“Vahdət-ul-vucud”dan süzülən misralar

 

Həyatım boyu bir neçə kərə sözün sehrinə düşmüşəm: söz ruhumun qapılarını açaraq, məni gündəlik yaşam tərzindən ayırmış, havalandıraraq qanadlarına alıb başqa aləmə aparmışdı.

Birinci kərə yeniyetmə çağımda ünlü şairimiz Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasını oxuyarkən bir neçə gün havalı gəzdim...

İkinci kərə gəncliyimin qızğın çağında böyük Füzulinin sevgi qəzəllərini oxuyub, eşq fəlsəfəsini anlamağa başlayanda göylərə uçmuşdum.

Üçüncü kərə avazı muğamdan gələn “Qurani-Kərim”in surələrini dinləyib, ərəbcə anlayanda bir sürə yerlə göy arasında qalmışdım.

Dördüncü kərə məni sehrə salan dünya qadın ədəbiyyatına başlanğıcdan öz töhfəsini verən Azər-türk elinin şairi Sona xanım Vəliyevanın İstanbulda nəşr olunmuş “Dünya görüş yerimiz” və “Türkün gəlişi” şeir kitablarıdır. Və sehr birdən-birə yaranmadı...

Bir neçə il öncə onun “Arazbarı” kitabındakı şeirləri oxumağa başlamışdım. Müəllifin Sovet dönəmində yay və qış tətillərində doğulduğu Şərura gedərkən Arazboyu şütüyən qatardan görə bildiyi o taylı-bu taylı Vətən haqqında yazmış olduğu şeirlər məni ovsunlamışdı. Gənc tələbənin yalnız qatarın pəncərəsindən bir neçə dəqiqəliyə görə bildiyi o tilsimli mənzərələrdən ən təsirlisinə - Xudafərin körpülərinə ondan çox-çox illər öncələr lap yaxından baxmışdım. “Arazbarı” məni o illərə qaytarmışdı.

... 1955-ci ildə atamı həmin o tarixi məkandakı Qumlaq məktəbinə direktor göndərmişdilər. Gecə gəldiyimiz üçün hələ elektrik işığı olmayan kəndi görə bilməmişdim. Odur ki, yuxudan duran kimi qəribə mənzərəli kəndin seyrinə çıxdım. Bu tayda Diri dağla o tayda Qaradağı ayıran dar vadi ilə qıjıltıyla axan Araz çayı, onun üzərindəki iki körpü, o tayda yolla gedən o taylının çayın şırıltısına qarışan zənguləsi, tikanlı məftillər, sərhəd gözətçisi vışkasının kəlləsində durbinlə ətrafa baxan rus əsgəri... Bu taydan o taya yalnız “ley” dediyimiz qartallar uça bilirdi. Kiçik Xudafərin kəndinin əhalisinə gündə bir saat əlisilahlı əsgərin ciddi nəzarəti altında Arazdan su götürməyə, paltar yumağa icazə verilirdi. O tayda sahil qayaları üstə durub bu taya həsrətlə baxanlarla nəinki danışmaq, heç başını qaldırıb onlara nəzər salmaq da yasaq idi. Ən yüngül cəza - su götürməyə buraxılmamaq idi. O zamanlar tələbə Sona qatardan düşmək, növbəti qatar gələnədək bu yerlərdə qonaq qalmaq istəsəydi, vaqonun girəcəyində dayanmış silahlı əsgər qoymazdı onu aşağı enməyə...

Bəli, Sona xanımın sözünün sehrinə düşməyim, beləcə “Arazbarı” kitabından başladı.

 

İçim də, çölüm də qəm dəryasıdır,

Dərbənd bağlı qapım, Təbriz lal anam.

Şuşa baş örpəyim, sürüşüb düşüb,

Şahın qarşısında necə dayanım?

 

(O bu şeiri Şah İsmayıl Xətainin Ərdəbildəki sərdabəsini ziyarətə gedərkən yazmışdır).

