Taleyin diqtəsi,
hisslərin hikkəsi... Və usta təhkiyəsi
"Vektor" Beynəlxalq Nəşrlər
Evi bu günlərdə Səyyad Aranın "Sazaq"
kitabını nəşr etməklə görkəmli
yazıçının yaradıcılığı barədəki
təsəvvürlərimizi təzələmək, yeni nə
yazdığını, nə
düşündüyünü öyrənmək
baxımından, elə bilirəm ki, təqdirəlayiq bir
iş gördü.
Kitaba
üç povest - "Təmizlik kağızı" (1988-
1990), "Soyuq günəş" (1991), "Balıq
günü" (2014- 2016) və üç hekayə -
"Günün günorta çağı", "Havalar
soyuyanda", "Sazaq" daxildir.
Hekayələr, yəqin ki, son illərin
yaradıcılıq məhsuludur.
Səyyad Aranın hekayələri,
povestləri ilə tanış olan hər bir
hazırlıqlı oxucu elə ilk sətirlərdən
görür ki, yazıçının dili canlı xalq
danışıq tərzinə əsaslanan
nağılçı, dastançı dilinin özünəməxsus
təravətli, təsirli təzahürü, daha doğrusu,
kifayət qədər müasir (postmodern)
stilizasiyasıdır...
"...Kənd özünün
adi, həmişəki, bir- birinə bənzəyən
günlərindən birini yaşayırdı. Daha doğrusu
növbəti günü də yola verirdi. Adamlar evlərində,
həyətlərində, yayda tozlu, qışda
palçıqlı yollarda ruh kimi, xəyal kimi ürkək-
ürkək gəzirdilər. Bir- birinə salamı da sakitcənə,
dodaqlarının ucunda verirdilər. Elə bil kimdənsə
qorxurdular, səslərinin eşidilməsindən çəkinirdilər.
Qorxurdular kimsə irad tutar ki, səsin nə bərkdən gəlir,
nə qudurmusan belə. Könlünə Sibir
düşüb?..
Adamı heç nədən şərləyib
türməyə atdırmaq su içimi bir şey idi"
("Təmizlik kağızı" povesti).
Yazıçının üslubi
manevr- maneralarla dolu təhkiyə ustalığını səciyyələndirən
birinci göstərici mətləbin, ideyanın bütün
detallarına qədər təsviridirsə, ikincisi
yaratdığı (əslində, həyatdan canlı- canlı
aldığı) xarakterlərin mənəvi
dünyasının, özünüifadə ədasının
sənətkarlıqla təqdimidir:
"- Demə, bu qoyun kommunistdir. Yəqin
babat məəlimdir. Yoxsa kimdi onu partiyaya keçirən.
Bilirsən də, məəlim, kommunist - perspektivi var belələrinin
rayonlarda. Vəzifə barəsində marığa yatırlar
illərlə... Elə ağlıma gəldi birdən,
soruşdum: - Kommunistsən? - Qoyun özü cavab verdi ki, bəli.
Dedim, Mamedov, bir dənə məktub raykoma, bir dənə
iş yerinə. Günü bu gün yolla. Özünün də
işini tamamla, köçür məhkəməyə.
Ölmədimi ayaq üstə? Raykoma bircə məktub daxil
olsa bəsidi - 207, I statya. İctimai yerdə xuliqanlıq.
Adının üstünə kres qoyacaqlar veçni. Qoyun olsa
da bunu başa düşdü. Çıxdım
otaqdan..."
"Soyuq günəş"
povestində qudurğan bir milis zabitinin təsadüfən
"cinayət" eləmiş sadəlövh bir kənd
müəllimi barəsində həmkarlarına
lovğa-lovğa dediyi bu sözlər kifayətdir ki, nəinki
onun, eləcə də işlədiyi (və yetişdiyi) idarənin
mənəvi- əxlaqi siması haqqında aydın təsəvvür
yaransın.
Bu isə haqlı tənbehdən
incimiş adamın özünü təmizə
çıxarmaq üçün qabaqdan gəlmişliyidir:
"- Mənim kim olduğumu
hamı bilir! - Ələsgər inamla dedi.
