Azərbaycanda
obyektiv və professional təhsil ekspertləri institutunun
formalaşdırılmasına ciddi ehtiyac var
Təhsil hamıya yaxın olan,
hamının rəy söyləyə və qiymət verə
biləcəyi sahə olsa belə, istənilən ölkədə,
xüsusilə də bir sosial-ictimai-ideoloji sistemdən digərinə
keçid dövründə təhsili olduqca həyati və zəruri
edən, bütün inkişaf konsepsiyaları və
islahatların ön cəbhəsi kimi qiymətləndirən,
bu istiqamətdə ciddi addımlar atan, investisiyalar qoyan,
dövlət proqramlarını realizə edən ölkələrdə
olduqca obyektiv, müstəqil və professional təhsil ekspertləri
institutunun formalaşması labüddür.
Gəldiyimiz bu qənaətin səbəbi
onda deyil ki, 25 illik müstəqillik dövründə təhsilimizin
Sovet ideologiyası və idarəçilik sistemləri
buxovlarından, köhnə mexanizm və yanaşmalarından
azad edilməsi, milli təfəkkür, maraqlar, ölkənin
inkişaf konsepsiyası üzərində qurulması istiqamətində
atılan ilk kövrək addımlardan, bu dövrdə Təhsil
haqqında qəbul edilmiş iki qanundan (1994, 2009)
tutmuş Prezident sərəncamları
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyası"
və onun mərhələli həlli üzrə "Fəaliyyət
planı"na və s. tədbirlərədək hər bir
addım təhlil edilmir, qiymətləndirilmir və əldə
olunan nəticələr müzakirə edilmir.
Təbii ki, bu, elə deyil. 1998-ci ildən başlayan və
əsasən orta təhsil sistemini əhatə edən
üçmərhələli təhsil islahatları, Milli
kurrikulumun yaradılması və tətbiqi, ali təhsilimizin
Boloniya prosesinə qoşulması və Avropa təhsil məkanına
inteqrasiyası yönümündə atılan addımlar, ali
təhsil müəssisələrinin inkişafı ilə
bağlı dövlət proqramları, bu istiqamətdə
Milli Kvalifikasiya çərçivəsinin müəyyənləşdirilməsi
məqsədilə təşkil olunan müzakirələr,
universitetlərlə əmək bazarı arasında əlaqələrin
qurulması cəhdləri, təhsilin idarə olunması, yeni
idarəetmə infrastrukturlarının yaradılması,
müəllimlərin işə qəbulu, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi,
yaradıcı müəllimlərin əməyinin
stimullaşdırılması, ümumi və tam orta təhsil
üzrə məzunların biliyinin monitorinqi və qiymətləndirilməsi
üzrə orta təhsil pilləsində aparılan çoxşaxəli
tədbirlər diqqət mərkəzindədir.
Heç kəs birmənalı
olaraq təsdiq edə bilməz ki, cəmiyyətin
bütün təbəqələrini, hər bir fərdi əhatə
edən təhsil kimi canlı və dinamik bir sahə ilə
bağlı bu vaxtadək qəbul edilən bütün qərarlar
uğurlu olub və gözlənilən nəticələr əldə
edilib. Bu təbii
proseslər hamı
tərəfindən normal qarşılanır və
qarşılanmalıdır da. İndiki şəraitdə
şahidi olduğumuz maarifçilik hərəkatı, təbii
ki, XVIII, XIX və hətta XX yüzillikdə ayrı-ayrı
dövrlərdə müxtəlif cəmiyyətlərin inkişafı
üçün vacib olan maarifpərvər hərəkatla
müqayisəyə gəlməsə də, bu gün
qloballaşan, sürətlə inteqrasiya olunan və artıq
vahid informasiya məkanı kimi
qavranılan Yer kürəsinin konkret standartlar və meyarlar
çərçivəsində təhsilə cəlb
olunmasını tələb etməkdədir (hər bir
ölkə və xalqın malik olduğu özünəməxsusluq
istisna edilməməklə).
Narahatçılığa
səbəb başqadır. Bizdə düzgün
və qərəzsiz fikir hasil edib, təhsildə baş verən
proseslər barədə adekvat ictimai rəyin yaranmasına
xidmət edən institutlar və mexanizmlər
formalaşmayıb. Bu isə təkcə təhsil
sferasında çalışanlara və təhsilə cəlb
olunanlara deyil, bütövlükdə cəmiyyətin və
dövlətin özünə, bu sahədə qərar verən
və qərarları icra edən strukturlara lazımdır.
