Pakistanda 7 ildən
sonra 7 gün
Bu da bir xoşbəxtlik idi
ki, 2017-ci ilin ilk həftəsini mənim üçün
doğma və çox dəyərli Pakistan İslam
Respublikasında (PİR) keçirdim.
Pakistan
Ədəbiyyat Akademiyasının (PAL) dəvəti üzrə
həmin elmi müəssisənin təşkilatçılığı
və PİR dövlətinin himayəsi ilə keçirilən
4-cü Beynəlxalq Dil, Ədəbiyyat və Cəmiyyət
konfransında iştirak etmək məqsədilə 3-10 yanvar
2017-ci il tarixlərində qardaş ölkədə ezamiyyədə
oldum. 200 milyon nəfərə yaxın əhalisinin
böyük bir qismi ilə etnik, dini, mənəvi, tarixi
bağlılıqla yaxın olduğumuz, coğrafi cəhətdən
bölgəmizdən uzaq olsa da, ruhən ölkəmizə
çox yaxın, siyasi baxımdan da etibarlı strateji tərəfdaşımız
olan bu füsunkar ölkə həqiqətən “qardaş
ölkə” adlandırılmağa layiqdir. Pakistan
böyük ictimai-siyasi xadim, müdrik siyasi və mənəvi
lider Məhəmməd Əli Cinnahın (Qayd-e Əzim- urduca
Ulu rəhbər -E.M.) rəhbərliyi ilə Cənubi Asiya
müsəlmanlarının uzun illər müstəqil
dövlət qurmaq uğrunda mübarizəsinin nəticəsi
kimi 1947-ci ilin avqustunda meydana gəlib. M.Ə.
Cinnah Pakistanın ilk general-qubernatoru olub, Pakistan dövlətçiliyinin
möhkəm bünövrəsini qoyub. Əllamə
Məhəmməd İqbalın dini-fəlsəfi, yüksək
vətənpərvərlik ruhunda yazdığı şeirlər
isə bu yeni ölkənin bütün xalqlarının mənəvi
birliyinin təməl daşları olub.
İkinci Dünya müharibəsindən
sonra Böyük Britaniyanin tədbiri ilə Hindistan
yarımadasının müsəlmanlarının təqribən
üçdə iki hissəsi etnik və coğrafi amillər
nəzərə alınmadan, sırf dini mənsubiyyət
prinsipi ilə dövlət qurdular. Həmin üsulla yaranan Pakistan
dövləti Hindistanla bölüşdüyü Pəncab və
Sind əyalətlərinə, İranla
bölüşdüyü Bəlucistana, Əfqanıstanla
bölüşdüyü, əvvəllər Şimal-Qərbi
Sərhəd Əyaləti, indi isə Xeybər-Paktunkva adlanan
əyalətə malik müsəlman ölkəsi olaraq
formalaşdı. 1956-cı ilin martında
ölkədə qəbul edilən konstitusiya əsasında
Pakistan İslam Respublikası elan edildi. 1971-ci ildə
ölkənin Şərqi Pakistan adlanan ərazisi etnik və
siyasi zəmində baş verən müharibə nəticəsində
ayrılıb Banqladeş dövlətini əmələ gətirdi
və az sonra Pakistan dövləti bu
reallıqla barışmalı oldu.
Pakistanın inzibati-ərazi
bölgüsündə son illərdə daha bir əyalət
- Gilgit-Baltistan formalaşdırıldı. Bu əyalətlərdən
əlavə 3 ərazi vahidi də Pakistanın tərkibinə
daxildir: İslamabad Paytaxt Ərazisi, Əfqanıstanla sərhəddə
Federal idarəli tayfa əraziləri və Azad Cammu-Kəşmir. Əyalətlərin
Əyalət Assambleyası (yerli parlament) və Əyalət
Hökuməti (Böyük nazirin
başçılığı ilə) vardır. Hökuməti seçkilərdə qalib gələn
partiya mərkəzdə olduğu kimi formalaşdırır.
Bir çoxlarına uzaq, hətta
bir qədər vahiməli görünən bu gözəl
ölkənin mənim üçün tamamilə ayrı bir
anlamı vardır. Adından də bilindiyi kimi, pak duyğulu, pak əqidəli,
pak imanlı insanların yaşadığı bir islam ölkəsi. İnsanları
kimi dövləti və vaxtaşırı bir-birini əvəz
edən hökumətləri də bir mövqeli, bir sifətli.
