Tanrı verməz gücünü...
SABİR SARVANIN 60 YAŞINA
Bircə
göz qırpımında
Uzadaraq əlini
Birləşdirmək
istədi
Yoxluğun
sonu ilə
Varlığın
əvvəlini...
...Yar olmadı
taleyi,
Bəxti gülmədi ona.
Bacarmadı...
Bilmədi,
Tanrı
verməz gücünü,
Verməz
yaratdığına...
Şair
düz deyir, Tanrı vermir gücünü, vermir
yaratdığına...
Müqəddəs
kitablarda yazıldığına görə, Allah-təala
yaratdıqlarının əşrəfi olan insanı
özünə bənzər yaradıb... Ancaq
gücünü verməyib. Məxluqatın
hamısından fərqli olaraq, insana şüur verib -
dünyanı, özünü, Rəbbini tanımaq, anlamaq
üçün dərrakə verib... Ancaq
gücünü verməyib. Duyğusunu,
düşüncəsini ifadə etmək, Allah kəlamını
söyləmək, nəsillərə ötürmək
üçün dil verib... Ancaq
gücünü verməyib. Allah bəndələrinin
hamısına bir gözlə baxsa da, hələ
yaradılışdan onların arasında fərq qoyur,
hamısına eyni qədər ağıl, qüvvət,
gözəllik, istedad, bəxt vermir. Bütün
yaradılmışların içərisində azsaylı,
seçilmiş bir zümrə var ki, Ulu Yaradan
özünün əsas keyfiyyətindən - yaratmaq qüdrətindən
onlara bir zərrə pay verir. Bunlar
şairlərdir.
Şairlərin də yaratdıqları özlərinə
bənzəyir. Çünki şair rəssam da, bəstəkar
da, ifaçı da, yazıçı da olsa,
yaratdıqları ilə ilk növbədə öz mənəvi
dünyasını, ruhi aləmini, öz sevinc və kədərini,
sevgi və nifrətini ifadə edir.
Sabir Sarvanın da yaratdıqları özünə bənzəyir. Sabir çətin
adamdır, təbiətən qılıqlı, cilalı
deyil, onunla dil tapmaq, yola getmək hər kəs
üçün asan olmur. Rəftarı,
ünsiyyəti, davranışı sadə olsa da, xarakteri,
xasiyyəti qəlizdir. El dili ilə desək,
"son sözünü əvvəldə deyəndir".
Şeirləri də eynən özü kimidir.
Zahirən sadə, anlaşıqlı görünsə də,
dərinliyinə varanda başa düşürsən ki, hər
şey göründüyündən daha mürəkkəbdir,
məğzini, mahiyyətini anlamaq asan deyil...
Hər bir insanın xarakterinin (hətta taleyinin)
formalaşmasına onun doğulduğu, böyüdüyü
təbii mühitin, coğrafiyanın həlledici təsiri
olur. Sabir Ağsu torpağının yetirməsidir, onun
şəxsiyyəti də, poeziyası da öz mayasını
burda tutub, burda pöhrələnib. Ağsu
haqqında mənim ilk təəssüratım uşaqlıq
illərimə aiddir. Bakıya ilk dəfə
on yaşım olanda gəlmişəm, Ağsunu da ilk dəfə
onda görmüşəm. Bizim qərb
bölgəsindən Bakıya gəlmək üçün
iki yol var. Yevlaxa qədər yol birdir, Yevlaxdan sonra şaxələnir.
Biri aran yoludur, Kürdəmir yolu deyirlər.
Düzənlikdən keçir, insanın diqqətini
çəkən bir şey yoxdur. Yaşlı
adamlara bu yol darıxdırıcı görünə bilər,
ancaq uşaq yaşlarında ilk dəfə Bakıya gələn
yeniyetmə üçün nə darıxmaq?!
İşıqlı fikirlər aləminə qərq olur,
şirin xəyallara dalırsan...
Ağsuya qədər Şamaxı yolu da o biri yolu
xatırladır, amma Ağsuya çatanda yol dağa dirənir
və xəyallar aləmindən ayılıb
aşırımın gözəl mənzərələrini
seyr etməyə başlayırsan. Göyçaydan
Ağsuya kimi yol hamar bir düzənlikdən keçir, bu məsafəni
maşınlar sürətlə gedir, sanki yoxuşa qalxmazdan əvvəl
şoferlərin dili ilə desək, "razqon"
götürürlər. Yalnız bundan
sonra nəfəs dərə-dərə Ağsu
aşırımının yoxuşlu dolaylarını
qalxmağa başlayırdılar. Yoxuşun lap dibində
qərar tutmuş Ağsu şəhərini ilk dəfə
görəndə mənim buranın camaatına
yazığım gəlmişdi. Fikirləşdim
ki, fağır ağsulular Bakıya getmək
üçün yerlərindən duran kimi yoxuşa
qalxmalı olurlar. "Razqon"suz-filansız...
