Macar türkologiyasının ikinci adamı
(Əvvəli
ötən cümə sayımızda)
Türklərin
Macarıstanda etibarlı dostu
İqnats Kunoş beş
illik səyahətdən böyük təəssüratlarla, ən
vacibi isə sonrakı tədqiqatlara zəmin hazırlayan zəngin
materialla geri dönmüşdü.
Hələ Türkiyədə
elmi ekspedisiyasını davam etdirdiyi dövrdə çap
olunan əsərləri ona ümumavropa şöhrəti
qazandırmışdı. Osmanlı hamilərinin
yardımı ilə İstanbuldan birbaşa Berlin, yaxud Parisə
getmək, fəaliyyətini Avropa türkoloji mərkəzlərində
davam etdirmək imkanına malik idi. Lakin o, Macarıstana dönməyi
üstün tutmuşdu.
Burada Peter Pazmani universitetinin
tarix-filologiya fakültəsində türk dili və ədəbiyyatı
məşğələlərini aparmağa
başlamışdı. Bir müddət sonra Budapeşt Kral
universitetində dosent vəzifəsinə irəli çəkilmişdi.
1892-ci ilin fevralında Macarıstan EA-nın
Dilçilik Komitəsi ona türkcə-macarca sözlük
hazırlamağı tapşırmışdı. Kunoş təklifi sevinclə qəbul etmişdi.
Gələcək lüğətlə bağlı akademiyaya
rəhbərliyinə ünvanladığı məktubda ərəb
və fars kəlmələrini sərf-nəzər
edərək xalis türk sözlərinə
üstünlük verəcəyini, eyni zamanda daha geniş
ölçüdə türkoloqların işinə
yaraması üçün türkcə-macarca-almanca-fransızca
lüğət ortaya qoymaq niyyətində olduğunu
bildirmişdi. Çox güman ki, maliyyə problemi öz həllini
tapmadığından sözlük üzərində iş
ümumiyyətlə başlanmamışdı.
Macarıstan EA türk
dilçiliyi və folklorşünaslıq sahələrində
diqqətəlayiq araşdırmalarına görə
1893-cü ildə gənc alimi müxbir üzvləri
sırasına seçmişdi. Üstəlik,
yarım əsrdən çox Akademiyanın Şərq
Komissiyasının üzvü olmuşdu. İqnats
Kunoş həm də Osmanlı imperatorluğu Elmlər
Akademiyası funksiyası daşıyan İstanbul Cəmiyyəti-Eimiyyəsinin
fəxri üzvü idi.
1900-cu ildə gənclik dostu, fin-uqor mənşəli voqul və ostyak dilləri üzrə mütəxəssis Bernard Munkaçi (1860-1927) ilə birlikdə “Keleti Szemle” (“Şərq İcmalı” dərgisinin əsasını qoymuşdu. Beş il sonra həmin elmi nəşr Beynəlxalq Orta və Şərqi Asiya Cəmiyyətinin (1903-cü ildə İqnats Kunoş bu qurumun sədri seçilmişdi) rəsmi yayın orqanına çevrilmişdi. İlk saya yazdıqları ön sözdə Kunoş və Munkaçi başlıca məqsədlərinin Avropada yeganə Asiya mənşəli xalq kimi tanınan, tarix səhnəsinə hunların, avarların, sabirlərin varisi kimi qədəm qoyan macarların mənşəyini araşdırmaq olduğunu bildirmişdilər. Bu məqsədlə Ural-Altay dil ailəsinin etnologiyası, etnoqrafiyası, antropologiyası, folkloru, dili, mədəniyyət tarixi və arxeologiyası ilə bağlı araşdırmalara geniş yer verəcəklərini bəyan etmişdilər. Jurnalın ilk sayında nəşrlə əməkdaşlığa razılıq vermiş N.Katanov, V.Radlov, V.Tomson, K.Foy, V.Banq-Koup, Y.Halevi, E.Braun, R.Basser, E.Gibb, G.Yakob və b. görkəmli türkoloq və şərqşünasların adları sadalanmışdı.
