Türkdilli poeziyadan mənzərələr: Məhtimqulu
şeirinin qafiyə zənginlikləri
Məhtimqulu Fəraqi şeirində
qafiyə öz "vəzifəsini ləyaqətlə yerinə
yetirib", şairin əvəzsiz sənət əsərlərinin
yaranmasında misilsiz rol oynayıb.
Şairin poeziyasında işlənmiş
zəngin qafiyə quruluşuna ilk dəfə diqqət yönəldən
A.Potseluevski onun qafiyə xüsusiyyətlərini
açıb göstərməyə səy etsə də buna
nail ola bilməyib, əksinə, türk şairində qafiyənin
yaranmasında aqlyütinasiya və ahəng qanununa diqqət
yetirməyib, türk və şərq şeirində qafiyə
təlimlərinə məhəl qoymayıb, onları tonik vəzn
prinsipləri müstəvisindən izah etməyə
çalışdığından poetikada
dolaşıqlıq yaradıb. Bəzən də
müəllif V.M.Jirmunski, V.Tomaşevski, L.Timofeev və
başqaları tərəfindən rus şeirində işlənmiş
və üzə çıxarılmış təlimləri
mexaniki olaraq türkmən şeiri üzərinə
köçürüb, buradakı qafiyələri vurğulu
və vurğusuz hecaların yerdəyişmə nisbətindən
izah edib. Lakin müəllif belə bir həqiqəti
unudur ki, qafiyənin türk şeirində əmələ gəlməsində
vurğulu, vurğusuz hecalar heç bir rol oynamır.
Qeyd etdiyimiz kimi türkmən
dili də iltisaqi quruluşlu dildir, burada vurğu intensiv rol
oynamır, vurğu sözün semantik mənasına təsir
göstərə bilmir. Odur ki, müəllifin türkmən şeirində kişi cinsli (mujskaə rifma), qadın cinsli
(jenskaə rifma) daktilik və giperdaktilik qafiyə növlərinin
mövcudluğu haqqındakı iddiaları cəfəngiyyatdan
başqa bir şey deyildir. Əslində bunlar ümumtürk
şeirində rast gəldiyimiz sadə, mürəkkəb (tərkibi)
qafiyələrdir.
Müəllifin "kişi cinsli
qafiyələ"ri tam qafiyə olub nə
"Kişi" cinsli, nə də daktilik qafiyədir.
Nümunəyə baxaq:
Bolmasa yigidin züryadı,
Öləndə tutulmaz
adı.
Tutulmaz sınanın odı,
Başda xıyalı bolmasa.
Buradakı "ziryadı", "adı",
"odı" sözləri tam qafiyələnmiş,
heç bir süniliyə yol verilməmişdir. "adı" sözü, "züryadı"
sözünün II hissəsini təşkil etdiyi kimi
"odı" sözü də səs məxrəcinə
görə onlarla həmqafiyədir.
Bunları A.Potseluevski kimi təsnif
etmək yalnız yanlışlıqdır. Şeirdəki qafiyələr
isə assonans əlamətləri üzrə qurulmuş zəngin qafiyələrdir.
Qafiyənin əmələ gəlməsi və
onun şeirdəki rolundan danışarkən belə bir cəhəti
qeyd etməliyik ki, heca vəznli şeirlərdə qafiyə kəmiyyət
göstəricisinə olan elementdir. Əruz
və tonik vəznlərində isə qafiyə ritmik sıranı
müəyyən etməklə həm də vəzni, qəlibi
müəyyən edir. Belə ki,məsələn,
əruz vəznli şeirdə qafiyəni təşkil edən
sait səslərin uzun və
qısalığı, açıq və qapalı olması
vəznin ölçü növünü başa
çatdırmaqla onu yekunlaşdırır. Eyni
vəziyyəti tonik vəzndə görmək olar. Odur ki, əruz və tonik vəznindəki qafiyə
növlərini heca vəznli şeirə mexaniki olaraq
köçürmək cəhdləri yersizdir.
Bəzi
şeirşünaslar isə türk şeirində qafiyəni
(söhbət xalq şeiri üslubunda yazılan heca vəznli
şeirlərdən gedir) ərəb-fars təlimləri nöqteyi-nəzərindən
izah etməyə çalışırlar ki, əlbəttə
bunlarla razılaşmaq olmaz.