Həmişə haqqın yanında, ədalətin
arxasında, Dağlıq Qarabağ məsələsində
ölkəmizin haqlı mövqeyinin tərəfində.Buradaca
vurğulamaq istəyirəm ki, Pakistan İslam Respublikası
Azərbaycan Respublikasının dövlət müstəqilliyini
12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk
dövlətlər sırasına düşmüşdür.
İki ölkə arasında diplomatik əlaqələr 9 iyun
1992-ci il tarixində qurulmuş, 1993-cü
il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi
açılmışdır. 30 aprel 1993-cü il
tarixində Pakistanın sədrliyi ilə BMT TŞ-nın erməni
silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən ilk - 822-ci
qətnaməsi qəbul edilmişdir. Bundan sonra
bütün regional və beynəlxalq forumlarda Dağlıq
Qarabağ məsələsində Pakistan Azərbaycanın
haqlı mövqeyini həmişə birmənalı şəkildə
dəstəkləmişdir. 1997-ci ilin
avqustunda ölkəmizin Pakistanda səfirliyi təsis
edilmiş və İsfəndiyar Vahabzadə ilk səfirimiz
olmuşdur.
Dubaydan uçan təyyarədə
İslamabadın Binəzir Bhuto (ingiliscə Benazir Bhutto) hava
limanına endiyimiz elan ediləndə müsəlman Şərqinin
ilk xanım Baş naziri,dini mənsubluğu, etnik-milli kimliyi ,
çox möhtəbər ailə ənənələrini,
yüksək Oksford təhsilini və çağdaş
dünyagörüşünü ahəngdar bir şəkildə
özündə birləşdirmiş, uzun sürən
sürgünlük həyatından sonra ölkəyə
qayıdıb yenidən hökumətə
başçılıq etmək üçün
seçkiqabağı görüşlərə qatılan
Binəzir xanımın 2007-ci il dekabrın 27-də amansız
şəkildə qətl edilməsi gözlərim
önünə gəldi. Paytaxt İslamabada
bitişik, silahlı qüvvələrin
komandanlığının və bir sıra mühüm
dövlət qurumlarının yerləşdiyi Rəvalpindi
şəhərindəki TV kanallarının canlı
yayınladığı izdihamlı görüşdə
törədilən terror aktı bütün Pakistanı
sarsıtdığı kimi, biz diplomatları da dərindən
kədərləndirdi. Xanım B.Bhuto bir
neçə gün əvvəl biz səfirlərin bir qrupu ilə
görüşmüşdü, Azərbaycan Prezidenti Heydər
Əliyevlə 1996-cı ilin aprelində İslamabadda
görüşünü məmnunuyyətlə
xatırladığını vurğulayan xanım Benəzir
Buhutoya rəğbətlə yanaşmamağım
mümkün deyildi. Qeyd etmək lazımdır ki, Heydər
Əliyevin dəvəti ilə 9-11 oktyabr 1995-ci il
tarixlərində Pakistanın prezidenti Sərdar Faruq Əhməd
Xan Leqari Azərbaycana rəsmi səfər etmişdi. Bu ilk
yüksək səviyyəli səfər ölkələrimiz
arasında möhkəm dostluq əlaqələrinin
inkişafı baxımından böyük əhəmiyyət
kəsb etmiş, prezident Heydər Əliyev və Prezident
Əhməd Xan Leqari Azərbaycan Respublikası ilə Pakistan
İslam Respublikası arasında qarşılıqlı
münasibətlərin sonrakı istiqamətini müəyyənləşdirən
Əməkdaşlıq müqaviləsi
imzalamışdılar.Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyevin 1996-cı il aprelin 9-11-də
Pakistana rəsmi səfəri ölkələrimiz arasında
ikitərəfli və çoxtərəfli münasibətlərin
genişlənməsində əhəmiyyətli təsir
göstərmiş, Prezident Faruq Əhməd Leqari və
Baş Nazir Binəzir Bhuto ilə görüşlər və
müzakirələr əməkdaşlığın yeni
perspektivlərinin müəyyənləşdirilməsində
müstəsna rol oynamışdı. Əminliklə
demək olar ki, qətlə yetirilməsəydi, yenidən
hökumət başçısı olsaydı xanım B.Bhuto
yenə də, ölkəmizə və xalqımıza olan
xoş münasibətini əsirgəməyəcəkdi.
