Musiqili Teatr Fəcr Festivalında mükafat qazanıb
Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr
Beynəlxalq Teatr Festivalında iştirakı
uğurla yekunlaşıb.
Teatrın mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr 20-dək ölkənin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur
“Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa
səbəb olub.
Səhnə əsəri festival iştirakçıları və
təbrizli tamaşaçılar
tərəfindən maraq
və rəğbətlə
qarşılanıb. Tamaşaçıların
xahişi ilə “Ər və arvad” komediyası ikinci dəfə nümayiş etdirilib.
Yaradıcı heyətin ruh
yüksəkliyi ilə
oynadığı səhnə
əsəri yüzlərlə
Təbriz sakininin böyük coşqusuna səbəb olub.
“Kollektivimizin
üç üzvü
bu möhtəşəm
festivalın mükafatını
qazandı. Əməkdar artistlər Nahidə
Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”,
Ələkbər Əliyev
və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası
üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən
bütün zal ayağa qalxıb onları alqışlayırdı.
Bu, bizə olan
böyük sevginin göstəricisi idi.
Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə
təmsil etdi, beynəlxalq arenada daha bir uğura
imza atdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev söyləyib.
525-ci qəzet.- 2017.- 20 yanvar.- S.13.