Ədəbi tənqiddə Seyid Hüseyn nümunəsi

 

GÖRKƏMLİ ƏDİBİMİZİN VƏ MÜQTƏDİR TƏNQİDÇİMİZİN 130 İLLİYİ BUGÜNLƏRDƏ TAMAM OLDU

 

 

 

XX əsrin əvvəlləri (1900-1920)  Azərbaycan ədəbiyyatında yeni bir mərhələ kimi səciyyələndirilir və hətta bu dövr bir intibah - milli mədəniyyətimizin  inkişafında zirvə, bütün əvvəlki ədəbi mərhələlərdən fərqli bir ədəbi zaman hesab olunur.

 

Milli mətbuatın "Əkinçi"dən sonra parlaq bir dövrü, şeirin, nəsrin, dramaturgiyanın, publisistikanın və teatr sənətinin misli görünməmiş yüksəlişi, azərbaycançılıq və türkçülük ideyalarının milli şüur səviyyəsində dərki, tənqidi realizmin və romantik ədəbi cərəyanın formalaşması, Qərb və rus ədəbiyyatına meylin artması... bütün bunlar həm son dərəcə aydın, həm də son dərəcə mürəkkəb və ziddiyyətli bir ədəbi dövrü xarakterizə edir. Və bu dövrdə ədəbi şəxsiyyətlərin rolu xüsusi qeyd edilməlidir. Cəlil Məmmədquluzadə,  M.Ə.Sabir, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Firidun bəy Köçərli, Ə. Haqverdiyev, Abbas Səhhət, Abdulla Şaiq, N.B. Vəzirov, Ö. F. Nemanzadə, Ə. Qəmküsar, Y. V. Çəmənzəminli, M. S. Ordubadi, S. S. Axundov,  Əhməd Cavad, Cəfər Cabbarlı-doğrudan da XX əsrin ədəbi pleyadasını təşkil edən bu şəxsiyyətlər "həpsi bir günəşin zərrələridir".

 

XX əsrin əvvəlləri ədəbi tənqidin də yeni bir mərhələsidir və bu mərhələni Mirzə Fətəli Axundzadədən sonra davam və inkişafı gözlənilən, lakin davamlı olmayan bir sahənin artıq müstəqil status qazanması, ədəbi janrlarla bir sırada addımlaması kimi səciyyələndirmək olar. Ədəbi tənqidin inkişafında, onun ədəbi prosesi öz arxasınca aparmasında (hər zaman olmasa da!) heç şübhəsiz, tənqidçi şəxsiyyətinin rolunu inkar etmək olmaz. XX əsrin əvvəllərində belə bir tənqidçi Seyid Hüseyn (Kazımoğlu) olmuşdur. Görkəmli tənqid tarixçisi-akademik Kamal Talıbzadə yazır ki: "Əgər F.Köçərli Azərbaycan realizminin M.F.Axundov dövrünü əsas götürüb, bu ədəbi məktəbin Azərbaycanda tarixi mövqeyini işıqlandırmaqla məşğul olurdusa, Seyid Hüseyn bütün diqqətini müasir ədəbiyyat məsələlərinə verir, onu realizm prinsipləri nöqteyi-nəzərindən saf-çürük edir, realizm məktəbinin yeni nəsli haqqında, çap olunan, tamaşaya qoyulan əsərlər haqqında ardı-arası kəsilmədən məqalələr yazırdı". Burada Xalq yazıçısı, həm də görkəmli tənqidçi Mehdi Hüseynin "Seyid Hüseyn" məqaləsindəki (1963) bir fikrinə münasibətimizi bildirək. Mehdi Hüseyn həmin məqalədə S.Hüseyni bir nasir kimi təqdir edir, onun şirin, duzlu, son dərəcə koloritli hekayələrindən söz açır, lakin onu bir tənqidçi kimi bəyənmir.

 

Yazır ki: "Seyid Hüseyn ədəbiyyat aləminə  hələ inqilabdan çox əvvəl qədəm basmışdır, lakin o, yazıçılığa nasir kimi deyil, qısa ədəbi tənqidi məqalələri ilə başlamış və bu məqalələrin heç biri ona inqilabdan sonrakı şöhrəti qazandırmamışdır.  Əgər bir az da dəqiq desək, Seyid Hüseynin tənqidi məqalələri  heç vaxt orta səviyyədən yuxarı qalxmamış və onların heç birinin bu gün üçün ciddi əhəmiyyəti yoxdur".

