəli misradır (ən
azı Salman Mümtazın topladığı “Koroğlu”
dastanı ilə həmahəngdir), məsələn, “aman,
hey!”, “kaman, hey!”, “duman, hey!”, “cavan, hey!” və s. Sadəcə,
bir istisna var - şeirin ortasında Qıratı tərif edərkən
şair-tərcüməçi coşmuş, üç
ardıcıl bəndi bu xüsusi “hey” şəkilli
dördlüklərlə vermişdir.
“Kürdüstandan şimala gedən
yolda” ifadəsi C. Cabbarlıda da yoxdur, əvəzində
“Kürd elinin xəzrisini görənlər” deyə bir
qeyri-müəyyən ifadə işlətmişdir; bu, sətri
tərcümədəki qeyri-müəyyənliklə
bağlı ola bilər.
Tərcümədə Cabbarlı
vahid sezuraya (misranın ahəngə uyğun tərkib
ölçülərinə, ritmik dayanacağa) əməl
etməyi də vacib saymamışdır; misraların bir qismi
6+5, digərləri 4+4+3 dayanacaqlı ola
bilir. Məsələn, yuxarıdakı ikinci
dördlüyün 1-ci və 4-cü misraları 6+5, 3-cü
misrası 4+4+3 ölçülüdür (2-ci misranı hər
iki şəkildə oxumaq olur).
Koroğlu ilə
bağlı ölçü və hesablar da maraqlıdır. Koroğlu
dastanında adətən Koroğlunun başına cəm
olmuş igidlərin sayı sehrli təsir bağışlayan
7 rəqəmi ilə ifadə olunur, 777 (o cümlədən,
Chodzko`da) və ya 7777 kimi. Longfellow “qəribə”
rəqəmi yuvarlaqlaşdırıb şeirdə igidlərin
sayını 780 (“Seven hundred and fourscore”) edib. Qorfinkel “daha cürətli” yuvarlaqlaşdırma
aparıb - 800 (“Vosemğ soten çelovek”). Cabbarlı tərcümədə Koroğlu igidlərinin
sayını 7700 edib (“Yeddi min yeddi yüz igid elbasar”). Koroğlunun Qıratla tullanıb keçdiyi
uçurumun eni barədə də hərənin öz
hesabı olmuşdur. Chodzko`nun tərcümə
variantında Qırat eni 12 yard olan yarğanı (“twelve yards
broad”) atılır, iki yard da o tərəfə
düşür! Hesaba baş vurub 1 yard = 3 fut = 91,44cm
olduğunu yada salsaq 12 yard təqribən 11 (10,9728)
metr olur. Azərbaycancaya tərcümədə
yard əvəzinə metr yazıblar, amma çox güman ki,
aşıqların dilində 12 metr deyil, 12 addım olub.
Longfellow şeirdə Qıratın tullandığı
uçurumun enini 30 fut olaraq göstərib (“Thirty feet from side
to side”), yəni təqribən 9 metr (1 fut = 0, 3048 m, yəni 30
fut = 9, 144m), Cabbarlı isə bunu addımla göstərib
(“On dörd addım o böyürdən-bu böyrə”),
mümkündür ki, yuxarıda yada saldığımız
kimi, Qıratın yarğanın enindən iki addım (iki
yard) o tərəfə tullanması və Cabbarlının əlində
olan sətri tərcümədəki bəzi müəyyənsizliklər
onu 12 əvəzinə 14 addım ölçüsünə
gətirib çıxarıb...
“Leap of Roushan Beg”
və musiqi
Longfellow şeirlərinə
(və tərcümə etdiyi şeirlərinə!) ən
çox musiqi yazılmış şairlərdən biridir. O, şeirin dinlənilməli
olduğunu xüsusi vurğulayırdı; onun şeirlərinə
xas olan melodiklik (və əlbəttə, onun şöhrəti),
şübhəsiz, bəstəkarları cəzb etməli idi.
Longfellow`nun ilk misrası “Stay, stay at home, my hearth, and rest” (Evdə,
yerində qal, ürəyim, dincəl) olan bir şeirinə
müxtəlif illərdə müxtəlif bəstəkarlar tərəfindən
25 dəfə müsiqi bəstələnmişdi, onlarla
şeir və tərcümələrinın hər birinə
azı on mahnı bəstələnmişdi! Siegfried August
Mahlmann (1771-1826) adlı müəllifin bir melodik şeirinə
(almanca orijinalda) musiqi bəstələnmişdi, Longfellow bu
şeiri birinci misrası “Allah gives LIGHT in darkness” (Allah
qaranlığa işıq bəxş edir) olmaqla almancadan tərcümə
etmişdi, bu tərcümə-şeirə bəstəkarlar
12 dəfə mahnı yazmışdılar!
