Bir şair tərk etdi dünyamızı

 

“Gedənləri ruhunuza dəfn edin!" – deyən şair Camal yusifzadəni xatırlarkən...

 

Camal Yusifzadə də dostu Ələkbər Salahzadə kimi ürəyindən getdi. Onunla məni ötən əsrin 70-ci illərinin əvvəllərində elə unudulmaz dostum Ələkbər Salahzadə tanış etmişdi.

İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal Yusifzadə - bir-birilərinə həmdəm olan istedadlı bu üç şair çox vaxt bir yerdə gəzər, birgə oturub durardılar.

Ruhca, ədəbi zövqcə bir-birilərinə yaxın olan bu üç həmyaşıd dost elə boyca da bir biçimdə - bəstəboy idilər.

Ələkbər Salahzadə "kimlər kəsdi suyumuzu, kimdən soraq boyumuzu, kimdən alaq boyumuzu" deyə "yaşlarından geri qalan boylarına gizli-gizli utanırdı".

İsa İsmayılzadə doğulduğu tarixə - 1941-ə "hamıdan çox yanırdı..."

Camal Yusifzadə "Mən bölüm bu dünyanı" şeirinin müəllifi Ələkbər Salahzadəyə misraların dili ilə üz tuturdu:

 

Sən böldüyün dünya hanı?

Sən böldüyün dünyanı

bölən bölüb,

Sən böldüyün nəymiş görən, İlahi?!

 

Ələkbər Salahzadənin sayəsində bəzən mən bu "üçlüyün" məclislərinin iştirakçısı olardım.

... 1973-cü ilin dekabr ayı idi. Xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun təşəbbüsü ilə ittifaqın köhnə ənənələrindən biri bərpa edilmişdi, "Natəvan" klubunda "Gənclər günü" keçirilirdi. Kluba gənc qələm sahibləri ilə yanaşı adlı-sanlı şair yazıçılar, ustad sənətkarlar toplaşmışdı. Zalda boş yer yox idi.

Dəqiq yadımdadır, cümə günü idi o vaxt indiki "Ədəbiyyat" qəzeti "Ədəbiyyat incəsənət" adı ilə məhz cümə günləri işıq üzü görürdü.

Qəzetin həmin sayında Camalın bir neçə şeiri çap olunmuşdu. Şeirlərinin birində şair yazırdı:

 

Yıxılıb qayıqdan batsa bir uşaq -

Artar balıqların sayı dənizdə!

Mən balıq olacağam,

Lap balaca,

Bapbalaca bir balıq.

Balıq olacağam, -

Balaca, arıq,

Gümüşü balıq.

 

Məclis başlanmışdı. Bir qocaman şairimiz cavanlara öyüd-nəsihət verirdi:

-Bu gün "Ədəbiyyat incəsənət" qəzetində bir şeir oxumuşam. Görün şair istəyir: "Balıq olmaq istəyirəm, özü balaca balıq. Yenə böyük balıq olsaydı, dərd yarı idi, kabab edərdik. Ha-ha-ha..."

Qocaman şairə yarınmaq istəyənlər ona qoşulub qəhqəhə çəkdilər.

Tanıdığım, arabir oturub durduğum Camalı deyil, şeiri "müdafiə" etmək istədim.

-Şeirdən təhrif edilmiş bir-iki misra deməklə müəllifi gülüş hədəfinə çevirmək düzgün deyil, - demişdim ki, belə bir qəfil replikanı gözləməyən qocaman şair coşdu, coşdu. Ara qarışdı. Qocaman şairə tərəf duranlar daha çox olsa da, böyük sənətkarımız Mirzə İbrahimov mənə - ürəyindən keçəni dilinə gətirən 21 yaşlı cavana qahmar çıxıb aranı sakitləşdirə bildi.

Tədbirdə iştirak edən qəzetin əməkdaşları yəqin ki, əhvalatı Camala danışmışdılar bundan sonra aramızda daha isti, doğma münasibət yarandı.

1974-cü ilin bir payız axşamı ilk dəfə Lənkərana gedəndə şəhər avtovağzalında dostlarla birgə məni bir Camal Yusifzadənin misraları qarşıladı: "Bu şəhər yağışda islanıb yaman..."

Camal Yusifzadə hələ 1975-ci ildə "Gənclik" nəşriyyatında çapdan çıxan "Atlılar-qanadlılar" adlı kitabını belə bir avtoqrafla mənə bağışlayıb: "Xoşuna gələn bir neçə şair tapa bilsən, saxla yadigar!"

O kitabı əzizləyə-əzizləyə indi saxlayıram...

Camal Yusifzadənin bir şeirindəndir:

 

"Bu dünyaya

Ölmək üçün,

Getmək üçün gəlmirik..."

 

Bu misralar isə Camal Yusifzadənin qəlbindən qələmindən çıxaraq bizə, hələ bu dünyada qalanlara ünvanlanmış təsirli bir vəsiyyət, çağırış kimi səslənir:

 

Ölüləri içinizdə dəfn edin! -

İçinizdə başdaşı yox, qəbir yox,

İçinizdə heç vaxt,

Heç kim itməyəcək!

Gedənləri ruhunuza dəfn edin -

Kölgələri mütləq evə gələcək!

 

İndən belə şeirləri kimi onun həm də unudulmaz xatirəsini dostları tərəfindən əzizləyib yaşatmaq qalır. Axı, Camal da getmək üçün gəlməyənlərdən idi...

 

Aydın Tağıyev

 

525-ci qəzet.- 2017.- 24 yanvar.- S.6.