“Sevinirəm ki, rektor kimi tələbələr
üçün qorxulu deyiləm”
UNEC-in rektoru, professor Ədalət Muradov: "Biz təkcə
savadlı, bacarıqlı mütəxəssis yox, həm də
Azərbaycanın gələcəyini təmin etmək
iqtidarında olan vətəndaşlar yetişdiririk"
Hər il sessiya dövründə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahanların obyektiv və qüsursuz keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra yeniliklər tətbiq olunub.
2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə də mühüm yeniliklər edilib.
Yeniliklərdən biri də sessiyanın sonuna kimi Radio UNEC-in öz efirində qış imtahan sessiyası ilə bağlı proqramlara daha geniş yer ayırmasıdır.
Sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslərlə Radio UNEC-in canlı efirində müzakirələr təşkil olunur, tələbələrin sualları cavablandırılır.
Radio UNEC-in canlı efirinin
budəfəki qonağı UNEC-in rektoru, professor Ədalət
Muradov olub.
Rektor “UNEC imtahan”
verilişində tələbələrin qış imtahan
sessiyası ilə bağlı suallarını
cavablandırıb.
Tələbələr sərbəst
şəkildə, çəkinmədən rektora suallarını
ünvanlayıblar.
İMTAHAN
SESSİYASINDA ŞƏFFAFLIQ VƏ OBYEKTİVLİK ÖN
PLANA ÇƏKİLİR
Rektor deyib ki, əvvəlki illə
müqayisədə bu il imtahanların təşkili
mütəşəkkilliyi ilə daha çox seçilir.
Ötən sessiyalarda müşahidə edilən neqativlər
tam aradan qaldırılıb: “Qeyd edim ki, yazılı və
test üsulu ilə keçirilən qış imtahan
sessiyasında ümumilikdə 12 min tələbənin
iştirakı nəzərdə tutulub. Onlardan 2986 nəfəri
I kurs, 2839 nəfəri II kurs, 2878 nəfəri III kurs, 3126 nəfəri
IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir.
İlk dəfə olaraq Zaqatala və Dərbənd
filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində
imtahanlar eyni qaydada keçirilir.
Bizim əsas məqsədimiz
tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir. Biz təkcə
savadlı, bacarıqlı, səriştəli mütəxəssis
yox, həm də Azərbaycanın gələcəyini təmin
etmək iqtidarında olan vətəndaşlar yetişdiririk.
Bu baxımdan da imtahan sessiyasında şəffaflıq
və obyektivlik ön plana çəkilir.
İmtahanların obyektiv, ədalətli və şəffaf
keçirilməsini təmin etmək, qiymətləndirmədə
biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir”.
İCTİMAİ
İNAMI TƏMİN ETMƏYİN UNEC MODELİ
Qış imtahan sessiyası
dövründə tətbiq edilən yeniliklərdən
söz açan Ədalət Muradovun sözlərinə
görə, bu il ilk dəfə olaraq rektor “Açıq
qapı”da tələbə, valideyn və digər vətəndaşların
müraciətlərini KİV və ictimaiyyət nümayəndələri
ilə birgə dinləyir: “Şəffaflığın və
obyektivliyin təmin olunması baxımından imtahan prosesində
ictimaiyyətin və vətəndaş cəmiyyətinin
nümayəndələrinin iştirakının vacibliyi əsas
götürülərək bu il jurnalistlər nəzarətçi
qismində imtahanlara cəlb olunub. İmtahan
sessiyası ictimaiyyətə açıq keçirildiyindən
jurnalistlər sərbəst şəkildə imtahanları izləyə
bilərlər.
Sessiya dövründə ilk
dəfə olaraq QHT nümayəndələri tələbələr
arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri
imtahanların təşkili və tələbə biliyinin
qiymətləndirilməsi ilə bağlı real vəziyyəti
ortaya çıxaracaq. Qarşıya
çıxan problemlərin həlli üçün
müvafiq addımlar atılacaq. Anonim
sorğu zamanı tələbələr onları narahat edən
məsələlər barədə fikirlərini, mülahizələrini
bildirəcəklər. Biz tələbəyönümlü
universitet formalaşdırmaq istiqamətində işlər
görürük. Tələbələrin
mövqeyi gələcək işlərimizin təkmilləşdirilməsi
baxımından vacibdir.