Bu, bəlkə də psixoloji bir problem və ya
məqamdır. İndi istənilən sahə
üçün elə rəylər
formalaşdırılır ki, sanki tunelin sonunda heç vaxt
işıq görünməyəcək. Axı, ola bilməz ki, bu qədər axtarışlar,
yeni texnologiya və innovasiyalar, dövlət proqramları
müəyyən qədər müsbət nəticələrsiz
ötüşsün. Onda əldə etdiyimiz uğurları
kimin adına yazaq? Özünü təhsil
eksperti adlandıran bir neçə adam var
ki, onların da adda-budda, epizodik rəyləri ilə
tanış olanda adamı vahimə bürüyür. Mən kiminsə adını çəkmək istəmirəm.
Bununla belə, müstəqillik dövründə səbatlı
və obyektiv rəyləri ilə gündəmə gəlmiş
bir-iki nəfərin adını söyləməyə bilmirəm:
Asif Cahangirov, Arif Muradov, Şahlar Əsgərov... Xaricdə təhsil
alıb ölkəyə qayıtmış məzunlarımız
arasında da özlərini təhsil ekspertləri kimi təqdim
etmək istəyənlər var.
Şükürlər olsun ki, təhsil
islahatlarının hazırlanması və icrası, milli təhsil
tariximizlə bağlı xarici təcrübəni və ədəbiyyatları
tədqiq edən, öyrənən mütəxəssislərimiz
var. Belə adamlar Təhsil Nazirliyi aparatında, Təhsil
İnstitutunda, Təhsil İşçilərinin Peşə
Hazırlığı İnstitutunda, ali məktəblərimizdə,
təhsil mətbuatında da var. Lakin onların səsi az
eşidilir, müəyyən məsələlər ətrafında
ciddi ictimai rəy və nikbin ruh yaratmağa və icra
orqanlarının qəbul edəcəkləri qərarlara təsir
etməyə gücləri çatmır. Gəl
ki, özlərini təhsil eksperti adlandıran həmən o tək-tük
adamlar ayda-ildə bir dəfə sensasiyalı fikirləri və
rəyləri ilə gündəmə gəlirlər ki,
onlarda da təhlildən və obyektiv qiymətləndirmədən
çox qərəz, subyektivlik və ən pisi isə
aqressiya duyulur. Bu aqressiya sensasiyalar ovunda
olan üzdəniraq mətbuat orqanlarımızın və
saytlarımızın əlində dəstavüza
çevrilib vətəndaşları
çaşdırmağa və zəhərləməyə
başlayır.
Görəsən
çətindirmi ki, qəzet və sayt hər hansı bir
iddianı irəli sürən mənbə barədə,
müzakirəyə çıxarılan və
narahatçılığa səbəb olan problem ətrafında
araşdırma aparsın, əks tərəflərin
mövqeyini və əks fikirləri müstəqil mənbələrdən
və respondentlərdən öyrənib düzgün nəticə
hasil etməyə çalışsın və yalnız
bundan sonra yazıları oxucuya təqdim etsin. Yəqin
ki, müəllif, jurnalist etikası və mövqeyi deyilən
anlayışların şəxsi maraqlardan çox milli
maraqlar üçün düşünüldüyü
hamımıza yaxşı aydındır. Biz bir gün bu həyatdan gedəcəyimizlə
barışıb ölməzlik qazanmağı, yəni
insanlıq, doğma torpaq, əzizlərimiz və sevdiklərimiz
naminə şəxsi iddialarımızdan vaz keçib ictimai
və ya sosial varlıq deyilən mövcudluğumuzun məsuliyyətini
dərk etməyə çalışmalıyıq.
Allah Üzeyir bəyə rəhmət eləsin! "Sən mənə iyirmi manat ver, onu qəzetimdə
rüsvay eləyim" kəlməsini sanki tənqid və tənbeh
üçün deyil, nümunə və yamsılamaq
üçün buyurubmuş bizlərə.
Saytlarımız yoxlanılmamış, təhqiredici və alçaldıcı məlumatları
elə sürətlə və həvəslə yayırlar
ki, sanki məktəblərdə, universitetlərdə işləyən
müəllimlər və oxuyan şagird və tələbələr
xaricdən gətiriliblər. Nifrətlərinin dərəcəsini
kontekstə uyğun gəlməyən, o haqda bircəcə
cümlə belə deyilməyən başlıqlarla ifadə
edirlər... Məşhur psixoloq Syuzan Foruardın "Emosional
şantaj" kitabından hasil olan bir formulaya diqqəti
yönəltmək istəyirəm: "Əgər sən mənim
istədiyimi eləməsən - əzab çəkəcəksən".
