Bulud gözlü qaya
Hamı hamının
dediyi adam
ola bilmir. Hamının dediyi adam olmaq
Tanrı lütfüdür.
Belə lütfə
layiq görülmüş
adamlar bu gün az
da olsa var. Biri elə bizim
dostumuz, qardaşımız
Tağı Əhmədov!
Bu adamın böyüklüyü,
ucalığı heç
də təkcə uca boyunda, salğarlı
kişi yerişində deyil, bulud gözlü qaya olmasındadır.
Qayalığını ilk baxışda hamı görür. Buludluğunu görmək üçün
gərək onun könül
dünyasından xəbərdar
olasan.
Bu adam
nə qədər zəhmli, sərt görünürsə, bir
o qədər də kövrəkdir.
Nə zaman daha da
sərtləşir, başını
qabağa verir, bilirsinizmi?! Dostun, qardaşın, insanın,
Vətənin, torpağın,
bütövlükdə bəşəriyyətin
ayağına daş dəyəndə! Nə vaxt
kövrəkləşir, uşaqlaşır,
bilirsinizmi?
Yaxınının, dostunun,
millət övladının
balasının nişanında,
toyunda!
Və onda o boyda qaya-dağ,
dağ-qaya yerindən
“qopub” oynamağa başlayır. Özü də oynayır, hamı da!
Özü də ağlayır sevincindən,
hamı da!
O, adi insan deyil. Qaya-insandır. İnsan-qayadır! O adi kişi deyil.
Qaya-kişidir, Kişi-
qayadır! Nə qazanıbsa öz insanlığı, kişiliyi
sayəsində qazanıb,
ucalıqlar ona yaraşır, o, ucalıqlara!
Mən qəlbi,
ruhu bütöv Azərbaycan eşqiylə
dolu olan, gözlərindən Araz axan, Kür daşan bu bulud
gözlü qaya haqqında düşünəndə
yadıma Məmməd
Arazın “Dağ yaddaşında yazı” adla şeiri düşür.
Elə bil böyük şairimiz bu gözəl şeiri məhz bu böyük, təvazökar adam
barəsində yazıb:
Birisini çıxartdılar
uca bir yerə,
Tez aşağı
daş hellətdi:
- Baxın, hardayam!
O birisi özü qalxdı bu yüksəklərə,
Heç demədi:
“Mən də varam,
Mən də burdayam”
...Yazı gördüm dağ döşündə-
Dağ yaddaşında:
Birincinin helləncinin çuxuru qalıb...
İkincinin ayağının cığırı qalıb!
Bu cığır Tağı Əhmədov kimi Azərbaycan oğullarına, kişilərinə, ziyalılarına, bulud gözlü qayalara məxsusdur.
Belə qayaların
əbədi bir statusu var:
Toxunulmazlıq!
Ölməzlik!
Əlçatmazlıq!
Yağış arzulamağa ehtiyac yoxdur. Bulud-qayaya, qaya-buluda nə gəlib.
Dünyanın harasında böyük insanlıqdan, xeyirxahlıqdan, kişilikdən, sərtlikdən və kövrəklikdən, mərdlikdən söhbət açılanda Bulud-qayaların, Qaya-buludların “göz-yaşı” baxırsan ki, artıq ora yağır...
DUR DAĞININ ŞƏKLİ
El arasında Tur dağına Dur dağı deyilir. Bir adamın çox yaşamasını istəyəndə deyirlər: “Görüm səni Dur dağı kimi durduqca durasan!” Əziz qardaşım, böyük ziyalımız Tağı Əhmədovun 70 illiyi olduğunu biləndə ürəyimdən həmin arzu keçdi.
Belə olur öz- özünün ağası,
Belə olur öz sözünün ağası!
Belə olur yer üzünün ağası,
Belə olur Allahına qul Tağı,
Vətən Tağı,
oba Tağı, el Tağı!
Məmməd Araz olaq dedi nədən, daş?
Vətəndaşdı, vətəndaşdı, vətəndaş!
Özü boyda Daş-Vətəndi, Vətən-Daş,
Sıldırımlı qaya zili, daş tağı...
İldırımlı qaya Tağı, daş Tağı!
Hamı üçün
gərək insan budu, bu,
İnsan pələng,
pələng insan budu, bu!
Uşaq kimi kövrək insan budu, bu,
Harda dərd var, orda tökər
yaş, Tağı,
Dörd okean nəymiş? Sanki beş Tağı!
Şahbuzdan çox
Qazax tərəf boylanır,
Göydə uçur durna səf-səf, boylanır.
Salatın adına hərf-hərf boylanır,
Dönüb necə Məcnun olur gör, Tağı,
Ata Tağı, Ərən Tağı, Ər Tağı!
O, dünyada yetmiş ildi yaşayır,
Hoyumuza yetmiş
ildi... yaşayır,
70 oba, 70
eldə yaşayır,
Yaraşıqdır aya, günə bil, Tağı,
Bəlkə elə Tağı ildir, il Tağı!
Qəlb üşütməz
bu qar, ayaz,
qardaşım!
Sədası gur, təbi pərvaz qardaşım,
Qəlbi dümağ,
qarayağız qardaşım,
Hamı yaşar,
ola bilməz
Dur dağı,
Bizdən ötrü
ocaq Tağı, pir Tağı!
Tağı yurda, xalqa arxa deməkdir,
Tağı yurda, xalqa arxa,
köməkdir.
Min il
keçsə yenə
bizə gərəkdir,
Yaxşıların yaxşısına
tay Tağı,
Kim bacarır, ola bilsin
qoy Tağı!
Barat VÜSAL
525-ci qəzet.- 2017.- 20 yanvar.- S.18.