Beynimdəki bu acı xatirələrlə
təyyarədən endim, keçmiş həmkarlarım tərəfindən
mehribanlıqla qarşılanmağım bu fikirləri
dağıdaraq artıq nikbin tərəfə yönəltdi. İslamabada
bir neçə aylıq quraqlıqdan sonra yağış
yağırdı, bir neçə gün əvvəl
izdihamlı müsəllaya çıxmış şəxslərin
yalvarışlı yağış duası,
görünür nəticə vermişdi. Bu ölkədə əkin mümkün olan yerlərdə
bir qarış da boş yer tapa bilməzsən. İnsanların həyatı torpağa,
torpağın həyatı da yağışa
bağlıdır. Bütün əsas ərzaq məhsulları
ilə , o cümlədən, taxil,
düyü, şəkər,ət, süd , meyvə ilə
ölkə özünü təmin edir. Buna
görə yağış yağması pərəstişə
layiq bir hadisədir, əlbəttə təbii ki, bəzən
fəsadlar da törədir.
Məlum çətinliklərə baxmayaraq
İslamabadda inşa edilən yeni yollar və körpülər
diqqətimi cəlb etdi, təhlükəsizlik məqsədilə
vaxtilə şəhərin əksər mühüm idarə
və təşkilatlarının qarşısında
quraşdırılmış dəmir-beton maneələrin və
istehkam qurğularının bir qədər məhdudlaşdırıldığını
görüb sevindim, terror aktlarının sayının
azaldığını da yeddi gün ərzində mətbuatı
izləməklə müşahidə etdim, həmkarlarımın
dediyinə görə bu da indiki hökumətin qətiyyətlə
həyata keçirdiyi siyasət və tədbirlərlərin
nəticəsidir.
Həmin gün səfirimiz
Əli Əlizadə 2007-2009-cu illərdə möhtərəm
prezidentimiz cənab İlham Əliyevin
tapşırığı və birbaşa dəstəyi ilə
tikdirdiyimiz Səfirlik kompleksində məni gəzdirdi, son illərdə
görülmüş işlər, edilmiş dəyişikliklər
barəsində fərəhlə danışdı. Burada qeyd etməliyəm ki,
2010-cu ilin yayında mən möhtərəm Prezidentimizin sərəncamı
ilə Ukraynaya dəyişiləndən sonrakı beş ildə səfirimiz Daşqın
Şikarov Pakistanla əvvəldən təməli
yaxşı qoyulmuş dostluq və əməkdaşlıq
münasibətlərini daha da inkişaf etdirmiş,
özündən sonrakı səfirin səmərəli
işləməsi üçün yaxşı zəmin
hazırlamışdı. Vurğulamaq istəyirəm
ki, yeddi gün ərzində istər konfrans çərçivəsində,
istərsə də ondan kənarda keçmiş
tanışlar olan rəsmi ya qeyri-rəsmi şəxslər,
elm adamları və mətbuat nümayəndələri ilə
təmaslarımda onların Azərbaycan səfirliyinin fəaliyyətindən
məmnunluqla danışmaları məni sevindirdi.
Konfransın bağlanış mərasimində yanaşı
oturduğumuz, əvvəllərdən tanıdığım
keçmiş səfir, Azad Cammu və Kəşmirin prezidenti
Sərdar Məsud Xan səfir Ə. Əlizadə ilə təzəcə
görüşdüyünü, xalqımıza dərin rəğbət
bəslədiyini, ölkəmizin Kəşmir məsələsindəki
birmənalı mövqeyinin çox böyük əhəmiyyətə
malik olduğunu vurğuladı.
Burada qeyd etməliyəm ki, ulu
öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan
Respublikasının prezidenti seçiləndən sonra ölkəmizin
xarici siyasətində Pakistanla dostluq münasibətlərinin
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verirdi və 1947-ci ildən bu yana Pakistanla Hindistan arasında
barışmaz düyün nöqtəsi olan, bir neçə
dəfə isə bu iki ölkə arasında müharibəyə
səbəb olan Kəşmir məsələsində ölkəmizin
birmənalı mövqeyini məhz Heydər Əliyev müəyyənləşdirmişdi.