Baxın, çox vaxt ekspert, yəni müəyyən problemlərin
araşdırılması üzrə rəyi tələb
olunan adamlar rəy yox, daha çox şantaj müəllifi
kimi mediada parlamağa can atırlar. Foruardın bir fikri də
maraqlıdır ki, bu cür insanlar arzularına çatanadək
çox vaxt hər cür yola getməni mümkün sayır
və öz niyyətlərini faş eləməkdən belə
çəkinmirlər...
Xüsusilə də imtahan
sessiyaları ərəfəsində universitetlər ətrafında
mənfi rəylərin bilərəkdən ortaya
atılması heç də həmişə yaxşı nəticələrə
səbəb olmur. Deyək ki, adları rüşvətxorluqda hallanan
universitetlərlə bağlı başlıq verilir, təhlildə və cədvəllərdə
rüşvətxorluğa aid heç nə deyilmir, faktlar gətirilmir.
Eləcə də bu il bağlanacaq
universitetlərlə bağlı təhlillər. Maraqlısı odur ki, adı və məzmunu
uyğunsuzluq təşkil edən, real vəziyyəti əks
etdirməyən və ekspert yazısı sayılan bu
materiallar onlarla saytlar tərəfindən təkrar-təkrar
çap olunur. Bəlkə, ali məktəblərin
özündə də günah var ki, onları təkzib verməyə,
dedikləri sözə görə qanun qarşısında məsuliyyət
daşımağa məcbur etməyə cəhd göstərmirlər.
Onu yaxşı dərk etməliyik ki, xaricə beyin və
maliyyə axınının səbəblərindən biri də
milli təhsil sisteminə inamsızlıq və
etimadsızlıqdan irəli gəldiyindən həm ali təhsildə çalışanlar, həm
milli universitetlərin fəaliyyətinin monitorinqini aparanlar, həm
də bu barədə yazanlar professionallığı və məsuliyyəti
gözləməlidirlər.
Son hadisələrə diqqət yetirək:
"Təfəkkür" universiteti təhsil bazarında rəqabətə
davam gətirmədi, abituriyentlər onu seçmədi,
seçənlər də yarımadı və
bağlandı. Bu, normal iş, əmək
və təhsil bazarının tələbi idi. "Qafqaz" universiteti təhsil və
əmək bazarında öz çəkisi olan ali məktəb olsa belə, qardaş ölkədəki
məlum hadisələrdən sonra onun taleyi barədə təsisçinin
verdiyi qərarı kimsə dəyişdirə bilməzdi. Universitet rəhbərliyi və Təhsil Nazirliyi dərhal
ləğvetmə komissiyası və İşçi qrup təşkil
edərək, tələbə və müəllimlərin
ölkənin ən aparıcı universitetlərinə
köçürülməsi məsələsini həll etməkdədir.
Lakin bu universitetlərlə bağlı məsələlər
yekunlaşmamış ölkənin olduqca ciddi nüfuza,
maddi-texniki bazaya və kadr potensialına, maliyyə sərbəstliyinə,
ənənələrə malik bir sıra universitetlərinin
bağlanma təhlükəsi ilə üzləşməsi
mesajları ilə əhalidə narahatlıq və
narazılıq yaratmaq həvəsi ortaya çıxdı.
Birincisi, dövlət və ya özəl
olmasından asılı olmayaraq, hər bir universitet hüquqi
şəxsdir, maliyyə-təsərrüfat subyektidir. Bazarda özünü təsdiq edə bilməyəcəyi
halda onsuz da kiminləsə birləşməyə və ya fəaliyyətini
dayandırmağa məcbur olacaq. İkincisi, dövlət
öz geosiyasi maraqlarına, insan resurslarının və
iqtisadi inkişafının meyillərinə müvafiq olaraq
müəyyən ali təhsil müəssisələrinin
fəaliyyətini dəstəkləməkdə
israrlıdır. Bunu təkcə ekspertlər
yox, sadə Azərbaycan insanı da anlamalıdır. Bu, onun vətəndaşlıq borcudur.
