Bir kitablıq Şirvan
şikəstəsi
Bir
neçə ay olardı ki, irihəcmli bədii əsər
oxumaqdan qaçırdım. Düzü, başım yeni bir
elmi əsərə qarışanda həmişə belə
edirəm. Bir yandan da, universitetdə dərslərim,
tanış-bilişlərin elmi əsərlərinə rəy
yazmaq və başqa işlər məni bu imkandan xeyli
aralı salırdı. Amma bu dəfə imtina edə bilmədim,
tanınmış ziyalı, filologiya üzrə fəlsəfə
doktoru, tələbəlik dostlarımdan biri mənə
görüşlərimizin birində bir kitab uzadaraq ərklə
dedi ki, bu kitabı oxu və təəssüratını
bildir.
Qaçmağa yerim olmadı, kitabı alıb evə gəlib yazmasamda gözə dəyən bir yerə qoydum ki, ilk imkanda nəzərdən keçirim. Elə sabahı dostumdan mənə zəng gəldi: - Oxudunmu qardaş, səncə necədir, vaxtına təəssüflənmədin ki? Bu silsilə suallardan doğrusu çaşdım axı hələ heç oxumağa başlamamışdım,
cavabımı gözləmədən
əlavə etdi:
- Ə, sən canın oxu, vallah peşman
olmayacaqsan, yaman yaxşı qələmi var, indi belə
əsərlər az yazılır. Çox demirəm, 3-4 səhifə oxu, qalanını oxumasan da olar!
Doğrusu, başa düşmədim,
necə yəni 3-4 səhifə oxusan bəs edər? Elə həmin
günün axşamı
həmin kitabı qarşıma qoyub oxumaq qərarı verdim. Müəllifi
mənə tanış
gəldi, Mətanət
Ulu Şirvanlı. Axı bir neçə həftə əvvəl universitetimizdə bu xanımla yaradıcılıq
görüşü keçirilmişdi,
bizə və tələbələrə şair
kimi təqdim olunmuşdu. Gözəl şeirlərini
dinləyib bəyənmiş,
təqdir etmişdik.
İndi isə mənə məlum oldu ki, Mətanət xanım həm də nasir, roman, povest və hekayələr müəllifi
imiş. Kitabın
adına diqqət edirəm: "İt kəlləsi". Yox, daha burada
şeiriyyətdən söz
gedə bilməz, əcəb addır! Kitabın üstündə dişləri
ağaran qupquru bir it kəlləsi əks olunub. Yox ey, bu
ad, bu şəkil içində nə yazılmağından asılı
olmayaraq mənim estetik idealıma uyğun gəlmir: Yadıma düşür ki, bizim kənddə
mənim uşaqlığımda
it və ya qurd (canavar) kəlləsini həyət
qapısının (darvazanın)
başından evi bəd nəzərdən qorumaq üçün asardılar və mən bunu görəndə
ürpənərdim, qorxardım,
bax elə indi də bu
hissləri keçirdim.
Kitabı açmadan qaytarıb
yerinə qoydum. Amma nə fayda,
bilirdim ki, sabah tezdən
dostum yenə zəng vurub soruşacaq ki, qardaş, oxudunmu?
Çox böyük tərəddüdlə
kitabı yenə qarşıma çəkib
"heç olmasa 3-4
səhifə oxuyub borcumdan çıxım"
fikrilə açıb
oxumağa başladım. Kaş heç başlamayaydım!.. Əsərdəki hadisələr bir anda məni ağuşuna alıb sonacan apardı və demək olar ki, bütün
gecəmi əlimdən
aldı...
Hadisələr
əvvəl Bakıda, sonra Azərbaycanın kəndlərindən
birində cərəyan edir. Oxuduqca səni suallar alıb
aparır, axı niyə belə olur, bu nədir, taleyin
qarğışımı, yoxsa alın yazısı, ya bəlkə
yazıçı təxəyyülünün bizə
doğru görünməyən, qəbul edilməyi çətin
olan bir uydurmasımı? Amma oxuyub sona çatanda
yazılanların real bir gerçəklikdən,
yaşadığımız mühitdən doğan acı həqiqət
olduğuna şübhə yeri qalmır. Bizim necə
düşünməyimizdən, qəbul edib-etməyəcəyimizdən
asılı olmayaraq bunlar bir ailə, bəlkə də
tanrının qəzəbinə tuş gəlmiş, lənətlənmiş
bir nəslin acı hekayətidir.