Qafiyə ərəb-fars
şeirində əsası Xəlil ibn Əhməd tərəfindən
qoyulan, şərq şeirində dəqiq kanonlara əsaslanan
9 hərfli qafiyə nəzəriyyəsinə əsaslanır. Burada qafiyənin
baş elementi kimi rəvi (dayaq) əsas
götürülür. Qrafik prinsip adlanan bu təlimdə
daha səkkiz hərf
iştirak edir ki, məhz
belə vəziyyətdə qafiyə dəqiq qafiyə kimi
qiymətləndirilir. Yəni 4 hərf rəvidən
qabaq, 4-ü isə sonra gəlməlidir. Rəvidən
əvvəl gələn hərflər həzv, ondan sonra gələnlər
isə nəfəz adlanır. Rəvidən qabaq qəyd,
ridf,dəxil, əlifi-təsis, rəvidən
sonra isə vəsil, xüruc, məzid, nayirə gəlməlidir.
Ridfin ərəb-fars şeirində
iki növü vardır: müfrəd (əsli) və zaid
(mürəkkəb). Əsli ridf (o, u, i, e) səslərindən,
mürəkkəbi isə (x, r, s, ş, f, n) səslərindən
(samitlərindən) ibarətdir. Bu səkkiz
hərfdən əlavə isə qafiyənin təşkilində
altı hərəkə iştirak etməlidir. Qafiyələnən samitdən əvvəl gələn
qısa saitlər qafiyə üçün o qədər də
əhəmiyyət kəsb etmir. Bu isə ərəb-fars
tələffüzünün - qüvvətli tələffüz
edilən samitlərin, zəif fərqlənən qısa saitlərin
xüsusiyyətləri ilə bağlıdır. Klassik fars-tacik şeirində bu əlamətlərlə
qurulan qafiyənin 30-dan artıq növü aşkar
edilmişdir. Həmin qafiyə növləri
əslində qrafik prinsipin tələbləri ilə, sait və
samit səslərin müxtəlif növ
qruplaşmasından-variasiyalarından yaranan qafiyələrdir
ki, sonradan bu terminlər klassik türk şeirinə bu və
ya digər dərəcədə tətbiq olunmuşdur. (Qafiyə haqqında təlimi türk epos və ya
xalq şeirinə tətbiq etmək yanlış nəticələrə
gətirib çıxarar). Aydın
görünür ki, bu prinsip ərəb dilinin ahənginə
və orfoqafik yazılışına əsaslanır və
yalnız ərəb dilinin fonetik prinsiplərinə
hesablanmışdır.
Erkən klassik poeziyada ərəb-fars
dilli şairlər qrafik prinsipə bu və ya digər dərəcədə
yiyələnə bilib, ondan istifadə edə bilmişlər. "Xalis
aqqlyütinasiyalı" (B.A.Serebryannikov) türk
poeziyasında buna əməl etmək asan olmamış, bu
şərtləri yerinə yetirmək çətin
olmuşdur. Buna səbəb şairin fərdi
istəyi deyil, şeirin yazıldığı türk dilinin
ahəng və avazı, daha doğrusu, onun fonetik quruluşu,
bu sistemdə özünü göstərən güclü
saitlər ahəngi, ondan geri qalmayan samit səslərin səs
uyuşması, nəhayət, sait-samit ahəngi olmuşdur.
Şairlər ərəb, fars tərkibli
sözlərdən, ifadələrdən nə qədər
gen-bol istifadə etsələr də yenə də həmin təlimə
tam riayət edə bilməmişlər. Türkdilli klassik
şeirdə istifadə edilən ərəb, fars
mənşəli sözlər türk dillərinin fonetik
qabığına bürünərək istifadə
olunmuş, bu vaxt istər-istəməz onun ahəng və
melodiyasını qəbul etməyə məcbur olmuşlar. Türk dillərinin struktur nüvəsini təşkil
edən bu cəhətlər onun daha davamlı olmasına,
minilliklər ərizində bu fonetik təbiəti qoruyub
saxlamağa, inkişaf etdirməyə imkan vermişdir.
