Yaddaşımdakı Hüseyn Arif

 

Və ya söhbəti də səmimi idi, ülfəti də...

 

Dincliyin nə olduğunu bilmədiyim çağlarda yazmaq istədiklərimi bu gündən sabaha qoymazdım.

Məni məndən alan illər başımın üstündən elə ötdü ki, bir də baxıb gördüm “ömrün çoxu dalda qalıb, azı qabaqda”.  Xalq şairi Hüseyn Ariflə bağlı xatirələrimi yazmaq istəyim çoxdan vardı.

Şairin vəfatından 20 ildən çox keçib. Özü həyatda olmasa da,bu işıqlı insanın adı, şeirləri,sözü-söhbəti, haqqında danışılan lətifələr Azərbaycanı diyar-diyar dolaşır. Onu xatırlamamaq, xatirəsindən söz açmamaq heç insafdan deyil. Onun şair ömrü cığırlar, çəhlimlər, izlər dünyası idi. Getdiyi yerlərdə təkcə özünün deyil, sözünün də izi qalırdı. Çünki Hüseyn Arifin istedadı ilahi vergisi idi.

Doğma kəndimizdə - Borçalının Faxralı kəndində də Hüseyn Arif zaman-zaman əziz insan kimi xatırlanıb. Ədəbiyyat müəllimim, ustadım şair Əli Səngərli deyirdi ki, Hüseyn Arif bizim kəndə gələndə sən hələ həyatda yox idin. O, sənin yaşından qabaq bizim kəndimizə qədəm basmışdı. Faxralının fəxri qonaqları-unudulmaz Səməd Vurğun, Osman Sarıvəlli və onlardan sonra gəlmiş Hüseyn Arifin adı elimizdə-obamızda xoş xatirələrlə yada düşür. Faxralıya gəlişi ilə bağlı şeirində Hüseyn Arif belə yazmışdı:

 

Oldum Faxralıda, oldum bir payız,

Məni qarşıladı neçə oğul-qız...

Hanı Musa kişi, Binnət qağamız,

Zamanın hökmünə neyləyə billəm?

 

Orta məktəbi bitirdikdən sonra mən Bakıya gəldim, universitetdə oxuduğum illərdə ədəbi mühitdə göründüm və Hüseyn Ariflə ünsiyyətimiz yarandı. Faxralıdan olduğumu biləndə və həmin şeiri ona xatırladanda çox kövrəldi. Bu söhbət şairin ürəyini yaman silkələdi. Bizim aramızda isti münasibət, səmimiyyət, dost ülfəti yaranandan sonra Azərbaycanın Xalq şairi Hüseyn Arif, özünün bir çox doğmaları, əzizləri kimi, mənim də Söyün qağam oldu. O, Aşıqlar Birliyinin sədri olduğu illərdə vaxtaşırı görüşürdük, daha sıx ünsiyyətimiz olurdu.

Mənim Hüsən adlı bir tanışım vardı. İmkanlı, səxavətli, xətir-hörmətli adam idi. Sazlı-sözlü Pəmbək mahalında doğulmuşdu. Aşıqlar Birliyinə gedib-gəldiyimi bilirdi. Hüseyn Arifin haqqında mənim dilimdən o qədər xoş sözlər eşitmişdi ki, ona görə də şairlə görüşmək istəyirdi. Sazdan-sözdən ötrü ürəyi gedirdi. Oğlu Ələsgərə saz almışdı, çox istəyirdi ki, sazı gözəl çalmağı öyrənsin, evində-ocağında həmişə sazın sədaları eşidilirdi. O, bir gün mənə təkidlə dedi:

- Səndən çox xahiş edirəm, məni Hüseyn müəllimlə görüşdür, onu evimizə qonaq aparaq, yaxşı bir mantı qonaqlığı verəcəm onun şərəfinə.

Doğrusu, o zaman mantının adını birinci dəfə idi ki, eşidirdim. Mantının necə bir yemək növü olduğunu bilmirdim.

Nəhayət, bir gün Aşıqlar Birliyinə gəldik. Söyün qağam bizi görəndə salam-kəlamdan əvvəl:

- Ayə, harda qırılıb batmısınız, niyə gəlmirsiniz, niyə görünmürsünüz? - dedi.

Dedim: - Ay qağa, sizinlə tanış olmaq Hüsən müəllimin çoxdankı arzusu idi. Qismət bu günə imiş. Hüsən

müəllim istəyir ki, bu tanışlığın şərəfinə öz evində sizə mantı qonaqlığı versin. Şair sual dolu nəzərlərlə üzümə baxıb dedi: - Mantı nədi, ayə?