Məşhur ifadədə deyildiyi kimi, “hər yeni yaxşı unudulmuş köhnədir”. Bizim günlərdə macar xarici siyasətinin əsas istiqamətlərindən biri “Şərqə açılım” (Eastern opening) adlanır. Əslində, burada yeni bir şey yoxdur. Asiyanın oyanması ərəfəsində - XIX əsrin sonlarında da macar hökuməti eyni siyasəti təqib edirdi. Hətta bu məqsədlə Şərq Ticarəti Seminarları təşkil olunmuşdu. 1899-cu ildə həmin daimi seminarlar əsasında ali məktəb statuslu Şərq Ticarət Akademiyası yaradılmış, rektorluğuna isə İqnats Kunoş gətirilmişdi. Türkoloq-alim çox həssas yanaşma tələb edən Şərq ölkələri ilə iqtisadi və ticari əlaqələr qurmazdan əvvəl yerli xalqların dilini, psixologiyasını, ənənələrini öyrənməyi vacib sayırdı. 1914-1915-ci tədris ilində Akademiyanın 279 tələbəsindən 26 nəfəri rektorun rəhbərliyi altında türk dilini və Osmanlı iqtisadiyyatını öyrənirdi. 1918-ci ildə Budapeşt universitetinin tarix-filologiya fakültəsini fəlsəfə doktoru dərəcəsi ilə bitirən və universitetdə türk dili dərslərini Kunoşdan alan gələcəyin görkəmli türkoloqu Bəkir Çobanzadə də bir müddət bu Akademiyada çalışmışdı.
İqnats Kunoş tələbələrinin kitab və dərsliklərə tələbatını nəzərə alaraq “Osmanlı Türkcəsinə giriş”, “Chrestomathia Turcica” (“Türk müntəxəbatı”) kimi spesifik vəsaitlər hazırlamışdı. Onun rəhbərliyi altında Türkiyə üzrə ixtisaslaşanların ölkənin iqtisadi həyatı ilə yerində tanış olmaları üçün İstanbula səfərləri həyata keçirilmişdi. Digər tərəfdən, Macarıstan Turan cəmiyyətinin xətti ilə 1916-1917-ci tədris ilində ali təhsil almaq məqsədi ilə Budapeştə gələn türk gənclərindən 12 nəfəri Şərq Ticarət Akademiyasını seçmişdi.
Bütünlükdə, Türkiyədən döndükdən sonra yarım əsrdən çox sürən elmi fəaliyyəti dövründə İqnats Kunoş türk dili, folkloru, etnoqrafiyası, türk-macar ədəbi-mədəni əlaqələri barəsində 200-ə qədər məqalə və 10-dan çox kitab çap etdirmişdi. Bu əsərlərin bir qismi türk və alman dillərində qələmə alındığından, habelə Qərb dillərinə tərcümə edildiyindən geniş miqyasda yayılmışdı. Ən əsası isə onların müəllifi həmişə türklərin dostu və xeyirxahı kimi qalmağı bacarmışdı.
Folklor ardınca... əsir düşərgəsinə
Birinci Dünya müharibəsində Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları Rusiya, Fransa və İngiltərəyə qarşı vuruşurdu. 1915-ci ildə Avstriya-Macarıstan ordusunun cənub-qərb istiqamətində, Karpatlarda və Qalisiyadakı uğurlu hərbi əməliyyatları nəticəsində çoxsaylı rus əsgər və zabitləri əsir alınmışdı. Onların arasında müsəlmanlar da az deyildi. Çox güman ki, müttəfiq Osmanlı dövlətinin sayəsində komandanlıq hərbi əsirləri dini mənsubiyyətə görə ayırmışdı. Avstriya-Macarıstan ərazisində müsəlmanlar üçün təxminən qırx min nəfərin saxlandığı iki düşərgə yaradılmışdı. Onlardan biri Budapeştin 60 kilometrliyində, tarixi Esterqom şəhəri yaxınlığında, digəri isə Egerde (Macarıstanın şimalında yerləşən eyni adlı şəhərlə qarışıq salmamalı, indi Cheb adlanan bu şəhər Çex Respublikası ərazisindədir) yerləşirdi. Əsirlərə gəldikdə milli tərkib etibarı ilə Kazan, Krım, Mişar tatarları, başqırd, qumuq, noqay və az sayda türkmənlərdən ibarət idilər. Burada Qafqaz və Dağıstan müsəlmanlarının olması haqda məlumata da təsadüf edilir. Tərkibində azərbaycanlılardan ibarət alayın vuruşduğu məşhur “Vəhşi Diviziya”nın Qalisiya cəbhəsinə göndərildiyini nəzərə alsaq, hərbi əsirlər arasında tək-tük soydaşlarımızın mövcudluğu da istisna edilməməlidir.