Dilçi alimlərin yekdil rəyinə
görə iltisaqi dillərin strukturunun belə möhkəmliyi
hər şeydən qabaq kök və morfemlərin eyni ahənglə
bir məxrəcə gəlməsindədir. Bu ahəngin təsiri
altında müstəqil sözlər köməkçi
sözlərə, onlar isə şəkilçilərə
çevrilərək yeni bir iltisaqi quruluş, sistem yarada
bilir. Bu səbəblərdən də
türkdilli şeirdə qafiyə ərəb-fars təlimindən
təsirlənsə də daha sonrakı dövrlərdə
iltisaqi dil qanunlarına tabe olaraq inkişaf etmişdir. Təkrar edirik ki, burada davamlı rolu ahəng qanunu
oynamışdır. Xalq şeirində isə qafiyəni
üzə
çıxaran, onu şeirdə "məcburi"
normaya çevirən ritmik-sintaktik paralellər olmuşdur. Məhz bu iki qaynaq ümumtürk şeirində qafiyənin
meydana gəlməsi, inkişafını təmin etmişdir.
İ.Hikmətin obrazlı dili ilə desək,
qafiyənin mənşəyini axtarmaq üçün nə
Ərəbistanın qızmar çöllərinə, nə
də İranın tozlu ovalarına getmək lazım deyildir.
Nə qədər ki, türk şeirində
qafiyə qrafik prinsiplərə deyil, fonetik prinsiplərə əsaslanır,
onun əsası da bu müstəvidə, ahəng və tələffüz
müstəvisində izah edilməlidir.
Bu vaxt istər-istəməz
polyak şərqşünası T.Kovalskinin qədim türk
şeirində qafiyənin mövcudluğu, onun özünəməxsus
yolla, kənardan heç bir təsirə məruz qalmayaraq
yaranması haqqındakı fikirlərini xatırlamalı
oluruq. O
yazırdı: "Belə bir faktın-qafiyənin türklərdə
qədimliyi və özünəməxsusluğunun qəbul
edilməsi ümumiyyətlə, bütün qafiyəli
şeir tarixi üçün böyük əhəmiyyət
kəsb edir. Bununla biz təsdiq etmiş oluruq ki,
Ərəbistandan başqa, Asiyada da müstəqil qafiyəli
poeziya ocağı olmuşdur.
Mütəxəssislər
qafiyəni ahəng xüsusiyyətlərinə görə
assonans və konsonans qafiyəyə ayırırlar. Bunlardan birincisi saitlər ahənginə,
ikincisi isə
samitlər ahənginə əsaslanır. Məhtimqulu şeirində qafiyənin hər iki
şəklinə gen-bol rast gəlmək mümkündür.
Konsanans qafiyə:
Ağlaya-ağlaya cəfaların dərdindən
Qorxa-qorxa səhraların qurdundan
Ayrıldın Kənandan-atan
yurdundan.
Burada "n" samit səsi
konsonans qafiyə (sonor samit) qafiyə yaratmaqla dayaq rolunu
oynayır.
Konsonans qafiyədə bəzən
iki samit iştirak edir. Məsələn:
Məhtimqulu təsib etdi bu işdə
Yer üzündə tutmaq
üçün səriştə,
Harut, Marut adlı iki firiştə
Babil quyusunda çaya
düşdülər.
Burada maraqlı bir məqam vardır:
qafiyə həm assonans, həm də konsonans əlamətlər
üzərində qurulmuşdur. Belə ki, səs ahəngində
"şt", "şd" - samitlərinin səslənməsi daha
güclü nəzərə çarpır. Sonuncu
"ə" səsi isə dayaq rolunu oynayır.
Konsonans qafiyədə bəzən 3 samit səs iştirak
edir:
Ağılsızlar iş
axırı qaramaz
Çulap çıqidindən
xarnup döremez.
Bu misralarda "p",
"m", "z" samit səsləri misra sonluqlarında təkrarlanaraq
konsonans qafiyəni təşkil edirlər.
Sait və samit səslərin
birlikdə iştirakı ilə yaradılan belə qafiyələr
tam qafiyə kimi qiymətləndirilir.