- Üzdə, - Zeyqəm şit-
şit dişlərini ağartdı, - bəli, Qarabağ
müharibəsi veteranısan, əlilsən,
döyüşmüsən, başqaları kef çəkəndə
sən palçıqlı səngərlərdə, zinə
kazarmalarda yatmısan. Amma şəxsi mənafeyini həmişə
güdmüsən, sənə verilən payı əlinin
dalı ilə geri itələyib daha çoxunu tələb
etmisən. Sağlığına qismət, 80 kv.m yer
ayırmışdılar ticarət obyekti tikməyə,
dostlarını başına yığıb yanındakı
90 kv.m yeri də zəbt etdin, atanın işsizliyini, ananın
infarkt olmağını səbəb gətirib az qaldın
İcra Başçısını vətən xaini eləyəsən.
Binəqədi bazarında iki polka sənin var, iki polka da
qardaşının. Anana pensiya düzəltmisən, amma bir
gün də dövlət idarəsində işləməyib,
hansı yolnansa atanın pensiyasını ikiqat
artırmısan. Hamısını da Qarabağ müharibəsi
veteranı adıyla ("Balıq günü" povesti).
Zeyqəmin sözü kəmfürsət,
hətta namərd sözüdür, ancaq təəssüf ki,
içində həqiqət də var.
Səyyad Aranın dil- üslubu, təhkiyəsi
ona görə təsirlidir ki, həqiqəti gizlətmir. Nə
mərdin həqiqətini, nə də namərdin...
"Təmizlik
kağızı"nda heç nədən Sibirə
sürgün edilmiş atanın oğlu anasından "təmizlik
kağızı"nın nə demək olduğunu
soruşur.
"Anası öz bildiyi kimi izah
etdi.
- Əgər yazdığımız
məktubları Stalinə versələr, o da oxuyub inansa ki, həqiqətən
atanın günahı yoxdur, onun buraxılması haqqında əmr
göndərəcək. Həmin əmr təmizlik
kağızı olacaq. Atan o kağızı
götürüb poyuza minib gələcək
öyümüzə".
Hərdən mənə elə gəlir
ki, Səyyad Aranın yazıçı təhkiyəsi onun
adi məişət təhkiyəsinin (nitqinin) birbaşa
davamıdır. Ona görə də, məsələn,
aşağıdakı sətirləri oxuyanda, elə bil,
müəllifin səsini eşidirəm:
"Niyaz yanılmırdı. Məsələ
burasındadır ki, martın ortalarından xərçənglər,
dırnaqlı cücülər kürü
buraxdığından böyük balıqlar bir elə də
yem dalınca qaçmırdılar, gölün dibində
yaxşıca yemlənirdilər, ona görə də suyun
üzünə qalxıb qurda yaxın düşmürdülər.
Həm də cillər yazda suyun altında çiçəklədiyindən
və zoğ atdığından onların çiçəklərindən
və toxumlarından da yeyib doyurdular. Ona görə də
böyük balıqlar suyun dibində qalır, nisbətən
xırda balıqlar aşağı enib yemək istəyəndə
onları vurub qovurdular. Xırda balıqlar məcbur olub suyun
üzünə çıxanda qırmağa
keçirilmiş qurdların qurbanı olurdular"
("Balıq günü").
Həm hekayələrində, həm
də povestlərində Səyyad Aran, heç şübhəsiz,
analitikdir. Ancaq soyuq mühakimələrin yox, isti (hikkəli!)
hisslərin analitiki...
Sovetlər Birliyinin - dünya
tarixinin ən qəddar imperiyalarından birinin
dağıldığı illərdə qələmə
alınmış "Təmizlik kağızı" povesti
bunun ən bariz örnəyidir. Müəllif, demək olar ki,
əsərin heç bir yerində Sovet repressiyasının
ideoloji əsasları, siyasi mahiyyəti, antihumanist nəticələri
barədə nə özünün, nə də
obrazlarının dilindən mühakimə
yürütmür, onu hətta dövrün bir sıra məlum
əsərlərində olduğu şəkildə ittiham da
eləmir... Ancaq "inqilabi hərəkat"ın, mürəkkəb
ideya- siyasi münaqişələrin məzmununu anlamayan
"patriarxal" bir kəndin başına gələnlərin
(əslində, gətirilənlərin) timsalında
repressiyanın Azərbaycan xalqı - onun sosial ukladı, mənəvi-
əxlaqi həyatı, ictimai hissləri üçün nə
demək olduğunu həssaslıqla göstərir...
