Kövrək
duyğular
Bu ilin 19 yanvarından 20-nə keçən gecə Bakıda baş vermiş faciənin ildönümünə nə qalır ki? Deyək 1 ay, 5 gün, 1 saat, bir an... Onsuz da həmin gecənin dəhşəti heç vaxt bizi tərk etmir. Ömrümüz durduqca bu dərd bizim özümüzdə getməlidir, əgər onu arxaya qoyub özümüz ondan irəli keçsək, başı gülləçaxanların yenə də hədəfinə çevriləcəyik. Qanlı Yanvar günlərini xatırlayanda yadıma bir bayatımız düşür.
Əzizim, oyan yeri...
Dur sallan, o yan yeri.
Yüz
gün sel gəlsə, dolmaz
Bir gün qəm oyan yeri.
Elə bil Qanlı Yanvar hadisələrini öz gözləri
ilə görəndən, namərd güllələrin
oğul və qızlarımızın sinəsini şadaraya
döndərəndən sonra babalarımız bu
bayatını deyiblər. Yüz il
ömür çatsa bəlkə də çox-çox
yüzilliklər ağlasaq belə, təkcə 1990-cı ilin
yanvar ayının 20-nə keçən gecənin sinəmizdə
əmələ gətirdiyi qəm şırımını
doldura bilməz. Həmin gün Azərbaycan
torpağı yaşı qədər qoca, dumanlı
dağları kimi qəmgin, buludları kimi ağlağan idi.
Kimlər getdi o günlərə. Adlarını sadalamağa vaxtmı çatar?
Hamısının müqəddəs ruhu
qarşısında baş əyirəm.
...
Adamlara tanıdıqları adamın ölümü daha
çox təsir edir desəm, yəqin ki, məni qınayan az olar. Torpağımız
uğrunda şəhid olanlardan Ülvi Bünyadzadəni
tanıyırdım. 40 yaşım var.
İndiyə kimi 3 dəfə hıçqıra-hıçqıra
ağlamışam (kaş bir də qismətim olmasın).
Qardaşım Mehmanın, atam Həbibin və Ülvinin
ölümündə.
Qardaşımdan yadigar qalmadı. Atamın
yadigarları övladları, Ülvinin yadigarı ''Ülvi
duyğularım” kitabıdır.
Ülvi!
Onunla qardaşımgildə Bakıda tanış
olmuşdum. Adi bir ad günündə. Qardaşımla Ülvinin əmisi Hüseyn həkimlə
qonşu idi. Ad günündə, xudmani məclisimizdə
hərə öz sözünü deyirdi. Ülvi,
əmisi, əmisinin ailəsi bizimlə birlikdə ad
günündə iştirak edirdilər. Kimsə dedi ki,
Ülvi pianoda bir xalq havası çalsın.
O,
utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşımda yaşamağa
başladı. 18 yaşı var idi. Qonur gözləri, çatılmamış, qartal
qanadları kimi gərilmiş qara qaşları ağbəniz
çöhrəsinə bir qədər kölgə salanda sifəti
qəribə, ciddi görkəm alırdı. Məclis boyu ağzını açıb bir kəlmə
kəsməyən bu gəncin sinəsi altında necə sirli
xəzinə varmış, ilahi. Bizim
aşıq musiqisi, əl havacatları pianoda necə səslənirmiş,
Allah.
Bayaqdan dillənməyən susub duran bu Ülvi
balanın ürəyi nə imiş, tanrı? Barmaqları nə
oyun eləyirdi, ilahi.
“Göyçə gölü”ndən başladı,
“Divanı”dan adladı, “İrəvan çüxuru”nda ayaq
saxlamadı.
“Sarıtel”ləri bir-bir saydı, ayırdı: “Ayaq
sarıtel”, “Orta sarıtel”, “Baş sarıtel”,
“Naxçıvani”, “Yanıq Kərəmi”... Allah-təala
ürəyinə qədər sözü-sovu olarmış.
Aşıq havaları dəyişdikcə
ovqatımız da dəyişirdi. O vaxt dəfələrlə
kövrəldim.
Dağlarımızın, lilparlı,
baldırğanlı gözlərimizin, dodaqlarımıza həsrət
qalan bulaqlarımızın xiffəti doldu qəlbimə.
Onlarla qovuşmağa cığır aradım, yol
axtardım.
Aşıq Alının, Aşıq Ələsgərin
sazları Ülvinin əli ilə köynəkləndi.