Məhtimqulu şeirində
mürəkkəb qafiyə quruluşuna, tərkibi qafiyələrə
tez-tez rast gəlinir. Bu zaman qafiyələnən
sözlərdən sonra bir, iki və üç sözdən
ibarət rədiflər gəlir. Bunların
çoxçeşidli növlərinə şairin
yaradıcılığında tez-tez rast olunur.
On səkkiz min aləm əhlin var edən
rəbbim Cəlil
Döndərib dərgahına, həm
zar edən rəbbim Cəlil...
Klassik şeirin müxəmməs
formasında yazılan bu şeirdə tərkibi qafiyə bir
qafiyəli sözlərlə üç rədif sözdən
təşkil olunmuşdur.
Digər türk dillərində
olduğu kimi türkmən dilində də hecanı sait səslər
yaradır. Deməli, sait səsdə səsuyluğunun nüvəsi
olmalıdır. Türk dillərində səs tərkibinə
görə bir-birinə uyğun olan və ya səs məxrəcinə
görə yaxın olan sözlərdə qafiyənin
yaranması üçün şəraiti yaranır. Lakin qafiyə təkcə ayrı-ayrı sözlərin
uyğunluğu, təkrarı və oxşarlığı
sayəsində deyil, çox vaxt həm də
bütövlükdə hecaların səsuyuşması sayəsində
baş verir. Burada sait səsin ardınca adətən
bir samit gəlir. Beləliklə, samit səslə
başlayan sözlərdəki ilk samitin özü də
saitin yaratdığı hecaya daxil olur. Hecanın səs
tərkibinin bu əlamətləri iltisaqi dillərə xas
olan ümumi qanunauyğunluqlarla əlaqəlidir və bu amillər
qafiyənin meydana gəlməsində az əhəmiyyət
kəsb etmir, səs tərkibinə görə bir-birilə
uyuşan söz köklərində və onlara əlavə
edilən şəkilçilər də ahəngcə
yaxın olan hecaların əmələ gəlməsinə
kömək edir. Professor Ə.Dəmirçizadə
qeyd edirdi ki, türk dillərində ahəng qanununun müxtəlif
növləri içərisində saitlər ahəngi daha
çox davamlı və ümumi qanundur.
Burada saitlər ahəngi türk dillərində
şeirin musiqiliyini təmin edən ən əlverişli bir
amildir; bu qanuna görə sözün kökündəki
saitlər bir-birilə, şəkilçilər və bir sıra
qoşmalar əsl kökdəki saitlə uzlaşır. Əgər üslubi
məqsədlə belə ahəngi davam etdirmək lazım gəlsə
sonrakı sözü də bu ahəngə uyuşdurmaq
üçün əvvəlki kökdə olan saitlərin həcminə
və keyfiyyətinə
uyğun saitləri olan sözlər tapıb işlədilir,
beləliklə, misra axıra kimi rəvan bir ahəngə
malik olur. Professor Ə.Dəmirçizadə
haqlı olaraq belə bir nəticəyə gəlir ki,
türk dili öz təbiətinə görə nəinki buna
qayildir, hətta tələffüzün belə bir ahəngdə-səslərin
uyuşması əsasında qurulmasını tələb
edir. Odur ki, deyilənləri nəzərə
alaraq tam əminliklə demək oarq ki, misraların sonundakı
həmqafiyə sözlər aqqlütinasiya və ahəng
qanununun qüvvəsi ilə eyni məxrəcə gələrək
uyuşurlar.
Türk qafiyəsini
köklü şəkildə ərəb-fars şeirindəki
qafiyədən fərqləndirən bu xüsusiyyət
türk dilinin şeirdə təbii inikası kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətləri
nəzərə alaraq V.V.Radlov türk dillərində söz
köklərinin qafiyələnməsini haqlı olaraq
onların iltisaqi quruluşa malik olmasında
görürdü.
Məhtimqulu şeirində
qafiyələr adətən 3- hecalı sözlərdən
ibarət olmuşdur. Daha iri həcmli, 4, 5-hecalı sözlərdən az istifadə olunmuşdur. Burada bərabər
hecalı sözlərin səsuyğunluğu daha dərin və
təbii səslənir. Məhtimqulu poeziyasında belə qafiyələr
özünün səsuyğunluğu zənginliyinə və
dolğunluğuna görə seçilir.
