Ardı hələ çox-çox
illər yaşanılsın
"Səhər-səhər"
rubrikasında
Zemfira Səfərovanın 2000-ci
ildə kiril əlifbasıyla nəşr olunmuş “Ardı yaşanılır”
adlı xatirələr kitabı bu cümləylə
bitir: “İndi isə...bu
yazıya nöqtə qoyuram və daha doğrusu üç
nöqtə qoyuram... və yazıram ki, ardı var... Ardı yaşanılır”.
Zemfira xanım
- mənim həyat yoldaşımdır, bu il yanvarın 27-də toy günümüzün 55 ili tamam olur. Tanışlığımızın
tarixi isə 73 ili aşıb, yəni yeddi yaşımızdan musiqi məktəbinin birinci sinfinə getdiyimiz günlərdən
bir ömür keçib... Zemfiranın xatirələr kitabına
üç nöqtə
qoyduğu gündən
isə 17 il
keçir. “Ardı yaşanılır” kitabında
yazılanları birgə
yaşadığımız kimi, ondan sonrakı
on yeddi ildə sevinclərimiz, fərəhlərimiz,
uğurlarımız da
birgə olub.
Əfsus ki, kədərlərimiz, itkilərimiz, çətin
günlərimiz də...
İndi Zemfira o
kitabının davamı
olaraq bu son on yeddi ilin tarixini
də yazıb və “Ardı yaşanılır” kitabını yeni əlavəylə
ilk dəfə latın
əlifbasıyla nəşr
etdirir. Kitaba Ön söz yazmaq təklifi alanda əlyazmasını
tam halında yenidən
oxudum və sanki ötən illərimizi bir də yenidən yaşadım. Bu yazıda
mənim Zemfiranın
musiqişünas alim kimi xidmətlərindən danışmağım
yersiz olardı. Elə bu kitabda
da elm sahəsində gördüyü
müstəsna işlər
və bu işlərə ən nüfuzlu ziyalılarımız
- bəstəkarlar, alimlər,
yazıçılar tərəfindən
layiqincə
verilən yüksək
dəyər haqqında
səhifələr var. Amma
hələ çox illər əvvəl “Ardı yaşanılır”
kitabının əlyazmasıyla
tanış olanda və indi təzə
hissəni əlavəsiylə yenidən oxuyanda onun yazıçı qələmini qiymətləndirməyə bilmərəm.
Bəlkə də birgə həyatımızın
böyük bir qismini əhatə edən belə bir kitabı mən
yazmalıydım. Amma
Zemfira olanları elə ətraflı, qeyri-adi
yaddaşının ehtiyatlarından bəhrələnərək,
canlı, əyani və təsirli şəkildə təsvir
edib ki, oxuduqca ötüb keçən günlərimizçün
nostalji, qəribsəmə hissləri məni riqqətləndirir,
kövrəldirdi.
Yazı, özəlliklə
memuar xarakterli yazı qəribədir, sanki real həyatı bir daha kağız
üzərində yaşayırsan
və bu kağızda yaşanılan
həyat də elə ötüb keçmiş ömür qədər diri, gerçək və təsirlidir. Mənimçün bu bir növ təsəllidir, sanki itirdiyin ən əziz adamların, ən yaxın dostların haqqında xatirələr
yazıda canlandıqca
onların özləri
də yenidən dirilir, sənə yanaşır, səninlə
danışırlar. Gah
qayğılı, gah
nəşəli günləri
görürsən, şux
zarafatlara gülürsən,
səmimi etiraflara inanırsan, hıçqırıqları
və qəhqəhələri eşidirsən.
Sanki paralel
bir həyat müstəvisi
yaranır və bu müstəvidə
hamı sağdır
- indi yaşayanlar da, dünyasını dəyişənlər də...
Zemfiranın kitabını
oxuduğum zaman aldığım ən böyük təəssürat
da bəlkə elə budur - hamımızın - yaxınlarımızın,
əzizlərimizin, dostlarımızın
bir arada olduqları əbədi gerçəklik...
Ölümsüz, itkisiz bir dünya.