UNEC-də tətbiq edilən
yeniliklərdən biri də “Qaynar xətt” (146-1-3) xidmətinin
KİV və ictimaiyyət nümayəndələrinə həvalə
edilməsidir.
Xidmətə daxil olan bütün müraciətlər
KİV və ictimaiyyət nümayəndələri tərəfindən
dinlənilir, araşdırılır. Həmçinin
UNEC-in bütün tədris binalarında, Zaqatala filialında
və Maliyyə-İqtisad Kollecində qərargahlar
yaradılıb. Qərargahlarda müraciətlər
dinlənilir, qarşıya çıxan problemlər operativ
araşdırılır”.
Ə.Muradov UNEC-də dərslərin
və imtahan sessiyasının ictimaiyyətə açıq
olduğunu bir daha xatırladaraq, valideynləri, QHT, KİV və
bütün ictimaiyyət nümayəndələrini imtahan
prosesini izləməyə dəvət edib: “Universitetdə təhsilin
keyfiyyətinin davamlı təkmilləşdirilməsi
üçün sizin rəyiniz bizim üçün çox
əhəmiyyətlidir”.
KİTABXANA VƏ
OXU ZALLARI AXŞAM SAAT 22:00-DƏK TƏLƏBƏLƏRİN
İXTİYARINA VERİLİB
Ə.Muradovun dediyinə görə,
sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları
axşam saat 22:00-dək işləyir. Həmçinin tələbələr
imtahana hazırlaşarkən yaranan sıxlığın
aradan qaldırılması üçün bütün tədris
binalarında fasiləsiz internetlə təmin edilən
xüsusi auditoriyalar ayrılıb: “Mən
düşünürəm ki, UNEC-də kitabxana ilə
bağlı həyata keçirdiyimiz tədbirlər lap
qısa bir vaxt ərzində öz nəticəsini verəcək.
Biz artıq ötən ilin mart ayından elektron kitabxana layihəmizə
start vermişik. Tələbələrimiz
elektron kitabxana xidmətindən istifadə edirlər. İndi biz kitabxanamızın strukturunun köklü
dəyişdirilməsi, kitabxananın hətta şənbə
və bazar günləri də fəaliyyət göstərməsinin
təşkili istiqamətində işlərimizi davam etdiririk.
Düşünürəm ki, yaxın gələcəkdə
buna nail olacağıq”.
Tələbələrin UNEC-də
pedaqoji fəaliyyətlə məşğul olması ilə
bağlı suala cavab olaraq rektor bildirib ki, universitetdə
müəllim kimi işləmək üçün ilk
növbədə magistr təhsili olmalıdır: “Biz məzunlarımızın
UNEC-də pedaqoji fəaliyyətə cəlb olunmasında
maraqlıyıq. Mütəmadi olaraq vakant
müəllim yerləri barədə elanlar verilir. İşlə bağlı müraciət edən
şəxslərlə müvafiq komissiya tərəfindən
görüşlər keçirilir, qiymətləndirmə
aparılır. Müasir biliklərə
yiyələnən, tələbələri sevən və
malik olduğu bilikləri onlarla bölüşməyi bacaran
insanları işə cəlb edirik”.
TƏLƏBƏ
HÜQUQU MÜDAFİƏ OLUNUR
Rektora edilən müraciətlər
arasında daha çox test və imtahan suallarının
keyfiyyəti, bir qaibla imtahana buraxılma və imtahan nəticələrinə
bir balın əlavə edilməsi üstünlük təşkil
edib.
Tələbələrin
yanlış testlərlə bağlı suallarını dinləyən
rektor qeyd edib ki, hər bir yanlış testə görə tələbələrin
verdiyi cavab doğru sayılacaq. Ə.Muradov belə hallarla
qarşılaşan tələbələri öz
hüquqlarını müdafiə etməyə
çağırıb: “Mən istəyirəm ki, bizim tələbələrimiz
imtahan sessiyasında üzləşdikləri çətinliklər,
onları narahat edən problemlər barədə çəkinmədən
bizə məlumat versinlər. Haqlarını
müdafiə etməyi bacarsınlar. Biz tələbəyönümlü
universitet qururuq, tələbələrin hər bir təklifi,
narazılığı bizim üçün önəmlidir.