Ağsu
heç zaman teatral bir yer olmayıb, ancaq Sabirin yeniyetməlik
çağlarında - 70-ci illərin əvvəllərində
sənəti də həyatı kimi yarımçıq
qırılmış böyük aktyor Səməndər
Rzayevin, onun ardınca Mikayıl Mirzə və Rasim Balayevin sənət
triumflarından sonra bu rayonda qəribə bir teatr ab-havası
yaranmışdı. Onların hər
üçü səhnə və ekran uğurlarından əlavə,
ilk növbədə bədii qiraət ustası, şeir
ifaçısı idi. Bu atmosferin suyu
Sabirin də üstünə sıçramışdı.
Sabirgilin ailəsi Pirhəsənli kəndində
yaşasa da, o uşaqlığını Sarvan kəndində,
nənəsi Səkinə xanımın yanında
keçirmiş, məktəbi burada oxumuşdu. Bütün "nənə balaları" kimi
Sabirin də qəlbi hələ kiçik yaşlarından
sözün sehrinə düşmüş, ürəyinə
bayatı, nağıl sevgisi hopmuşdu. Onun
sənət sevgisi şeir qoşmaqdan daha çox şeir
söyləməyə köklənmişdi. Hələ aşağı siniflərdə oxuyanda
yuxarı sinif şagirdləri məktəbin dəhlizində,
həyətində, kəndin arasında Sabirə şeir
söylədib heyranlıqlarını bildirərdilər.
Məktəbdən sonra tale
çağırışının dalınca Bakıya gələn
Sabir o vaxtkı İncəsənət İnstitutunun Teatr və
kino aktyorluğu fakültəsini bitirir. Tələbəykən
poeziyaya marağı daha da ciddiləşən Sabir ilk
şeirlərini çap etdirməyə başlayır.
İnstitutu bitirəndən sonra bir müddət Lənkəran
Dövlət Dram Teatrında, sonra Bakıda çağdaş
Azərbaycan teatrının eksperimental bazası rolunu
oynamış Tədris Teatrında çalışır,
kifayət qədər ciddi rollar oynayır, alqışlar
qazanır. Hər iki istedadı böyük uğurlar vəd
edən, ürəyində teatr ilə poeziya arasında "rəqabət"
gündən-günə güclənən Sabir həmin illərdə
ədəbiyyatımızın 80-ci illər nəslinin təşəkkül
ocağı olan Gənc Yazıçıların Respublika
Ədəbi Birliyinin ən istedadlı, fəal üzvlərindən
biri kimi tanınır, ilk şeir kitabını nəşr
etdirir. 1988-ci ildə həmin Ədəbi
Birliyin rəhbəri, görkəmli şairimiz Məmməd
İsmayılın redaktorluğu ilə yeni Azərbaycan mətbuatının
ilk qaranquşlarından olan "Gənclik" jurnalı
işıq üzü görəndə isə burada işə
başlayaraq teatr, ya ədəbiyyat dilemmasında poeziyanın
lehinə seçim etməklə öz tale yolunu müəyyənləşdirir.
Beləliklə, istedadlı gənc aktyor Sabir Məlikov
öz sənət yolunu istedadlı gənc şair Sabir Sarvan
kimi davam etdirir. Sabir Bakıya oxuyub aktyor olmağa gəlmişdi,
yazıb şair oldu... Ancaq poeziya onu bir
ifaçı kimi teatrın əlindən alsa da, qəlbindəki
səhnə yanğısını söndürə, xislətindəki
aktyorluq enerjisini səngidə bilmədi, Sabir aktyorluq qabiliyyətini
şairlik missiyasının xidmətinə verməyi, poetik
yaradıcılığını bu zəmində
yaranmış yenu, orijinal detallarla zənginləşdirməyi
bacardı. Ədəbiyyat tarixində fərqli
yaradıcılıq növləri ilə məşğul
olaraq hər birində uğurlar qazanan sənətkarlar
çox olub. Ancaq şairliklə aktyorluq
istedadı bu baxımdan bir-birinin tam əksidir və onları
bir sənətkarın şəxsində uğurla
qovuşdurmaq çox çətin, hətta
mümkünsüz görünür. Şənətkarın
həmişə özü olaraq qalması, özündən
uzaqlaşmaması şairlik sənətinin əsas şərti
olduğu halda, aktyorluq sənəti ondan daim
başqalaşmağı, "özündən
uzaqlaşmağı" tələb edir. Səhnə dünyada yeganə yerdir ki, insan qınaqla
üzləşməkdən qorxmadan rola girə, rol oynaya bilər.