Bakı Slavyan Universitetini təmsil
etdiyim üçün onun barəsində deyilən fikrə
münasibət bildirmək istəyirəm. Əgər on
minlərlə insan bu gün rusdilli təhsilə
üstünlük verib bağça, məktəb və
universitetdə bu dildə təhsili seçirlərsə,
yalançı vətənpərvərliklə təhsil rus
dillində aparılan sinif və məktəbləri, Slavyan
universitetini bağlatdırmaq
çağırışlarına ehtiyac yoxdur. Normal vətəndaş cəmiyyətində hər
kəz öz təhsilini, öz övladlarının təhsilini
planlaşdırır və məqamı çatanda əlavə
təhsil tədbirlərinə əl atır. Bu gün
rus dilində təhsil xidmətləri şəbəkəsi
mövcuddursa, rus dili müəllimləri, ibtidai sinif müəllimləri,
tərbiyəçilər, psixoloqlar, rus bölmələri
üçün digər fənn müəllimləri
yetişdirən Bakı Slavyan Universitetinin fəaliyyəti
dövlət və ictimaiyyət tərəfindən dəstəklənməli
və təhsil ixtisasları şəbəkəsi genişləndirilməli,
bu universitetin bazasında əlavə təhsil tədbirləri
gücləndirilməlidir. Mən hələ
respublikamızın Şərqi, Mərkəzi və Cənubi
Avropa ilə siyasi-diplomatik, mədəni və iqtisadi əlaqələrinin
genişləndirilməsinin zərurətindən irəli gələn
tədbirlərdən danışmıram... Eyni
fikri dünyaya çıxışımızı
reallaşdıran ingilis dilində təhsilin vacibliyi barədə
də söyləyə bilərik. Əsas məsələ
odur ki, bütün bunlarla yanaşı, ana dilimizin inkişafı, ana
dilində təhsil məsələləri dövlətimizin
dil və təhsil siyasətinin prioritet istiqaməti olaraq
qalır və qalacaq da.
Elə Ulu öndərin sərəncamı
ilə 2000-ci ildə keçmiş M.F.Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunun bazasında yaradılan Bakı Slavyan
Universitetinin təsis edilməsi də təkcə regionda
rusistikanın inkişafı və slavistikanın təşəkkül
tapması ilə bağlı deyildi. Belə bir elm və tədris
mərkəzinin fəaliyyətinin dövlət səviyyəsində
dəstəklənməsi və profilinin genişlənməsi
həm də dil və mədəniyyətimizin, mənəvi
dəyərlərimizin MDB-də, geniş yunan-slavyan
dünyasında yayılmasına və təbliğinə, Azərbaycanın
diaspora təşkilatlarının dəstəklənməsinə,
azərbaycançılıq ideyalarının və Azərbaycan
həqiqətlərinin bütün dünyaya yol
açmasına şərait yaratdı.
Bu gün Bakı Slavyan Universiteti
Qafqazda ən böyük rusistika və slavistika mərkəzi
kimi fəaliyyətini davam etdirir, azərbaycanşünaslıq,
türk-slavyan əlaqələri, avrasiyaçılıq elmi
istiqamətləri üzrə sanballı elmi tədqiqatlar
aparır, xalqımızın malik olduğu multikultural dəyərlərin
dünyada layiqincə tanınması və təbliği
işinə xidmət edir, beynəlxalq elmi konfranslar
keçirir. Yaxın və uzaq xaricdən gələn
onlarla gənc Azərbaycan və rus dillərinə məhz bu
universitetdə yiyələnərək, bakalavriat, magistratura və
doktorantura səviyyələrində müxtəlif ixtisaslar
üzrə keyfiyyətli təhsil alırlar.
Bakı Slavyan Universiteti
respublikamızın böyük elmi-pedaqoji potensiala malik ali təhsil ocaqlarındandır. Universitetin professor-müəllim heyətinə 50-dən
çox elmlər doktoru, professor, 200-dən çox elmlər
namizədi, dosent daxildir.
Ondan çox ölkənin
dövlət və hökumət başçıları,
siyasi və dini xadimlər BSU-nun Fəxri doktorlarıdır.
BSU-nun Rusiya, Ukrayna,
Bolqarıstan və Belarusda Azərbaycanşünaslıq, Azərbaycan
dili və mədəniyyəti mərkəzləri fəaliyyət
göstərir. Universitetdə yaradılmış Rusiya, Ukrayna,
Yunan, Bolqar, Polşa,
Türkiyə, Çex, Belarus, Alman, Fransız və
İngilis dili tədris-mədəniyyət mərkəzləri
tədris prosesinə və sadalanan ölkələrlə əlaqələrimizin
möhkəmləndirilməsinə xidmət edir.