Əsir düşərgəsində müxtəlif türk boylarının təmsilçilərinin olduğunu öyrənən İqnats Kunoş dərhal hərəkətə keçmişdi. Öz ayağı ilə qapıya gəlmiş fürsətdən yararlanmamaq ona ağılsızlıq görünürdü. Dillərini, xalq ədəbiyyatlarını öyrənmək istədiyi Kazan və Krım tatarları, başqırdlar, noqaylar indi Macarıstanda idilər. Doğrudur, bura öz xoşları ilə gəlməmişdilər. Talelərindən məmnun qalmaq üçün əsasları yox idi. Amma çox şeylərini itirsələr də, təbii ki, mahnılarını, nağıllarını, dastanlarını qorumuşdular. Bəlkə də əsirlər günün birində vətənə qayıdacaqdılar. Əsas məsələ gətirdikləri mənəvi sərvətin mümkün qədər çoxunu Macarıstanda saxlamaq idi. Hərb dövrünün çətinliklərinə baxmayaraq İqnats Kunoş Macarıstan EA vasitəsi ilə müsəlman əsir düşərgələrinə folklor və etnoqrafik ekspedisiyanın təşkili ilə bağlı Avstriya komandanlığından izn almağa müvəffəq olmuşdu.
1915-ci ilin yazında o, Kenyermezö (Esterqom) düşərgəsinə gəlmiş, bir neçə həftə burada qalıb Kazan tatarlarından eşitdiyi ağız ədəbiyyatı nümunələrini toplamışdı. Onların arasında “Çora Batır” dastanı da vardı. Qədim abidədə bir epizod alimin diqqətini xüsusi çəkmişdi: qorxunc təhlükə qarşısında qalan Çora Batır özünə yaxın saydığı Etele xana sığınır. İqnats Kunoşun fikrincə, adı çəkilən Etele xan hunların əfsanəvi hökmdarı Atilladır. Başqa sözlə desək, xalq dastanı tatarlarla macarların əcdadları arasındakı bağlılığa işarə edir.
Növbəti ildə alim bir neçə ay 30 min əsirin saxlandığı Eger düşərgəsində qalmışdı. Yüzlərlə jır (şeir), ekaye (nağıl), şərqi, atalar sözü qələmə almışdı. Həm də Esterqom düşərgəsindən fərqli olaraq bu dəfə İqnats Kunoş tək deyildi. Onunla birlikdə, əgər belə demək mümkünsə, bütöv tədqiqatçılar qrupu çalışırdı. Avstriyalı etnomusiqi araşdırıcısı Robert Lach (1874-1958) fonoqrafla tatar xalq musiqisi örnəklərini yazıya alırdı. Şərqşünas Gotthold Veil (1882-1960) əsirlər arasında yayılmış ədəbi mətnlərin və çap məhsullarının tədqiqi ilə məşğul olurdu. Vyana Etnoqrafiya və Antropologiya İnstitututunun qurucusu Rudolf Röch (1870-1925) türk-tatar antropologiyası sahəsində araşdırmalar aparırdı. Vyanadakı İmperator Elmlər Akademiyası və Macarıstan EA tədqiqatların yüksək dəqiqliklə həyata keçirilməsi üçün alimləri dövrün bütün mövcud texniki vasitələri ilə təmin etmişdi. Egerdə çəkilən yüzlərlə foto-şəkil təkcə düşərgə həyatını işıqlandırmaq deyil, həm də insan tiplərini, tatarlara məxsus üz quruluşunu, fiziki keyfiyyətləri, antropoloji xüsusiyyətləri əks etdirmək baxımından böyük maraq doğururdu.
Eger düşərgəsindəki Mişar tatarları Kunoşun diqqətini daha çox çəkmişdi. Bu da adlarının macarların Megyer tayfasının adı ilə bənzərliyindən irəli gəlirdi. Hətta mişarların tatarca nitqi də səslənmə tərzi, habelə bəzi spesifik fonemlərin mövcudluğu baxımından macar dilini xatırlatmışdı. Onlardan “giyr” (bəlkə də şeir? - V.Q.) adlandırdıqları xeyli sayda şərqi toplamaq mümkün olmuşdu. Kazan tatarlarının melanxolik əhval-ruhiyyədə köklənmiş şərqiləri ilə müqayisədə Mişar giyrləri daha şən, çılğın və oynaq idi. Mişar adlarının islam öncəsi türk şəxs adlarına bənzəməsi də alimin diqqətindən yayınmamışdı. Kunoş mişarların macar olduqları, yalnız sonradan tatarlaşdıqları ilə bağlı fərziyyə irəli sürmüşdü.
Müxtəlif türk xalqlarının təmsilçiləri ilə ünsiyyət nəticəsində alim Kazan tatarlarının mütəşəkkil qüvvə kimi çıxış etməsi, mədəni-siyasi inkişaf baxımından öncüllüyü qənaətinə gəlmişdi. Hətta Vəliyev soyadlı bir tatar hərbi əsirindən tatar dili dərsləri də almışdı. Krım tatarlarına gəldikdə digər türk boyları ilə müqayisədə Osmanlı təsirinə daha çox məruz qaldıqlarını, bunun demək olar ki, milli kimliyi itirmək həddinə yaxınlaşdığını vurğulamışdı. Krım noqaylarının xalq ədəbiyyatının tədqiqi ilə bağlı ilk təşəbbüsün Kunoşa məxsusluğu da ayrıca qeyd edilməlidir.