Şeirdəki kimi bədii nəsrdə, ədəbi-tənqidi yazılarında, elmi monoqrafiyalarında və jurnalistikada da öz sözünü demiş Sona xanımın çoxşaxəli yaradıcılığından bu kiçik yazıda əhatəli danışmaq mümkün deyil. Yalnız son ilyarımda onun İstanbulda nəşr edilmiş sözügedən şeir kitablarından söz açmaq istəyirəm. O kitablar ki, Anadolu türklərinə, özəlliklə qadın oxucularına layiqli bir ərməğan və örnək oldu. Tomrisdən, Məhin Banudan, Nüşabədən başlayan, Məhsəti Gəncəvidən, Heyran xanımdan, Natəvandan keçib gəlmiş, XX əsrdə Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin davam etdirdiyi Azərbaycan qadınının böyük yolunun yolçusu estafetini XXI əsrdə Sona xanım Vəliyeva qəbul etmişdir.

“Dünya görüş yerimiz”in titul yarpağında “Qurani-Kərim”dən, gözəl xəttatlıq nümunəsində yazılmış “Bismillahi ər-Rəhmani ər-Rahim” ayəsi ilə başlayan kitabın ilk şeirini oxuduqda sehrləndim:

 

Dünya görüş yerimiz

Görüşdük ben, anam, babam.

Ben o zaman sesdim, rengtim

Yerdeyse insan... Kanmışam.

 

Yerə gəldikdən sonra sanki peşman olur:

 

Derlər yerdədir doğmalar,

Geldim... ki, yalnız kalmışam.

 

Görünən, duyulan, eşidilən hər şeyi Yazanın yazmış olduğunu söyləyən müəllif şeiri belə bitirir:

 

Kalmaz geri hiç birşeyim,

Söyle ağam, söyle beyim...

Sevdim O`nu... Gideceyim,

Yollarına sovrulmuşam.

 

Sadə olduğu qədər də dərin fəlsəfəsi olan bu şeirlə başlayan kitab eyni ruhlu “Dünya sökük çuvaldır” şeiri ilə bitir:

 

Sökük çuvalda taneyiz,

Düşəriz ovaya, dağa.

Tanrı yeşertir yeniden,

Sevinir değirman ağa.

 

Ben kimem, kimim var burda,

Geldim neyi aramağa?

Dünya yollarda aynaymış,

Geldim çehreme baxmağa.

 

“Duası içinden derində” olan, “öz içinden keçib yola yol olmağa” dönən müəllif heç demə “yabançıların da yaxınları” olduğunu görür, “Şeytan biçimindəki insanlar”dan təəssüflənir. Şair şəninə neçə-neçə şeir yazdığı sözlə təskinlik tapır:

 

İçimde söz, sözde benim,

“Ol”dan önceki sözdenim.

Söz ölmezse, ben ölemem,

Geldim sözle var olmağa.

 

Bu baxımdan müəllifin misralarını misal gətirdiyimiz “Sözüm” və “Söz yolu” şeirləri çox xarakterikdir:

 

Koymaz bir kimseye minnet edeyim,

Ölüm haberimi söz götürecek.

Çoluktan, cocuktan, dostlardan önce,

Benim cenazeme sözüm girecek.

 

Yaxud da:

 

Sözün kapısını açıp görürüm,

Sabrım saçımdan asılmış gokten.

Canım söz içinde sirli kuşdur,

Allah melek gönder, kurtulmak için.

 

Mən bu misraları Anadolu türkcəsinə tərcümədən olduğu kimi köçürdüm. Sona xanımın bu kitabları ortaq türk dili üçün görk götürüləcək çox gözəl nümunədir. Sanki bu şeirlər heç çevrilməmiş, müəllif özü böylə yazmışdır.

Sona xanım bir dünya vətəndaşı kimi, imanlı müsəlman şairi kimi istər vətəni Azərbaycanda, istərdə də ölkə dışında, özəlliklə İslam dünyasında baş verənlərə biganə qala bilmir. Dərdlərinin baiskarları oturmuş Avropaya üz tutan İraq, Liviya, Suriya xalqlarının faciəsi təəssübkeş, incə ruhlu şairi ağrıdır, ürək yanğısı onu aslan kimi, səlib döyüşlərinin komutanı kimi haykırdır:

 

Kalk, arap, kalk gidelim,

Gitmededir son kervan.

Kalk gidelim, dertli adam,

İçinden bir yol başla!

Ta başı sondan başla!

 

Gitmen kurtuluş deyil,

Her kurtuluş yaşamak deyil,

İçine, özünə geri dön!

