Ölülərin dirilərə məktubu
(II yazı)
(Əvvəli
17 yanvar sayımızda)
Yüzlərlə adam
mollanın səsinə səs verdi və məhrumu təntənə
ilə dəfn etdilər.
Bildirmək istəyirik ki, bizim məkanda
dələduz, ara qarışdıran
dindarlara, yalançı, savadsız mollalara, əməli
düz olmayan hacılara, kəlbəlayilərə, məşədilərə
yer yoxdur. Onları burada dini mərasimlərə,
məclislərə yaxın buraxmırlar.
Burada əksər millətlərin nümayəndələri
bəzi məsələlərdə bizə çox hörmətlə
yanaşırlar. Deyirlər ki” Sizdə
milli, irqi, dini ayrı-seçkilik yoxdur. Bütün
millətlər qardaş kimi bir yerdə mehriban
yaşayırsınız. Bir-birinizə
hörmət edir, əl tutursunuz. Xeyriniz,-şəriniz
birdir”.
Biz də onlara izah edirik ki, əslində belə
olmalıdır. Axı bütün
insanları Allah yaradıb və hər bir kəsin irqindən,
dinindən, millətindən asılı olmayaraq yaşamaq
haqqı vardır.
Millətlərə səmimi münasibətimiz ermənilərdən
başqa hamının xoşuna gəlir.”Sizin ölkədə
yaşamaq, işləmək gözəldir, insanlarınız
çox qonaqpərvər, mehribandır”-deyirlər.
Ancaq bizi tənqid etməkdən
də çəkinmirlər. Xüsusilə
xeyir-şər məclislərimiz, qənaətçil
olmamağımız, bir-birimizlə bəhsə girməyimiz,
özümüzdən bədgüman olmağımız
haqqında yaxşı fikirdə deyillər. Bəzən
qulaqlarımız eşidə-eşidə bir-birləri ilə
pıçıldaşırlar: “Bu azərbaycanlıların
yası toy, yeyib-içmək məclisinə oxşayır. Toy məclisləri isə tamam əndazədən
çıxıb. Şadlıq evlərində
masanın biri 150-200 manata qalxıb. Belə
də qiymət, israfçılıq, oyunbazlıq olar?”
Özümüzü
sındırmırıq, səxavətli, ölülərimizə
etiramlı, qonaqpərvər olduğumuzu sübut etmək
üçün müxtəlif bəhanələr gətirsək
də, onları öz fikirlərindən döndərə
bilmirik. Əslində bu adamların iradları
düzgündür və bunu işıqlı dünyadan gələn
sakinlərimiz də təsdiqləyirlər.
Ölülərdən biri
deyirdi ki,” Oğlum böyük vəzifədə olmasına
baxmayaraq uzun müddət məni qocalar evində
saxlatdırdı. İldə üzünü bir dəfə
görməsəm də, öləndə üstümdə
hönkür-hönkür ağlayıb saçlarını
yoldu, ah-aman elədi. Məni şəhərdən rayona
aparıb, əməlli başlı yas mərasimi qurdu,
üçümü, yeddimi, qırxımı verdi. Yas yerindən əməli-başlı pul
yığıb özünə bahalı bir maşın da
aldı. Halal xoşu olsun, amma heç vaxt
oğlumu, gəlnimi bağışlamayacağam. Çünki onlar sağlığımda mənə
zülm etdilər. Öləndən sonra mənə
qoyduqları hörmət qəpiyə dəyməz”.
Digər bir ana da
övladlarının namərdliyindən gileyləndi:
“Sağlığımda məni qapılara saldılar, ona-buna
möhtac qoydular. Dərd-sərimi bilmədilər,
üzümü güldürmədilər, dava-dərmanımı
almadılar. Öləndən sonra yamanca
qiymətə minmişəm. Mənə dəbdəbəli
yas qururlar, ehsan verirlər, üstümə qara mərmərdən
bahalı başdaşı qoyurlar. Heç
nəyinizi istəmirəm, qəbrimin başına
yığışıb məni narahat etməyin,
çıxıb gedin!”
Başqa bir ölü isə toyda
başına gələnlərdən danışdı:
“Allaha and olsun toylar başlayanda qaçıb gizlənməyə
yer axtarırdım. Gündə 2-3 toy olar?
Gedirdim cibim boş, uşaqlar ac qalırdı,
getmirdim üz utanırdı. Birdə ki,
toya gedənlər verdiyi 200-300 manatı çıxarmaq
üçün möhkəm yeyib-içmək istəyir.
Mən də bir neçə dəfə bu
qarınqululuğun bəlasını çəkdim.