Əsirlər arasından folklor toplanması və etnoqrafik tədqiqatlar aparılmasının nəticələri barəsində 1916-cı ilin yanvar ayında Macarıstan EA-da İqnats Kunoşun xüsusi məruzəsi dinlənilmişdi. Məruzənin mətni eyni ildə “Tatar əsirlərinin düşərgəsində. Müsəlman əsir düşərgəsində apardığım araşdırmalar haqda məlumat” adı altında ayrıca broşura şəklində nəşr edilmişdi.
Əsir düşərgələrindəki Volqaboyu, Krım və Qafqaz türklərindən toplanmış zəngin materalı sistemə salıb çap etdirmək Kunoşa müyəssər olmamışdı. 1952-ci ildə Macarıstan EA-sı alimin ailəsindən onun 1914-1918-ci illər dövrünü əhatə edən bütün əlyazmalarını (üst-üstə 1250 vərəq həcmində) Şərq kolleksiyası üçün satın almışdı. Tanınmış macar türkoloqu, professor Juja Kakuk həmin məxəzlər əsasında 1980-ci ildə Budapeştdə “Kazan tatarlarının xalq türküləri”, 1989-cu ildə İmre Baski ilə birlikdə “Kazan tatarlarının xalq nağılları” (almancaya tərcümə ilə), 1993-cü ildə Ankarada “Krım tatarlarının şərqiləri”, habelə 1986-cı ildə Segeddə “İndeksli Mişar tatar mətnləri” kitablarını çap etdirmişdir. Materialların müəyyən qismi isə hələ də araşdırıcısını gözləməkdədir.
Yeni Türkiyə ilə əlaqələri
Türk torpağına ilk dəfə 1885-ci ildə qədəm basan İqnats Kunoş sonrakı onilliklərdə elmi fəaliyyətini, türk insanı ilə ünsiyyət və əlaqələrini bir-birini əvəz edən fərqli siyasi rejimlər - Osmanlı imperatorluğu, ittihadçılar hakimiyyəti, nəhayət, Türkiyə Cümhuriyyəti şəraitində sürdürməli olmuşdu. Təbii ki, taleyinin möhkəm tellərlə bağlandığı dost ölkədə baş verən dəyişikliklərə heç zaman laqeyd qalmamışdı. Daxili siyasətlə maraqlanmasa da üzərinə götürdüyü maarifləndirmə və mədəniyyət missiyasını bacardığı qədər yerinə yetirməyə çalışmışdı.
O, avropalılar içərisində birincilər sırasında türk ziyalılarının diqqətini xalq dilinin gözəlliyinə, ifadəliliyinə cəlb etmişdi. Ərəb-fars ünsürlərinin qarışdığından ibarət osmanlıcadan Anadolunun danışdığı, şifahi ədəbiyyat incilərini yaratdığı təmiz türkcəyə keçilməsi fikrinin zəruriliyini əsaslandırmışdı. Bütün fəaliyyəti boyu Silard Silyaqinin də dəqiqliklə sezdiyi kimi, “milliyyətçi türk kimi düşünüb öncə Osmanlı dövlətinin, sonra da Türkiyə Cümhuriyyətinin modernləşmə və qüvvətlənmə istəyini səmimi şəkildə dəstəkləmiş, irəliyə doğru hər addmlarını sevinclə alqışlamış, yanlış saydığı işləri də tənqid eləməkdən çəkinməmişdi”.
Birinci Dünya müharibəsi başlananda Kunoş macar mətbuatında “Türk saatı” adlı məqalə ilə çıxış etmişdi. Müəllif bir sıra Avropa ölkələri və Rusiyanın milli azlıqları müdafiə adı altında Osmanlı imperiyasını parçalamağa, çökdürməyə çalışdıqlarını tarixi faktlarla ortaya qoymuşdu. Savaşdan qalib çıxacağı təqdirdə dünyanın tamamilə yeni bir Türkiyə - türk və islam dünyasının başında dayanan modern dövlətlə üzləşəcəyinə inamını ifadə etmişdi. Hər şey əksinə oldu. Amma dünya həqiqətən də qarşısında yeni Türkiyə gördü - bu müzəffər Qurtuluş Savaşı nəticəsində qurulan Türkiyə Cümhuriyyəti dövləti idi.