Burada dövlətimizin Pakistan siyasətinin
ardıcıllığına və dəyişməzliyinə
dair bir nümunəni qeyd etməyi lazım bilirəm.1996-cı
ilin fevralında Prezident Heydər Əliyev tərəfindən
Azərbaycan Republikasının Təbrizdə Baş konsulu vəzifəsinə
təyin edilmişdim, lakin konsulluğun açılması ləngidiyinə
görə Tehranda, səfirliyimizdə eyni zamanda
müşavir vəzifəsində
çalışırdım.Yaxşı yadımdadır ki,
9-10 iyin 2000-ci il tarixlərində Tehranda İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə görüşü
zamanı Prezident Heydər Əliyev iş qrafikinin hədsiz
sıx olmasına baxmayaraq Pakistan İcra Hakimiyyətinin
başçısı general Pərviz Müşərrəflə
görüşdü. O zaman Pakistan silahlı qüvvələrinin
baş qərargah rəisi, general Pərviz Müşərrəf
hərbi çevriliş nəticəsində Baş nazir Nəvaz
Şərifi vəzifəsindən kənarlaşdıraraq ev
dustağı etmiş, hökuməti buraxmış, ölkə
prezidentini istefaya göndərmiş, özünü Pakistan
İcra Hakimiyyətinin başçısı elan edərək
dövlətin və hökumətin funksiyalarını əlinə
almış, ölkə Konstitusiyasının fəaliyyətini
dayandırmışdı. Bir çox ölkələrin
rəhbərləri belə bir şəraitdə Pakistanla
münasibətlərə ehtiyatla yanaşırdılar.
Amma Heydər Əliyevin uzaqgörən siyasəti
burada da özünü göstərdi. Məhz
bu görüşdə ölkələrimiz arasında
etibarlı strateji əlaqələrin müxtəlif sahələri,
xüsusilə hərbi əməkdaşlığın
istiqamətləri müzakirə edildi, bundan sonra intensiv şəkildə
bu sahənin yüksək rəsmilərinin
qarşılıqlı səfərləri gerçəkləşməyə
başladı. Həmin görüşün nəticəsi
olaraq 15 aprel 2002-ci il tarixində Azərbaycan
Respublikasının və Pakistanın müdafiə nazirlikləri
arasında müdafiə və hərbi sahələrdə əməkdaşlıq
üzrə Protokol imzalandı və həmin ilin
sentyabrında iki ölkənin hökumətləri
arasında müdafiə və hərbi sahədə Əməkdaşlıq
Sazişi bağlandı. Ölkələrimiz
arasında hökumətlərarası Birgə Komissiya öz
işini ardıcıl şəkildə davam etdirir, əlaqələrin
cari və perspektiv məsələləri müzakirə
edilir, lazımi tədbirlər görülür.
2002-ci ilin oktyabr ayının 13-14-də İqtisadi
Əməkdaşlıq Təşkilatı ölkələri
dövlət başçılarının İstanbulda
keçirilən Sammitində Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyevin prezident Pərviz Müşərrəflə
ikinci görüşü ölkələrimizin
qarşılıqlı münasibətlərini daha da möhkəmləndirdi.
Burada qeyd etməliyəm ki, hələ 18 aprel 2002-ci il tarixində məni ölkəmizin Pakistan
İslam Respublikasında səfiri vəzifəsinə təyin
edərkən prezident Heydər Əliyev Pakistanla bərqərar
olmuş dostluq münasibətlərinin daha da dərinləşdirilməsi
və möhkəmləndirilməsi üçün
tapşırıqlarını və tövsiyələrini
vermişdi. Mən artıq mayın 10-da İslamabada gəlib
vəzifəmin icrasına başlamışdım və
dövlət başçılarımızın yaxın
dostluq münasibətləri bir səfir kimi yüksək səviyyəli
görüşlərim və təmaslarım
üçün bütün qapıları açmışdı
...
Qeyd etmək lazımdır
ki, Pakistanda bizdəki kimi bütün elm sahələrini
özündə birləşdirən vahid Elmlər
Akademiyası yoxdur. Humanitar və sosial elmlərin bir sıra sahələrini,
xüsusilə də, dil, ədəbiyyat, tarix, mədəni
irs, sosiologiya, mətbuat, qadın fəaliyyətləri,
şair və yazıçıların məsələləri,
tərcümə işləri və bir sıra digər sahələri
özündə birləşdirən Pakistan Ədəbiyyat
Akademiyası dövlət tərəfindən maliyyələşən
və dövlətin mədəniyyət siyasətinin
hazırlanmasında iştirak edən mötəbər bir
qurumdur, buna görə də bu beynəlxalq konfransın
hazırlanması və keçirilməsi məhz Ədəbiyyat
Akademiyasına həvalə edilmişdi. “Pakistan
Elmlər Akademiyası” adlanan digər qurum isə sırf dəqiq,
texniki, təbiət elmləri sahələrini əhatə edən
yığcam bir elmi müəssisədir.