Amma Sabirin səhnədə "rol oynayan"
artistlərdən zəhləsi gedir. Elə
şeirdə də "söz oynadan" şairlərdən
xoşu gəlmir. Özünüifadənin
başqalaşmaq üsulundan istifadə bacarığı
Sabir Sarvana müasir poeziyamızda başqa heç kimə
müyəssər olmayan yaradıcılıq imkanları
verir. Poeziyada özünüifadə
prinsipi birbaşa, primitiv mənada anlaşılsa, onda gərək
şairin bütün lirik şeirləri rəssamın
avtoportret janrında çəkilmış tabloları kimi,
şeir kitabı isə avtoportretlər sərgisi kimi dəyərləndirilsin.
"Başqalaşmaq" üsulu Sabir Sarvana bu
sindromdan qaçmaq şansı verur.
Hər şeiri bir səhnəcik, hər lirik qəhrəmanı
bir personaj kimi ortaya çıxaran şair bu
mini-tamaşaları səhnə-mizan məhdudiyyəti,
rejissor müdaxiləsi olmadan daha azad, daha sərbəst şəkildə
yarada bilir. Ümumiyyətlə, S.Sarvan təbiətən sərbəstliyi
sevən, fikrində, sözündə azad insandır. Əgər şairliyi yox, aktyorluğu seçsəydi,
bir sənətkar olaraq, beynindəkiləri, qəlbindəkiləri
əks etdirmək onun üçün bu qədər münasib,
bu qədər rahat olmazdı. Poeziyada isə
özünü, bəlkə, istədiyi miqdarda olmasa da, hər
halda istədiyi tərzdə ifadə edə bildi. Xarakterinin bütün cəhətlərini, şəxsiyyətinin
bütün çalarlarını sözə çevirməyi
bacardı.
S.Sarvan 20 ildir ki, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəridir. Daha dəqiqi, 1996-cı ildə bu bölməni o özü yaradıb. Paytaxtımıza ən yaxın şəhər olmasına baxmayaraq, ədəbi qüvvələri dağınıq, pərakəndə şəkildə fəaliyyət göstərən Sumqayıtın ədəbi həyatına bir canlanma, nizam gətirə bilib. Təkcə bir faktı vurğulamaq istərdim ki, yaradılanda üzvlərinin sayı ona çatmayan bu bölmənin indi səksəndən artıq üzvü var. S.Sarvan birlik üzvlərinin neçə-neçə almanaxının, şeir toplusunun, nəşrinin təşəbbüskarı, tərtibçisi olub, öz kitablarından çox onların çapına can yandırıb, neçə-neçə poeziya tədbirləri, görüşlər, müsabiqələr təşkil edib. İndi şəhərin ictimai-mədəni həyatında ədəbi mühit xüsusi rol oynayır.
Ağsudan ayrılandan Sumqayıta köçənə qədər təxminən iyirmi il də Bakıda yaşamış Sabir burada təhsil alsa, işləsə də, kirayələrdə ömür sürdüyü bu məkana qəlbən bağlana, bakılı ola bilməmişdi. Sumqayıt isə onun üçün doğma şəhərə, ruhunun bağlandığı, doğmalaşdığı bir yurda çevrildi və Sabir burada yuva quraraq sumqayıtlı ola bildi. Burada şair sevincli günlər də, çox çətin, ağrılı çağlar da yaşadı. Sumqayıt onun yaradıcılıq uğurlarına ev sahibliyi etməklə yanaşı, insani dəyanətini qorumaqda da ona dayaq oldu.
60 yaş adi bir ad günü deyil, hətta adi bir yubiley də deyil, 60 yaş insanın həyatında yeni mərhələnin - qocalığın başlanğıcıdır. Mən bu sözü işlətməkdən qorxmuram. Çünki dostumun gücünə, qətiyyətinə inanıram. Bilirəm ki, ötən illər onun inamını, inadını, ən başlıcası, istedadını sozalda bilməyəcək. Belə baxanda 60 yaş nədir ki!? Heç bilmirsən, illər necə keçir, adamın xasiyyəti-xarakteri, duyğuları, həyata, insanlara münasibəti, zövqü... demək olar ki, dəyişmir. Nəinki qocalmağa, heç "köhnəlməyə" də macal tapmırsan...
Digər tərəfdən baxanda, görün bir nə qədər vaxt keçib, görün bir Sabir Sarvan haralardan gəlir! Ötən əsrdən, ötən minillikdən! Sadəcə zaman keçməyib, bütöv bir tarixi dövr, epoxa dəyişib. Görün bir 60 illik ömründə Sabir Sarvan nələrə şahidlik edib! Bu yöndən baxanda ötən illər adama qədim tarix kimi görünür. ...Amma hər halda bu, hələ başlanğıcdır, yetkinlik çağının başlanğıcı. Qarşıda hələ uzun, məhsuldar, müdrik bir qocalıq var. Qocalıq adama "yoxluğun sonu ilə varlığın əvvəlini birləşdirmək" şansı verir. Çətindir, əlbəttə. Amma Sabir bunu bacaracaq, çünki Tanrı ona öz gücündən - yaratmaq qüdrətindən pay verib.
İlham ABBASOV
525-ci qəzet.- 2017.- 31 yanvar.- S.7.