Türklərin həqiqi dostu kimi İqnats Kunoş Yeni Türkiyənin yanında yer almağa, onun həqiqi niyyət və istəklərini Avropada təbliğ etməyə gecikmədi. Atatürk Türkiyəsi də alimə eyni isti, inamlı münasibət göstərdi. Topladığı folklor mətnləri 1920-ci ildən etibarən təfriqələr halında türkcə nəşr olunurdu. Türk Ocaqlarının rəhbəri, dövrün maarif naziri Həmdüllah Sübhinin dəvəti ilə 1924-cü ildə İstanbul Darülfününun qonağı olmuş, tələbələr qarşısında türk xalq ədəbiyyatı və türk-macar əlaqələri haqqında silsilə mühazirələr oxumuşdu.
İstanbuldan geri qalmaq istəməyən paytaxt Ankara isə növbəti il İqnats Kunoşa qucaq açmışdı. Buradakı çıxışları da eyni dərəcədə uğurlu keçmişdi. Türk Ocaqlarının təşəbbüsü ilə mühazirələri 1925-ci ildə çap olunub yayılmışdı. Macar mətbuatındakı yazılarında alim qısa dövr ərzində türk cəmiyyətində baş verən dəyişikliklərdən heyranlıq hissi ilə söz açmışdı. Həmişə böyük hörmətlə yanaşdığı, avropalılara nümunə göstərdiyi türk ailəsinin, xüsusən türk qadınının yeni dövrün tələblərinə sürətlə uyğunlaşması Kunoşu xoş bir şəkildə heyrətləndirmişdi.
1920-ci illərin birinci yarısında Türkiyədə həm rəsmi dairələri, həm də cəmiyyəti düşündürən dil və əlifba islahatı da onun nəzərindən yayınmamışdı. Maraqlıdır ki, əsrin başlanğıcında Səlanikdə qurulan, türkcənin sadələşdirilməsini başlıca hədəfi sayan “Osmanlı lisan cəmiyyəti”nin dildə islahat məsələsi ilə bağlı üz tutduğu bir neçə tanınmış mütəxəssis sırasında İqnats Kunoş da vardı. O, yeni şəraitdə dilin yenilənməsini zəruri sayırdı. Türkcədə lüzumsuz ərəb-fars kəlmələrini əvəzləməyə yetərincə lüğət ehtiyatı olduğuna inanırdı. 1930-cu ildə “Macar dilçiliyi” jurnalında “Türk dilinin yenilənməsi” adlı məqalə ilə çıxış edərək Atatürkün iradəsi ilə başlanmış dil islahatına Türkiyəni yenidən öz milli varlığına qaytaran mədəni inqilab kimi böyük dəyər vermişdi.
Əlifba məsələsində isə İqnats Kunoş nisbətən tərəddüdlü mövqe tuturdu. Maarifin daha asan və sürətlə yayılması, Türkiyənin çağdaş dünyaya inteqrasiyası üçün latın əlifbasına keçidin zəruriliyi fikri ilə razılaşırdı. Lakin hərf dəyişikliyinin mədəni ənənələrin davamlılığı baxımından yaratdığı təhlükəni də aydın görürdü və türk dostlarını bu məqam üzərində daha ciddi düşünməyə səsləyirdi.
İqnats Kunoş və Azərbaycan
İqnats Kunoş heç vaxt Azərbaycanda olmamışdı. Şifahi xalq ədəbiyyatımız haqqında ayrıca tədqiqat əsəri də mövcud deyil. Amma türk dünyasının tarixində, mədəni-mənəvi həyatında ölkəmizin yerinə və mövqeyinə yaxşı bələd idi. Xüsusən də XIX yüzilliyin ikinci yarısından etibarən islam dünyasında vüsət alan yeniləşmə hərəkatında Azərbaycan ziyalılarının rolunu dəqiq, obyektiv müəyyən etmiş və dəfələrlə türkologiyaya dair araşdırmalarında vurğulamışdı.
Əsərlərində Azərbaycanla bağlı ilk qeydə 1886-cı ildə təsadüf olunur. Həmin il aprel ayının 10-da İstanbuldan Budapeştə, müəllimi Yozef Budensə məktubunda topladığı türk nağıllarını nəzərdən keçirib fikir bildirmək məqsədi ilə milliyyətcə Azərbaycan türkü olan bir “arkadaşına” verdiyini bildirir. Həmin şəxs mətnlərlə tanışlıqdan sonra macar dostunun diqqətini Osmanlı və İran türklərinin nağılları arasındakı yaxınlığa, ümumi və oxşar cəhətlərə çəkmişdi. Bu da öz növbəsində İqnats Kunoşa tədqiqatlarının əhatə dairəsinin genişləndirməyə imkan yaratmışdı. Bir neçə ay sonra Budensə növbəti məktubunda ağıllı məsləhətdən yararlandığını, macar və türk nağıllarının ehtimalı İran mənşəyini araşdırmaq məqsədi ilə İran türklərinin əldə olan folklor nümunələrini öyrəndiyini yazmışdı.