 

Əlbəttə, bu fikirlə heç cür razılaşmaq olmaz. Doğrudur, o, iyirminci-otuzuncu illərdə bir hekayəçi kimi daha çox məşhur idi, lakin  Seyid Hüseynin  tənqidçi kimi fəaliyyəti də zamanında yüksək qiymətləndirilirdi, Cəfər Cabbarlı yazırdı ki: "Seyid Hüseyn yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya türkləri arasında müqtədir tənqidçi adını daşımağa ləyaqət qazanmış münəqqiddir". Heç bir tərifə ehtiyac duymadan deyə bilərik ki, əgər biz Azərbaycan ədəbiyyatında həqiqi TƏNQİDÇİ  OBRAZIndan söz açırıqsa, Seyid Hüseynin adını birincilər sırasında çəkməliyik. Məsələ burasındadır ki, Seyid Hüseynin yaşadığı döırdə, yəni XX əsrin əvvəllərində mətbuatda müasir ədəbiyyatın müxtəlif problemləri ilə bağlı məqalə və resenziyalarla çıxış edən tənqidçilər var idi, lakin onların heç biri Seyid Hüseyn qədər bu işə can yandırmamışdı.

 

Gəlin, Seyid Hüseynin bir tənqidçi kimi fəaliyyətinin əsas məqamlarını, sadə sözlərlə ifadə etsək, gördüyü işləri nəzərə çarpdıraq.

 

İlk növbədə, TƏNQİDÇİ ŞƏXSİYYƏTİ haqqında. Seyid Hüseyn "Hüseyn Sadiq", "Seyid Hüseyn Sadiqzadə", "Kazımoğlu", "S.Ş", "H.S.", "Seyid Hüseyn" imzaları ilə dövrü mətbuatda tez-tez çıxış edirdi, Yeni əsərlər, yeni tamaşalar, ədəbiyyatda diqqəti cəlb edən uğurlu poeziya, nəsr və dram əsərləri barədə çox zaman ilk sözü Seyid Hüseynin yazılarında izləmək olurdu və artıq bütün ədəbi ictimaiyyətin nəzərində Seyid Hüseyn bir tənqidçi kimi məşhurlaşırdı. Öncə Cabbarlının fikrini xatırlatdıq, bu fikri Seyid Hüseynin bir tənqidçi kimi təkcə məşhurluğunu deyil, həm də öz peşəsinə həddindən artıq məsuliyyətlə yanaşması ilə də izah etmək olar. Yenə Kamal Talıbzadəyə müraciət edik: "Yazıçıların S.Hüseynə müraciət edib əsərləri haqqında məqalə yazmasını xahiş etmələri yaxud onu özlərinin "milli münəqqid" adlandırmaları təsadüfi deyildi. Gənc tənqidçi dəfələrlə göstərirdi ki,  onun məqsədi məqalələri ilə ədəbiyyatın inkişafına kömək etmək, onu doğru yola istiqamətləndirməkdən ibarətdir".

 