"Kənd aktivinin rəhbərləri
övladlarına bərk- bərk
tapşırmışdılar ki, "vraq narod"
uşaqlarıyla, xüsusən Kamalın oğluyla salam- kalam
eləməsinlər, küçədə, aralıqda
üz- üzə gələndə danışmasınlar, həmişə
uzaq dolansınlar. Çünki atası siyasi dustaqdı.
Sibirdə yatır. "Başından böyük qələt
elədiyinə görə 15 il nallayıblar kürəyinə".
Onun oğluyla danışan, oynayan görüb elə bilərlər
sizin atanız da o yolun yolçularındandır. İraq
olsun, bir də görərsən gecənin birində bizi də
sürgün elədilər. Düzdür, indi müharibə
qurtarıb, faşistlər üzərində cahanşümül
qələbəyə görə, hökumət bir az
yumşalıb. Hər halda Sibirə göndərməsələr
də, Qazaxıstana yollayarlar".
Təsadüfən "sovet
hökumətinin traktoru"nu aşıran Kərimi bu
"sabataj" üstündə gedər gəlməzə
göndərəndən sonra kənd camaatı onun oğluna
"sabataj oğlu", qızına "sabataj
qızı", viran qalmış evlərinə də
"sabataj yuvası" deməli olur. Deməsinlər,
görsünlər günlərini...
"Əri gedəndən sonra
arvadının başına hava gəldi. Bədbəxtin
qızı tut ağacını, bir də qaşqa inəyi
qucaqlayıb: - Kərim, Kərim - deyərək onları
öpürdü. Bu keçərdi, cəhənnəm, gecələr
çıxıb ağacın başında yatırdı,
deyirdi: - Evdə üşənnəm. Evi tanıyırlar, bir
də gördün genə gəldilər. Həşimlə
kiçik bacısı mələşə- mələşə
analarına yalvarırdılar ki, ya onları da yuxarı -
yanına qaldırsın, ya da aşağı
düşüb evdə birlikdə yatsınlar. Yoxsa cinlər,
divlər, qapı pəncərəni səhərəcən
qurtdalayır, itələyir, açıb onları aparmaq istəyirlər".
Acından ölənə kömək
eləmək də olmaz...
"Qorxurdular ki, birdən gəlib
onların da yaxasından yapışarlar: - Varın- dövlətin
xeyir ola, başından aşıb- daşır, indi də bəy-
xan kimi camaata ianə verirsən?
Di cavab ver! Elə yazıb, pozub,
düzüb qoşarlar ki, bir də görərsən odu eyyy,
qara poyuzun içində sitilləyə- sitilləyə,
mazutlu taxtaların arasından qarlı çöllərə
baxa- baxa elə yol gedirsən haaa..."
Və başlarına gəlmiş
bu "məntiqsiz" fəlakətə (taleyin diqtəsinə!)
kənd camaatının reaksiyası, nə qədər
paradoksal görünsə də, tamamilə məntiqli, tamamilə
təbiidir:
"Yaralar qaysaq
bağlamışdı. Ağlamağa gözdə yaş,
ağı deməyə dildə təpər
qalmamışdı. Adamlar gecələri ötürə-
ötürə, gələn sabahları qarşılaya-
qarşılaya könülsüz- könülsüz
dünyanı yola salırdılar. Nicat göylərə
qalmışdı".
Niyə?.. Hər şeydən əvvəl
ona görə ki, bu kənd nə Sovet hökumətinin, nə
də repressiyanın nə olduğunu anlamırdı;
bunların heç biri onun həyat tərzindən, ruhundan,
psixologiyasından doğulmamışdı. Və bu kəndin
təkcə uşaqları yox, böyükləri də
"krasnı- belı" oyununun qurbanlarına
çevrilmişdilər.
Matros Məhərrəmin
Polşadan gətirdiyi gözəl Yelenanın kənddə
"saçlarını kürəyinə töküb, sinəsini
irəli verərək gülümsəyə- gülümsəyə,
sərbəst və şax yerişlə ona baxanları
hayıl- mayıl edərək, buz üstündə
yeriyirmiş kimi" süzməsi, "azərbaycanca hər
təzə kəlməsi"nin "bir saat çəkməmiş"
dillərə düşməsi, xüsusilə sürgündən-
türmədən sağ- salamat qayıdan İmranın kəndə
gətirdiyi yeni ab- hava, gərginliyin aradan qalxmağa,
camaatın bir- birinə isnişməyə başlaması
povestin psixoloji ritminə, intonasiyasına ton verən
aparıcı əlamətlər, poetik kəşflərdir.