Osmanlı paytaxtında, Azərbaycan folklorunun özəllikləri haqda peşəkar səviyyədə mülahizə yürüdən azəri türkü kim ola bilərdi? Bu sualın cavabını İqnats Kunoşun ömrünün sonuna yaxın, 1942-ci ildə qələmə aldığı “İstanbul xatirələrim” adlı məqaləsində tapmaq mümkümdür. Digər məsələlərlə bir sırada həmin yazıda Freydman adlı zəngin yəhudinin Fələstini sultan II Əbdülhəmiddən satın almaq, orada Osmanlı imperiyasına bağlı yəhudi krallığı qurub özünü kral elan etmək niyyətindən danışılırdı.(Maraqlıdır ki, yəhudi dövləti ideyasının banisi Teodor Gertsl də Armin Vamberi vasitəsi ilə sultana yol tapmağa, yəhudilərin Fələstinə kütləvi köçünü təşkil etməyə çalışmışdı - V.Q.) Bu barədə Kunoşa Almaniyanın “Kölnische Zeitung” qəzetinin müxbiri, türk dili dərsi keçdiyi doktor Grosser məlumat vermişdi. Freydman danışıq və yazışmalarını aparmaq üçün türk və Avropa dillərini bilən bacarıqlı katib axtarırdı. Milliyyətcə yəhudi Kunoşla daha yaxından tanışlığın kökündə də onu siyasi avantürasına qoşmaq niyyəti dayanırdı. İqnats Kunoş doktor Grosserin İstanbulun Pera səmtindəki evində Freydmanın iştirakı ilə keçirilən axşam yeməyinə köhnə tanışı, Rusiyanın “Novosti” qəzetinin Türkiyə müxbiri, “Qafqaz əsilli Məhəmməd Şahtaxtinski bəylə” birlikdə getdiyini yazırdı. Üstündən az qala 60 il keçəndən sonra Kunoşun azərbaycanlı “arkadaşını” dəqiq xatırlaması münasibətlərinin yaxınlığı barədə, habelə elmi axtarışlarında özü də Şərq dilləri mütəxəssisi kimi tanınan Məhəmməd ağa Şahtaxtinskinin məsləhətlərindən yararlanması haqda düşünməyə əsas verməkdədir.
Bəlkə də bu tanışlığın, fikir mübadilələrinin təsiri altında İqnats Kunoş 1887-ci ilin sonunda “ tale izn verdiyi təqdirdə Krım və Qafqaz türklərini ziyarət etmək, onların ləhcələri və şifahi xalq ədəbiyyatları ilə bağlı” çalışmaq istədiyini Budapeştə bildirmişdi. Təbii ki, söhbət formal icazədən yox, nəzərdə tutulan səfərə vəsait ayrılmasından gedirdi. Lakin Macarıstan EA Türkiyədə işin başa çatdırılmadığını əsas gətirib yeni uzun müddətli səfəri maliyyələşdirməkdən boyun qaçırmışdı. Nəticədə, bu mühüm layihəni həyata keçirmək mümkün olmamışdı. Kunoş təəssüf hissini gizlətməmişdi. Məşhur rus həmkarı akademik V.V.Radlov qərb türkləri üzrə dünya miqyasında tanınmış mütəxəssis olduğu kimi o da şərq türklərinin tədqiqi sahəsində birincilik çələngini qazanmaq istəyirdi.
Yuxarıda da qeyd edildiyi kimi Anadolunun müxtəlif yerlərində Kunoş türk dünyası üçün müştərək olan Nəsrəddin Xoca - Molla Nəsrəddin lətifələri, oxşar süjetli nağıllar, “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi dastanlar toplamışdı. Ayrıca “Koroğlu” dastanını 1893-cü ildə Budapeştdə “Asiya eşkiya (qaçaq) qəhrəmanının romanı” adı altında kitab kimi çap etdirmişdi. Alim yazıya aldığı həmin xalq ədəbiyyatı nümunələrini yerli türk mühitinin məhsulu saymaqla bir sırada onların ilkin mənbəyini azərbaycanlılar arasında axtarmağın tərəfdarı kimi çıxış edirdi. Həm də tədqiqatçının fikrincə, Azərbaycan türkləri arasında yaranan dastanlar Anadoluya yazılı şəkildə yol tapmışdı: “Azərbaycan ləhcəsi ilə Türkiyə türkcəsi arasında çox az fərq olduğundan dolayı bu yazıları oxulanlar onların Anadoluda yarandığını sanmışlar”.