Toylarda az yeməyə söz vermişdim,
axı iyirmi cür yeməyi qarın götürməz. Amma
axırıncı toyda arvad məni yoldan çıxardı:”
A kişi, bu qədər pul verirsən bir
doyunca yeyib-içsənə. Qarnını
qucaqlayıb nə oturmusan, görmürsən camaat yeməyə
necə girişib?”
Arvadın sözünə
inanıb qarşıma nə qoydularsa yedim və evə
çatmamış halım pisləşdi. Həkimlər
də köməyimə çata bilmədilər.
Ağlıma yox, qarnıma güvənib bu günə
düşdüm...
Şirin söhbətləri, səmimi
etirafları ilə seçilən yoldaşlarımızdan
biri isə başına gələnləri belə söylədi:-Mən
də anladıqlarıma yox, eşitdiklərimə inanıb
ömrümə qəsd etdim. Xırda da olsa vəzifəm
var idi, dolanırdım. Oğluma babat bir
yerdən qız da nişanlamışdım. Toy gününü təyin edəndə qız evi
bildirdi ki, məclis bahalı şadlıq evində
keçirilməli, çalıb-oxuyanlar xarici ölkələrdən
dəvət edilməli, toy dəbdəbəli
olmalıdır. Qiymətlərlə tanış
olanda etiraz etmək istədim. Arvadım,
qohum-qardaş məni qınadı, “Ayıbdır,
adın-sanın var, kimdən əksiksən, yerindən duran
xaricdən oxuyan gətirir sənə nə olub axı. Babat adamlar çağırıb pulunu
yığacaqsan, oğlunu pərt eləmə”.
Uşaqlar Türkiyədən,
Rusiyadan oxuyanlar dəvət etdilər, bahalı şadlıq
evi sifariş verdilər.Allah elə bil ki, mənə
qarğıdı. Min nəfərlik dəvətnaməni
yazıb payladığım günün səhəri işdən
çıxarıldım. Toyuma nəinki vəzifəli
tanışlarım, dostlarım, heç yaxın qohum-əqrabamın
çoxu gəlmədi. Əlimdə olan
pul nədi, oğlum üçün tikdirdiyim villanı
satıb toy xərclərini güclə ödədim. Əlim almağa öyrəşdiyindən verdiklərimin
dərdi ürəyimi üzdü, günümü qara elədi
və canımı aldı”.
Bu söhbətləri eşitdikcə
fikirləşirik: “Biz nədən bir-birimizlə bu qədər
bəhsə giririk, sağlığında əzizlərimizin
gününü qara edib canını alır, öləndə
onları qiymətə mindirir, dəbdəbəli yas mərasimləri
qurur, məzarının üstünə qara mərmərdən
başdaşı ucaldır, hətta mükafat da veririk? Nə üçün toy, yas mərasimlərini
şouya çevirib bu qədər israfçılığa
yol verir, canımıza, pulumuza qəsd edirik? Kimlərinsə bəhsinə xarici ölkələrə
müalicəyə, istirahətə gedir, uşaqları xaricə
oxumağa göndərir, bahalı maşınlar alır, dəbdəbəli
villalar tikdirir, elmli olmaq yox, diplomlu olmaq xatirinə oxuyuruq?
Alimlərimizin, həkimlərimizin, müəllimlərimizin
elminə, savadına, gənclərimizin gələcəyinə
şübhə edirik, öz gücümüzə, qüdrətimizə
çox vaxt inanmırıq, başqalarını isə
özümüzdən üstün tuturuq? Nədən başqalarının elminə, mədəniyyətinə,
səhiyyəsinə həsəd aparıb
özümüzü aşağılamalıyıq?”
Xətrinizə dəysə
də bunları sizə deməliyik. Bir-birinin bəhsinə vəzifə
qazanmağa çalışan, dilini, dinini, adət-ənənəsini
unudan, xalqa xidmət etmək əvəzinə var-dövlət
toplayan, villalar ucaldan, bahalı maşınlar alan,
xaricdə oxumağa, müalicə olunmağa, istirahət etməyə
üstünlük verən, əyri yollar tutan və nəticədə
canını, var-dövlətini, ismətini də itirib
gör evinə ürcah olan insanların söhbətləri
bunu deməyə əsas verir.
Bu günlərdə qoca bir alman məndən
soruşdu ki, “sizin ölkədə ali məktəb,
yaxşı həkim, xəstəxana, istirahət mərkəzləri
yoxdur?”
Dedim ki,” yaxşı məktəblərimiz,
universitetlərimiz, müasir xəstəxanalarımız,
savadlı, bacarıqlı həkimlərimiz, istirahət etməli
gözəl yerlərimiz çoxdur”.
