Polkovnik Əbülfət ağa Şahtaxtinski:
gerçək vətənsevər, cəsur sərkərdə
9
mart 1913-cü il. O dövrün populyar ictimai, siyasi qəzeti
olan "Kavkaz" üzücü bir xəbərlə Tiflis,
İrəvan və Naxçıvan ziyalılarını, həmçinin,
hərbçilərini çox kədərləndirdi.
Söz
arası deyək ki, "Kavkaz" qəzeti rus dilində
1846-cı ilin yanvarından nəşr edilib. Tiflisdə nəşr
edilən bu qəzet əvvəllər həftədə 2 dəfə,
1866-cı ildə həftədə 3 dəfə
buraxılmışdır. 1877-ci ildən isə gündəlik
qəzet kimi məşhurlaşmışdı. 9 mart şənbə
günü idi. Şənbə günündə olan elanla
bildirilirdi. "Ağır kədərdən
sarsılmış Balabəyim xanım əziz və unudulmaz ərinin,
Sadıq ağa, bacısı və qardaşları ilə
birlikdə əziz atalarının qəflətən vəfat
etdiyini öz doğmalarına və tanışlarına xəbər
verirlər.
Qoridəki
202-ci piyada polkunun polkovniki Əbülfət ağa
Şahtaxtinski martın 6-da gündüz saat 12-də Kutaisi
şəhərində qəflətən vəfat etmişdir.
Mərhumun cənazəsi Şahtaxtıdakı ata malikanəsinə
aparılacaq və orada martın 12-də dəfn ediləcəkdir.
Cənazə martın 10-da axşam saat 10-da Tiflisdə
olacaqdır".
"Kavkaz"
qəzeti 10 mart "Bazar günü" nömrəsində
bu kədərli xəbəri təkrar dərc edib
("Kavkaz", 9-10 marta 1913, ¹57-58). Xatırladaq ki, 1907-ci ildə
Qafqaz özünün ən məşhur generallarından
birini, Naxçıvanskilərin kürəkəni Maqsud
Əlixanovu itirdi. Daşnaklar onu faciəli surətdə məhv
etdilər. Onun sədaqətli həyat yoldaşı,
general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac
bəyim hökumətdən tələb etdi ki, ərini dəfn
etmək üçün doğulduğu Xunzaxa aparmağa icazə
versinlər. Onu Aleksandropoldakı erməni qəbiristanlığından
çıxartdırdı və qardaşları Rəhim
xanın, Cəfərqulu xanın, eləcə də ərinin
qardaşının köməyi ilə Tiflisdən Bakıya,
oradan isə Xunzaxa apardı. Həmin vaxt Tiflis dəmiryol
vağzalında Maqsud Əlixanovu yola salanlar arasında
Əbülfət ağa və Balabəyim Şahtaxtinskilər
də kədərlə dayanmışdılar. Artıq qətiyyətli
generallar ağılsız, kütbeyin rəqiblərin xəyanətləri
ucbatından məhv edilirdilər. Bir neçə il əvvəl
general Qryaznevi də beləcə öldürdülər.
Aradan 6 il keçməmiş Zərrintac xanım oğlu Hafiz
xanla Qoridən Tiflisə, birbaşa dəmiryolu
vağzalına gəlmişdi ki, Balabəyim xanımın, hələ
də ata nəvazişinə ehtiyacı olan
övladlarının dərdinə şərik olsun.
Əbülfət
ağa Şahtaxtinskinin vəsiyyətinə görə onu
Naxçıvanın Şahtaxtı kəndinə aparıb
orada doğmalarının yanında, Şahtaxtinskilər
nekropolunda (sərdabəsində) torpağa
tapşıracaqdılar.
Tiflisin
nücəba insanları, məşhur hərbçiləri,
nurlu ziyalıları və polkovnikin həmyerliləri-naxçıvanlılar
perronda dayanıb Kutaisidən gələn zirehli qatarı
gözləyirdilər.