Hisslərin təlatümünün, hikkəsinin ən parlaq
(və bədii baxımdan əsaslandırılmış)
hadisəsi isə, görünür, "xalq düşməni"
Kamalın oğlu Eldarın "ağlar"la - "Stalinin
düşmənləri" ilə "son
döyüş"üdür. Və bu xeyli dərəcədə
sürrealist səhnə inandırır ki, "heç
ölməli hava deyildi..."
"İçlərindəki
qorxu buzuna dan şəfəqləri
düşmüşdü- əriyirdi. Büzülmüş
çiyinlər enlənmiş, qısıq boyunlar dikəlmişdi.
Dibi saralmış gözlərdə cəsarətin cücərtiləri
görünürdü. Astadan, amma sidq ürəkdən əhval-
pürsanlıq edirdilər. Guya heç bir kənddə
yaşamırdılar, guya, gündə üz- üzə gələnlər
bunlar deyildilər..."
Səyyad Aranın nə
özü, nə də qəhrəmanları, prinsip etibarilə,
fatalist deyillər və təbii ki, "Soyuq günəş"
povestində də, fatalizm ancaq üzdədir. Əsas məsələ
Sovet həyat tərzinin milis sistemində təzahür edən
"iç üzü"nü göstərməkdir. Cəmiyyətin
asayişinə, əmin- amanlığına, nəticə
etibarilə, mənəvi- əxlaqi təmizliyinə cavab verməli
olan orqan məmləkətin ən əxlaqlı
adamlarından birini - rayondan Bakıya bir neçə
günlüyə tətilə, istirahətə gəlmiş
rayon müəllimini "dolaşdırıb" elə
günə salır ki, nəinki arzuları, həyat barədəki
təsəvvürləri də alt- üst olur.
Milis şöbəsində
hamı hikkəlidir, "cinayətkar" da, qanun
"mühafizəçisi" də...
"Cinayətkar" "yeri-
göyü qarsan hikkə alovunu bir əsimlik səbr küləyi
ilə azacıq da olsa" ona görə
"söndürür" ki, "nə olur olsun, geri- yenidən
həbsxanaya qayıtmaq istəmir". Çünki orada elə
şeylər görüb ki, Allah heç kimə göstərməsin...
Qanun "mühafizəçisi"nə gəldikdə isə,
"kapitan rütbəli birisi əlindəki bir topa
kağızı hikkəylə bürmələyə-
bürmələyə boz adamın üstünə yeridi.
Hamının başı o səmtə yönəldi...
Ağzı qulağının dibinə getmiş boz adamın
dodaqları asta- asta yığılıb öz yerini tuturdu.
Gözlərindəki sevinc işartıları bozarıb-
bozarıb kül rənginə dönürdü... Heç
kim böyründəkinə baxmırdı. Elə bil
alçalan, sınan özüydü"...
"Soyuq günəş"də
müəllifin psixoloji təhlilləri bir sıra hallarda dahi
L.Zadənin qeyri-səlis analiz metodunu yada salır. Xüsusilə
o baxımdan ki, taleyin (məqamın, vəziyyətin...) diqtəsi,
adətən, insanın birmənalı reaksiyası ilə
müşayiət olunmur. Və insan məntiqi bir şəkildə
düşünmək, düşdüyü vəziyyətdən
az- çox əsaslandırılmış
çıxış yolu axtarıb tapmaq əvəzinə,
onun üzərinə sel kimi gələn təhlükədən
qaçmağa çalışır. Nəticəsi də
bu olur ki, yeni təhlükələr, gərginliklər,
disharmoniyalar qarşısında tamamilə aciz qalır...
Kamil tanımadığı bir
xanımın nəvazişli təklifini ona görə qəbul
edir ki, onun üçün artıq heç nəyin fərqi
yoxdur...
"Cavab gözləmədən
qoluna girib keçidə tərəf dartdı. Onsuz da
başına haranın daşını tökəcəyini
bilməyən Kamil dinmədi. Onunla yanaşı küçəni
keçəndə də, liftdə nəfəs- nəfəsə
dayananda da inandı ki, bir isti ocağa, qadın demişkən
bir stəkan çaya, bir yumşaq sözə, təsəlliyə
ehtiyacı var".
Yazıçı haqlıdır
ki, Kamil xarakterli adam üçün belə bir ovqata
düşmək artıq nə az, nə çox, birbaşa
ölüm deməkdir...