Kağız üzərində
yaşanılan ömrün
başqa bir özəlliyi və gözəlliyi də var.
71 ildən bəri tanıdığım, 55 ildən
bəri həyat yoldaşım Zemfiranı
da sanki hansı cəhətləriyləsə
yenidən tanıyıram.
Özü də etiraf etdiyi kimi
qapalı adam
olan Zemfiranın bu kitabda mənim
haqqımda yazdığı
xoş sözləri
real həyatda çox
nadir hallarda eşitmişəm
və bu da ürəyimcədir. Kəlməbaşı “qadan
alım, ağrın alım” deyənlərin çox vaxt duyduqları yalnız elə dillərində olur. Real davranışda hisslərini biruzə
verməyə tələsməyən adam duyduqlarını
səmimi şəkildə
yazısında
izhar edirsə, bu əbədiyyətə ünvanlanan ismarışdır.
Rus dilində çap etdirdiyim üçcildlik LİK (Literatura,
İskusstvo, Kultura Azerbaydjana) esselər kitabının Elm bölümündə
Zemfira haqqında da yazım var. Bu yazı bölümün sonunda verilir o səbəbdən ki, həyat yoldaşım haqqında yazını yaşlı alimlərimiz barəsində esselərdən
qabağa salmaq düz olmazdı. Amma yazını sonda verməyimin bir izahı da var ki,
onu elə həmin mətnin axırında
bəyan etmişdim. İzah edirdim ki, alimlər
haqqında yazıları
onların yaşlarına
uyğun sıralayıram,
Zemfira isə doğum ilindən asılı olmayaraq onların hamısından cavandır.
Hər halda mənimçün.
... Və bu gün 80 yaşımız ərəfəsində
yetmiş illik sevgim, 55 illik həyat yoldaşım, balalarımızın anası,
nəvələmizin nənəsi və 2017-ci ilin yanvarında dünyaya gəlmiş nəticəmiz Muradın hər ikimizi ulu baba, ulu
nənə etməyinə
rəğmən Zemfira
mənimçün hər
zaman 45-ci ilin sentyabrında gördüyüm hörüklü gözəldir.
Həmişə də belə
olacaq.
Kitabının yeni nəşrini də müəllif yenə “Ardı var…ardı yaşanılır...”
sözləriylə bitirir.
Arzum budur ki, ardı hələ
çox-çox illər
yaşanılsın və
kitabın yeni
nəşrlərində yaşanılan
ömrün yeni səhifələri beləcə
təsirli və canlı əks olunsun.
2012-ci ildə toy günümuzun əlli illiyini - Qızıl toyumuzu qeyd edərkən Günelin təşəbbüsü və tərtibiylə “Əlli illik nağıl” adlı çox nəfis bir kitab-albom nəşr olundu. Kitab-albomda yaxınlarımızın, qohumlarımızın, dostlarımızın xoş sözləri, təbrikləri, çoxlu şəkillər yer almışdı. Kitabın sonunda mənim də yığcam bir yazım verilmişdi:
“Hər halda əlli il bundan əvvəl biz yanılmamışıq, elə deyilmi Zemfira? Nazım Hikmət toyumuza göndərdiyi təbrikdə yazırdı: “Cavanlara dünyada ən çətin şey olan səadət arzulayıram”. Ömrümüzün ən böyük səadəti balalarımızın - Turalın, Günelin dünyaya gəlməsi oldu.
Nağıl davam edir. Nağıllarımız adətən belə başlayır: Biri vardı, biri yoxdu... Qoy bizim nağılımızda heç vaxt biri vardı, biri yoxdu deməsinlər. Həmişə - biri var, o biri də var - desinlər”.
Bu arzuma Zemfira da yalnız bircə kəlmə əlavə etmişdi:
“Amin”!
“Ardı yaşanılır” kitabını xüsusiylə gənclərə oxumağı tövsiyə edirəm. Səni isə təbrik edirəm Zemfira! Həm toyumuzun 55 illiyiylə, həm də yeni kitabınla!
Köhnə məktəb yoldaşın, Həyat yoldaşın ANAR
22 yanvar 2017
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.11.