Əgər sizin UNEC-də
gördüyünüz qüsurlar varsa, tələbənin
hüququ pozularsa, yetər ki, bu barədə bizə məlumat
verin. Biz tələbənin hüququnu
müdafiə etməyə, haqlı olduğu zaman onu dəstəkləməyə
hazırıq”.
UNEC-in Zaqatala filialından da
müraciətlər daxil olub. Əsasən
ixtisasların sayının artırılması ilə
bağlı səsləndirilən müraciətlərə
cavab olaraq rektor bildirib ki, yeni tədris ilindən filialda turizm
və otelçilik ixtisası üzrə tələbə qəbulu
həyata keçiriləcək. Gələcəkdə
isə ixtisasların sayının daha da artırılması
nəzərdə tutulub. Ə.Muradov
Zaqatala filialında tələbələrə təqaüdün
verilməsi məsələsinə də toxunub. Rektor vurğulayıb ki, Zaqatala filialında imtahan
prosesi başa çatdıqdan sonra nəticələrinə
uyğun olaraq tələbələrə təqaüd veriləcək.
UNEC-də
TƏRCÜMƏ MƏRKƏZİ
Rektor dərsliklərlə
bağlı sualları da cavablandırıb. Professor qeyd
edib ki, UNEC-də Tərcümə Mərkəzi fəaliyyətə
başlayıb və yaxın zamanda mərkəz
dünyanın nüfuzlu universitetlərinin dərs vəsaitlərinin
Azərbaycan dilinə tərcüməsinə başlayacaq: “Mərkəz
dünyanın aparıcı universitetlərində tədris
edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin
ingilis, fransız, alman və rus dillərindən Azərbaycan
dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda həmin vəsaitlərin dərc
olunması, müəllim və tələbələrin yeni
iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də mərkəz
həyata keçirəcək. Həmçinin
ingilis-Azərbaycan, fransız-Azərbaycan, rus-Azərbaycan,
alman-Azərbaycan dillərində iqtisadi lüğətlər
tərtib edərək UNEC-in kitab fondunu zənginləşdirəcək.
UNEC Tərcümə Mərkəzində tərcümə
sahəsinə aid müxtəlif konfransların keçirilməsi,
fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil
və ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyatı qurumları ilə əməkdaşlıq etmək,
fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri
öyrənmək də nəzərdə tutulub”.
UNEC-in SƏDASI
DAHA MÖTƏBƏR MÖVQELƏRDƏN GƏLƏCƏK
Rektor vurğulayıb ki, bu gün
UNEC-də tələbələri onları narahat edən
problemləri rahatlıqla rektorları ilə bölüşə
bilirlər: “Bu gün tələbələrimiz öz
haqlarını, hüquqlarını müdafiə etməyi
bacarırlar. Fikrimcə, bu mənim bir rektor kimi
əldə etdiyim ən böyük nailiyyətdir. Sevinirəm ki, rektor kimi tələbələr
üçün qorxulu deyiləm. UNEC-in gələcəyi
bu gün universitetdə təhsil alan və
universitetdən məzun olmuş məzunlardan
asılıdır. Azərbaycan Dövlət
İqtisad Universitetinin məzunu digər universitetlərin məzunlarından
nailiyyətlərinə görə seçilirsə, bu bizim
uğurumuzdur. Mənim və mənimlə
çalışan hər kəsin tək məqsədi UNEC-i
dünyanın ən nüfuzlu universitetləri səviyyəsinə
qaldırmaqdır. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər
və bir sıra digər istiqamətlər üzrə UNEC bir
çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Fikrimcə, Azərbaycan Dövlət İqtisad
Universitetinin dünya səviyyəli universitetə çevirmək
üçün yetərincə potensialı var. UNEC ilk dəfə
olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi
Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü
universitetlər sırasında 4-cü yerdədir. Bu məni çox sevindirir. İnanıram
ki, yaxın illərdə UNEC-in sədası daha mötəbər
mövqelərdən gələcək”.
S.QARAYEVA
525-ci qəzet.-
2017.- 20 yanvar.- S.7.