"Kamilin mənəvi
dünyası, iç aləmi tapdam- tapdam
tapdanmışdı. Taleyin oyununa bax: kiminin yazığı
gəlir, kiminin qəzəbi tutur. Özünün necə?
"Özü" əlinə
düşsəydi yumruğunun altına salıb, əzik-
üzük edərdi. Kaş belə şey mümkün
olaydı. Bu nə yesir günə qalmaqdı ə? Birdəfəlik
ölüb yerə girəsən, bundan min pay
yaxşıdı..."
"Soyuq günəş"in qəhrəmanı
öz ölümünü həmişə diri, canlı
olmağa adət etdiyi doğma yurda apara bilməzdi. Ona görə
də hansısa təkan onu rayona getdiyi qatardan
çölün düzünə atır...
"Gecə keçir, dünyadan,
adamlardan xəbərsiz bir insan taleyi son anlarını başa
vururdu. Canavarlar boyunlarını göyə uzadıb uladılar.
Bəlkə ilahidən razılıq alırdılar? Bəlkə
deyirdilər bu işdə biz günahkar deyilik, halal- hümmət
uğurumuza çıxıb, qismətimizdən niyə əl
çəkək?
Ana canavar asta- asta gəlib meyiti
imsilədi. O biri də yaxınlaşdı.
Qu deyirdin qulaq tutulurdu.
Əvvəlcə qanı
yalamağa başladılar..."
Taleyin diqtəsi, hisslərin hikkəsi...
Və
təbii ki, bir də psixoloji manevrlərlə zəngin
yazıçı, sənətkar təhkiyəsi... Bu triada -
üçlük Səyyad Aranın "Balıq
günü" povestinin də ideya- estetik arxitektonikasına
hopmuşdur... Povest kifayət qədər mürəkkəb
kompozisiyaya malikdir: qabardılıb- "unudulan" irili-
xırdalı süjetlər, əgər belə demək
mümkünsə, əsəb- hikkə sinergetikası və
ya üst- üstə yığılma effekti yaratmaqla qeyri- səlis
məntiq texnologiyasına əsaslanır...
"Arvadı gecə
yatağına girəndə ərinin sarıqlı- pataval
ortancıl gədənin yatdığı qara müşəmbəli
kuşetkaya uzandığını görüb yenə gecəyarısı
gölə yollanacağını unayıb ilan kimi
fısıldamışdı. "Get, get, biz sənin nə
arvadınığ, nə də uşağın. Sənin
arvadın göldü, uşaqların da sazan, sudak, karp. Biz
daşıq, dəmirik,.. ağacıq? Yoxsa quluq, qaravaşıq,
nökərik... bircə qadın deyilik, həə?..
Miryusifin əli üzündə
qalmışdı!"
Balıq ovuna səhər
açılmamış bu əhval- ruhiyyə (hikkə!) ilə
gedən Miryusifin bəxti burada da gətirmir, Bakıdan gəlmiş
qonaqlardan biri - Zeyqəm elə bir namərdlik edir ki, məsələ
mürəkkəbləşir, evdəki gərginlikdən də
böyük (artıq ictimai!) gərginlik yaranır. Süjet
süjetə calandığı kimi iş də işə
qarışır...
"- Gedək, qardaaaş? - Bu
cür sözü uzada- uzada aran ləhcəsində ancaq Rauf
deyə bilərdi. Əli ilə ürəyini ovuşdura-
ovuşdura avtomobilinə sarı yol aldı. Get- gedə
başı avazıyırdı. Reallıqları dərk eləməyə
başlayırdı. Zeyqəm niyə belə inad edir ki,
özüm tutmuşam. Heç dediyindən bir misqal da enmir.
Belə üzlülük olmaz. Zarafatdırsa... belə zarafat
da olmaz axı. Yaxşı, toru niyə doğramısan? Hər
şeyi başa düşdük, lap belə zarafat eləmisən.
Keçirik bunu. Toru niyə doğramısan e!? Bu ki
alçaqlıqdır. Vəssəlam. Həm də niyyətin
əsl mahiyyətini açıb qoyur ortalığa...
Oğurlamısan..."
Oğurluq balıqla Zeyqəmin
Bakıda qonşularına qonaqlıq verməsi də bir
cür hikkədir. Ancaq bu hikkənin yaratdığı qəribə
bir şuxluq, mehribanlıq var... "Həyət- bəxtəvərlikdən
aşıb- daşırdı..."