Gücündən, qüvvətindən
Dünyanın növbətindən
Bir kişi izzətindən
Bədəsil özün bəg
sayar.
Dördhecalı qafiyə sözlərdə
saitlər düzülüşünə nəzər salsaq
aydın görərik ki, qafiyənin təşkilində ya
eyni saitlər, ya da onlarla səs məxrəcinə görə
yaxın olan incə saitlər iştirak etmişdir:
I misrada: ü - ə - i - ə.
II misrada: ö - ə - i- ə.
III misrada: i - ə - i - ə.
Belə növ qafiyələrə
şairin şeirlərində tez-tez rast gəlmək olar. Məhz belə
qafiyələr zəngin- müqəyyəd qafiyə olub
şeiri daha axıcı və rəvan, musiqili edir.
Müqəyyəd qafiyədə
adətən 3 qafiyə sait olduğu halda Məhtimqulunun bu
şeirində 4 sait səsin təkrarı ilə qafiyə
yaradılmışdır. Burada "ə",
"ü", "i", "ö" səsləri səs
məxrəcləri yaxınlığına görə eyni
sait kimi qəbul edilir.
Şairin şeirlərində u - i -
ü, ü - ə - e, e - i -
ı, o - u, a - o, ö - ü, u - ı,
səsləri əsasında yaradılmış qafiyələr
zəngin qafiyə növünə daxildir. Nümunələrə nəzər salsaq bunun bir daha
şahidi olarıq:
o-a səs məxrəci
ilə:
Yaxşı sözdən yarar
canı
Yaxşı ilə yoldaş olan
Qaçıb qurtarar canını
Yaman ilə qardaş olan
a-i-e səs məxrəci ilə:
Məhtimqulu məna saçar
Hər kim söz
ləzzətin içər
Gedə-gedə könül keçər
Namusu yox, arsız ərdən.
Qafiyəni təşkil edən
saitlərin düzülüşünə nəzər salaq.
a - a
i - ə
e - ə
Məhtimqulu şeirində
sonor samitlərin iştirakı ilə yaradılan qafiyələr
musiqililiyinə görə diqqəti cəlb edir. Onun n, m, l- sonor samitləri əsasında
yaratdığı qafiyələr bəzən qulaq cinası
kimi çıxış edir:
Varına, mülkinə məğrur
olunma,
Yox yerdən gələn getdi bu raya
Olar-olmaz işlər
üçün bulunma,
Çoxlar gəlib, batıb
qalmış bu laya.
Bu parçada zəngin və
mürəkkəb qafiyə sistemi vardır. I və III misralarda qafiyələr
o - u - a, u - u - a
saitləri əsasında yaradılsa da, burada
qoşa gələn "nm" sonor samitləri qafiyəyə
xüsusi musiqilik gətirmişdir.
II və IV misralardakı "bu
raya", "bu laya" sözləri "r" və
"l" samitləri əsasında
həmqafiyələnmişdir. Yəni tələffüzdə
"r" və "l" samitləri eyni səsləndiyindən
cinas yaratmışlar. Burada eyni sıra ilə gələn
və təkrarlanan u - a -a, u - a - a səs
qrupları cinas yaradılmasında xüsusi yer tutmuşlar. Məhtimqulu
şeirində cinas qafiyələrə Aşıq Alı,
Aşıq Ələsgər, Molla Cümə
yaradıcılığından fərqli olaraq az
təsadüf edilir.
Şairin "Can içində",
"Sel qalmaz" və digər şeirlərində tək -
tək bəndlərdə çinas qafiyələrə rast gəlmək
olar;
Qurd deyər; "
Üzərəm, "
Hardan qılsam güzər mən,
Rizqim arayıb gəzərəm
Çöl biyaban içində. Bu parçada " ü",
"ə", "ə " saitlərinin eyni təkrarı
ilə yaradılmış çinas qafiyələr eyni səs
məxrəci əsasında yaradılmışdır. Şairi "Sel
qalmaz " şeirində də şair həmin poetik (fonetik)
priyomdan istifadə edərək cinas yaratmışdır.
