Ədəbi mövzunun qara traktovkası
Akademik Milli dram teatının yeni tamaşası
haqqında düşüncələr
Xislətin radiusu
və ədəbiyyat
İnsan yaradılışın ali varlığı olmaqla bərabər həm
də mürəkkəb xisləti, gizli və görünən
cizgiləri ilə anlaşılmaz və qəlizdir. Bu qəlizlik, heç şübhəsiz bitib-tükənməyən
mövzulara zəngin çalar qatır.
Dünya ədəbiyyatının,
dramaturgiyasının, habelə Azərbaycan əsərlərinin
mayasını insan xarakterinin rəngarəngliyi, xislət
çeşidi konteksində Xeyir və Şər mövzusu təşkil
edib. Mövzunun önəmli bəndi, ilk abzasda,
qara kursivdə verilən komponenti insan və pul xəttidir.
Yazıçı-dramaturq
Hüseynbala Mirələmovun indiyədək oxuduğum
bütün əsərlərində, habelə səhnə
versiyasına baxdığım pyeslərində bir səmimiyyət
hakimdir, vətənpərvərlik xətti qabarıqdır. Qarabağ
mövzusu, yurd dərdi yazıçıdan ötrü önəmlidir.
“Vəsiyyət” qara
komediyası “Axirətdən gələn zəng” pyesinin rejissor
versiyasıdır. İnsanlığa utanc gətirən bir hadisənin
ipucunda, insan və pul araşdırmasında “insan çiy
süd əmib”, “qarın qardaşdan irəlidir” teoremi aksiom qələbəsinin
təntənəsini yaşayır. Mövzu
ümumbəşəri yük daşıyır. El
arasında məsəl var: bir kəsi sınaqdan
çıxarmaq istəyirsənsə, ona ya vəzifə ver,
ya da pul. Az keçməz, iç
üzü özünü göstərər, “mən buyam”
deyib diş ağardar. Hüseynbala Mirələmov
sanki bu məsəli sloqan seçərək pyesinin
ekspozisiyasında sınaq laboratoriyası qurur və bir
milyarderin qəfil təklifi ilə onun qohumlarını
imtahana çəkir. Təəssüf ki,
yoxlamanın nəticələri biabırçı koordinatda
yer alır, Dövran Əminbəylinin ümidlərini,
qohum-qardaş sevgisini fiaskoya uğradır.
Yeri gəlmişkən, elə
baş qəhrəmanın adı və soyadı ictimai-siyasi,
fəlsəfi yükün rəmzidir. Pula pul deməyən,
milyardlar sahibi, istədiyi hər şeyi əldə edən -
bu qadın ürəyi olsa belə-zamanın, gərdişin
analoqudur. Habelə, yeddi arxa dönəminə,
ata-babasına bütünlüklə arxayındır, əmindir
- Əminbəyli. Və elə Dövran
özünün zaman sinonimi anlayışında ətrafdakıları
bir-bir xəlbirindən keçirir.
Lirik-psixoloji komediyada hər
obrazın daxili strukturu, dil xüsusiyyəti, davranış
manerası, həyata baxışı mükəmməl
işlənib.
Rejissorun “tələ”si
Əməkdar artist, Sumqayıt
Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun
Akademik Milli Dram Teatrında ilk quruluşu deyil, hər dəfə
də müxtəlif dövrlərin mədəni-ictimai
mühitinə, müxtəlif mövzulara müraciət etsə
də, nəticə yalnız bir kateqoriyanı təmsil edir:
mükəmməl traktovka.
Firudin mövzu ilə tanış
olan kimi çox götür-qoy etməyib, baxıb
görüb ki, bu cür pulgir, qansız insanlar sallaşır
əsərin səhifələrindən.
Yığıb-yığışdırıb onları, mən
sizin başınıza bir oyun açım ki, adam arasına
çıxa bilməyəsiniz, - deyib - daha doğrusu, Akademik
Teatrın səhnəsinə çıxar-çıxmaz
tamaşaçı sizi bir hoydu-hoyduya götürsün, siz də
baxın. Beləliklə, rejissor qollarını
çırmaladıqdan sonra komediya dönüb olub qara
kamediya. Oyun nə oyun?! İllah da ki,
Firudinə məxsus daxili rejissor plastikası, musiqi duyumu ola.