Və komendant Zəkullanın
aşağıdakı sözlərində heç bir kinayə
yox idi:
"...Adə, mən ömrümdə,
Sovet dövründə də yaşamışam dəə,
belə gözəl "ribni den" yaşamamışam.
- Balıq günü! - Bunu da
hamının hörmət etdiyi, Füzulini bütün bina əhlinə
sevdirən Vüqar müəllim dedi. Qəssab Əbdüləli
hörmətlə baş əyib: - Bəli, Balıq
günü! Bizə bu gözəl günü
yaşatdığına görə, Allah sənnən
razı olsun, qərdeşim. Ala, gör adamlar nə xoşbəxtdilər
eyy..."
Hisslərin hikkəsi (əsər!)
onunla bitir ki, Ələsgər qonşularını tərk
edir - binadan köçür... Və beləliklə məlum
olur ki, məsələ kiminsə haqlı, kiminsə
haqsız olmasında deyil... Bir taleyin diqtəsi var, bir də
hisslərin hikkəsi... qalanı, deyəsən, təfərrüat
imiş...
Səyyad Aranın hekayələrində
də əsas motiv insanın düşdüyü problemlər,
həmin problemlər çərçivəsində, yaxud məngənəsindəki
xaotik yaşantılardır... "Günün günorta
çağı"nda ayaqları tutulduğundan yeriyə
bilməyən qoca bulvarda onunla bir skamyada əyləşən
sevgililərin sərbəst ünsiyyətinə mane
olduğuna, gənclərin etirazını hissə etsə də
başqa skamyaya keçə bilməməsinə görə əzab
çəkir...
"Heykəl"
ağlayırdı. Yenə də əvvəlki kimi eləcənə
oturmuşdu. Yaş eynəyinin qırağından ağ
saqqalı ilə üzü aşağı diyirlənirdi.
Gözlüyü tərləmişdi - göz
yaşlarından idi. Hərdənbir çiyinləri
qalxıb enirdi. Bu dəfə qızın başı
üstündən harasa baxmırdı. Eləcənə
gözlərini dənizə dikib ağlayırdı".
Gənclər qocanın vəziyyətini
biləndə isə...
"Birinci, qız özünə
gəldi, utanırmış kimi başını
qaldırıb oğlana baxdı.
Oğlanın rəngi
avazımışdı, dodaqları ağarmışdı,
gözləri yol çəkirdi. Onun da atası belə
yaşlıydı"...
"Havalar soyuyanda" hekayəsinin
qəhrəmanının özündən çıxaran
köhnə dostlarının- mübarizə
yoldaşlarının ona laqeydliyi, düşdüyü
çətin vəziyyətdə qolundan tutmamaları, telefon
zənglərinə belə cavab verməmələridir.
Əhvalı o dərəcədə böhranlı olur ki,
qarşısına çıxan dilənçi ilə öz
arasında yalnız "ranq" fərqi görür:
"İçindəki hansısa
hiss dilənçinin şaxını sınmağa qoymurdu.
Deyəsən başqa əlacı olmadığından
dilinin ucunda da olsa "bir çörək pulu" deməyi
də unutmurdu. Qəribə bir oxşarlıq duydu
özüylə həmin adam arasında. O da neçə
vaxtdır naəlac gündədir, işsizdir, mayadan yeyir, onun
da dibi quyuda deyil ki. Bayaq məgər telefonla ağız- əl
açmırdı? O gün dostuyla danışanda işlə
bağlı əl- ağız açmadı? "Keçəl
Həsən, Həsən keçəl"...
Fuad dilənçini ən
yaxşı restorana gətirir, dərdini dağıtmaq
üçün içir. Və dilənçi sərxoş
"xozeyn"i evlərinə qədər ötürməli
olur...
"Qapını açan deyəsən
arvadıydı. Hər ikisini nifrətlə süzüb
üzünü evə tutdu: - Seva, gəl atanın
gününə bax...
Deyəsən xozeynin də evdəki
vəziyyəti onun evindəkindən fərli deyildi. "Yooo,
Allah tərəfi, məni belə qarşılamırlar. Lap əliboş
gəlsəm də..."
Bir tərəfdən
keçmiş münasibətləri unutmuş, soyumuş vəzifəli
dostların laqeydliyi, digər tərəfdən evdəki
arvadın şan- şöhrət hərisliyindən irəli
gələn tənələri, hikkəsi...