- Ay qağa, düzü mən də mantının adını elə bu gün Hüsən müəllimin dilindən eşitmişəm, dediyinə görə, özbəklərin çox ləziz milli yeməklərindəndir...

... Hüsən müəllimin maşınına oturanda Söyün qağam dedi:

- Sür, ayə, sür, tez ol... gedək mantımızı yeyək. Mantı çox yaxşı şeydir(!!!)

Hüsən müəllimgilin Əhmədli qəsəbəsindəki evlərində şairin şərəfinə gözəl süfrə açılmışdı. Yaxşı yeyib-içəndən sonra Söyün qağam döşəmədə, Göyçənin (onda hələ göyçəlilər Çöyçədəki əzəli, əbədi torpaqlarımızda yaşayırdılar) el gəvəsinin üstündə, özünəməxsus şirin ağayanalıqla güllü mütəkkəyə dirsəklənib, ayağını da ayağının üstünə aşırmışdı. Elə bil, o xalı-xalçalı ilmələrindən naxışlar toxunmuş sənət əsəri üzərində özü də canlı bir əsər idi. Sazı ürəyinin başına qaldırıb fərqli bir ahənglə dilləndirir, Yəhya Bəy Dilqəmi, Aşıq Alını, Aşıq Veysəli dilə gətirirdi.  Birdən üzünü mənə sarı çevirib qayğılı-qayğılı:

- Ayə, dərdiş, al bu sazı, özün bir az həzin-həzin dilləndir,-dedi.

Simlərin üzərində barmaqlarım ağır-ağır tərpəndi, “saz sözünü” dedikcə, Söyün qağamın çeşmə dodaqları tərpənib könlünün avazı ilə öz sözünü deyirdi:

 

Qəlbimdə əbədi bu dağ, bu düyün,

Görünür beləymiş vəfası ömrün...

 

Sonra da qəhərdən səsi boğuldu, eşidilməz oldu. Nisgillərini gizlədən gözləri yaşla doldu.

Axşam tərəfi yenidən süfrə başında əyləşdik, yemək-içmək təzələndi. Söyün qağam elə həvəslə oturmuşdu, heç evinə getmək yadına düşmürdü. Onun bir gözü ağlayan, bir gözü gülən simasını gözümə-könlümə elə köçürmüşəm ki, ölənə kimi göz yaddaşımdan silinən deyil.

... Hüsən müəllim içkili olduğuna görə, evə metro ilə getməyə qərar verdik. Söyün qağamın evi keçmiş Basin küçəsində idi, mən isə Bakının ətraf qəsəbələrindən birində yataqxanada yaşayırdım. Qağamı evinə apardıqdan sonra yataqxanaya getməliydim. Artıq gecə saat 12-dən ötmüşdü. Biz metronun “28 may” stansiyasından çölə çıxanadək qağamın halı çox yaxşı idi, nikbin görünürdü. Bir qədər sonra açıq havada irəlilədikcə tövrü dəyişdi.

Yaxınlıqdakı parkda (indiki Heydər Əliyev sarayının qarşısında) oturacaqlardan birində dincimizi almaq üçün əyləşdik. Mən onu təkidlə evinə aparmağa çalışırdım, onun isə fikri-xəyalı, yaralı könlü sanki gecənin səssizliyində, qütbün göylərində uçub gedirdi. Bədirlənmiş Ay özünü səmadan, bu böyük insan isə dərdli ürəyindən asmışdı. Dərdinin yanğısı göylərə dirənmişdi.

Bir qədər keçdikdən sonra ayağa qalxdı, sonra da dərdlərinin sarvanı kimi, özünün də bilmədiyi bir məkana sarı getməyə başladı... Beləcə, yanaşı gedə-gedə yalvar-yaxarla “deyişirdik”:

- Ay qağa, qadan alem, gəl gedək, gecəyarı oldu...

- Qadan mənə, tələsmə, gedərik.

- Qağa, qurvan olom, gedək.

- Qurvanın qoyun olsun!

- Dərdin alem, ay qağa, gedək dana!..

- Ayə, dərdiş...

- Qağa, başına dönöm, gedək...

- Başımı ağrıtma!!!

- İndi də mən küsüf gederəm...

Sanki səssizliyin qulağına pıçıldayırmış kimi:

- Küsərsən də, barışarsan da, - dedi. Könlümü almaq üçün boynumu qucaqlayıb  alnımdan öpəndə yaddaşımdan özünün bu misraları gəldi keçdi:

... Nadanın birini dünya gözəli,

Hüseyn Arifi Zəlimxan öpür.