Rejissor Akdemik Milli Dram
Teatrının hər cür texniki imkanlara malik səhnəsinin
fırlanmasına, dekorasiyaların bölünməsinə,
filana ehtiyac duymayıb. Xalq rəssamı, Dövlət
mükafatı laureatı Nazim Bəykişiyevin istedadı və
təcrübəsi birbaşa rejissor traktovkasına xidmət
edib. Bütün hadisələr göz
önündə, bir məkanda baş verir. Tamaşaya sonacan baxdıqdan sonra quruluş
yetkilişinin texniki parametrlərdən istifadədən imtina
səbəbi bəlli olur. Dövranın
evində, dövranın zamanın gərdişində
vaxtın tələsini qurub. Bütün obrazlar
qaçaraq gəlirlər, ali dəyərlərdən
danışırlar, qardaş, bacı məhəbbətindən
dəm vururlar, Quran kəlamlarını əldə dəstəvüz
edirlər, Dövranı olmazın tərif və alqış
tüpürcəyində isladırlar, amma sən demə, tələnin
qurulduğu tamah şumuna düşürlər. Şuma da ki, düşdün, işin bitdi,
ayaqların dalınca gəlməz. Çabala
ki, çabala, tamaşaçı doyunca gülsün, çəpik
çalsın.
Dramaturqun təqdim etdiyi hər bir
obrazın rəngini-ruhunu, zövqünü, manerasını,
ədasını, yerişini-duruşunu, kütbeyinliyini, fəndgirliyini
rejissor elə üsulluca hazırlayıb ortaya
çıxarıb ki, ətrafına boylanırsan, ya da
yaddaşını zora salırsan: əcəba, bu gün,
yarım saat əvvəl gördüyüm Filankəs, Bəhmənkəs
deyil ki?!
Abbasın triumfu
Əməkdar artist Abbas Qəhrəmanov
intellekti olan, kifayət qədər mütaliəli, səhnə
sistemini mükəmməl bilən, psixoloji duyğularla
portretin iç cizgilərini təqdim etməyə qadir
istedadlı və geniş amplualı aktyorlardandır. Abbası ilk dəfə Akademik Milli Dram
Teatrının səhnəsində Bəxtiyar Vahabzadənin
“Fəryad” əsərində görmüşdüm. Rol sözsüz idi. Elə Abbas Qəhrəmanov
da sözünü deyə bildi. Təxminən 30 ildən
sonra yenidən eyni səhnədə oyununu izlədim: mükəmməl
ifada.
Milyonlar sahibi, sevgini də
pul gücünə qazanmağı normal sayan Dövran
Əminbəyli necə danışır, necə
gülür, necə zarafatlaşır, sevgisini necə bəyan
edir, xəyanəti necə qarşılayır, şübhələrini
necə biruzə verir? Bax, bunu Abbas Qəhrəmanovdan soruşmaq
lazımdır. Daha doğrusu, gəlib
tamaşaya baxmaq və heyrətlənmək lazımdır.
Əməkdar artist Abbas Qəhrəmanov
rejissorun tapşırığını ustalıqla yerinə
yetirərək milyonçunun çağdaş zəmanəyə
müvafiq tam yeni çalarlarla təqdim edir. Danışıq tərzi, zarafatları, cavabsız
sevgiyə qarşı ehtirası, özündən
müştəbehliyi, fəqət, bununla bərabər qəlbinin
dərinliyində qalmış insanlıq sevgisi - müasir əsərlərdə,
tamaşa, bədii film və seriallarda rast gəlmədiyimiz
yepyeni bir rəng. Və finalda
Dövranın doğmalarından gördüyü xəyanətə
reaksiyası, qəbirdə elektrik gərginliyindən xilas olub
evinə gəldiyi məqamı, nifrət dolu
baxışlarını möhtəşəm şəkildə
çatdırır Abbas Qəhrəmanov.
... Bir sözlə,
Əməkdar artist Abbas Qəhrəmanov teatr səhnəsində
triumffunu göstərə bildi.
Röyanın
kabus kimi yuxusu
Mən Röya rolunu dublyor Ləman
İmanovanın ifasında izlədim.
Xoşbəxt ailə həyatı
qısa sürmüş, sevgisinin naləsi ərşə
bülənd olmuş, zor hesabına Dövranla evlənmiş,
maddi cəhətdən heç vaxt heç nəyin
korluğunu çəkməyən, fəqət, mənəvi
kasadlığın nəm divarlarının
sıxıntısında çürüyən, içi
özünü, çölü özgəni yandıran, bəxtəvərliklə
talesizlik arasındakı neytral zonada laübalü gərdiş
edən, bəzən heç özü-özünü
anlamayan Röya - Ləmanın ifasında xarakterik rol kimi maraq
doğurur. Ləman İmanova Röyanın
xarakterindəki təzadları da real rənglərlə
çatdıra bilir. Dövranın qəddarlığını,
duyğusuzluğunu dar ağacından asarkən, əslində
özü də ətəyində namaz qılınası bəla
deyil.