Xarici tərəfdaş universitetlərlə
çoxsaylı əməkdaşlıq müqavilələri
əsasında əcnəbi mütəxəssislər BSU-da, bu universitetin pedaqoq və
alimləri xaricdə işləməyə imkan əldə
ediblər.
Təsadüfi deyil ki, Rusiya
Federasiyasının prezidenti V.V.Putinə BSU-nun fəxri doktoru diplomunun təqdimatı
mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev universitet kollektivinin fəaliyyətini yüksək
qiymətləndirərək, professor-müəllim heyətini
"millətimizin qaymağı"
adlandırmışdı.
2016-2017-ci tədris ilinin əvvəlində
universitetdə aparılmış əsaslı təmir işləri
bütün auditoriyaların, tədris-mədəniyyət
mərkəzləri, elmi-tədqiqat laboratoriyaları və
kafedraların maddi-texniki bazasını yenidən qurmağa,
universitet idarəçiliyi və tədrisin təşkilində
elektron idarəetməyə keçidə imkan yaradıb. Yeni
linqafon və kompyuter otaqları təşkil olunub, 110 yerlik tərcümə
avadanlıqları quraşdırılmaqla Akt zalı əsaslı
şəkildə təmir edilib, foyeyə, tədris korpusunun
girişinə, Universitet muzeyinə tam fərqli bir tərtibat
verilib, Heydər Əliyev tədris auditoriyası
yaradılıb. Tədrisdə keyfiyyətin təminatı, tələbələrin
bilik və bacarıqlarının qiymətləndirilməsində
şəffaflıq və obyektivliyin gözlənilməsi,
elmi-metodiki işlərin səmərəliliyinin
artırılması, təcrübənin təşkili və
əmək bazarı ilə münasibətlərin
yaradılması, professor-müəllim və tədrisə
yardımçı heyət üçün mütəmadi
treninqlər rejiminin tətbiqi, insan resurslarının
düzgün istiqamətləndirilməsi, tədris
strukturlarının optimallaşdırılması yönümündə ciddi
addımlar atılmaqdadır.
Universitet həyatında
baş verən belə bir canlanma şəraitində ekspert məsuliyyətsizliyi
və səriştəsizliyi üzündən tələbələri
və onların valideynlərini narahat edən çoxsaylı
suallara obyektiv cavablar tapmaq lazım gəlir. Humanitar siyasətimizin
strateji nöqtəsi olan Bakı Slavyan Universiteti Ulu öndərin
müdrik uzaqgörənliyi ilə təşkil olunmuşdur.
Dövlətimizin və xalqımızın
maraqlarına uyğun olaraq o, bağlana, hansısa universitetlə
birləşdirilə və ya genişləndirilə bilər.
Bununla belə, bu cür qərarların
hansısa səriştəsiz və məsuliyyətsiz ekspert
rəyi əsasında qəbul edilmədiyini hamının dərk
etməsi vacibdir.
Yəqin ki, söylədiklərimiz
təhsil ekspertləri institutunun bugünkü real vəziyyəti,
təhsil ekspertlərinin məsuliyyəti barədə müəyyən
təsəvvür yaradır.
Bəs professionallardan ibarət
belə bir institutun mövcudluğu bizə nə verə bilər? Hazırda təhsil
ekspertlərini hansı məsələlər məşğul
etməlidir?