Romanda təsvir olunan hadisələr yaxın keçmişdə, keçən əsrin 90-cı illərində cərəyan edir. Kəndində, el-obasında öz zəhməti ilə gün-güzəran qurmuş, halallıqla altı övlad, dörd qız və iki oğul böyütmüş Cavad kişi ağır ürək xəstəliyindən əziyyət çəkir. Bakıda müalicə olunduğu xəstəxanada həkimlərin ciddi səylərinə baxmayaraq sağlamlığına ümid yox dərəcəsindədir. "Doğulan bir gün ölməlidir" həyat fəlsəfəsinə boyun əyən Cavadı ölüm qorxutmur, ölməyi ona ağır dərd edən yeganə bir məsələ var ki, o da onun ölümünə keçmiş dostu, indi düşməni olan Qəvi adlı nankor bir şəxsin sevinəcəyi, bu gedişdən məmnun qalacağıdır. Ölümü deyil, ölümündən sonra ailəsinin üzləşə biləcəyi məhrumiyyətlər Cavadı yandırıb yaxır, dünyadan arxayın köçməsinə əngəl olur. Ancaq yazıya pozu yoxdur, Cavadın üzü oyanadır və növbətçi həkimin məsləhəti ilə onu rayona, doğma evinə aparmaq qərarına gəlirlər. Yoxsa, xəstəxanada qalsa və burada ölsə, həkimin dediyi kimi meyiti müayinəyə götürəcəklər, təşrih etməmiş sahiblərinə qaytarmayacaqlar. Beləliklə, bir azdan "xəstəxanadan yola düşən qəm karvanı üzü Şirvan torpağına sarı irəliləyirdi..."
Atasının ən yaxın həmdəmi və sirdaşı olan Sərvin onun sağ qalması, yaşaması üçün canından belə keçməyə hazırdır. Əri və iki uşağı ilə Bakıda yaşayan Sərvin həkimin yazdığı bahalı dərmanları almaq üçün tərəddüd etmədən brilliant sırğalarını sataraq dava-dərmana verir, kimsə duymasın deyə əvəzinə şüşə sırğalar taxır. Müəllif hadisələrə sanki Sərvinin gözləri ilə baxıb qiymət verir, nəticə çıxarır. Məsələ burasındadır ki, Sərvin həm də qeyri-adi intuisiya sahibidir, hadisələr onun yuxuda öncədən gördüyü ssenari əsasında baş verir: "Sərvin yuxularına özünə inandığı qədər inanırdı. İndiyə qədər gördüyü yuxularının heç biri yalan çıxmamışdı. Yuxuda gördüyü ilə həyatda qarşılaşardı". Cavad dəfn olunan günün axşamı azacıq çimir alan Sərvin gördüyü yuxunun dəhşətindən qışqırıb ayılır. Yuxusunda ağ saqqallı, ağ libaslı, əli əsalı bir qoca ona yaxınlaşaraq qəmli-qəmli başını bulayıb ağlasığmaz bir xəbər yetirmişdi: - Eh bala, bu hələ harasıdır ki, atanın ilinə kimi yeddi ölü görəcəksən!" Yuxusunu hamıdan gizlədib, "inanmaram" deyib özünü nə qədər ovundursa da, bəlli olur ki, artıq ox yaydan çıxmışdır. Səhər müdhiş bir xəbərlə açılırdı, gecə meyiti müşayiət edən yaxınlardan təzəcə yetkinlik yaşına çatmış kiçik qardaş Simirxan gözə dəymirdi. Bir azdan məlum olur ki, karvandakılar axşam "Acı dərə" deyilən yerdə maşınları saxlayıb nəfəs dərmək üçün düşəndə Simirxan təbii ehtiyac üçün özünü yolun sağ kənarındakı yarğana salmış, maşınlar oğlanı götürmədən yola düşmüş və o canavarlara yem olubmuş; "ağzı at qanına bulaşmış erkək canavar Simirxanın başı üstündən onun "ata" deyə bağıran dodaqlarını gəmirirdi".