Kefen giyme, bayrak giy,

Dünyaya seslen: “Heyyy”...

Yurduna, yerine geri dön!

 

Vatan sondur, Vatan ezeldir,

Vatan için ölmek güzeldir,

Kalk, arap, kalk gidelim,

Gözü yollara dalan var,

Yol gedelim Vatana doğru,

Kalk, derdimin benzeri.

 

XXI əsr Azərbaycan poeziyasında, islam və türk qadın ədəbiyyatında örnək göstərilə bilən bu kitablardakı şeirləri oxuyub sehrinə düşəndə, adama elə gəlir ki, onların müəllifi min ildir yaşayır və yaşayacaq. Bu şeirlərdəki ölüm, O dünyaya köçmək misraları şəxsən məni üşəndirmir... Adam ölümü asan qəbul etməyə hazırlanır...

 

Ben “Ol”la gelmiştim, “Öl”le giderim,

Yaşamaq umudum hep sondan başlar.

 

Ya da başqa şeirdə:

 

Günahımla, suçumla

Sevabımla, borcumla,

“Yürek” isimli bohçamla

Kapına geldim, Allahım.

 

Bir ömürde gül diktim,

Sevinc verib qam çektim.

Yerden önce melektim,

Aldanıb geldim, Allahım.

 

Ömrüm kendim biçimde,

Sevgim, duam içimde.

Yol başladım içimden,

Kapına geldim, Allahım.

 

Sona xanımın şeirləri adamın ayaqlarını Yerdən üzüb, daima şüurumuzda suallara bələnmiş uzaq göylərə aparır, sonra baxıb görürsən o uzaqlar lap yaxındaymış... Yaxın-uzaq, əvvəl-axır yoxmuş... Hamısı şərtiymiş... Sona xanımın şeirləri “vahdət-ul-vucud”dan -Yaradanla yaradılanın tək qaynaqdan gəldiyini və “bir” olduğunu deyən dini-fəlsəfi dünyagörüşdən süzülüb gəlir.

Şairin “Türkün gelişi” kitabındakı eyniadlı şeiri isə bizi başqa aləmə aparır. Daha doğrusu, müəllif göylərə qaldırdığı oxucusunu Yerdə Tanrı dağına endirir...

 

Tanrı dağlarından vardım

Gönderdiler ben de geldim.

Gök bayrağım Yer gemimdi

Yol açtılar ben de geldim.

 

Yol verildi göçe varam

Karanlığa nur aparam

Dünyayı Hakk`a çağıram

Elimde nur, ışık geldim.

 

İlkte sonum, sonda ilkim

Tanrı aşkı Hak görküyüm

Gökten gelen Gök Türküyüm

Ben seçildim ben de geldim.

 

Hak bendedir, ben Haktayım

Yakındayım, uzaktayım

Ölçüsüz vakit tahtındayım

Zamanla ölçüldüm geldim.

 

Ürəyi böyük Turan dünyası, Vətən sevgisi ilə döyünən Sona xanım oxucusunu Tanrı dağından “Türkün duası”yla Böyük Çölə endirir... Qara dənizdən keçib Ağ dəniz qıylarınadək Yer üzünün ən gözəl, zəngin məkanlarını özünə yurd seçmiş, Vətən etmiş əcdadlarımızın iziylə düşmən tapdağı altında inləyən, “Şəhidlər”in qanı ilə suvarılmış torpaqlara da, qaçqın-köçkün düşərgələrinə də (“Göçmen kampı”) aparır... Ağı deməyə kimsə qalmamış yurd yerlərinə, itirdiklərimizə ağı demir, “Vətən üçün ölməyin gözəl olduğu”nu haykırır Vətən oğullarına... “Öncə can sağ olsun” deyən qorxaq, harın, vecsiz insanlara...

 

İçimiz boşaldı, torpakdan önce,

Sonra can gözükdü Vatan yerine.

Önce can sağlığı dileyenlerin,

Toprağı bölündü beden yerine.

 

Sağlığın, varlığın deger ölçüsü

Vatan sınırıdır, Vatan bayrağı.

Uğrunda ölmeyi becermedikce,

Toprak unutacak Vatan olmağı.

 

 

Fazil GÜNEY

 

525-ci qəzet.- 2017.- 28 yanvar .- S.19.