1) Bütövlükdə təhsil
sisteminin vəziyyətinin diaqnostik qiymətləndirilməsi,
onun ölkənin mövcud və perspektiv sosial-iqtisadi
potensialına müvafiq inkişafı barədə rəylərin
hazırlanması;
2) Ölkədə təhsillə
bağlı qanunvericilik aktlarının qəbulu və tətbiqi səviyyəsinin
müəyyən olunması, işlək mexanizmlərin
yaradılması ilə bağlı tövsiyələrin
verilməsi;
3) 1998-ci ildən başlayaraq orta təhsil
pilləsində aparılmış üçmərhələli
təhsil islahatlarının, o cümlədən, Milli kurrikulum
islahatının nəticələrinin monitorinqi, bu nəticələrin
"Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət
Strategiyası"nda nəzərdə tutulmuş istiqamətlərlə
varisliyi və ardıcıllığı probleminin
araşdırılması, "Fəaliyyət
planı"nda göstərilən təhsil pilləsi üzrə
planlaşdırılmış tədbirlərin icrasında nəzərə
alınması üçün təkliflərin irəli
sürülməsi;
4) Bütün təhsil pillələri
və səviyyələri üçün tədris
resurslarının, o cümlədən, elektron tədris vasitələri
və bazalarının mövcudluğu, sistemləşdirilməsi,
istismarı səviyyəsinin monitorinqi və mütəmadi
olaraq müvafiq icra orqanları üçün məlumat və
tövsiyələrin hazırlanması;
5) Ali təhsil müəssisələrinin
Boloniya prosesinə qoşulması və Kredit sistemi ilə tədrisin
təşkili qaydalarının tətbiqinin, eləcə də
tələbə və müəllim mobilliyi vəziyyətinin monitorinqi , bu sistemin tətbiqi
müddətində ortaya çıxan boşluqların yeni
qanunvericilik aktları ilə aradan qaldırılması
üçün təkliflərin verilməsi;
6) Peşə hazırlığı
sisteminin qaydaya salınması və təhsil pillələri
arasında bağlılığın və
ardıcıllığın təmin olunmasının, bu sahədə
stimullaşdırıcı tədbirlərinin vacibliyinin
gündəmə gətirilməsi;
7) Məzunların karyera
inkişafı ilə bağlı vəziyyətin monitorinqi,
ixtisas və istiqamətlərə uyğun iş
dünyası, istehsal və xidmət sahələri ilə
sıx əlaqələrin qurulması üçün konkret
təkliflərin irəli sürülməsi;
8) Ümumi və tam orta təhsil pillələrində
məzunların bölmələr üzrə sayının və
təmayülünün ilbəil
proqnozlaşdırılması və illik tələbə qəbulu
planını proqnozlaşdırmaqda olan universitetlər
üçün təklif və tövsiyələrin
hazırlanması;
9) Biznes, istehsal, xidmət və sair
sahələr üzrə ölkə və xarici iş dünyasıda
perspektiv inkişafın (o cümlədən,
iş yerlərinin) proqnozlaşdırılması və bu
işdə maraqlı olan universitetlərə konkret təkliflərin
ünvanlanması; kurrikulumların hazırlanması,
kompetensiyaların müəyyən edilməsi istiqamətində
universitet-əmək bazarı münasibətləri
üçün reseptlərin işlənməsi;
10) Təhsil ehtiyaclarının
qarşılanması üçün ölkədə əhalinin
artım səviyyəsi və surətinin, yerdəyişmə
və suburbanizasiya meyllərinin (hətta bölgələr və
şəhərlər üzrə) müəyyən edilməsi
üzrə işin təşkili. Yoxsa rayonlarda
və kəndlərdə son illərdə tikilmiş ikimərtəbəli
və üçmərtəbəli məktəb binaları,
bəzən də bağçalar şagird və məktəbəqədər
yaşlı balaları gözlədiyi halda, Bakı və
Sumqayıt məktəblərinin əksəriyyətində
şagird sıxlığı normativləri (xüsusilə də
ibtidai siniflərdə) 1.5, bəzən 2 dəfə
keçir. Gecə-gündüz hansısa universitetlərin
bağlanmasının vacibliyini car çəkən, ali məktəblərin
gündəlik fəaliyyətində baş verən ən
xırda və əhəmiyyətsiz məsələləri də
şişirdən tanınmış pedaqoqlarımız, ata
olmağa hazırlaşan gənc təhsil ekspertlərimiz bir
az da bağçaların açılması, Bakıda yeni məktəb
binalarının tikilməsi zərurətindən
danışsa, bağlanacaq universitetlərin binalarının
məktəblərə və bağçalara verilməsini
dilə gətirsələr, bəlkə də onların rəylərində
bir fayda sezilərdi;
11) Orta təhsildə son üç
ildə həyata keçirilmiş tədbirlərin təhlili
və qiymətləndirilməsi, növbəti
addımların atılması üçün konkret
tövsiyələrin işlənməsi;
12) Geniş ictimaiyyətin susaraq
müşahidə etməkdə olduğu və
buradakı qeyri-müəyyənliyə
görə məsuliyyətin yalnız təhsil
strukturlarının üzərinə qoyulmağa
çalışıldığı tam orta təhsil pilləsindəki
təhsil situasiyasına aydınlığın gətirilməsi
və bu vəziyyətdən çıxış
üçün növbəti mərhələlərdə
düzgün qərarların verilməsi (elə təmayüllər
üzrə fərqli tədris planlarının tətbiqi məsələsi
ilə də bağlı) və təsirli addımların
atılması məqsədilə təhlillərin
aparılması, tövsiyələrin verilməsi və
mükəmməl mexanizmlərin hazırlanması;
13) Orta məktəb iqtisadiyyatına
aydınlığın gətirilməsi, məktəblərin
müstəqil hüquqi şəxs kimi çıxış
etmələri və sərbəst maliyyə fəaliyyətinə malik olmaları
üçün konkret mexanizmlərin irəli sürülməsi
və təhsil qanunvericilik aktlarında təsbit olunmuş bu
hüquqların və mexanizmlərin
reallaşdırılmasına
çağırışların ictimai rəyə gətirilməsi.