Konfransın
açılışında Pakistanın Baş naziri Nəvaz
Şərif maraqlı və təşviqedici nitq söylədi. Vurğuladı
ki, cəmiyyətdə ekstremizm və dözümsüzlük
yayan qüvvələrə qarşı “Zərb-e Əzb”
antiterror əməliyyatı ilə yanaşı “Zərb-e Qələm”
əməliyyatına ciddi ehtiyac vardır. O,
inandığını bildirdi ki, yazıçılar,
şairlər, ziyalılar terrorizmin,
bölücülüyün, təriqətçiliyin, dini
radikallığın aradan qaldırılmasında həlledici
rol oynaya bilərlər. Baş nazir qeyd etdi ki, hər bir cəmiyyətdə
yazıçılar, ziyalılar sülh və ahəngdarlığın
təmin edilməsində, insanlar arasında nifrət və
düşmənçiliyin aradan qaldırılıb
onların bir-birinə yaxınlaşdırılmasında
öz əsərləri və yaradıcı fəaliyyətləri
ilə əhəmiyyətli rol oynadıqları kimi, bizim cəmiyyətimizdə
də bu mütərəqqi missiyanı səmərəli
şəkildə yerinə yetirə bilərlər.”Ziyalılar
cəmiyyətin ürəyi, beyni və ruhudurlar, onlar təkcə
bu günün deyil, gələcəyin taleyini
düşünürlər” deyən Baş nazir 2017-ci ili “Qələmin gücü ilə ölkənin
yaxşı adının təmin edilməsi” ili elan etdi və
bütün qələm əhlini bu sahədə səfərbər
olmağa çağırdı. Konfransın
bağlanışında isə proqramda nəzərdə
tutulduğu kimi, ölkənin prezidenti Məmnun Hüseyn
iştirak və çıxış etdi. Prezidentin
çıxışının diqqət çəkən məqamlarından
biri bu idi ki, Pakistan ekstremizm,terrorizm və
çoxlu digər problemlərlə əlaqədar illərdir
ki, çətin və mürəkkəb vəziyyətlə
üz-üzədir. Belə problemlərin
geniş yayıldığı və xalqın belə etibarsız
şəraitlə qarşılaşdığı zaman ədəbiyyat
cəmiyyətə savadla yanaşı, ideoloji-psixoloji sabitlik
gətirir, əminlik hissi doğurur, namümkün olanı
mümkün edir. Sonra prezident milli dilin (urdu
dili nəzərdə tutulur, ingilis dili rəsmi dil
sayılır, hər ikisi dövlət dilidir, lakin
aparıcı rol urdu dilinindir - E.M.) inkişafında
yazıçıların, ziyalıların rolundan
danışaraq dedi ki, öz dilinin inkişafının
qayğısına qalmayan xalqlar öz inkişaflarında zirvəyə
qalxa bilməzlər.
Diqqətəlayiqdir ki, bu
mötəbər dövlət qurumu ilə Azərbaycan səfirliyinin
əlaqələri öz səmərəsini verir. Burada akademik İsa Həbibbəylinin
çox geniş və ətraflı müqəddimələri
ilə bu sətirlərin müəllifinin tərtib və
redaktə etdiyi Cəlil Məmmədquluzadənin
seçilmiş əsərlərinin urdu
dilində nəşrinin, ingiliscə “Azərbaycan
poeziyası: dəryadan damla” kitabının təqdimatları
keçirilmişdi. Ölkənin aparıcı
universitetləri olan Qayd-e Əzim Universiteti, Preston Universiteti və
başqa universitetlərlə əlaqələr indi də
müvəffəqiyyətlə davam etdirilir. Pakistan
Ədəbiyyat Akademiyasının sədri professor Məhəmməd
Qasım Buqio ilə görüşümüzdə onu
AMEA-nın Humanitar elmlər üzrə akademik katibi, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik
Teymur Kərimlinin adından ölkəmizə səfərə
dəvət etdim.