Məhtimqulu, o yollarda kim
olar,
O məkana girən çıxmaz,
güm olar,
Görən gözün,
görklü gövdən qum olar,
Dəhan gedər, dəndan
düşər, dil qalmaz.
Bu şeirində də çinas
yaradıcılığı səs məxrəcinə
görə bir-birilə yaxın olan " k ", "g "
və " q" samitləri və yenə də səs məxrəcinə
görə yaxın olan " i ", " ü" , " u " saitləri
hesabına başa çatdırılmışdır. A.
Potseluevski belə zəngin və musiqili qafiyələrə "tavtaloji" qafiyə desə
də onunla razılaşmaq olmaz. Çünki
çinaslar təkcə səs oynu deyil, onlar şeirin səs
gözəlliyini və musiqiliyini artıran poetik vasitədir.
Çinas qurmaq, sözün ritmi və ahəngi
ilə bərabər dərin məna yaratmaq hər şairə
müəssər olmamışdır.
Məhtimqulu şeirinin poetikasına həsr etdiyimiz məqalələrimizin birində şairin bəzi poetik nümunələrində misra daxilində qafiyələnən sözlərə rast gəldiyimizi qeyd etmişdik. Xalq şeirində "qoşayarpaq" adlanın həmin şeir şəklinə klassik poeziyamızda xüsusən, Xətai, Füzuli, Nəsimi şeirində rast gəldiyimizi göz önünə gətirmişdik. Klassik poetikada belə qafiyə quruluşuna malik şeirlərə "zülqafiyə" deyilir.
Məhtimqulu şeirində də həmin qafiyə növünə rast gəlirik:
Məhtimqulu söyləyəni, / haqq Mustafa deyəni,
Bir zərrəcə yoxdur
yalan, / ey binamaz, ey binamaz.
Şairin bu beytində 3 həmqafiyə sözlərdən - "söyləyən", "deyən", "yalan" istifadə edilməklə zülqafiyə yaradılmışdır. Bu qafiyə növünün ərəb-fars şeirindəki qafiyədən fərqi ondadır ki, ərəb-fars şeirindəki "zülqafiyə"də misra daxilində və sonundakı sözlər fərqli qafiyələr üzərində qurulur. Burada isə yenə də misra daxilindəki və sonundakı sözlər həmqafiyədir.
Məhtimqulu şeirində mürəkkəb qafiyənin bir növü də misra sonunda iki sözün qafiyələnməsidir:
Ağlaya-ağlaya cəfaların dərdindən
Qorxa-qorxa səhraların qurdundan
Burada fərqli qafiyələnən qafiyə sözlər vardır. Misra sonunda "cəfaların", "səhraların" sözləri bir-biri ilə "dərdindən", "qurdundan", sözləri isə ayrı qafiyələnmişdir. Birincisi həmqafiyə sözlər assonans, II isə konsonans əlamətləri üzrə qafiyələnmişdir: I həmqafiyə sözlərdə saitlər düzülüşünə nəzər salaq:
ə - a - a -ı
ə - a - a- ı.
Konsonans əlaməti ilə həmqafiyə sözlərdə samit səslərin düzülüşü:
I sözdə. d- r- d - n- d- n.
II sözdə.q- r- d- n- d- n.
II sözdə yalnız ilk
samitlər - "d" və "q" fərqli olsalar da
onlar səs məxrəcinə görə yaxın
olduğundan tələffüzdə eyni akustik eyniyyət təşkil
edirlər. Məhz bu əlamətlər Məhtimqulu şeirində
avazlı, ritmik funksiyanı yerinə yetirən qafiyə zənginliyi
yaradır.