Amerika bəstəkarı
James Richard Dear (1870-?) Longfellow`nun “Leap of Roushan Beg” şeirindəki
Rövşən bəy adını Koroğlu adı ilə əvəz
edərək “The Leap of Kurroglou” adlı ballada
yazmışdı. Onun bariton solo, xor və
orkestr üçün yazdığı bu ballada 1907-ci ildə
nəşr edilmişdir; əsər soprano, alto, tenor və
bass xoru üçün yazılmış fortepiano ilə
müşayiət olunan dördlü (dördsəsli)
harmoniyalı musiqidir. Belə
görünür ki, əsəri kişilər xoru ilə
yanaşı qarışıq xor da ifa edə bilər. Eyni vaxtda melodiyadan bir not və xordan üç notun
əmələ gətirdiyi harmoniya (insan səsi və ya
musiqi alətinin səsi) Amerikada, o cümlədən, cazda
çox işlənən forma olub. Bu
balladanın ifa olunması barədə məlumatım yoxdur.
Əlimdə olan orijinal (34 səhifəlik not
yazısı) Miçiqan universitetinə (University of Michigan) məxsusdur.
J.R. Dear əsasən mahnı bəstəkarı
idi, R. Burns, R. Kipling, C. Kingsley və digər şairlərin
sözlərinə mahnı bəstələmişdi (piano ilə
solo və ya xor üçün).
“Leap of Roushan Beg” şeirinə müraciət etmiş digər şəxs - Horatio William Parker (1863-1919) tanınmış Amerikan bəstəkarı və orqanistidir. O, əvvəlcə Bostonda musiqi öyrənmiş, müəllimləri arasında tanınmış bəstəkar George Whitefield Chadwik (1854-1931) də olmuşdur. Parker də, müəllimi Chadwik də 19-cu əsrin sonlarında fəaliyyət göstərən Amerika bəstəkarlarının Second New England School deyilən məktəbinin, həmçinin Boston Six deyilən altı bəstəkardan ibarət qrupun üzvləri olmuşlar. Əvvəl Chadwik, sonra Parker Almaniyada musiqi təhsillərini davam etdirmiş, yaradıcı fəaliyyətlərini genişləndirmişlər. H. Parker öz yaradıcılığında F. Mendelssohn, J. Brahms, R.Wagner, həmçinin müasiri olan C. Debussy`nin yaradıcılığından bəhrələnmişdir. Parker 1888-1901-ci illərdə Long Island və Boston`da orqanist kimi çalışmış, 1893-cü ildən Yale universitetində musiqi nəzəriyyəsi (kompozisiya) üzrə professor və nəhayət, 1904-cü ildən ömrünün sonuna kimi musiqi dekanı vəzifəsində çalışmışdır.
Parker yaşadığı dövrün ən yaxşı Amerika bəstəkarı sayılır. 1893-cü ildə bəstələdiyi Hora Novissima oratorio`su Avropa və Amerikada çox populyar olmuşdur. Məhsuldar bəstəkar olan Parker xor və orkestr üçün əsərlər, kantatalar, mahnılar, orqan musiqisi kimi sahələr üzrə çoxsaylı əsərlər yazmışdır, yüksək mükafatlara layiq görülmüş iki opera müəllifidir - Mona (1912) və Fairyland/Möcüzələr ölkəsi (1914/15). Daha uzun ömür sürən Chadwik öz tələbəsi Parker haqqında kitab yazmışdır.
Parker 1913-cü ildə “The
Leap of Roushan Bek” üzrə tenor solo, kişilər xoru və
orkestr üçün romantik ballada yazmışdır. Əsər
ilk dəfə 1914-cü ildə Philadelphia Orpheus Club`da ifa
olunmuşdur.Əsər iki tenor və iki BASS səs
üçün yazılmış fortepiano ilə
müşayiət olunan dördlü (dördsəsli)
harmoniyalı musiqidir. Bu balladanın 27 səhifədən
ibarət not yazısı əlimdədir.
J. R. Dear öz bəstəsində
Longfellow`nun şeirinin tam mətnindən istifadə
etmiş, H. Parker isə 13 bənddən
istifadə etmiş, şeirin 11-ci bəndini ixtisara
salmışdır.
Amerikanın 19-cu əsr milli
şairi Longfellow`nun Koroğlu haqqında şeiri üzərində
yazılmış iki amerikalı bəstəkarın əsərlərinin,
xüsusilə Horatio Parkerin bəstələdiyi balladanın
Azərbaycanda ifa olunmasını çox arzu edirəm.
Hamlet İSAXANLI
525-ci qəzet.- 2017.- 20 yanvar.- S. 16, 17, 18.