İqnats Kunoş ümumtürk folklorunda Azərbaycanın müstəsna mövqeyindən bəhs edərkən belə bir nəticəyə gəlirdi: “Lisan və mövzularından istidlal edildiyinə (nəticə çıxarıldığına) görə Azərbaycan və İran türklərinin oturduqları yerlər ilk vətən... Bunlar həqiqət halda türkmənlərin qəhrəmanlıq masallarıdır. Sırasına görə Osmanlı və yaxud İran türkləri arsın (mədəniyyətin) gəlmiş yerinə görə şiə, yaxud sünni bir rəng almış, hər halda Anadoludan əvvəl Azərbaycanda yaşamışdır”. Alim fikirlərini əsaslandırmaq üçün Teodor Benfeyin XIX əsr folklorşünaslığında geniş yayılmış məşhur “köç nəzəriyyəsinin” prinsiplərinə əsaslanırdı.
Macar tədqiqatçısı Silard Silaqi də özünün “İqnats Kunoş. Türk folklor araşdırmalarında bir önçü” əsərində bu prinsipial məqama diqqət yetirməyi vacib saymışdı: “Kinoş yazıya keçirilmiş xalq hekayələrinin İran və Azərbaycan türkləri arasında ortaya çıxdığını, oradan Anadoluya və İstanbula gəldiklərini yazar”.
Digər tərəfdən, “türkmən” etnonimi ilə indiki türkmənlər deyil, Azərbaycan türklərini nəzərdə tuturdu. Çünki Kunoş yörüklərin qızılbaş olduğunu, eyni zamanda Anadolunun Keleş mahalında Qaraqoyunlu və Ağqoyunlu tayfalarının təmsilçiləri ilə görüşdüyünü diqqətə çatdırırdı. Onların dilində ərəb-fars sözlərinə az təsadüf edilməsi, tərəkəmə qadınlarının sərbəst davranışı, tayfa həyatındakı demokratizm ünsürləri macar tədqiqatçının diqqətindən yayınmamışdı.
Folklor nümunələrinin, ilk növbədə isə geniş yayılma arealına malik şərqilərin toplanmasına Anadolu ilə müqayisədə Volqaboyu və Azərbaycan türkləri arasında daha tez başlanması, həm də bu işin əsasən milli ziyalı qüvvələrin səyi nəticəsində görülməsi macar alimini xoş bir şəkildə heyrətləndirmişdi. İqnats Kunoşun “Türk xalq ədəbiyyatı” kitabından göründüyü kimi, (əsər 1978-ci ildə Tuncər Gülənsoyun transliterasiyası ilə latın əlifbasında da çap olunub) konkret adlara istinad etməsə də, alimin ümumən mövcud nəşrlərlə tanışlığı nəzərə çarpır. Məsələn, Volqaboyu və Azərbaycandakı foklor toplama və araşdırmaları fonunda türk alimlərinin xalq irsinə laqeyd münasibəti tənə və töhmət dolu aşağıdakı sözlərində öz əksini tapmışdı: “Hətta tatarların bu məsələyə dair araşdırmaları məlumdur. Kazan tatarlarının “jır” adlanan xalq şeirləri çoxdan nəşr edilmiş, Azərbaycan türklərinin milli türküləri çoxdan yayımlanıb. Yalnız osmanlılarmı geri qalsın? Yalnız onların xalq ədəbiyyatımı meydana çıxmasın?”
İqnas Kunoş Osmanlı imperiyasının, Qurtuluş Savaşı qalibiyyətlə başa çatandan sonra isə Türkiyə Cümhuriyyətinin modernləməsində Rusiyadan gəlmiş ziyalıların, ilk növbədə Yusif Akçura, Əhməd Ağaoğlu kimi ictimai-siyasi xadimlərin, islahatçı fikir adamlarının xidmətlərinə yüksək qiymət verirdi.
Azərbaycan əsilli türk dilçisi, türkologiya sahəsindəki mühüm tədqiqatlarına görə Macarıstan EA-nın müxbir üzvü və Körösi Çoma Dilçilik Cəmiyyətinin həqiqi üzvü seçilmiş professor Əhməd Cəfəroğlunun İqnats Kunoşla şəxsi tanışlığı haqqında əlimizdə hər hansı vəsiqə yoxdur. Lakin Anadolu dialektlərinə dair fundamental araşdırmalarında o, dönə-dönə Kunoşun türk dialektologiyasına dair əsərlərinə müraciət etmiş, macar həmkarı ilə polemikaya girmişdi.