Konfransda Pakistan Mərkəzi
Etnoqrafiya Muzeyinin (“Luk Virsa” adlanır) o zamankı direktoru,
hazırda təqaüddə olan Uksi Mufti ilə
görüşdüm, ölkə xalqının və xarici
turistlərin ən çox baş çəkdiyi bu məşhur
muzeydə ayrıca Azərbaycan otağını birgə
yaratmağımızı məmnunluqla xatırladım. Qeyd etməliyəm ki, o zaman ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyi həmin guşənin zəruri mədəniyyət
və etnoqrafiq nümunələrlə təchizatında həlledici
rol oynadı. Eşidəndə ki, son illərdə
Səfirliyimizin dəstəyi ilə Pakistan kitab fondunda
ayrıca Nizami guşəsi də yaradılıb, bunun da
sevincini yaşadım. Qeyd etməliyəm ki, 2003-2010-cu
illərdə urdu və ingilis dillərində nəşr
etdirdiyimiz “Heydər Əliyev -Azərbaycan xalqının
böyük rəhbəri”, “Heydər Əliyev və onun Azərbaycanı”,
Viktor Andrianov və Hüseynbala Mirələmovun “İlham
Əliyev - Azərbaycan Prezidentinin portreti”, AMEA nın
müxbir üzvü, Əməkdar elm xadimi, professor Yaqub
Mahmudovun “Azərbaycanın qısa dövlətçilik
tarixi”, pakistanlı tədqiqatçı Amir Bhattinin “Azərbaycan
- Qafqazın cənnəti” və başqa kitabların ingilis və
urdu dillərində nəşr edilib yayılması Pakistan
ziyalıları tərəfindən təqdirlə
qarşılanırdı və müxtəlif tədbirlərdə
bu kitabların yayılması və əsas kitabxanalara
göndərilməsi ölkəmizin tarix və mədəniyyətinin
daha yaxından tanıdılmasına xidmət edirdi. Adı çəkilən kitabların Səfirlikdə
qalan nüsxələrindən konfrans
iştirakçılarına təqdim etmək imkanı da
yerinə düşdü.
Təqdirəlayiqdir ki,
dörd günlük konfransa ölkə mətbuatı
böyük maraq göstərirdi. Telekanallar, mətbuat
iştirakçılardan müsahibələr alır, cəmiyyətdə
insanlararası xoş münasibətin, bir-birinin dilinə,
dini inancına, milli mənsubiyyətinə ehtiramla
yanaşmağın aşılanmasında ziyalıların,
din xadimlərinin roluna dair suallar verir, digər ölkələrdə
bu kimi sahələrdə görülən işlərlə
maraqlanırdılar.Bir neçə müsahibəmdə
ölkəmizdə dövlət səviyyəsində
aparılan çoxmədəniyyətlilik siyasəti və bu
sahədə artıq toplanmış zəngin təcrübələr
barəsində məlumat verdim. Qeyd etmək
lazımdır ki, bəzi hallarda radikal
islamçılığın və məzhəb ayrı-seçkiliyinin
qarşıdurmalara gətirib çıxardığı, bəzən
də böyük faciələrə yol
açdığı qardaş ölkədə dövlət
siyasəti daha çox maarifçi islamı, xüsusilə,
sufilik təlimini daha geniş təbliğ etməyə
yönəlmişdir. Konfransda edilən məruzələrin
böyük bir qisminin cəmiyyətdə dinlərarası və
mədəniyyətlərarası etimadın möhkəmləndirilməsi
məsələrinə aid olması da təsadüfi deyildi.
Konfrans zamanı yeddi ildir
görüşmədiyimiz köhnə dostlarım Multan şəhərindəki
Bəhauddin Zəkəriyyə Universitetinin rektoru prof.dr. Tahir Amin, İslamabad Preston
Universitetinin rektoru prof.dr. Abdul Basit,”Pakistan
Observer” qəzetinin baş redaktoru Faysal Malik Bakıda ötən
illərdə keçirilən beynəlxalq humanitar forumlarda
iştirak etdiklərini, hər dəfə böyük təəssüratla
Azərbaycandan döndüklərini mənə bildirdilər.
Yanvarın 7-də keçirilən bölmə iclasında
“Rza şah zamanında (1925-1941) Azərbaycan xalqına, onun
dilinə münasibət İran
tarixşünaslığında” mövzusunda məruzəm
maraqla qarşılandı və müstəqil Azərbaycan
Respublikası, eyni zamanda İrandakı Azərbaycan haqqında , onların qarşılıqlı
münasibətləri haqqında bir sıra suallar da
doğurdu. Ölkəmizin dost və qardaş İran İslam
Respublikası ilə daim genişlənən əlaqələrindən
və bu xoş əməkdaşlıq münasibətlərindən
həm bizdə, həm də İranda Azərbaycan xalqının
faydalandığını, sadələşmiş gediş-gəlişin,
insani əlaqələrin genişlənməsinin hər iki tərəf
üçün xeyirli olduğunu vurğuladım.
