İnsana insandan danışmaq
sənəti
Rüstəm
Behrudi poeziyasındakı əxlaq fəlsəfəsi
haqqında qeydlər
Dünyadan gəlib getmiş
bütün şairlər insana ölümdən, əbədiyyətdən,
Allahdan, ağacdan, otdan, çiçəkdən
danışdı, o, hamıdan fərqli olaraq insana insandan
danışmaq istədi.
O insandan danışmaq istədi ki,
bu yer üzündə çox şey bilsə də tanrının
bu adsız bəndələri ölüm və Allah
haqqında hələ heç nə bilmirlər. Ölüm və ölümsüz olmağın
sirrini açmağa çalışdı şair Rüstəm
Behrudi. Bitsin deyə bitib-tükənməyən
hər şeyin içində olduğunu söylədi
şair, ölümsüzlüyün mahiyyətini
açdı insana.
Şair "Göz yaşlarından baxan
Allah" kitabında yazır: Bu dünyada insandan və
ölümdən başqa heç bir şeydə sirr yoxdur. Sevmək və bitmək kimi bir şeydi insanla
ölüm arasındakı bağlılıq. Bitmədən
bitməyin nə olduğunu bilməkdi insanın hərdən
adam olmaqdan çıxıb quşa,
ağaca, ota, çiçəyə, daşa... çevrilmək
arzusu. Söz adamı olan şairin də ürəyindən
bunlar keçir, şair bir yerdə qərar tuta bilmir,
dünyanı qarış-qarış gəzir, amma yenə
darıxır, hətta "başdaşımızdan o tərəfə
nə görsənir"i düşünür. Ölümsüz olmaq ölməmək deyil şairə
görə, ölümsüz olmaq son anda söz olmaqdır,
sözə çevrilməkdir, sözsə insan ruhunun ölməzliyi
haqqında ədəbiyyat nəğməsidir. Mən isə belə müqayisə edərdim;
"ölməzlik və Rüstəm Behrudi, ölməzlik,
ölümsüzlük sonda sözə çevrilirsə
Rüstəm Behrudi ruhu da yazdığı hər
misrasındakı sözdədir. Deməli,
ruhunu sözlərinə köçürmüş
ölümsüz şairdir Rüstəm Behrudi.
İnsana insandan
danışan şair insanın yaratdığı bəşəri
dəyərləri öz günahlarına haqq qazandırmaq cəhdindən
başqa bir şey olmadığı fikrindədir, mən sənə
səndən danışım deyir şair. Musa, İsa, Məhəmmədə
sirr qalan din yaradıb ondan danışmaq istəyir, bu Allahla
allahlıq etmək deyilmi? Mələklərin
qanadlarından süzülən qan onları da günaha
batırmadımı? Bəzən
İblislə qol-boyun olub bədəndə candan
danışan şair günaha batmaqdan qorxmurmu Allah
hüzurunda? Şair etiraf edir; "İnsanlar
yollarını o dərəcədə azıblar ki , nəyin haqq, nəyin nahaqq olduğunu
anlatmaq olmur. Şairlər Allah tərəfindən
seçilmiş bəndələrdir, hətta bu yolunu
azmış bəndələr şairləri də
eşitmirlər, onlara da qulaq asan yoxdur, anlamırlar ki,
şairin sözü Allahın sözüdür, şairin
sözü Allahdan gəlir.
Mənə qulaq asan yoxdur,
Deyim nə haqq, nə
nahaqdı.
Sözlərimdən Allah baxdı,
Duyan yoxdu, qoy
danışım.
Şairin içində bir məmləkət
yanğısı, Vətən harayı, Turan yarası var... Səbrinə
daha üz tutmayan şair yarasına duz basıb min ildir
uzaqlaşdığı Turana doğru yol başlayır, Turan
onun içindədir , "min il getməliyəm
özümə sarı" deyir . Turanın min
illik ayrılığının bitməsini görməsə
başının çiyinlərində yox qolunun
üstündə olmağını istəyir. Şair
özünü Turana bənzədir, başladığı
yolun sonunu ölüm bilib ürəyinin Turan kimi bölüm
- bölüm olduğunu qələmə alır,Turan dərdini sözə çevirib öz dərdindən
keçirir. Şairin sevinci də, kədəri
də, hətta ölümü də Turandır.
Halım məmləkətin halı,
Mən Tanrıya mələklərindən
də yaxın
bir adamam
Məmləkətim Turan
tək ölürəm,
yavaş-yavaş, asta-asta.
Şair Turana çevrilməyən
Vətənin sonunu görmür.