Həyatının son on iki ilini Bakıda keçirən və burada azərbaycanlı filoloqlarla birlikdə Bakı Universiteti, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, SSRİ EA Azərbaycan Filialı kimi elmi qurumlarda Sovet türkologiyasının əsaslarını qoyan professor Bəkir Çobanzadə yuxarıda qeyd edildiyi kimi, Budapeşt Universitetində İqnats Kunoşun tələbəsi olmuş, Şərq Ticarət Akademiyasında onun rəhbərliyi altında çalışmışdı. Hələ tələbəlik dövründə müəllimini Türkiyədə və ana vətəni Krımda tanıtmaq istiqamətində bir sıra təşəbbüslər göstərmişdi. Bu məqsədlə İqnats Kunoşun Krımdan Rumıniyaya köç etmiş Dobruca tatarları haqda məqaləsini tatar dilinə çevirib 1918-ci ildə İstanbulda, “Krım Mecmuası”nda (say 8, s. 42-48) türk-tatar ictimaiyyətinə çatdırmışdı.
Həmin tərcüməyə kiçik müqəddimə-təqdimatda Bəkir Çobanzadə müəllimi və həmkarının bir türk dostu, insan və alim kimi başlıca məziyyətlərinə diqqət yetirərək yazmışdı: “Aşağıda tərcümə etdiyim məqalənin sahibi Macar Bilimlər Akademisi əzasından və Şərq Ticarət Akademisi müdiri Dr. İqnats Kunoş cənablarıdır. Kəndisi səkkiz, doqquz sənəlik ömrünü İstanbulda və Anadoluda türk lisanını tədqiq və tətəbbö ilə keçirmiş və Anadolu və İstanbul xalq ədəbiyyatını hənuz məmləkətimiz alimlərinə nəsib olmayan mükəmməl bir dərəcədə tanımağa və xalq arasında masallardan, şərqilərdən, bilməcələrdən əmsalı bilinməyən nümunələr toplamağa müvəffəq olmuşdu. Türk-tatar gəncləri haqqında fövqəladə nazik və ümidli olan professorumuz bilxassə Rusiya tatarlarının ədəbi cərəyanını fövqəladə bəyənməkdədir. Dunay tatarları arasında dəxi uzun səyahətlər yapmış və rus, alman alimlərinin sonrakı tədqiqatlarına əsas təşkil etmiş malzəməni toplayıb tədqiq etmiş olduğu üçün bu xüsusda yazdığı sözləri diqqətlə oxumalıyıq. Şimdi tərcümə etdiyim qisim yalnız bir girişdən ibarət olub, professor əsl tədqiqatını gələcək məqalələrində yazacaqdır. Nəsib olursa, türkoloji ilə iştiqlal etmiş (məşğul olmuş) və etməkdə bulunan macar alimlərindən ədəbi,lisan məsələlərimizə dair məqalələr tərcümə edəcəyəm. Bu surətlə şimdilik əcnəbilərin əlində bulunan türkolojini əsl biz türk-tatarların nasıl bənimsəməməmiz lazım gəldiyi haqqında bir fikir verə biləcəyim ümidindəyəm”.
Qeyd edək ki, İqnats Kunoşun zəngin türkoloji irsi bu mənada həm Türkiyə, həm də Azərbaycanda yeni tədqiqatlar üçün zəngin imkanlar açmaqdadır.
“Hər halda o, fırlanır!”
Yəqin ki, bu qanadlı ifadənin dünya elm tarixinin böyük simalarından biri Qalileyə məxsusluğunu və hansı münasibətlə deyildiyinin izaha ehtiyac yoxdur. Əslində, hər elm sahəsinin öz Qalileyləri olur və onların çoxu zaman-zaman sərt dilemma ilə üzbəüz qalır. “Qaliley sindromunun” izinə müəyyən dərəcədə Kunoşun elmi taleyində də təsadüf etmək mümkündür. İntibah dövrünün böyük alimi inkvizisiyanın xofu qarşısında zahirən baxışlarından imtina etmişdisə, İqnats Kunoş da macar xalqının mənşəyi ilə bağlı məsələdə rəsmi ideologiyanın mövqeyinə zidd səslənə biləcək həqiqəti ortaya qoymaqdan çəkinmişdi.
Amma elmi irsinin tədqiqatçısı Silard Silyaqinin aşağıdakı fikrindən də göründüyü kimi, macar türkologiyasının ikinci adamı da birincinin - Armin Vamberinin ardınca yavaş, amma inamlı səslə “Hər halda o, fırlanır!”- deməyə özündə qüvvə və cəsarət tapmışdı: “Kunoş macarların türklərlə əqrəba olması barəsində tezisini həyatının sonuna qədər müdafiə etmişdi. Macarların fin-uqor mənşəli xalq olmaları tezisi qəbul ediləndən sonra macar elm adamlarının türkoloji araşdırmalara verdikləri önəmin azalmasına üzüntü ilə diqqət çəkmiş və vəziyyətin belə bir şəkil almasına tənqidi münasibətini bildirmişdi”.
Dekabr, 2016. Budapeşt
Vilayət
QULİYEV
525-ci qəzet.- 2017.- 28 yanvar .- S.14 -15.