Və sonda cəzasını
alır; kabus onu da öz qara kölgəsində giriftar edir:
sevmədiyi ərinin filippinli qulluqçudan oğlu
varmış, sən demə. Bu azmış kimi
axirətdən qayıdıb gəlmiş ərinin nifrət
dolu baxışı artıq onun kabusuna çevrilir. Bəlkə də Röya elə doğulandan yuxu
görürmüş, Dövranın qəbirdən
qayıtmasından sonra ayıldı?!?
Bayramın görə
bilmədiyi bayram
Əməkdar artist Mirzə
Ağabəylinin Bayramı “qarın qardaşdan irəlidir” zərbül
məsəlinin səhnə sloqanını təqdimata çıxarır. Dövranın
sayəsində milyonlara sahib olsa da, artıq özünü
oliqarx zənn edir və axirətdən gələn zəngə
qarşı çıxanlar sırasında birincilərdən
olur. Forsa bax: “Sonra deyərlər ki, Bayram Əminbəylinin
qardaşı xortlayıb”.
Təbii ki, öncə
dramaturq, sonra da rejissor imkan vermir ki, Bayram öz
bayramını görsün.
Zəhranın
yağış buraxan çətiri
Əməkdar artist Almaz
Amanovanın bəzəyib-düzəyib, ətə-qana gətirdiyi
Zəhraya heç rast gəlməmisiniz? İnanmıram.
Addımbaşı doludur belələri. Təsbeh əlindən, Allah sözü dilindən
düşməz. Danışanda ədası
Everest zirvəsini küləkləyər, əməli isə
yer axtarar başını gizlətsin. Almaz
bu qəbildən olan saxta dindarların həyat tərzini
mükəmməl təqdim edir. İş
həqiqətə gələndə, ortaya real milyonlar söhbəti
çıxanda, özgə vat onu-bunu qınayan “mömin
qadın”pul üçün onlardan daha çox canfəşanlıq
edir. Altında gizləndiyi çətir
yağış buraxırmış, demə...
Ceyranın
gözünü qan örtəndə
Qardaşının
hesabına yaşasa da, onun və arvadının kölgəsini
qılınclamağı peşəyə çevirmiş
Ceyran bütün davranışı, etiket, daha doğrusu,
etiketsizlik qaydaları ilə anti-mədəniyyət etalonu təqdim
edir. Fəqət, rejissorun “tələsi”nə
düşdükdə Ceyranın gözlərindən qan
damır, məntiqin, haqqın, ədalətin də
üzünə tüpürür, hələ meyiti
soyumamış qardaşına da. Saxta
ahu-zarını reklam saniyələri kimi xəsisliklə xərcləyir,
sonra da aman vermədən niyə Filankəsə ondan çox
pul düşüb hikkəsi ilə səhnəni toza-dumana
bürüyür.
Əməkdar artist Sevinc
Əliyevanın oyununda bu ştrixlər o qədər yerində,
zərrə-zərrə, dürüst verilib ki, artıq bir
hal tapmaq qeyri-mümkündür. Aktrisanın istedadı strukturu
dolğun, duzlu, koloritli bir obrazla tanış
olmaq imkanı yaradır.
Quşu ürəyindən
vuran Pirim
Rüstəm Rüstəmov
Sumqayıt teatrında, habelə, Musiqili Komediya
Teatrının səhnəsində yetərincə maraqlı
obrazlara can verib. Pirim obrazı Rüstəmin xarakterik
rollar qalereyasına daha yeni rənglər qatır.
Parça çeşidlərində
“özündənnaxış” olur. Rüstəmin yumor
duyğusu, komik səpgisi, oyun tərzi də özündə
bir “özündənnaxışlıq! əks
etdirir.
Və Allahı vermiş, ortada yeyib
qıraqda gəzən, qaynının hesabına meydan sulayan,
imkan düşdükcə ondan maksimum yağlı tikə
qoparmağı ali məqsəd sayan, yenə
də gözü doymayan, yenə də deyinən bivec,
harın, şorgöz yeznə obrazının dolğun,
inandırıcı ştrixlərini Rüstəm Rüstəmov
ustalıqla verə bilir.
Çoxbilmişin
novellası
Emin Əfəndinin
canlandırdığı Samir xəyanətlə tamahı,
sevgi ilə şəhvəti, hərisliklə hiyləni elə
birləşdirib ki, heç şeytan da baş aça bilməz. Amma fələk
ona ardıcıl zərbələr vurur. Və
çoxbilmiş dimdiyindən tələyə
düşür.