Son üç ildə müəllimlərin və
direktorların seçilməsi və yerləşdirilməsi,
müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi,
təhsilin idarə olunması, təchizat sisteminin qaydaya
salınması məqsədilə görülən işlərin
müsbət nəticəsi məktəblərin müstəqil
hüquqi şəxs kimi çıxış etmələri
və sərbəst maliyyə fəaliyyətinə malik
olması üçün yaxşı zəmin yaradıb.
Bu isə həm də orta məktəblərə ayrılan
dövlət vəsaitinə qənaətə, dəbdə və
genişlənməkdə olan özəl təhsil müəssisələri
ilə rəqabətə imkan yaradar;
14) Orta və ali təhsil
sistemlərinin fəaliyyətinin koordinasiyası istiqamətində
görülən tədbirlərin qiymətləndirilməsi
və pedaqoji internaturaların yaradılacağı ərəfədə
bu yönümdə atılacaq addımların motivasiyası.
Ali məktəblərin "İxtisas
seçimi" layihəsi ilə məktəblərə getməsi,
məktəblərin universitetlərə gəlməsi,
professor-müəllim heyətinin sinif otaqlarına,
buraxılış sinif şagirdlərinin universitet
auditoriyalarına cəlb olunması, orta məktəb dərsliklərinin
yaradılması və sair müştərək layihələrin
işlənməsi üçün təklif və reseptlərin
hazırlanması. Bütün məsələlərin
başında kadr hazırlığı problemi, istedadlı gənclərin
düzgün istiqamətləndirilməsi, onlara nəzəri
biliklərlə yanaşı praktiki vərdiş və
bacarıqların aşılanması məsələsi
durursa, hələlik mövcud potensialdan, maddi-texniki bazadan
istifadənin yolları barədə düşünməyi
bacarmalıyıq. Əmək bazarının tələblərinə
uyğun olaraq mühəndis kadrları hazırlayan universitetlərimiz
hələlik gücləri çatmayan texnoparklar yaratmaq əvəzinə
istehsal-istehlak, məişət və tikinti sahələrlə işgüzar əlaqələr
qura (məsələn, Neft və Sənaye Universiteti bu istiqamətdə
ciddi addımlar atmaqdadır), pedaqoji ixtisaslar üzrə
mütəxəssis hazırlığı aparan ali məktəblər
məktəbəqədər və ümumi təhsil müəssisələri
ilə əməkdaşlıq edə, ictimai və humanitar
yönümlü gələcək mütəxəssislər
isə müvafiq icra-idarəedici və bələdiyyə
qurumlarına təhkim oluna bilər. Bu məsələnin
tibb sahəsində həlli yolu bu gün bir nümunə kimi
görünə bilər. Bir daha vurğulamaq istəyirik
ki, bu məsələlərin həlli ölkədə insan resurslarının və
potensialının düzgün istiqamətləndirilməsi
ilə bağlı olduğundan, ictimai fikir və rəydə
daim narahatçılıq doğurduğundan ekspertlərin rəyinə
və tövsiyələrinə həmişə ehtiyac var... Bizdə isə hər şey tərsinədir.