Səyyad Aranın yüksək
müşahidə qəbiliyyəti, həyata həssas
münasibəti "Sazaq" hekayəsində
özünü başqa bir yöndən göstərir. Və
burada ömürlərini başa vurmaq üzrə olan
qocaların qəribə- bir az ümidli, bir az nigaran, bir az da
hər səsdən diksinən həyat tərzindən,
ovqatından söhbət açılır...
"Dincliklərinə rəxnə
düşmüşdü. Nə yeyib içdiklərini
bilmirdilər. Cəfərin xəstələnib yatağa
düşməsi hamısını sarsıtmışdı.
Təsbehin sapı qırılmışdı. Dəc
pozulmuşdu. Ona görə də heç nə axıracan
getmirdi. Hər şey - mövzu, məqsəd, niyyət
yarımçıq qalırdı, bitmirdi. "Demək
növbə mənə də gəlib çatır".
Vahimələndilər. Amma dərhal da özlərinə
ürək- dirək verirdilər. "Allaha şükür,
noolub mənə. Yediyimi yemişəm, geydiyimi geymişəm,
içdiyimi içmişəm. Beşindən
aşağı yaşamışamsa, onundan yuxarı
olmuşam. Balalarımı da yerbəyer eləmişəm.
Dünyanı beşəlli kim tutub qalıb. Ayə, bu
Süleymana qalmayan dünyadı e..."
Ancaq bir məsələ də var
ki, insan bu dünyadan heç cür ayrılmaq istəmir.
Taleyin son diqtəsi qarşısında da hisslərin hikkəsi
baş qaldırır... Buz kimi soyuq bir hikkə...
"Qəfil hamsının
içini canavar dili kimi sərt bir sazaq yalayıb keçdi.
Bir dəstə qara paltarlı, qara
kəlağayılı arvad Cəfərgilə tərəf
diklənirdilər.
Al günəşin altında
dördü də büzüşərək xəfif- xəfif
titrəyirdilər. Elə bil qış geri
qayıtmışdı, üşüyürdülər..."
Səyyad Aranın, demək olar ki,
bütün əsərlərində Aran insanının
xarakteri, psixologiyası, düşüncə tərzi, nitq
koloriti təqdim olunur. Adətən, doğma yerlərin kəndindən-
kəsəyindən, çölündən- düzündən,
gölündən- arxından, ağacından- kolundan,
südündən- pendirindən, özü demiş, Allah verənindən
yazır. Və görünür,
yaradıcılığı həm də ona görə qiymətlidir
ki, ağır bir elin mentalitetini ədəbiyyata gətirmək
missiyasını tale onun istedadına həvalə edib. O isə
bu missiyanı yalnız istedadla yox, eyni zamanda vicdanla, mənəvi
məsuliyyətlə yerinə yetirir. Süni peşəkarlıqla
zədələmir, qəhrəmanlarının təbii hisslərinin,
duyğularının qarşısını almır,
onların ruhuna müdaxilə eləmir... Müəllif "mən"inin
hakim olduğu yeganə mövqe təhkiyə
ustalığı, intonasiya səmimiyyətidir.
Neçə illərin
müşahidələrinə, təhlillərinə əsaslanaraq
inamla deyə bilərəm ki, Səyyad Aranın
yazıçı tərcümeyi-halının (və şəxsiyyətinin)
həm mahiyyətini, həm də miqyasını müəyyən
edən üç mühüm əlamət var:
1) boya- başa çatıb
formalaşdığı regionda qazandığı (və
heç zaman zədələnməsinə, təhrifinə,
enerjisini itirməsinə imkan vermədiyi) mənəvi zənginlik;
2) ilk gəncliyindən həyat tərzinə
çevrilmiş təhsilə, elmə daxili
bağlılığın, dünyanı
xırdalıqlarına qədər bütün miqyası ilə
dərk etmək marağının, ehtirasının təzahürü
(və məhsulu) olan geniş dünyagörüşü;
3) XX əsrin sonu - XXI əsrin əvvəllərində
baş vermiş mürəkkəb, qaynar (və artıq tarixə
çevrilmiş) ictimai- siyasi proseslərdə möhkəmlənmiş
əqidə mükəmməlliyi.
Nizami
CƏFƏROV
525-ci qəzet.-
2017.- 24 yanvar.- S.7.