Mənə
üz tut-yurda ocaq qurana
"Turan" - deyib
Boz qurd kimi durana,
Sonun yoxdu, çevrilməsən
Turana-Vətən !
Şairin yuxularına hər
gecə tanrının qarğışından "taleyi
dönmüş", "ocağı sönmüş"
sevgili bir yurd yeri girir. Amma şairin içində həmişə
bir ümid var, türk xilaskarı gözü göydən də
mavi bir qurd gəzir bu viranə Vətən torpağında, nə
toxumu əksən baharda ayrılıq bitər bu qara torpaqda.
Bununla belə şairin yuxusundan önündə
qurd olan ordular keçir. Şair
ağacların yaşıl yarpağı altında ölmək
istəyir. Altayları özünə qiblə sayan
şair türkün göydən gələn ruh olduğunu,
türkün elə haqq olduğunu, yalnız Tanrıya
yendiyini bildirir...
Tanrıdan savayı kimə
yendi türk?!
Nə vaxtsa ruh kimi göydən
endi türk.
Haqq sevən bəndəyə
elə dindi türk.
İnam da, iman da bu anddan gəlir.
Vətən eşqi ilə ölənlərin
qəbirlərdə qərar tutmayan, qəbirlərinə
sığışmayan ruhları şairin ruhundadır,
şair bu ruhların dili ilə danışır, ağzı
tövbəli, dili dualı şair sevda yolçusudur, fərqi
yoxdur hansı sevdanın, Vətənmi, ya başqa...
Mən sevda yolçusuyam,
dəlilik var başımda,
Ona görə sözlərim
kədərlidir, qəm dadır
Gözləməkdən yoruldum
son səbri var daşın da,
Duydum daha dözmərəm,
dözüm məni aldadır...
Şairin taleyi getdiyi sevda yoludur,
arxasınca gələn olacaq, ya olmayacaq, o bu yolu gedir...
Tanrı baxır, yol verməz,
sevda kim, qəm yeyim,
Mənim zamanım gəlir
...
Bax tarix səksəkədə!
Mən səni gedəcəyəm, ey
yol!
- Mənim taleyim!
Zalım dostlar arxamca
gəlsə də, gəlməsə də
!
Şair məmləkətini və
millətini kənardan müşahidə xüsusiyyətini bəyənmir "Allahlıq"
iddiasında olsa da məmləkəti və milləti
üçün dua edir...
Şaman kimi sözlərdən
mən tale toxuyuram,
Ürəyimdə səksəkə,
ruhumda bir zəlzələ...
Hər gecə göy üzünə
mən dua oxuyuram;
İlahi, bu milləti
yox olmaqdan hifz elə!
Çilik-çilik olmuş
aynada görünən əksimiz kimidir bu məmləkətin
halı. Şair Azərbaycanı ortada qalmış ana tabutu
adlandırır, bütün oğulların ana tabutuna girməyə
eyni dərəcədə haqqı var, amma Vətən
oğullarının miras savaşı bitmir ki, ana rahat mənzilində
yatsın, "Vətən düşmən
yağılarından azad olsun. Bir vaxt Allah
pıçıltımızı belə eşidirdi, indi harayımızı
eşitmir, "Vətəni sevmək imandandır" deyir
şair, amma imanımız yoxdur, Allah da dualarımızı
qəbul etmir.
Qapımı döy, qapımı
vur,
Çatmır mənə
çalınan sur,
Çünki mənim ruhum duymur
Tövbə, dua, namaz daha.
Mənim haram müsəlmandır,
Mənə çarə
olmaz daha.
İnsanlar Allaha bəndə olmaqdan, adam olmaqdan
çıxıb, Allah neyləsin? İnsanların etdiyi
günahlardan artıq Allah da yorulub...
Tanrı yorğun, bəndə
bitmiş,
Ölüm gəlib məndə
bitmiş,
Mələklər də
çıxıb getmiş,
Tanrı duymaz ha
bağırım.
Şair hamı susanda danışan,
hamı danışanda susan bir insandır,
o pıçıltını sevir. Şair Allaha üz tutur,
iman gətirir, imanın ən gözəl şey olduğunu
söyləyir...
Əlçatmaz olduğunu bilə-bilə,
Ən gözəl şey-iman gətirməkdi
bir şeyə.
İman gətirməkdi ən gözəl
şey; -
Onda dua kimi səslənir
deyilmiş sözlər belə.