Deməli belə, bir gecənin içində ailə iki üzvünü, ata və oğulu itirdi, ağır itkidir və bu itkinin kədər buludu, demək olar ki, bütün kəndi bürüyür, bircə evdən başqa. Bu ev, bu ailə Cavadın düşməni Qəvinin evidir. Məntiqlə, şəriətlə gərək Qəvi daha düşmənçilikdən əl çəkib ədavətə son qoyaydı; düşmən bildiyi Cavad ölüb, üstəlik iki oğlundan biri də faciəli şəkildə həlak olub. Yox, Qəvi və oğulları deyəsən, bu kənddən, bu el-obadan deyillər. Mərdlik, insaf, ədalət duyğusunun heç dadını belə bilmirlər, ailənin kədərinə yeni çalar qatmağa hazırlaşırlar. Qəvinin oğlu Əhəd sevincini gizlətmədən Cavadın tək qalmış oğlu Surxaya sataşmaqdan özünü saxlaya bilmir: "Ə, təklik, nə pis şeymiş!"
Görəsən, bu ailədə Cavadın ailəsinə qarşı bu qədər kin-küdurət nədən qaynaqlanır? Belə baxanda, fikirləşirsən ki, bir-iki ağsaqqalı qabağa salıb bu iki ailəni barışdırmaq olardı, amma olmayıb. Ona görə ki, bir tərəf buna hazır olsa da, Qəvi tərəf tam imtina mövqeyindədir, insanlıq yolunu xeyli vaxtdır ki, azıblar. Bəs bu barışsız düşmənçiliyə bəhanə verən nə imiş? Bəlkə, arada dədə-babadan qalma qan düşmənliyi var? Yox, o da yoxdur. Bəlkə, bu işdə Cavadın da az-çox günahı var? Romanı oxuyub görürsən ki, o da yoxdur. Bu məqamda müəllif oxucunun intizarına son qoyub məsələnin məğzini açıqlayır. Məlum olur ki, Qəvinin xəmiri haram, xəbislik və xəyanət mayası ilə yoğrulub. Bu adamabənzər qoca çaqqalın işi-gücü başqalarının halal zəhmətlə qazandıqlarını oğurluq, şər-böhtan yolu ilə ələ keçirməkdir. Gecə-gündüz öz çirkin məqsədlərini həyata keçirmək üçün plan qurur, məqam güdür. Həyasızlığı o həddə çatır ki, illərcə süfrəsinin başında oturub çörək kəsdiyi Cavadın da tövləsindən oğurluq etməkdən çəkinmir, oğurluğunun üstü açılanda isə bir tövrlə etdiyi cinayətin üzrünü diləmək əvəzinə, bu ailəyə sataşmaq üçün bəhanə axtarır. Çox keçmir bu bəhanəni ona Cavadın iti verir. Cavad Qəvinin xəyanətini bağışlamağa hazır olsa da, it bu xain adamı daha görmək istəmir, yanından keçəndə özünü saxlaya bilməyib kinli-kinli hürür. Günlərin bir günü isə ona daş atıb cırnadan Qəvinin kiçik oğluna cumaraq baş barmağını qapır. Qəvi oğlanları ilə Cavadın evinə hücuma qalsın! Dəhrə, balta, kərənti ilə silahlanmış dəstə Cavadı al-qana boyayıb geri çəkilir. Hətta, bu hadisədən sonra da Cavad Qəvini bağışlamağa hazırdır. Ona görə yox, ki, Qəvidən qorxur, sadəcə Cavad sülh, barış adamıdır, ailələrarası düşmənliyin davam etməsini istəmir. Cavadın susqunluğu Qəvini bir az da qeytləndirir. Oğlunun barmağını dişləmiş iti öldürüb başını kəsərək Cavadın həyətinə atır. Cavad yenə dözür, sədaqətli itinin kəlləsini ağ parçaya bükərək zirzəmidə gizlədir. Düşünür ki, yəqin bundan sonra Qəvinin hirsi-həkkəsi sovuşar və neçə ildən sonra bu it kəlləsini ona göstərib dostcasına məzəmmət edər ki, bu it mənə sənin kimi dostdan sədaqətli çıxdı...