Tənqidçi şəxsiyyətini səciyyələndirən bir amil də onun ədəbi proseslə nə dərəcədə bağlı olmasıdır- Seyid Hüseyn əsl peşəkar idi və ədəbi prosesi diqqətlə izləyirdi, mətbuatda çap olunan bədii ədəbiyyat nümunələrini diqqətlə izləyir, bədii prosesi, ədəbiyyatı, bu ədəbiyyatın hələ şərh etmədiyi məsələləri aydınlaşdırırdı. Yazıçılar onun şərhlərinə, tənqidi qeydlərinə inanır və Seyid Hüseynin fikir və mülahizələrini qəbul edirdilər. Bu inamı isə hər tənqidçi qazana bilməzdi. Yaşar Qarayevin "Tənqidin nüfuzu" məqaləsində bir münəqqidin etirafını xatırladaq. Həmin münəqqid etiraf edirdi ki, kəskin tənqidi məqaləni, əvvələn, yazmaq çətindir, ikincisi-çap etdirmək çətindir, çapdan sonrakı təzyiqə dözmək, tab gətirmək isə bunların ikisindən də çətindir!  Amma Seyid Hüseynin tənqidçi kimi heç nədən çəkinmədiyi, yazıçıların əsərlərinə münasibətdə "düzü düz, əyrini əyri" göstərməyi onun tənqidi məqalələrində çox aydın nəzərə çarpırdı. O, bütün qələm dostlarından, həmkarlarından da bu prinsipial mövqeyi, tənqidçiyə xas olan obyektivliyi, cəsarəti və həqiqəti deməyi tələb edirdi. Məqalələrinin birində yazırdı: "Biz haçana qədər tənqiddən qorxacağıq? Tənqidsiz ədəbiyyat ormanlarda bitən yabanı ağac misalında olar ki, onda gözəl, nəzərə xoş görünən bir meyvə bulmaq olmaz. Bir az açıq danışmaq lazım gəlsə, cəsarət edib demək olar ki, tənqidsiz yazı və mətbuat tərbiyəsiz və bu tərbiyəsizlikdən dolayı əxlaqsız cocuqlar kimi olur ki, hər qisim nəzakətsizlikdən arkadaşlarına qarşı föhş deməkdən çəkinməz" (Sitat K.Talıbzadənin "Seyid Hüseyn və ədəbi tənqid" məqaləsindən götürülüb). Ən maraqlısı və bu gün üçün də örnək olası o idi ki, Seyid Hüseyn həmkarlarından və yazıçılardan tənqiddə polemikaya, fikir müxtəlifliyinə, mübahisə mədəniyyətinə yiyələnməyi tələb edirdi. Bəzi yazılarına görə onu tənqid də edirdilər, bu, Seyid Hüseyni qətiyyən əsəbiləşdirmirdi, o, özünü haqlı saydığı üçün ya həmin yazılara cavab vermir, ya da opponentini mədəni şəkildə, yeni izah və dəlillərlə susdura bilirdi. Yəni tənqidi şəxsiyyəti özündə ilk növbədə, tənqidçiyə xas olan təmkin və dözümlülüyü ehtiva edirdi.

 

Seyid Hüseyn tənqidin ədəbi prosesdə rolunu, mövqeyini  təkcə sözdə ifadə etmirdi, həm də fəal tənqid təşkilatçısı kimi də diqqəti cəlb edirdi. 1919-cu ildə Seyid Hüseynin rəhbərliyi ilə  "Yaşıl qələm" adlı ədəbiyyat dərnəyi yaradılır. Bu dərnəkdə təkjə əsərlər oxunmur, eyni zamanda, müasir yazarların əsərləri müzakirə edilirdi. O, müxtəlif qəzetlərdə redaktor və naşir olmuşdu, bu mətbuat orqanlarında da tənqidi fikrin inkişafına xüsusi diqqət yetirirdi. Şura inqilabından sonra da o, tənqidçilik fəaliyyətini davam etdirir, müasir ədəbiyyat məsələlərinə dair məqalələr yazırdı. İyirminci illərdə Seyid Hüseyn bir ədəbiyyat dərnəyi təşkil etmiş, gənc yazarların bir çoxu o dərnəkdə S.Hüseynin faydalı məsləhətlərini dinləmişlər, Mirzə İbrahimov və Süleyman Rüstəm sonralar etiraf edəcəklər ki, onların ilk sənət müəllimi Seyid Hüseyn olub.

 

Seyid Hüseynin tənqidçilik fəaliyyəti çoxşaxəli idi. Klassik ədəbiyyatdan da yazırdı (bu yazılar daha çox tanıtma və təbliği xarakter daşıyırdı), müasir ədəbiyyatdan da. Yazılarında (bunlar əsasən məqalə, resenziya  ədəbi portret janrlarında olurdu) nəzəri məsələlərə də xüsusi diqqət yetirirdi.  Sırf nəzəri fikirlərini ifadə edən ayrıca məqaləsi olmasa da, yeri gəldikcə ayrı-ayrı məqalələrdə nəzəri fikirlərini də ifadə edirdi.

 

(Ardı var)

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 31 yanvar.- S.6.