Sanki ekspertlər camaatı qıcıqlandırmağa, təhsil
sahəsinə etimadsızlıq yaratmağa
üstünlük verirlər;
15) On ikiillik orta təhsil sisteminə
keçidin planlaşdırılması ilə bağlı
mövcud sistemin struktur və məzmununun mərhələli
şəkildə yeni standartlara
uyğunlaşdırılması məqsədilə xarici təcrübə
də nəzərə alınmaqla orta təhsilin inkişaf
konsepsiyasının işlənilməsi üçün təkliflərin
verilməsi. Düzdür, 12 illik orta ümumi təhsilin
struktur və mərhələləri barədə bir müddət
müzakirələr getdi və rəylər irəli
sürüldü, lakin keçid prosesinin elmi-pedaqoji-psixoloji
problemləri gündəmə gətirilmədi;
16) Hazırda ali təhsilin magistratura, həm
də doktorantura səviyyələrinə qəbulun
aparılması, burada təhsilin və tədqiqat işlərinin
təşkili vəziyyətinin monitorinqi və əldə
edilmiş təcrübə, eləcə də xarici təcrübə
əsasında yaxın gələcəkdə magistratura səviyyəsində
dəyişikliklərin (qəbul, təhsilin müddəti və
məqsədi, ixtisaslaşma məsələləri ilə
bağlı) vacibliyinin əsaslandırılması;
17) Əmək bazarındakı
situasiyaya, orta yaşlı əhalinin əmək və təhsil
ehtiyaclarına uyğun olaraq çevik və dəyişkən
Əlavə təhsil konsepsiyasının işlənilməsinin
və bu tədbirin vacibliyinin daim gündəmdə
saxlanılması barədə rəylərin
hazırlanması;
18) Milli pedaqoji fikrin inkişafı, pedaqoji irsin qorunması, Azərbaycan məktəbinin tarix və ənənələrinin öyrənilməsi, təhsilimizin inkişaf xüsusiyyətlərinə və meyllərinə, aparılan islahatlara müvafiq müstəqillik dövründə pedaqogika və psixologiya, tədrisin metodikası, müasir texnologiya və yanaşmaların tətbiqi sahəsində əldə etdiklərimizin və edə bilmədiklərimizin təhlili. Burada mən xüsusilə paytaxtdankənar elm və təhsil mərkəzlərimizdə aparılan elmi və elmi-pedaqoji tədqiqatların qiymətləndirilməsi, təhlili və yayılması məsələsinin vacibliyini vurğulamaq istəyirəm. Məsələn, ADPU-nin Şəki Filialında Firədun İbrahimov və Nurəli Çələbiyev kimi pedaqoq və psixoloq alimlərimiz əyalətdə fəaliyyət göstərmələrinə baxmayaraq, son illər pedaqogika, təhsilin metodikası və milli psixologiya üzrə olduqca sanballı və orijinal kitablar təqdim ediblər. Bakıda nəşr edilmiş pedaqogika dərsliklərinin, "Seçilmiş əsərləri" çap olunmuş pedaqoq alimlərimizin sayını itirmişik. Axı sovetlər dövründə pedaqogika və psixologiya sahəsində milli ruhlu, mentalitetimizə uyğun yazılmış ali məktəb dərsliklərinin həsrətində olmuşuq.
Göründüyü
kimi, biz təhsil ekpertlərini narahat etməli olan və
professional təhsil ekpertləri institutunun
formalaşmasını şərtləndirən bir neçə
vacib məqama diqqəti yönəltməyə
çalışdıq, amma bu, problemlərin bir qismi idi...
Yaxşı ki, ölkə Prezidentinin sərəncamı ilə
Təhsil İnstitutu yaradılıb və mövcud
strukturların bazasında genişləndirilməsi nəzərdə
tutulub. Sadalanan bu və digər problemlərin ictimai rəyə
gətirilməsi, düzgün rəy və tövsiyələrin
verilməsində təhsil ekspertləri kreativ və pozitiv
mövqe tuta və səmərəli fəaliyyətləri ilə
seçilə bilərlər. Yazını Orta əsrlər
Azərbaycan seirinin məşhur nümayəndəsi, əsərləri
sufilik fəlsəfəsindən qidalanan Əvhədi
Marağalının ibrətamiz bir kəlamı ilə bitirmək
istəyirəm: "Əməlsiz elm ayağa
çidardır". Gəlin elə düşünək, elə
danışaq ki, əl-ayağımıza, əməllərimizə
öz əllərimizlə çidar vurulmasın.
Telman
CƏFƏROV
Filologiya
üzrə elmlər doktoru,
professor,
Əməkdar müəllim,
Bakı
Slavyan Universitetinin tədris işləri üzrə prorektoru
525-ci qəzet.-
2017.- 26 yanvar.- S.4.