Şair Vaqif Bəhmənlinin gənc ədiblərlə
görüşü
Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbinin (GƏM) daha bir toplantısı keçirildi.
Gənc ədiblərin budəfəki qonağı
GƏM-in ideya müəllifi və
yaradıcılarından olan şair Vaqif Bəhmənli idi. Bu mənada məktəb üzvlərinin
şairlə tanışlığı
hamı üçün
arzuolunan idi. Tədbirdə
yeni ədəbi mühitlə yaxından maraqlanan, onlara diqqətli yanaşan yazıçı Seyran Səxavət, şairlər
Oqtay Rza, Qəşəm Nəcəfzadə,
Nuranə Nur və publisist Rəhilə Gülgün də iştirak edirdilər.
Birliyin katibi,
GƏM-in rəhbəri Rəşad
Məcid gənc ədiblərin yaxın tarixində Vaqif Bəhmənlinin oynadığı
roldan danışdı:
“Gənc Ədiblər
Məktəbi 2008-ci ildə
Vaqif Bəhmənlinin
təklifi, Mədəniyyət
və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin
əməkdaşlığı sayəsində yaradılıb.
Bu mənada, Vaqif
müəllim Gənc
Ədiblər Məktəbinin
banisidir və biz bunun üçün dəyərli şairimizə
borcluyuq. 2010-cu ildə məktəbin ilk müdavimləri diplomlarla
təltif olunub. Məktəbin müdavimlərilə Vaqif Bəhmənlinin bir neçə dəfə görüşü
keçirilib. Ümidvaram ki,
Vaqif müəllimin ədəbi bilgilərindən,
yaradıcılıq təcrübəsindən
siz də ciddi şəkildə yararlanacaqsınız”.
Şair haqqında
danışan R.Məcid
əlavə edib ki, V.Bəhmənlinin həm Azərbaycan jurnalistikası və publisistikasının, həm
də poeziyasının
son 40 illik dövründə
mühüm xidmətləri
var: “Onun redaktoru olduğu nəşrlər, Azərbaycan
mətbuat tarixinə keçən jurnal və qəzetlər buna sübutdur. O, yaradıcılıqla mütəmadi
məşğul olub.
Təqribən 40-a yaxın şeir
kitabının müəllifidir.
Hələ gənclik yaşlarımdan
Vaqif Bəhmənli poeziyasıyla yaxından maraqlanıb, onun şeirlərini sevə-sevə
oxuyub-öyrənmişəm. Yazdığı hər misrada
Vaqif Bəhmənlinin
özü, öz poetik nəfəsi duyulmaqdadır”.
“O insan uğurlu insandır ki, hər şeyi
öz içində tapır!” - deyən
Vaqif Bəhmənli gənc yazarlarla söhbətinin əvvəlində
ədəbi dərnəklərin
və GƏM-in önəmindən
söz açdı:
“Gənc Ədiblər
Məktəbini Azərbaycan
ədəbi mühitinin
və prosesinin inkişafında, gəlişməsində
çox mühüm hadisə hesab edirəm. Mən ədəbiyyata gəldiyim
ilk dönəmlərdə də bizim bir
sıra ədəbi dərnəklərimiz vardı.
Biz Nəriman Həsənzadə,
Söhrab Tahir, Ağacavad Əlizadə və Seyfəddin Dağlının, o cümlədən,
Oqtay Rzanın yaratdıqları ədəbi
dərnəklərdə xeyli
bilik və təcrübə topladıq”.
Şair bu və bunun
kimi qiymətli digər düşüncələrini
söyləməklə gənc
ədibləri yaradıcılığa,
ədəbiyyata həvəsləndirdi.
Elə
ilk dəqiqələrdən bir daha göründü
ki, V. Bəhmənli
son dərəcə təvazökar
insandır. Bu isə onun poetik
fikirlərinə və
dünyagörüşünə müdriklik gətirir, şair xarakterinə mülayimlik, qayğıkeşlik
qatır. Şair daha
çox gəncləri
dinləmək arzusundadır.
Bu səbəbdən onları kafedraya çağırır və
oxuduqları şeirlərdən
özü üçün
diqqətlə qeydlər
götürür. Hər birinin
poetik nümunələrini
isə ayrıca qiymətləndirir və fikirlərini bildirmədən
keçmir.
Zamanın dəyərli
olduğunu bildirən
şair görüşün
daha səmərəli
keçməsi üçün
vaxtı bu cür bölməyi təklif etdi: “Mən istərdim məktəbin ənənəsini
pozmayaq. Əvvəl sizin şeirlərinizi
dinləyək. Daha sonra
mən sizin üçün öz təzə şeirlərimi
səsləndirərəm”.
Beləcə “Natəvan” klubunda ədəbiyatsevərlərin könlüncə
təşkil olunan poeziya günü başlandı.
Gənc şairlər arasında
ilk söz Sevil İşığa verildi. V. Bəhmənli
onun şeirləri barədə fikirlərini
bölüşdü: “Bu şeirlərdə
həqiqətən bir
bitkinlik var. Nə yazdığını bilən
və yazdıqlarının
nəticəsini göz
önünə gətirən
bir şairin qələmindən çıxan
şeirlərdir. İsti ürəklə
yaradılmış obrazlar
və təsirli poetik düşüncələr
aydın şəkildə
ifadə olunub”.
“Çiçəkləri
şeir yazıb, sevənlərə göndərirəm”
misralarının müəllifi
Habil Rza Nur haqda isə
şair dedi ki, onun söz
haqqında şeirində
poeziya həyatın bir parçası kimi təqdim olunub.
Bu məqamda Seyran Səxavət maraqlı bir fikir söylədi: “Söz haqqında şeir demək digər mövzulara nisbətən daha çətindir və müəllif bunun öhdəsindən uğurla
gəlib”.
V. Bəhmənli gənc ədiblərdən bəzilərinin şeirlərində müşahidə etdiyi hazır qafiyələrdən istifadənin onların ziyanına olduğunu, bunun qrafomanlığa yol açdığını qeyd etdi. Şair şeirin həcminin də o qədər əhəmiyyətli olmadığını düşünür: “Nazim Hikmətin bəzi şeirləri var ki, 8-10 vərəqdir. Ancaq birnəfəsə oxunur”.
Şair tənqidi düşüncələrlə bərabər təkliflərlə də çıxış etdi. O, gənc ədiblərin daha aktiv fəaliyyət göstərməsinin böyük əhəmiyyətini vurğuladı. Görüşlərin ayda iki dəfə keçirilməsi, onların televiziyada yayımı, almanaxların nəşri kimi dəyərli təşəbbüslərini paylaşdı.
Gənc ədiblər Ulucay Akif, Şəlalə Adilqızı, Arzuman Ağdabanlı, Ceyhunə Mehmanqızı, Turan Novruzlu, Nigar Arif, Vüsal Yurdoğlu, Şahanə Müşfiq, Gülnarə Sadiq və Elnur Xəzri də şeirlərini oxudular.
Görüşün qonağı olan digər tanınmış söz adamları da düşüncələrini bölüşdülər, gənclərin yaradıcılığına münasibət bildirdilər.
V. Bəhmənli “Sizli məhəbbət”, “Qansız savaş”, “Axirət”, “Bağban”, “Vaqifin nağılı”, “Birinci mərtəbə”, “Hamı çəkilsin başımdan” və “Telefon” şeirlərini səsləndirdi. Sonda şair gənc ədiblərə hədiyyə etdiyi kitablarını imzaladı.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2017.- 28 yanvar .-
S.23.