“Qaynana”
filmi ilk dəfə alman dilində təqdim edilib
Vyanada Azərbaycan Mədəniyyət
Mərkəzində böyük
gülüş ustası,
Dövlət mükafatı
laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii
axşam təşkil
olunub.
Mədəniyyət Mərkəzinin rəhbəri
Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr və kino
sənətində əvəzedilməz
rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından
söz salıb.
Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən
Azərbaycanla yanaşı,
ölkənin hüdudlarından
kənarda da silsilə tədbirlərlə
yüksək səviyyədə
qeyd olunub.
“Azərbaycanda
ilk peşəkar aktyorlardan
biri olan, ölkəmizdə “ev teatrı”nın ilk
və yeganə yaradıcısı, Azərbaycan
realist aktyor məktəbinin
banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək,
aktyorluq sənətini
özünə həyat
yolu seçib. Azərbaycan musiqili teatrının inkişafında misilsiz rol oynayan Nəsibə
Zeynalova teatrla yanaşı, bir çox bədii ekran əsərlərində
də yaddaqalan obrazlar yaradıb. Onun yaratdığı Cənnət
xala, Nargilə, Züleyxa obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri
sırasında durur.
“Hicran” tamaşasında
canlandırdığı Qızbacı
obrazı dillər əzbəridir”, - deyə
L.Qasımova vurğulayıb.
Tədbirdə Azərbaycanın Əməkdar
incəsənət xadimi,
Adana Çukurova Universiteti
Dövlət Konservatoriyasının
professoru Cahangir Novruzov çıxış
edərək, anası
Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb. C.Novruzov Azərbaycan
teatr sənətinin inkişafında əvəzsiz
xidmətləri olan babası Cahangir Zeynalov və anası Nəsibə Zeynalova kimi dahilərin nəslindən
olmasına görə
daim fəxr etdiyini, lakin bununla yanaşı bu fenomenal şəxsiyyətlərin
adının məsuliyyətini
daim öz üzərində hiss etdiyini
bildirib.
Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri
olan üç nəslin keçdiyi həyat və sənət yoluna nəzər salan C.Novruzov tamaşaçıların
sevimlisi olan Nəsibə xanımın
Azərbaycan xalqının
qəlbində daim yaşadığını qeyd
edib. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə
görkəmli dramaturq
və şair Cəfər Cabbarlının
“Ana” şeirini söyləyib.
Sonra Nəsibə Zeynalovanın
baş rolda oynadığı “Qaynana”
filmi nümayiş etdirilib. İlk dəfə alman
dilinə subtitrlərlə
tərcümə edilən
film tamaşaçılar tərəfindən
böyük maraq və rəğbətlə
qarşılanıb.
Mədəniyyət Mərkəzində
ölməz sənətkarın
yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib
525-ci qəzet.-
2017.-20 yanvar.- S.13.