Paris - könülü və xəyalı fəth edən
şəhər
“Mulen Ruj”un
populyarlığına gəldikdə, burada rəssam Anri
Tuluz-Lotrekin çəkdiyi afişaların da xeyli rolu
olmuşdur.
Təsviri
sənətin qrafika növündə çəkilmiş
plakatlar kankan rəqqasələrini
cürbəcür pozalarda təsvir edirdi. Afişalar
həm də onların müəllifi Tuluz-Lotrekə
şöhrət gətirdi. Bu plakatlar
d`Orse muzeyində nümayiş etdirilir. Hollivud
isə 1950-ci illərdə “Mulen Ruj” filmini bu qeyri-adi gecə
klubuna həsr etmişdi.
RəssamTuluz-Lotrek isə
uşaqlıqdan əlil idi, lakin spirtli içkilərə və
rəqqasə qızlara meyli onun zəif fiziki vəziyyətinə
uyğun gəlmirdi. Axı
yovşandan çəkilən absent də çox sayda
istedadları məhvə sürükləmişdi. Tuluz-Lotrek də həyatdan 37 yaşında getdi.
Əgər Yelisey
çölü avenyusu bir yerdən başlayıb, digərində
qurtarırsa, Paris haqqında bunu demək insafsızlıq
olardı. Paris incəsənət kimi, başlanğıca
malik olsa da, onun hüdudu, sonu yoxdur. Çünki
bu şəhər barədə düşüncələr,
xatirələr bitmək bilmir, onların miqyası, əslində,
bu möcüzələr məkanının
ölçüsünə uyğun gəlir.
Bu şəhərin onda bəxti
gətirmişdir ki, Fransa kralları paytaxtlarının
abadlığına, genişlənməsinə biganə
qalmamışlar. Bu işlərin əksəriyyətinə
həm də gözəllik, cazibədarlıq elementi əlavə
olunmuşdu. Şəhərdəki
möhtəşəm binaların əsl sərgisinə
çevrilən küçələr, meydanlar, onları bəzəyən
abidələr, heykəllər birinci növbədə
arxitektorların, heykəltəraşların istedadına,
gözəllik duyğusuna borcludursa, bunları himayə edən,
maliyyələşdirən hökmdarlara, xeyriyyəçilərə
də müəyyən ölçüdə borcludur. Onlar bu gözəl simfoniyanın müəllifi
sayılmasalar da, onun yaranmasında heç də biganə
adamlar olmamışlar. Yaxşı deyirlər
ki, hər bir səddin, divarın möhkəmliyi onu
mühafizə edənlərin möhkəmliyindən
asılıdır. Parisi təkcə
gözəl edənlər deyil, həm də bu gözəlliyi
qoruyub saxlayanlar ən xoş sözlərə layiqdirlər.
Parisin möhtəşəm tarixi və
memarlıq abidələrindən biri olan Notr-Dam de Pari və
ya Paris Notr-Dam kilsəsinin meydana gəlməsi bu fikri təsdiq
edir. XIII əsrin başlanğıcında
Filipp Avqustun hökmranlığı ilə Fransız
krallığının inkişaf dövrü
başlandı. Məhz bu mərhələnin
təsiri ilə Paris yepiskopu Moris de Syulli yeni kilsə tikməyi
qərara alır. Bu işdə ona praktiki
dühası da köməklik göstərdi. O istəyirdi
ki, tikintidə son memarlıq kəşflərindən istifadə
edilsin. Sonralar ədalətsizcəsinə qotik (yəni barbar
qaydasında) adını alan çatma
arxitektura hesabına çox qalın divarların tikilməsinə
ehtiyac qalmadığı kimi, onlarda həm də geniş və
hündür pəncərələr açmaq mümkün
oldu. Yeni kilsə İisus Xristin anası Mariyaya həsr
olunduğundan, Notr-Dam de Pari və ya hərfi mənada “Parisin
Allah anası” adlandı. Buna qədər isə
Notr-Damın yerində us kilsə yerləşmişdi.
Notr-Damın divarlarını
rəngli şüşələrdən düzəldilən
qızılgüllər (dəyirmi vitrajlar belə adlanır)
və vitraj pəncərələr binanın daxilinə
müəyyən qaranlıq versə də, ona xüsusi
gözəllik bəxş edir. Şimal tərəfdəki
qızılgül Bibliyanın Köhnə Vəsiyyətinə
həsr olunsa da, Xristə aparıb çıxarır.