Sonra da:

- Eh, Hüseyn əmin (Aşıq Hüseyn Saraçlı) də məndən küsülü getdi, - dedi və kövrəldi. Küsülü getməyinin səbəbini şeirilə anlatdı:

 

Gəlmişdi yanıma bir işdən ötrü,

Gözündə həsrəti, nisgili getdi.

Ustalar ustadı sürdü köçünü,

Səsində həm bəmi, həm zili getdi.

...Hüseyn Arifin gücü çatmadı,

Hüseyn Saraçlı küsülü getdi.

 

O, həyatda qayda-qanunla yaşamağa meylli deyildi, özünü çərçivəyə salan deyildi, azad insan idi, müdrik insan idi. Ona görə də dildə - ağızda onun təfəkküründən süzülüb gələn o qədər deyimlər, lətifələr dolaşmaqdadır ki... Bir gün Xalq yazıçısı Mirzə İbrahimov ona zəng vurub deyir: - Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir.

Hüseyn Arif deyir:

- Baş üstə, Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.

Sevimli oğlu Arifin itkisi şairin ömrünü qəm-qüssəyə bələdi, şeirlərinə göz yaşı gətirdi. Sinəsindəki dağ boyda dərdi onun əzablı çöhrəsindən də hiss olunurdu. Hərdən onun üzündə dərdsizliyin nişanəsini görəndə elə sevinirdim ki... Sinəsinə oğul dağı çəkiləndən sonra qəddi sındı. Götürüb belə yazdı:

 

Bir gül bitirmişdi ilk bahar mənə,

Axşamdan sabaha durmadı, getdi.

Bir ürək vermişdi rüzigar mənə,

Həyatda iki gün vurmadı getdi.

 

Günlər öz ahəngində, öz ritmində ötürdü. Söyün qağamın mənə qarşı mehrini çox sonralar anladım. Anladım ki, ədəbi aləmdə özünə doğma bildiyi tək mən deyiləm... Canında etibarı, sədaqəti olmayana bu qədər can qızdırmazdı yəqin ki... Hər halda belə hisslərin sorğu-sualı olmur.

Söyün qağamla hər görüşümüz unudulmaz bir xatirəyə dönüb. Bu xatirələr qəlbimdə həmişə kövrək hisslər oyadır.

Ötənlərdə aramızda olan söhbətlər beləcə ürəyimin qapısını döyür. Təzadlardan yan keçə bilməyən təbiətinin içində sərt mehribançılığının, kövrək ərkinin çalarları elə qabarıq üzə çıxırdı ki...Sərraf gözündən heç nə yayınmırdı. Dediyi vaxt yanında olanda üzündəki təbəssümdən qəlbinin hərarətini hiss edirdim.

Üzündə bir ümid şöləsi cilvələnirdi. Deyirdi ki, bax həmişə belə tez-tez gəl... Gələ - gələ dost olarsan, gedə - gedə yadlaşarsan. Borçalı və borçalılara olan sevgisindən, təəssübkeşliyindən, canıyananlığından ürəkdolusu danışanda elə bil, o nurli çöhrəsi çiçək açırdı, yaralı könlü gül açırdı, şair ürəyi beləcə dil açırdı:

 

Səndə doğulardım, səndə Borçalı,

Bəlkə də Qazaxda doğulmasaydım...

 

lll

 

Başkeçidin ətəyi gül, başı qar,

Çiçəklərdən dəstə tutur ilk bahar.

Yaranışdan zirvə geniş, dərə dar

Həm arandı, həm yaylaqdı Borçalı...

 

Dost yolunda əsirgəməz nə desən,

Harayına çatasıdı səsləsən,

Şirininə acı qatmaq istəsən

Coşan seldi, yanan dağdı Borçalı.

 

lll

 

Onun Borçalı ünvanlı şeirləri bir deyil, beş deyil, hansı birindən söz açım?!

 

Qazax ona, o, Qazağa bağlıdı,

Nə məğrurdu, nə xoşbəxtdi Borçalı...

 

Borçalı əsilli ziyalımız, sevilən şairimiz Abbas Abdullaya xitabən yazmışdı:

 

Şenliyin, Sadığın gəzdiyi yerlər

Mehlə nəfəs alıb çiskinlə tərlər.

Gümüş üzəngili ceyran kəhərlər

Cıdırda mat qoydu hər kəsi, Abbas.

 

Çay çaya qovuşar, bağ bağa bağlı,

Düz düzə calanar, dağ dağa bağlı.

Borçalı çökəyi Qazağa bağlı-

Birdir mərəkəsi, məzəsi, Abbas.