Şairə görə sözlər
də adamlar kimidir, yazığı var, dalaşqanı var,
hönkürəni var, güləni var. Amma bu sözlərin
içərisində 2 söz var, şairə görə
bir-birinə çox bənzəyir və həm də
çox fərqli sözlərdir , "Çörək və
Azadlıq" . Çünki azad olan adamın
çörəyi aslan ağzında, çörəyi olan
adamın azadlığı cəhənnəm mələklərinin
atəş içində çırpınan
qanadlarındadır. İnsanların
"Azadlığını ayağının altına qoyub
çörəyinə can atmasına inanmır, adamların
bu canatmadan xilas olmalarını istəyir. Bu təlatümlü
dünya şairin içində çırpınır,
şair isə bir sözün içində. "Dünyada hər şey
canatmalardan ibarətdir" deyən şair günlərin bir
günü bu fikirdən imtina etməyi düşünür,
heç nəyə canatmadan yaşamaq, sənin olan şeylərlə
kifayətlənmək, ola bilən hər
şeyə sevinmək və qəbul etmək... axı
onları Allah göndərir. Lakin Qurani-Kərimin "Qədr"
surəsində deyilir; "qədr gecəsində mələklər
yerə enər, bəndələrinə salam verər,
onların taleyini yazar" , buna görə
də səhərə qədər oyaq qalıb Allaha ibadət
etmək, arzu və diləklərini Allahdan istəmək məsləhətdir.
Bu Allaha canatma istək və diləklərinə
doğru canatmalar deyilmi?
Şairin "dünya canatmalardan ibarətdir " fikri Quran ayəsindən gəlmirmi?
Belə bir şairin "allahsız"
olmasını düşünmək bir absurddur. Şair
özü deyir ; "sənə
oxşayıram sənə, içimdə hirs və hikkə
adına heç nə yox, Allahım. Şair istədiyi kəlmələrinə
görə Allahdan əfv olunmasını istəyir
; "mən Allahdan daha
çox Allahın, ağappaq qanadları ilə qapımı
döyən mələklərini sevdim. Bağışla,
tanrım, bağışla əfv elə. Sənə olan bu sevgidən yuxarı bir qara
sevdanı sən verdin mənə". Şair
insanların içində olan Allah sevgisi və qorxunu
çox lakonik şəkildə şərh edir
; "Allah qorxusu var, Allah sevgisi yoxdu bu məmləkətdə,
Allah qorxuda yox, sevgidə yaşayır. Allaha
olan sevgi ilə qorxunu barışdırmaq üçün
tanrıya dua edir şair.
Şair yer üzündəki
otları, çiçəkləri, ağacları, dənizləri,
dağları və adamları Tanrının yerdəki əlaməti
kimi görür. Tanrını göstər deyən
insanlara Tanrını görməyə gözünüz
varmı? sualını verir şair,
çünki tanrı haqda, ədalətdə, mərhəmət
və insanlıq hissində, Allaha sevgidədir. "Varmı
səndə bunlar ey günahkar insan? Şair
yer üzünü göy üzünün əlaməti hesab
edir, bir zaman yer üzü göy üzündə necə itəcəksə,
yer üzünün günahlarını da göy üzü
eləcə udacaq deyir. Şair əxlaq, ləyaqət
və həya əlamətlərinə də toxunur şeirlərində.
Əxlaq bədənin can atdığı, ruhun əzab
çəkdiyi şeylərdən imtina etmək
bacarığıdır insanda, imtina etmək əxlaqın əlamətidir,
utanmaqsa həya əlamətidir. Bu Rüstəm
Behrudinin əxlaq fəlsəfəsidir.
Canının can atdığı
vaxtı çatmış son şair üçün
maraqlı deyil. Şairin sıxıntısı
içində Turan sevgisi olan qurdların quş yuvası boyda
dar çərçivədə qalmalarıdır. Qanını sözlərinə sızdıran
şair qansız dünyada günahsız bəndə
olduğunu, haqqa doğru yol getdiyini söyləyir. Bəzən namərdlərin əlindən "dar
ağacıyam-asdım, mən özümü özümdən"
deyir.
Qəm-sevinc, sevincdə qəm,
fərq yox - yaşasam ölsəm,
bir gün çıxıb gedəcəm,
Namərdlərin
üzündən.
Ruhu yer üzündə qərib,
kimsəsiz olsa belə mələklər onu haqq bilir,
çünki göydən gəlib, göy adamıdır, qədrini
nə bilər yer adamları? Ölsə tabutunu mələklər
tutub Allahlar yasını saxlayar...
(Ardı var)
Hicran ƏHMƏD
525-ci qəzet.- 2017.-
26 yanvar.- S.6.