Körpə İisusu qucağında tutmuş Müqəddəs
qadını peyğəmbərlər, krallar, ali
keşişlər əhatə edir.
Cənuba baxan
qızılgüllər isə Yeni Vəsiyyətə həsr
edilmişdir.
Burada şöhrətdə olan İisusu
apostolları, şəhidlər və mələklər əhatə
edir. Binaya xüsusi yaraşıq verən
qızılgüllər Notr-Damda saxlanılmış yeganə
qədim vitrajlardandır. Kilsəni Müqəddəs
qadının 37 təcəssümündən ibarət təsvirlər
bəzəyir. Binada həmçinin
Fransanın iki himayəçi qadınının - Müqəddəs
Janna d`Arkın və Körpə İisusun Müqəddəs
Terezasının heykəlləri vardır. Romadakı Müqəddəs Pyotr kilsəsində
olduğu kimi, burada da keşiş kilsəyə mənsub
olmaqla oraya ibadətə gəlmiş dindarlara dua ilə
müraciət edir.
XVII əsrdə isə kral
XIII Luinin dövründə onun gözlədiyi oğul hədiyyəsinə
görə Mariya anaya həsr olunmuş bayram nümayişi
keçirilməsi ənənəsi yarandı. Bu oğul isə
1638-ci ildə anadan olan, sonralar Günəş Kral adlanacaq XIV
Lui idi. Ata kral həm də kilsə binasının
içərisini yenidən qurmaq istəyirdi, lakin beş il sonrakı ölümü ona bunu həyata
keçirməyə imkan vermədi. Onun həmin layihəsi az qala bir əsr sonra, hətta oğlunun
ölümündən də səkkiz il keçəndə,
1723-cü ildə reallaşdı. Mariya
ananın həyatını təsvir edən çox sayda
ağac heykəllər meydana gəldi. Katolik
dini hesab edir ki, Mariya ana onların Ağası olan İisusa
bütün yaranmışlardan daha yaxındır, onun dirilməsi
ilə də bağlıdır. Xilaskar onu
məhz öz şöhrətinə daxil etməklə də
yüksəltmişdir.
Notr-Dam kilsəsinin fasadı
da olduqca gözəl və möhtəşəmdir. Kilsənin
qarşısındakı meydana daxil olduqda binanın ecazkar mənzərəsi
adamı öz təsiri altına alır. Fasadı
yüzlərlə nisbətən böyük və kiçik
heykəllər bəzəyir. Qapıların
üstündə olan alaqapılarda patriarxların, Köhnə
Vəsiyyətin peyğəmbərlərinin və
çarların heykəlləri vardır. Yuxarıdakı qalereyada fasadı kəsib keçən
28 heykəl vardır ki, onlar İisusun İncildə qeyd edilən
əcdadlarının sayına uyğundur. Bu 28 çar əvvəllər Fransanın
kralları hesab olunurdu.
Kilsə binasında həm də
çox sayda zəng vardır. Yeni baş zəng
Mariya adlanır, ən böyük zəng isə Cəbrayıldır.
İnqilab vaxtı bir neçə zəng məhv
edilmişdi. Böyük Fransa inqilabı
dini qadağan etmiş, yeni müqəddəslik simvolu
yaratmışdı. Yalnız 1801-ci ildə
Napoleonun təşəbbüsü ilə Roma papası ilə
Konkordat imzalandıqdan sonra katolik dini öz səlahiyyətlərini
bərpa etmişdi.
Notr-Dam de Pari Sena
çayının Site adasında yerləşir. Meydandan baxdıqda,
binanın sağ tərəfində XX əsrin son iki onilliyində
Roma papası olmuş II İoann Pavelin heykəli
qoyulmuşdur, çay, elə bil ki, heykələ mühafizəçilik
edir.
Notr-Dam kilsəsinin müqəddəslik
haləsinin saxlaya bilmədiyi vaxtlar da olmuşdur. Fransız
inqilabını bayram edən xalq kütləsi kilsə
binasına zədə toxundurmuşdu. Kral Lui-Filipp 1848-ci
ildə taxt-tacı tərk etməmişdən əvvəl təhlükəli
şəkil alan baxımsızlıqda
qalan binanın bərpa edilməsi təşəbbüsü
ilə çıxış etdi. Abidənin bərpası
1845-ci ildə başlanmaqla, 20 il davam etdi.