Hamıdan
çox insaf yiyəsi
Əməkdar artist Kazım Həsənquliyevin
yaratdığı Elman müəllim Dövran Əminbəyliyə
qanıbir, canıbir qohumlarından daha çox can
yandırır. İnsaf naminə, elə
Dövran da ona çox inanır.
Hərçənd, vəsiyyətnamədəki
bölgünü oxuyub adına
ayrılmış 10 milyonu görərkən özünü
itirir, həyəcandan boğulur. Baxma, nə qədər olmaya,insandır axı?! Amma finalda şefini xilas etməyə
can atan yeganə adam da odur. Hətta
İsgəndərsayağı ittihamnamə də söyləyir,
saxta sevgilərin üzünə tüpürür.
İstənilən halda Elman
xeyirxahlığı anlayan, ona qiymət verməyi bacaran, fəqət,
pulun hökmranlıq etdiyi bir zəmanədə bu zəhrimarın
qarşısında ikiqat əyilməsə də, laqeyd də
qala bilməyən orta statistik insandır.
Kazım Həsənquliyev də
insani duyğuları, sədaqəti, vicdanı, onlarla bərabər
yüngül sapmaları da çox ştrixlərlə və
ustalıqla çatdıra bilir.
Pərdəni
açıb-bağlayan qız
Filippinli xidmətçi
Delisay obrazı ilk baxışdan əyləncəyə xidmət
edir, tamaşanın fəlsəfi yükünü
yüngülləşdirməkdən ötrü
atılmış nəfəslikdir. Amma Dövranın
yeganə varisinin anası olması hər kəsdə şok
yaşadır. Həm də yalnız tamaşanın
sonunda anlayırsan ki, Delisoy yalnız texniki-fiziki parametrlərdən
pərdəni açıb-bağlayan qız deyil,
dövranın da, bu Dövranın da səhnə taleyi onun
“tıq-tıqlı” ayaqqabılarının, işvəsinin
kodundadır. Aktrisa Fəridə Şahbazova xidmətçinin
gizlinlərini ustalıqla canlandırır.
Öz dünyası
olan Timur
Oliqarx arvadının stilistinin nə
problemi ola bilər ki? İllah
da ki, Röya xanım bütün sirlərini, intim gizlinlərini
belə ona danışır, hətta dərdləşir də.
Timurçikin nə var-dövlətdə
gözü var, nə paylanan milyonlarda, nə baş verən
hadisələrdə şəxsi marağı. Sadəcə
peşəsinin vurğunudur,
yaradıcılığının bəhrəsini görməkdən
böyük arzusu yoxdur, hətta anormallığı, kişi kimi sayılmamağı belə
özünə dərd eləyən deyil.
İstedadlı aktyor,
parodiyaları ilə teleekranlardan tanınan Ramin Şıxəliyev
Timurun xarakterik, səciyyəvi cəhətlərini
ustalıqla çatdıra bilir.
Möhtəşəm
final və ruhun qiyamı
Zənnimcə,
tamaşanın janr qrafasında qara komediya ilə bərabər
sosial-mistik qroteks də yazmaq olar. Bu təsnifata finaldan
sonra daha çox haqq qazandırmaq istəyirsən.
Dövran qəbirdən
qalxıb gəlir, səhnədə, rejissorun tələsində
xislət yarasının üstü açılmış
doğmalarını nifrət atəşinə tutur.Vəsiyyətnaməni
dolabın gözündən tapıb cırır, birinci pərdənin
birinci gəlişində daxil olduğu qapıya tərəf
gedir. Məchulluğa doğru. Onsuz da
Allahdan gəlib Allaha getmirikmi?!
Allahım, bəlkə heç Dövran xortlamayıb?
Bəlkə heç bu
biabırçı hadisə baş verməyib?! Nə dəxli
var? Firudin Məhərrəmov obrazın həllini
belə düşünüb. Öz
aramızdır, əla da düşünüb. “Sahibinə qarşı xəyanət etdiyiniz pul
boğazınızdan keçəcəkmi?!” ittihamıdır
bu, rejissor halqaya çevirib bir-bir keçirir
boğazlarına. Ruhun qiyamı möhtəşəm
musiqi ilə vəhdətdə qeyri-adi effekt verir.
Və mükəmməl
mistik final alınır.
... Bu, həm də
pritça-tamaşadır.
Hafiz İMAMNƏZƏRLİ
“Mədəniyyət” kanalının əməkdaşı,
Zərdabi mükafatı
laureatı
525-ci qəzet.-
2017.- 28 yanvar .- S.18 -19.