 

Qağam görüşlərimizin hər məqamında mənim də ruhuma şeir oxumaq həvəsi aşılayır, şeirlərimdən oxumağımı istəyirdi. Mən daha çox gənclik havalı şeirlərimdən oxuyurdum:

 

Atım manşır, ayağından səkilli,

Yerişi də, duruşu da şəkilli.

Bir oğlanam qıvrım telli, kəkilli

Köhlənimin yalmanına yatası.

 

Göynərtimi sən də eşit lələ, di,

Könlümdəki dağ qızıdı, Lalədi.

Hürkütdülər cüyür kimi mələdi,

Canımıza cırı çıxdı atası.

 

... Həsrətindən yaş gətirdi gözlərim,

Daş bitirdi cığırlarım, izlərim.

Dodağımda kilidlənib sözlərim,

Deyəmmirəm, xatası var, xatası.

 

Söyün qağam şeirimi bəyəndi. Amma...

- A beynava, evlən, vüsala çat, özün də bəy balasına oxşayırsan, - dedi.

Mən universiteti təzəcə bitirmişdim, işləyirdim, maaş alırdım. Amma hələlik evim yox idi.

Onun ürəyi ürəklərin ürəyi idi. Özü də bulaq suyu kimi dupduruydu, safıydı. Çölündəki zəmanənin gərdişi də, içindəki insanlıq vərdişi də bir başqa idi. Onu da yaxşı bilirdim ki, xətrini çox istədiyi insanlarla rəftarı elə bu cürdür. Ona görə də şairin bu misraları ağappaq ümid kimi könlümdən gəldi keçdi:

 

İnsan oğlu məhəbbətdən güc alar,

El gözündə ucaldıqca ucalar.

Bir arzum var, yallı gedə qocalar,

Bir arzum var, balalara toy ola.

 

lll

 

Bu sevimli qızların

Sev birini daha sən.

Çoxdur baxan dalınca,

Evlən, qardaşım, evlən.

 

Mənim mənəvi dünyamı işıqlandıran unudulmaz Söyün qağam! Sən dünyanın o üzündə olsan da ruhun bizimlədir, ustad! İndi sənin ətrini şeirlərindən alırıq. “Mən sənin özünəm, sən mənim özüm” dediyin Duru gözlü Durnalı da, buludlu zirvələr də, yaşıl çəmənlər də, Çatmalı da yerindədir. Amma sən onlardan uzaqdasan. Bir zamanlar qoynunda xumarlandığın, yayxana-yayxana gələn Kür çayının suları hər yaz sənin həsrətinlə çağlayır:

 

Nə qədər qoynunda xumarlanmışam,

Yayxana-yayxana gələn Kür çayım.

Sahil kölgəsinə bürünüb axşam,

Səhər şəfəqilə gülən Kür çayım.

 

Nə gözəl durulur üfüqdə səhər,

Qıymaram Günəşin sönə Kür çayım.

Yenə cəlalından tutaraq xəbər,

Seyrinə gəlmişəm yenə, Kür çayım.

 

Sən Vətən ocağının istisinə qızınırdın. Vətənin suyuna, torpağına, otuna, yarpağına, gülünə, çiçəyinə elə könül vermişdin ki, şeirlərini oxuya-oxuya nəfəsini hiss edirəm, ustad! Sənin o sərt mehribançılığın üçün elə qəribsəyirəm ki...Hər yaz gələndə elə bilirəm o sənli xatirələrin içində bir həsrət toxumu cücərir. Deyirdin ki, yaz gələndə ana təbiət ağlımı başımdan alır. Elə “Vətən deməkdən” dilin ozan olmuşdu:

 

Düzlər bahar fəsli al geyinəndə,

Sözlər öz-özünə axır ürəkdən.

Yenə axşam-sabah sazım sinəmdə

Bilin, doymamışam Vətən deməkdən.

 

lll

 

Oxşayım ağotu, öpüm nərgizi,

Bu yurdda boy atıb yaşa dolmuşam.

A yonca, a yovşan, bircə gün sizi

Unutsam, bilin ki,unudulmuşam.

 

Qəlbimdə sənin yerin ayrıcadır, unudulmaz Söyün qağam! Nə gözəl demisən:

 

Bir səmimi ülfət, bir duzlu söhbət

Dəyər bir dünyalıq daş-qaşa, oğlum!..

 

Sənin söhbətin də səmimi idi, ülfətin də...

 

Həzi Həsənli

 

525-ci qəzet.- 2017.- 28 yanvar .- S.22 -23.