Məhtimqulu
yaradıcılığında alliterasiya hadisəsinə az rast gəldik. Şairin bir neçə
şeirinin ayrı-ayrı bəndlərində səs təkrarının
bu növü ilə rastlaşmaq olar;
Yaxşı adama bir söz bəsdir
Yamana öyüd həvəsdir
Yerişini yanlış basdır
Yeni don geyməyən igidə
Müşahidələrimiz göstərir ki, Azərbaycan şerində oldugu kimi türkmən şeirində, xüsusən Məhtimqulu şeirində qafiyə yaradıcılığında a, ə, e, ı, i, o, ö, ü, u sait səslərin iştirakı (təkrarı) ilə yaradılan qafiyələr hakim mövqe yer tutur.Sinharmonizm əlaqəli, səs məxrəcinə görə bir-birilə yaxın olan a-ə, e-ə, o-ö, ı-i, u-ü. Saitləri qafiyədə akustik eynilik yaradır. Eləcə də səs məxrəcinə görə bir-birilə yaxın olan bir qrup sait; o-ö-e , u-ü-ı, ö-ü-i, o-u-ı bəzən də a-ə-o, e-u-ü-i, o-ü-u-ı və başqaları səsuyğunluğu yaradılmasında iştirak edir.Bunlar, yəni a-ə, a-o, u-ü, ı-i, ü-i, kimi bir qrup sait tələffüzdə çox oxşar olur,bəzən də eyniyyət təşkil edir.Deməli, eyni sait səslərin təkrarı ilə yaradılan qafiyələrlə yanaşı, səs məxrəcinə görə yaxın olan bu sait qrupları əsasında yaradılan qafiyələr Məhtimqulu yaradıcılığında geniş istifadə edilir. Türkmən şeirində də samitlər qafiyə yaradıcılığında saitlər qədər fəal deyillər. Buna baxmayaraq Məhtimqulu poeziyasında bir qrup samitin;
b-g-q, b-q-ğ, b-d-r, k-g , s-z-ş, ç-ş, m-n-l, q-d-b, q-ş, q-t, d-t, və s. samitlərinin qafiyə yaradılmasında iştirakına tez-tez rast gəlmək olar. Türk dillərində kök morfemlərinin həmahəngliyi səsuyğunluğunun çıxış nöqtəsi kimi özünü göstərir.
Məhtimqulu şeirində qafiyədən danışarkən burada da əsasən 4 qanunayğunluq özünü göstərir;
I, II və IV misraları qafiyəli, III misrası sərbəst olan bəndlərdə qafiyə sistemi aşağıdakı kimi olur;
I bənddə a, a, b,a
şəklində. II və sonrakı bəndlərdə
isə v, v, v, a şəklində.
Birinci bəndin I və III, II və
IV misraları həmqafiyə olduqda sonrakı bəndlərin I , II, III , misraları həqafiyə, IV
misrası isə I bəndlə qafiyələnir.
Birinci bəndin bütün
misraları həmqafiyə olur. Sonrakı bəndlərin
birinci üç misrası öz aralarında, IV misrası isə
I bəndin IV misrası ilə həmqafiyə olur.
Şeirin I bəndinin I
, II , IV, misraları eyni
söz və ya sözlərlə bitərsə , o halda təkrar
olunan kəlmələrdən əvvəlki sözlər qafiyələnir.
( I halda göstərilən şəkildə).
Bu qafiyə sistemlərinin Məhtimqulu
şeirində işlənmə dərəcəsi müxtəlifdir.Şairin
klassik poeziyadan götürdüyü poetik formalar göstərdiyimiz
qafiyə sistemlərinə daxil deyil. Həmin
qanunauyğunluqlar xalq şeiri üslubunda yazılmış
nümunələrdə özünü göstərir.
Qafiyə sistemləri içərisində a, a,
b, a, a, a, a, b, a, b, a, b, şəklində olanlar
Məhtimqulu şeirində daha çox populyardır.
Bu xüsusiyyəti T.Kovalski və
F.Korş türk şeirinin poetik xüsusiyyətlərinə
həsr etdikləri
tədqiqlərində xüsusi qeyd etmişlər.
Məhtimqulu yaradıcılığında rast gəldiyimiz bənd
quruluşları arasında I və III misraları sərbəst
, II və IV misraları həmqafiyə olan şeirlərə
rast gəlsək də onlar nə Məhtimqulu , nə də
ümumən türkmən şeiri üçün xarakterik
deyil.
Məmməd
ƏLİYEV
Filologiya elmlər
doktoru, professor
525-ci qəzet.- 2017.- 26 yanvar.- S. 6, 7.