Pakistan mediasının nümayəndələri
konfransın fasilələrində Heydər Əliyev Fondunun
Pakistanda həyata keçirdiyi sosial layihələri məmnunluqla
yada salaraq qarşıda hansı layihələrin ola biləcəyini soruşurdular. Yaxşı
xatirimdədir ki,2005-ci ilin oktyabrında
Pakistan dəhşətli zəlzələ nəticəsində
böyük itkilərlə məruz qaldı, 70 min nəfər
həyatını itirdi, ölkənin infrastukturuna
ağır zərbə dəydi. Azərbaycan
Prezidentinin tapşırığı ilə zəlzələnin
ikinci günü Azərbaycanın 40 nəfərlik xilasedici dəstəsi
və həkim briqadası ilk yardıma gələn ölkələr
sırasında dağıntı zonasında fəaliyyətə
başladılar. Azərbaycan dövləti
özünün o zamankı imkanlarının çox məhdud
olmasına baxmayaraq, qardaş ölkəyə zəlzələdən
xilas olanların ilkin ehtiyaclarının dərhal
qarşılanması üçün 1,5 milyon ABŞ dolları nağd
yardım göstərdi və rəhbərliyin
tapşırığı ilə müvafiq bank çekini
Pakistanın zəlzələnin nəticəsini aradan
qaldırma təşkilatının rəhbərinə təqdim
etdim və sonralar da humanitar yardımların göstərilməsi
davam etdirildi. Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə Pakistanın şimalında, Azad Kəşmir ərazisindəki
Rara qəsəbəsində zəlzələ nəticəsində
tamamilə dağılmış məktəb binasının
torpaq sahəsində 400 nəfərlik müasir orta məktəb
binası qısa müddətdə tikilib bütün
lazımi təchizatları ilə istifadəyə verildi. Bu məktəb zəlzələ bölgəsində
istifadəyə verilən ilk müasir tədris ocağı
kimi, həmişə siyahının başında gəldi və
ölkələrimizin və xalqlarımızın bir-birinə
sədaqət və etibarının bariz nümunəsi oldu.
Yadımdadır ki, 2007-ci il fevralın 9-da qarlı-boranlı
bir gündə çox çətinliklə, dağ
yolları ilə yüz kilometrdən çox məsafəni qət
edərək Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərovun, Azərbaycan - Pakistan parlamentlərarası
dostluq qrupunun rəhbəri Eldar İbrahimovun və Pakistan rəsmilərinin
iştirakı ilə həmin məktəbin
açılışını etdik. Yüzlərlə
yeniyetmə qızın və onların valideynlərinin
üzlərindəki sevinc və minnətdarlıq hissindən
mütəəsir olmamaq mümkün deyildi.Sonrakı illərdə
də Heydər Əliyev Fondu Pakistanda bir sıra uğurlu
sosial rifah layihələri həyata keçirdi, Pakistanda sel
daşqınlarının qurbanlarına əhəmiyyətli
humanitar yardımlar edildi, ucqar və yoxsul bölgələrdə
içməli su təchizatı, tibbi xidmət kimi zəruri tədbirlər
həyata keçirildi.
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev əsası ulu
öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycan-Pakistan dostluğu və əməkdaşlığını
yeni mürəkkəb beynəlxalq geosiyasi şəraitdə
daha da inkişaf etdirdi. Ölkələrimizin parlamentləri,
hökumətləri, ayrı-ayrı ictimai-siyasi qurumları
arasında əlaqələr daha da genişləndi.
Ölkəmizin prezidenti İlham Əliyev Pakistanın
aparıcı qəzeti olan “Pakistan Observer”-in mötəbər
komissiyası tərəfindən “İlin adamı”
mükafatına layiq görüldü və qəzetin o
zamankı baş redaktoru, tanınmış ictimai xadim Zahid
Malik bu mükafatı Bakıda prezidentimizə ehtiramla təqdim
etdi.
Prezident İlham Əliyevin dəvəti
ilə Pakistan prezidenti Pərviz Müşərrəf
2004-cü ilin iyulunda ölkəmizə səfər etdi,
qarşılıqlı münasibətlərin bütün
sahələri səmərəli müzakirə edildi, Pakistan
tərəfi Dağlıq Qarabağ məsələsinin həlli
üçün bütün imkanları ilə əməkdaşlıq
etməyə hazır olduğunu bildirdi.