Sual etdi ki,” onda bəs nədən
sizin vəzifə sahiblərinin balalarının əksəriyyəti
təhsil almağa, insanlar müalicə olunmağa, istirahət
etməyə bizim ölkəyə, xaricə üz tuturlar?”
Cavab verdim ki, “məgər bu
pisdir?”
Gülüb dedi:--Əlbəttə
pisdir. Siz birincisi öz təhsilinizə, elminizə,
həkimlərinizə inanıb arxalanmalısınız.
Milyonlarla vəsait sərf edib xaricdə təhsil
almaq, müalicə olunmaq, istirahət etmək kütləvi
olmamalıdır. Xaricdə təhsil
almağa pulu olanlar deyil, ağıl, savad sahibləri gəlməlidirlər.
Siz pullarınızı havaya sovurursunuz”.
Bu sözlər məni bərk
tutdu, həmyerlilərimiz də pərt oldular. Fikirləşəndə
gördük ki, alman düz deyir. Nəyə görə
hər yerindən duran vəzifəlinin balası savadı
olmadığı halda
xarici ölkədə təhsil
almalıdır? Minlərlə
insan müayinə, müalicə olunmaq, istirahət etmək
üçün başqa ölkələrə getməlidir?
Axı bu külli miqdarda vəsait deməkdir,
imkan, şərait olduğu halda bu pullar nə
üçün ölkəmizdə xərclənməməli,
xaricə aparılmalıdır?
Araşdıranda görürük
ki, bu halların çoxu bəhsə girməkdən,
lovğalıqdan, harınlıqdan irəli gəlir. Bəziləri əlli min
verib müayinə olunmasından, yüz minə oğluna
bahalı mənzil kirayə etməsindən, külli miqdarda xərc
çəkib sanatoriyada dincəlməsindən, bahalı təyyarədə
xaricə uçmasından, tısbağa, qurbağa, ilan, at əti
yeməyindən, pljaşda lüt-üryan çimməyindən,
əcnəbi qızlarla tanışlığından və
onlara bahalı hədiyyələr aldığından, daha nələrdən,
nələrdən elə şit-şit danışırlar
ki, lap adamın əti tökülür. Sonra da
qayıdırlar ki,” kimdən əksiyik axı, pulu biz
qazanmamışıq məgər. Beşgünlük
dünyanın kefini çıxarmaq lazımdır”.
Həmyerlilərimizdən biri
peşmançılığını gizlədə bilmirdi,
ağılsızlığından gileylənirdi: “Jek
müdiri idim, pis dolanmırdım. Uşaq orta məktəbdə
yaxşı oxumasa da fikirləşirdim bir peşə öyrənər,
gələcəkdə özü öz başını
saxlayar. Amma işçilərdən biri
qılığıma girdi, “sən kimdən əksiksən-dedi-
filankəsin oğlu adını yaza bilmirdi, indi xaricdə
oxuyur, filankəsin qızı filan yerdə təhsil alır,
sənin uşağına nə olub axı? Ali məktəbə qoysan ağıllanacaq, oxuyacaq,
dil öyrənəcək”.
Deyilənlərə əvvəl məhəl qoymasam
da sonradan ağlımı uduzdum. “Kimin balası mənim
oğlumdan artıqdır”-deyib uşağı xarici ölkə məktəblərindən
birinə düzəltdim. Təhsil haqqı,
yeyib-içmək, mənzil xərcləri çox olsa da birtəhər
dözürdüm. Uşağın kəmsavadlılığı
da məni narahat etmirdi, ayda birtəhər 4-5 min dollar tapıb
göndərirdim. Amma sonra bu rəqəm
bir azda artdı və bir gün eşitdim ki, oğlum
oxumağı buraxıb bir erməni qızına vurulub.
Yanına getdim, öyüd-nəsihət verdim, eşitmədi-Sən
mənim işimə qarışma, sevgi azaddır, mən kimlə
istəsəm onunla da evlənə bilərəm-dedi.
Kor-peşman geri qayıdıb, əhvalatı
anasına danışdım. Onu da eşitmədi,
sonra heç zənglərinə də cavab vermədi.Bir ay
keçməmiş öyrəndik ki, iki uşağı olan
erməni qadınla evlənib. Bunu eşidən
arvadımın ürəyi dözmədi. Oğlum isə heç yas yerinə də gəlmədi.
Dərd məni də öldürdü”.