Paris Notr-Dam kilsəsinin
böyük şöhrət qazanmasında dahi fransız
yazıçısı Viktor Hüqonun danılmaz xidmətləri
vardır. Yazıçı 1831-ci ildə çapdan
çıxan “Paris Notr-Dam kilsəsi” romanında XV əsrdə
paytaxtda baş verən dini, ictimai hadisələri təsvir
etmişdir. Həmin hadisələrin
böyük hissəsi kilsədə və onun ətrafında
cərəyan edir. Kilsənin qozbel, kar, qorxunc üz
cizgilərinə malik olan zəngçalanı Kvazimodo (bu,
olduqca az qaydada insana bənzəyən mənasını
verir) qaraçı dəstəsindəki Esmeraldaya
vurulmuşdu. Bu gözəl qıza həmçinin
kilsənin keşişi Frollo da qızğın hisslər bəsləyirdi.
Qızı cadugər hesab edən kütlənin
təqibindən qorumaq üçün Kvazimodo onu
qucağına götürüb kilsəyə gətirir.
Frollo qız barədə məqsədinə
çatmaq məqsədilə Notr-Damın
qapılarını bağlayır. İnsana
bənzəməyən Kvazimodo romanda əsl ləyaqət
sahibi, filantrop kimi, keşiş Frollo isə iblis xislətində
olan xəyanətkar kimi təsvir edilir. Digər
romanlarında olduğu kimi, bu əsərində də
Hüqo həyatın dibində olan adamları mənəvi
yüksəklik rəmzləri kimi təqdim edir. Kvazimodo Frolloya münasibətdə əsl kölə
ruhunda olsa da, onun xəbisliyini anladıqda, atası hesab etdiyi
keşişi öz vicdanının saflığı
hesabına Notr-Damın uca balkonundan yerə
çırpır.
Hüqo öz qəhrəmanları
ilə yanaşı, Notr-Damı, bu cansız binanı
böyük məhəbbətlə təsvir edir, onun sirlərini,
sehrliliyini açmağa çalışır. Əslində, 29
yaşlı yazıçı bu əsərində elə bil
ki, memarlarla yarışa girmiş kimi görünür, qələminin
gücü ilə Notr-Damı yenidən yaradır və onu,
mübaliğəsiz desək, bütün dünyaya təqdim
edir, tanıdır. Əsər Notr-Dama həsr
olunmuş möcüzəli bir himndir və iki əsrə
yaxın bir müddətdə Yer kürəsinin ən ucqar
guşələrində də böyük dühanın
yaratdığı bu ilhamlı musiqi havadan asılı
qalmaqla səslənməkdə, həvəslə eşidilməkdə
davam edir. Romandan Notr-Dam kilsəsi çox sayda kinofilmlərə
keçmiş, milyonlarla, yüz milyonlarla tamaşaçı
kütləsi, sayı onlardan az olmayan oxucu
kütləsinə əlavə olunmuşdur.
Yazıçının kilsə binasını belə şərəfləndirməsini
bəziləri binanın fasadından baxdıqda qapının
yanlarındakı iki geniş qüllənin Hüqonun
soyadının latın
qrafikasındakı baş hərfli olan “H”-a bənzəməsi
ilə əlaqələndirirlər. Müəllif
öz romanı ilə təkcə binaya deyil, özünə
də, Horatsi demişkən, öz əli ilə
yaratdığı abidə qoymuşdur.
Bir məsələni də
qeyd etmək vacibdir ki, onun bu zəhməti həm də kilsə
binasına qayğı göstərilməsi nöqteyi-nəzərindən
faydasız qalmamışdır. Bir qədər sonra
kilsə binası əsaslı təmir edilmiş, uğurla
yenidən qurulmaya məruz qalmışdır. Notr-Damın populyarlıq qazanmasında isə
Hüqonun romanının təkanı, təsiri müqayisə
edilməz dərəcədə yüksəkdir. Kilsə binası Site adasından, Parisdən,
Fransadan kənara çıxıb, romanın və onun əsasında
çəkilmiş filmlərin hesabına bəşəriyyətin
əksəriyyətinin səcdə qıldığı bir məbədə
çevrilmişdir. Hüqonun
dühası Notr-Damı özünə məxsus Panteona
(bütün allahlara həsr olunmuş yer) çevirdiyindən,
dini fərqlərindən asılı olmayaraq hamı bu
müqəddəs bazilikaya ülvi hisslər bəsləyir.
(Əvvəli və ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.- 28 yanvar .- S.20.