Prezident İlham Əliyevin
2005-ci ilin aprelində Pakistana rəsmi səfəri ilə Azərbaycan
- Pakistan əlaqələrində tamamilə yeni mərhələ
başladı, konkret layihələr və əməli işlər
gündəliyə gətirildi. Azərbaycan
Prezidentinin tapşırığı ilə İslamabadın
diplomatik şəhərciyində Azərbaycan səfirliyi
üçün ərazi alındı və böyük səfirlik
kompleksi inşa edildi. Azərbaycan
Prezidentinin səfərindən sonra ölkələrimizin hərbi-texniki
əməkdaşlığı və humanitar əlaqələri
daha sürətlə genişləndi.
2012-ci ilin oktyabrında
Pakistanın prezidenti Asif Zərdarinin ölkəmizə səfəri
oldu, Pakistanın yüksək parlament və hökumət
nümayəndələrinin ölkəmizdə səfərləri
intensivləşdi.
2015-ci ilin martında
Pakistanın yeni prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi
səfəri zamanı Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı Pakistan dövlətinin yüksək
“Hilal-e Pakistan” ordeni ilə təltif etdi. Prezident Məmnun
Hüseyn bildirdi ki, Pakistan ilə Azərbaycan mədəni və
dini yaxınlığa, qədim tarixi köklərə əsaslanan
mükəmməl və çoxsahəli münasibətlərə
malikdir. Prezident İlham Əliyev Azərbaycanla
Pakistanın əsl müttəfiqlər olduğunu
vurğuladı.
Qeyd etmək lazımdır ki, yola saldığımız 2016-cı ildə də Azərbaycan -Pakistan münasibətləri dövlətimizin xarici siyasətində üstün yerə malik olmuşdur. Belə ki, 21 yanvar 2016-cı il tarixində Prezident İlham Əliyev Davosda -Beynəlxalq İqtisadi Forumda Pakistanın Baş Naziri Nəvaz Şəriflə görüşmüş, onu ölkəmizə səfərə dəvət etmişdi. Nəzərə alınmalıdır ki, Pakistan parlament respublikası olduğundan, orada Baş Nazir hökumətin başçısı kimi aparıcı simadır və üçüncü dəfədir Baş Nazir olan Nəvaz Şərif regional siyasətdə xüsusi çəkisi olan tanınmış siyasətçidir. 16 oktyabr 2016-cı il tarixində Pakistanın Baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri ölkələrimizin bərqərar olmuş dostluq münasibətlərinə yeni bir ab-hava gətirdi. Prezident İlham Əliyev Baş nazir Nəvaz Şəriflə keçirdiyi görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında bildirdi: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biridir. O vaxt da Baş nazir cənab Nəvaz Şərif idi...Biz Kəşmir və Dağlıq Qarabağ məsələsində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT TŞ-nın müvafiq qətnamələrinə əsaslanan həllini tam dəstəkləyir...Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu qardaşlığın göstəricisidir. Biz minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıdı”.
Prezident İlham Əliyev ölkəmizin Pakistanla genişlənən əlaqələrində müdafiə sahəsinin xüsusilə önəm daşıdığını vurğuladı.Pakistanın Baş naziri Nəvaz Şərif öz növbəsində bəyan etdi ki, Pakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıdır.
Daxili və xarici siyasəti, xüsusilə Pakistana münasibətdə ardıcıl dostluq və strateji əməkdaşlıq siyasəti Pakistanda yüksək təqdir olunan Azərbaycan Prezidenti İlham Əliyevi dost ölkənin Prezidenti və Baş naziri rəsmi səfərə dəvət etmişdir. Artıq Pakistan mətbuatında bu yüksək səfərlə əlaqədar məlumatlar verilməkdədir. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaşıdakı səfəri ölkələrimizin qarşılıqlı münasibətlərini yeni məzmun və keyfiyyətlə zənginləşdirəcəkdir.
Ölkəmizlə
Pakistan arasında birbaşa təyyarə
uçuşlarının olmaması, İrandan keçən
avtomobil yolunun da uzunluğu ticarət-iqtisadi və turizm əlaqələrini
məhdudlaşdırsa da, necə deyərlər
“könüldən-könülə yollar görünür” və
səfərimdən aldığım təəssüratlar
mənə bu dost ölkəyə növbəti səfər
üçün daha yeddi il gözləməməyi təlqin
edir.
Eynulla
MƏDƏTLİ
AMEA-nın
A.A.Bakıxanov adına
Tarix
İnstitutunun aparıcı elmi işçisi,
fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.8-9.