"Dünyamızın zərrəsiyəm..."
SİYƏZƏNLİ ŞAİR NƏCMƏDDİN MÜRVƏTOVUN OXUCULARA YENİ TÖHFƏSİ
Nəcməddin Mürvətov əyalətdə
- Siyəzən şəhərində
yaşasa da, imzası yetərincə tanınan qələm adamıdır.
Vaxtaşırı kitabları çap edilir, dəfələrlə
televiziyaların ədəbi
proqramlarının qonağı
olub. Şair oxucularla müntəzəm
ünsiyyətdədir, vaxtaşırı,
kitabları ilə onların görüşünə
gəlir. Yazıçı-publisist
Sadıq Elcanlı bir neçə il bundan
qabaq onun haqqında bir essesində ürək açıqlığı ilə
belə yazırdı:
"O, riyaziyyatçıdır.
"Riyaziyyat bütün
elmlərin şahıdır"
(K.Quss) həqiqətinə
inanır, belə bir inamla həqiqət
axtara-axtara Əlahəzrət
poeziyanın hüzuruna
gəlib çıxıb. Kitablarından
biri belə adlanır: "Həqiqətə
inanıram". Həmin kitaba
"Ən böyük
həqiqət poeziyadır"
adlı önsöz yazan şair dostum Musa Ələkbərlinin
bu sözlərinə
mən də şərikəm ki, "Nəcməddin Mürvətovun
lirik "mən"i
üçün dünyanın
dayaq, istinad nöqtəsi haqq və ədalətdir.
Əgər dünya ədalətə
söykənmirsə, onda
fəlakət qaçılmazdır".
N.Mürvətovun bu yaxınlarda "Şur" nəşriyyatında
"Dünyamızın zərrəsiyəm..."
adlı yeni - 13-cü
kitabı işıq üzü görüb. Kitabın
redaktoru və "Hər zərrənin öz işığı"
adlı geniş önsözün müəllifi
Əli Rza Xələfli haqlı olaraq qeyd edir
ki: "...Şair Nəcməddin kifayət qədər yaradıcılıq
yolu keçib. Sözün qazanında çox qaynayıb bişmiş, özünün yolunu tapmış, özünü
ifadə üçün
müəyyən formada
sabitləşmişdir".
Kitabda cəmlənən,
janr, üslub və mövzu baxımından rəngarəng
şeirlər şairin
yaradıcılığı barədə dolğun təəssürat oyadır. Həyat, dünya,
insan, sevgi, təbiət, yurd yanğısı, övlad
məhəbbəti - bir
sözlə, insanı
və şair olan kimsəni düşündürəcək, narahat edəcək mövzular bu kitabdakı şeirlərdə
öz poetik ifadəsini tapıb.
Ancaq N.Mürvətovun şeirlərində
Vətənə məhəbbət
- vətənpərvərlik başlıca yer tutur:
Xəzərdən üzü Dübrara,
Təbim
coşar, baxsam hara,
Mən vurğunam bu diyara,
Artır
qəlbdə odum, közüm,
Siyəzənim - şirin sözüm.
("Siyəzən")
Şair
üçün Vətən
təkcə doğulub
boya-başa çatdığı
doğma Siyəzən
torpağı deyil, doğma Azərbaycanın
hər qarışı,
hər bucağıdır:
Bu da ata ocağı,
şairin ana beşiyi Ələz kəndinin vəsfi:
Dərələrin qırış qoyub
üzünə,
Köndələnə, əyriş-üyrüş, düzünə.
Seli daşır, qulaq asmır sözünə,
Çəkir sənə nəm tumarı, Ələzim.
Yaşadığımız dövranın müasir gerçəkləri, insan
və onun mənəvi dünyası
- insan amili, bax, bunlar da
şairin yaradıcılığında
mühüm yer tutan mövzularındandır.
Məni
məndən xəbər
alma, sorma, yox,
Haralıyam, kiməm, nəyəm,
nəçiyəm,
Dünyamızdan iddiam da deyil çox,
Onun xırda
zərrəsiyəm, "heç"iyəm.
("Zərrəyəm")
Kitabda Nəcməddin
Mürvətovun klassik
janra - qəzələ
yaxın tərzdə,
onunla səsləşən
intonasiya ilə yazdığı şeirlər
də var. Bu nümunələr
də xeyli maraq doğurur. Əbədi və
əzəli eşqi tərənnüm edən
şair bəzi qəzəllərində həyata,
dünyaya, insanlara, cəmiyyətə baxışlarını
oxucuları ilə bölüşür. Belə
şeirlərin birində
şair - sənətkar
portreti poetik dəqiqliklə cızılıb:
Şairdən qəlbə dəyən
kəlmə,
inan, görməzsən,
Onun tək doğma, yaxın,
dərdə yanan görməzsən...
"Düşüncələr"
bölümündə toplanan
esselərində müəllif
ictimai, fəlsəfi,
düşüncələrini, milli-mənəvi dünyamız,
saflıq, düzlük,
halallıq, vətəndaşlıq
borcu kimi dəyərlərimiz haqqında
mülahizələrini bölüşür.
Qeyd etdiyimiz
kimi, Nəcməddin Mürvətov ixtisasca riyaziyyat müəllimidir. Uzun illərdir
ki, Siyəzəndə
pedaqoji fəaliyyətlə
məşğuldur. Pedaqoq kimi
fəaliyyəti dövlət
tərəfindən layiqincə
qiymətləndirilib.
"Tərəqqi" medalına layiq görülüb.
Əməkdar müəllim kimi yüksək
fəxri ad alıb. Şair
kimi isə onun
yaradıcılığına qiyməti, əlbəttə,
oxucuları verəcək!
Aydın
TAĞIYEV
525-ci qəzet.- 2017.- 31 yanvar.- S.7.