Digər bir həmyerlimizin
oğlu da oxumaq adı ilə xaricə gedib və orada
özündən otuz yaş böyük olan bir əcnəbi
qadının toruna düşüb. Atası bir vaxt
ayılıb ki, oğlu oxumaq nədir, sərxoşluğa
qurşanıb, səhər-axşam qoca sevgilisi ilə
restoranlardadır, onun pullarını kefi istədiyi kimi xərcləyir.
Bu hal kişinin bağrını
çatladıb bizimlə yoldaş etdi.
Bax, başqası ilə bəhs etməyin,
öz ali məktəbini, həkimini,
dilini, dinini, adət-ənənəsini bəyənməyənin,
böyük-kiçiyini qiymətləndirməyənin aqibəti
budur. Əgər ucalmaq, tanınmaq, sevilmək
istəyiriksə, birincisi özümüzü sevməli,
özümüzü tanımalıyıq. Oğlumuzu, qızımızı yaxşı tərbiyə
etməli, oxutmalı, elm verməliyik. Bilikli,
ağıllı, vətənpərvər insanlara yol
açmalı, meydan verməli, vəzifə
tapşırmalıyıq.Insanlara var-dövlətinə, kiməsə
qohumluğuna görə yox, ağlına, qabiliyyətinə
görə qiymət verib yer göstərməliyik.
Belə hallar bizi gor evində
rahat qoymadığı üçün sizə üz tutduq. Çünki
bir-birimizi bəyənməməyin,
ağıllımızı vaxtında qiymətləndirməməyin,
özümüzə quyu qazmağın, balta
çalmağın bəlalarını çox
görmüşük və bu gün də onların
ağrılarını yaşayırıq. Çətin günlərdə həmrəy olmamaq,
ağıllı adamları eşitməmək, küyə
getməyimiz, mala-dövlətə, vəzifəyə
aldanmağımız millətimizə, dövlətimizə
başağrısı olub.
Uzaq keçmişi demirik-1918-ci ildə bunu görmüşdük. Əgər o vaxt ki hadisələrdən nəticə çıxara bilsəydik 1990-cı ilin 20 Yanvar faciəsini, 1991-93-cü illərin hərc-mərclik günlərini, Xocalı, Qaradağlı soyqırımlarını, vətəndaş qarşıdurmaları anlarını yaşamazdıq. Çox təəssüflər olsun ki, o əzablı günləri yaşadıq. Sizi və bizi dəhşətli illəri yaşamaqdan xilas edən o müdrik kişiyə, böyük insana gündə min dəfə rəhmət söyləmək azdır, onun ruhu qarşısında dönə-dönə baş əymək və əmin-amanlığa, sakitliyə görə milyon dəfə minnətdarlıq etmək lazımdır.
Yoxsa sizin kimi bizim də dünyamız dağılardı, qəbirlərimiz düşmənlərin ayaqları altında itərdi, başdaşılarımız murdarlanardı, məzarımız odlanardı.
Bu günə şükr edin, keçmişi unutmayın, tez-tez qanrılıb geriyə baxın və yolunuzu azmayın. Şirin dillərə, yalanlara, kiminsə puluna uymayın. Göydə Allahınıza, yerdə sizi özünə əziz bilən bəndənizə baxın, sədaqətli olun.
İnsanlığı uca tutun, verilən vəzifəni, göstərilən etimadı qiymətləndirin. Həqiqəti söyləməkdən, haqq-ədaləti qorumaqdan çəkinməyin. Xalq, Vətən naminə birləşin, sıralarınızı möhkəmləndirin.
Şəhid məzarlarına baş əyin, igid oğul-qız böyüdən ata-analara ehtiram göstərin. Namuslu, vətənpərvər övladlara dayaq durun, onları sınmağa, nadanların qarşısında əyilməyə qoymayın.
Yaxşını yamana satmayın, varın-dövlətin əsirinə çevrilməyin, ləyaqətinizi, adınızı, sözünüzü uca tutun.
Bilin ki, ruhumuz, fikrimiz sizinlədir. Belə
olmasaydı bu məktubu yazmağı qərara almazdıq və
buna görə peşman deyilik. Bildiyimiz bəzi
məsələlərə aydınlıq gətirmədik, bu
sətirləri yazmaqla kifayətlənməyi lazım bildik.
Vətənimizi, Xalqımızı xoşbəxt, firavan, hər birinizi azad, bəxtiyar, qeyrətli,
ləyaqətli insan, vətəndaş görmək arzusu ilə
Sizdən ayrılırıq. Yolunuz uğurlu, əməlləriniz
saf,
ömrünüz uzun olsun. Özünüzü
qoruyun.
Tahir RZAYEV
Milli Məclisin
deputatı, fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 20 yanvar.- S.10.