Sarı
simə toxunma dedi: xalqımızın qara bəxtinə
düşüb, eləcə pianoda çaldı. Ağlı-qaralı şirmayı dillər
çox-çox uzaq mətləbləri gecə-gündüz
kimi bir-birinə qovuşdurdu. Çalırdı,
yorulmaq bilmirdi, qəlbinin həyəcanı tükənmirdi.
Ülvi yadımda beləcə qalıb... 18
yaşında, bığ yeri yenicə tərləyən bir
cavan, yeniyetmə kimi, bir də xalqımızın istedad
sahibi kimi. Bir də sadə görkəmi
ilə heç bir azərbaycanlı balasından fərqlənməyən
oğul kimi yaşayır qəlbimdə Ülvi Bünyadzadə.
O vaxt məclisdə
iştirak edənlərin heç biri bilmədi ki, Ülvi həm
də Şairdir. Şair sözünü
böyük hərflərlə yazıram. Ülvinin köçündən sonra işıq
üzü görən kitabını bu günlərdə
oxumuşam və heyrətlənmişəm. Kitabı
oxuyandan sonra ilk sözüm bu oldu: “Ülvi
xalqımızın mənəvi xəzinəsindən itən
incidir. Hayıf, hayıf Ülvidən”.
İlk kitab, “Ülvi duyğularım”. Ülvinin
bibisi Almaz Binnətovanın bu kitaba qədər respublika mətbuatında
yazdığı ürək ağrıları və bu kitaba
yazdığı ön sözü oxuyanda belə
özümü ağlamaqdan saxlaya bilməmişdim. Bir vaxt Ülvinin çaldığı saz
havaları daimi yol yoldaşım olacaq. Bu tərəfdən
də şeirləri: birincidən sonuncuya kimi təsirli, tale
şeirləri.
Bilirəm ki, Ülvinin ilk və son (bəlkə də
son olmayacaq; axı onun tərcümələri, dərc
olunmamış yazıları var) şeir kitabı haqqında
çox yazılacaq. Mən də ürəyimdən gələnləri
deyirəm.
Nəşriyyatlara iradım var. Yox, iradımdan əvvəl
“Gənclik” nəşriyyatına dərin minnətdarlığımı
bildirirəm.
Sağ olsunlar, qayğı göstəriblər. Ülvinin
kitabını ili çıxmamış
çap ediblər. Ancaq bir Allah bilir ki, Ülvi
yaşasaydı onun kitabını 30-35 yaşında çap
edən tapılacaqdı, ya yox? Kaş
yaşayaydı, kitabı gec çıxaydı. Bizim millətin aqibətidir. Məmməd Araz
demişkən:
Birindən
soruşdum şairəmmi mənə
Özümü ki, özümü öyə bilmərəm.
Cavabı
astaca qopdu dilindən, -
- Hələ
ölməmisən, deyə bilmərəm.
Elə bil Ülvi üçün yazılıb bu
misralar. Ülvi Vətən şəhididir. Ülvi canı ilə, qanı ilə şairdir, musiqiçidir.
Kitabdakı şeirləri elə bil əvvəlcədən
başına gələcək hadisələri bilərəkdən
yazıb. Deyirlər, şairlər öz
talelərini yazırlar. Ülvi də eləcə
yazıb. Şeirlərini də,
poemasını da. Xalqına,
torpağına bağlılıq, mənəvi saflığa
çağırış, adamların qaranlıq tərəfləri
ilə barışmazlıq, dövrün, zamanın xarakterlərində
əmələ gətirdiyi dəyişikliklərə
qarşı mübarizə Ülvinin poeziyasının ana xəttidir.
Nə yazıbsa ürəyinin qanı ilə
yazılıb. Sevindiyi anlarda
yaxşılara arxalandığını bildirib. Kədərini
özü çəkib, heç kim ilə
bölüşməyib. Ölümün
üzünə dik baxmağı bacarıb. Ülvinin şeirlərində qorxaq, bic misra yoxdur.
Şeirləri cəsarətli, misraları misri
qılınc kimi zağlıdır, taleyi kimi.
Ülvi hansı mövzuya tuş gəlibsə onu
özününkü eləyə bilib. Qəlbinin
odunda bişməyən misranı ürək kürəsindən
çıxarmayıb. 20 yaşlı bir gəncin
mövzu rəngarəngliyi adamı heyrətləndirir. İstədim bu kiçik yazımda Ülvinin
şeirlərindən bəzi bəndləri misal gətirim.