Hələlik isə Cavadın ailəsində dərin hüzn, Qəvinin ailəsində isə bu hüzndən doğan şadlıq-nəşə hökm sürür. Qəvi Cavadın qəbrini təhqir etmək üçün barmağını it qoparmış Barmaqsız ləqəbli kiçik oğluna yeni göstəriş verir. Barmaqsız küçədən tutduğu bir küçüyü darta - darta gətirib gecə ilə Cavadın qəbir daşına bağlayır, lakin geri çönəndə hər gecə qardaşının qəbri üstündə çıraq yandırmağa gələn Zəminə ilə rastlaşır. Əməlinin üstü açılmasın deyə daşla başından vurub qadını qətlə yetirir. Qətlin səbəbinin açılmadığından ürəklənən Qəvi bir az da irəli gedərək bu ailənin qalan üzvlərini də aradan götürüb onların ev-eşiyinə sahib çıxmaq qərarına gəlir və bundan sonra qətllər silsilə ilə davam edir. Bu işdə sanki qəzavü-qədər də ona yardımçı olur. Əvvəlcə bacılardan biri Sima su quyusuna düşərək ölür, ardınca Cavadın bacısı Zəminənin oğlu Poladı Barmaqsız, kəndin girəcəyindəki dərənin üstündə taxta körpüdən keçərkən maşınla birgə dərəyə aşırır, sonra ikinci övladını kənd xəstəxanasında dünyaya gətirmək istəyən ikinci bacı Selan həkimin səhlənkarlığı ucbatından həlak olur.
Artıq Sərvin bu qədər əzaba dözə bilmir, əlini ilahi dərgahına qaldıraraq yalvarır: "- Allah, daha bəsdir! Artıq dözə bilmirəm! Əgər mütləq yeddiyə çatdırmalısansa, o zaman altıncı mən olum. Allah, mən!"
Düşmən isə öz işindədir. Ailəni məhv etmək, olan - qalanına sahib çıxmaq üçün yeni plan qurur...
Roman Qəvi ailəsinin süqutu ilə başa çatır. "Qisas qiyamətə qalmaz" məntiqinə uyğun olaraq aldadıldığını başa düşən Səma Qəvinin evini partladıb xaraba qoyur.
Dramatik süjet xəttinə malik romanda bir sıra yaddaqalan obrazlar yaradılmışdır ki, bunlardan biri Çeşmi anadır. Şux qamətinə uyğun qüruru, analarımıza məxsus səbri, dözümü və müdrikliyi ilə diqqəti çəkən bu qadın obrazı müəllif tərəfindən çox uğurla qələmə alınmışdır. Romanda oxucunun marağını çəkən, onu düşünməyə məcbur edən obrazlardan biri də Dəli Həsəndir. İlk baxışda əsərdə bu obraz artıq görünsə də, hadisələrin sonrakı gedişi müəllifə haqq qazandırır. Romandakı hadisələr onunla başlayıb, onunla da sona çatır.
Müəllifin təhkiyə dili olduqca zəngin və koloritlidir.
Kitabda yer alan digər əsərlərin də hər biri qəmli bir Şirvan şikəstəsidir. Bu üslub görkəmli qadın yazıçımız Əzizə Cəfərzadədən gələn Şirvan üslubudur desəm, məni qınamayın. Bu mənada Mətanət Ulu Şirvanlını Ə.Cəfərzadə ədəbi məktəbinin layiqli bir davamçısı adlandırmaq olar. Sonda oxuculardan xahiş edirəm: naqis hisslərdən təmizlənmək istəyirsinizsə, bu kitabı oxuyun!..
Kamil BƏŞİROV
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2017.- 31 yanvar.- S.8.