Hansını yazım, bilmirəm. Gərək kitabı bütövlükdə
köçürüm onda. Ülvi əsgər şeirlərini
bu misra ilə bitirir: “Vətənə borcumu verməyə gəldim”. Ülviyə desəydilər
ki, bir gün Sovet əsgərləri Bakıya girib dinc
adamları güllələyəcəklər, inanmazdı.
Yox, qətiyyən inanmazdı. Ülvi
deyir:
Verirlər
yadlara az nemətimi.
Payız
nemətimi, yaz nemətimi,
Yaltaqlar
yurdumun naz-nemətini,
Uduzub, istəyir çura, ağlaya.
Xalqımızın səxavətli
başçılarının başımıza gətirdiyi
müsibətləri bu bircəbənddə ürək
ağrısı ilə ağlaya-ağlaya deyən şair
balamız da bu səxavətin qurbanı olub. Xalq ruhundan, el
poeziyasından, saz köynəyindən çıxan
büllur duyğular Ülvi şeirini cilalayıb. “Olur”
adlı qoşmasında Ülvi yazır:
Doğmaca
qardaşdır çaqqal qurd ilə,
Qəsdən
el içində gəzirlər elə,
Yalandan
quyruğu düşübdür dilə,
Hiylələr tülkünün izində olur.
Şair burada el arasında özünü yaxın
göstərən, əslində isə mənəviyyatca
çürük, öz mənafeyinin xatirinə doğma
qardaşının belə başını arxadan kəsməyə
hazır olan, ürəyində ilanlar, əqrəblər
qaynaşanların son nöqtədə əməlcə birləşməsinin
obrazını yaratmışdır. Yanvar hadisələrində
qanı batan şəhidlərin qəsdini təşkil edənlərin
izləri bu nöqtədə birləşən kimi. Birləşdilər, kimisi ad-san sahibi oldu, kimisi
rütbə. Şəhid olanlar isə
xalqımızın sıravi adamları, qeyrətli oğul və
qızları oldu. Qəbirləri nurla
dolsun.
Əfqanıstanda həlak olan azərbaycanlıların
xatirəsinə həsr edilmiş “Ömür yolu”
poemasını oxuyanda kövrəlməyən tapılmaz,
tapılsa həmin oxucudan torpağımızın gələcəyi
üçün şəhid olmaz desəm, inanın. Elə bil
Ülvi bu poemanı Əfqanıstanda həlak olanlara deyil,
Bakıda şəhid olanlara həsr edib. Elə
özü haqda yazıb. Poema bu misralarla
tamamlanır.
Zəifdir
qüdrətim, kütdür qələmim,
Ürək dolub daşır yaza bilmirəm.
Mən də
sizin kimi həyat yolunda
Azmaq istəyirəm, aza bilmirəm.
Elə bil, öz ölümündən qabaq nəğmə
ötən qu quşları kimi Ülvi də son şərqisini
bu dördcə misrada deyib. Qəribədir,
Ülvi deyir ki, “ölüm insanların son heyrətidir”.
Ülvinin
kitabını oxuyandan sonra və tanış
duyğularımla təkbətək qalandan sonra fikirləşirəm
və heyrətlənirəm ki, bizim sabahımız hayana
gedir. Min dəfə təəssüf edirəm
ki, tale deyilən bu oyun niyə başqa millətlərin deyil,
məhz Ülvi kimi istedadlı oğul və qızları
olan bir millətin başına gətirilir. Bircə təskinliyi onda tapıram ki, gələcəkdə
sinəmizə tuşlanan gülləyə sinə gərən
oğullarımız indi daha çoxdur. Çünki
yanvar hadisələrinin qanlı dərsləri, bir də
Ülvi kimi pak və müqəddəs bir şairin “Ülvi
duyğularım” kitabı onların yoluna həqiqətin
nurunu çiləyir. Ülvinin
ölümünə inanmayan oxucularsa “ölümün
insanların son heyrəti” olduğunu bir daha təsdiqləyir.
Heyrətlənirsən ki, ölüm Ülviyə
necə qıyıb. İndi onun
ölümünə kimlər ağlayır. Bakıda
şəhidlər məzarına gələnlər, babası
Qasım müəllim, bibisi Almaz, əmisi Hüseyn həkim,
Daşkəsəndə atası Yusif, anası Kifayət,
Naxçıvanda dayısı Mikayıl həkim, bir də mən...
Elman HƏBİB
1990,
Naxçıvan
525-ci qəzet.- 2017.- 20 yanvar.- S.8,
9.