Qafqaz
canişini cəsur sərkərdəni Naxçıvana
aparmaq üçün zirehli qatar və silahlı əsgərlər
ayırmışdı. Həmin nekroloqun dərc olunduğu
"Kavkaz" qəzetini 94 ildən sonra Tiflisdəki
Gürcüstan Milli Kitabxanasında tapıb oxuyuram. Hər
şeyi anlamağa çalışıram. Öz hərbi
hünəri ilə tarixlərə iz qoymuş, elmi ilə
müasirlərini heyran edən polkovnik Əbülfət
ağanın vətənə son səfərini damla-damla
topladığım xatirələrin işığında
xatırlayıram. Heç ağlıma gəlməzdi ki,
1980-ci ildə fəaliyyəti ilə maraqlandığım bu
cəsur polkovnikin həyat səhifələrini Tiflisdə,
Kutaisidə, Qoridə vərəqləməli olacağam.
Çox qəribədir ki, qəhrəman
naxçıvanlı hərbiçilərin
axtarışlarını bəzən məqsədli şəkildə
apara bilmirəm. Maraqlı elmi axtarışların çox gərgin
vaxtında digər bir qəhrəmana aid sənədlər
sanki özləri axtarıb tapır məni. Həmin andaca
vaxtı ilə ya yazdığım, ya da yaddaşıma
köçürdüyüm xatirələr köməyimə
gəlir.
Əbülfət
ağa haqqında ilk dəfə hələ uşaqlıq illərində
atamdan eşitmişdim. Sonralar tələbə olanda yenə
atam dedi ki, tarixin elə səhifələri var ki, onları
bilmirsiniz. Amma həqiqət o bilmədiklərinizdədir.
1980-ci ildə atam məni Şahtaxtı kəndinə
aparıb Əbülfət ağanın məzarını da
göstərmişdi. Uçurdulmuş, viranə
qalmış Şahtaxtinskilərin ailə sərdabəsində
indi lap tənha qalan, hətta bir-iki ilə tamamilə yox olacaq
bu məzar haqqında bir az sonra danışacağıq.
Heç unuda bilmirəm, atam orada bir daşın üstə
oturdu və necə deyərlər, papirosu papirosa caladı və
kədərlə dedi: Eh, gidi dünya, vaxt varıdı 1920-ci
ilədək bu sərdabənin qapısında hər gün
iki kazak əfsəri dururdu. Amma indi gör nə gündədir...
Əbülfət
ağa haqqında ASE-nin (Azərbaycan Sovet
Ensiklopediyasının) X cildində
(1987) də məlumat verilib. Ancaq bütün məlumatlar
yığcam və sovet ideologiyasına uyğundur.
Cəsur
polkovnik, Port-Artur qəhrəmanı Əbülfət ağa
Şahtaxtinski ilə bağlı xeyli
axtarışlarımız olub. Bir çox məsələlər
aydınlaşıb.
Çar
hökumətinin 1832-ci ildə Naxçıvan şəhəri
üçün tərtib etdiyi kameral siyahıdan aydın olur
ki, Əbülfət ağanın atası Nəcəfqulu
ağa 1828-ci ildə Şahtaxtı kəndində doğulub və
Rusiya İmperiyasının hərbçilərindən olub.
Nəcəfqulu
Sultan dövrünün ən zəngin zadəganlarından
olmuşdur. Onun Şahtaxtıda, Naxçıvan və İrəvan
şəhərlərində mülkləri vardı.
Naxçıvan diyarının kəndlərində isə
miras torpaqları olmuşdur. Nəcəfqulu ağa vəzifəsi
ilə əlaqədar olaraq Naxçıvanda və İrəvanda yaşadığından onun
övladlarının bəzilərinin doğum sənədlərində
həmin şəhərlərin adları qeyd edilib.
Əbülfət
ağanın babası Hacı İsa Sultan, həmçinin,
ulu babaları İmamqulu Sultan, Şah Sultan və digərləri
dövrünün tanınmış hərbiçiləri
olmuşlar. Dövrünün tanınmış
ziyalısı və hərbçisi olan Nəcəfqulu
ağa oğlu Əbülfət ağaya da ilk təhsili evdə
vermişdi. Sonra isə Naxçıvan şəhərindəki
rus məktəbində oxutdurmuşdu.
Qeyd
edək ki, bu yazımı hazırlayərkən polkovnik
Əbülfət ağa Şahtaxtinskinin Rusiya Dövlət Hərbi-Tarix
Arxivindəki xidmət kitabçasını (o vaxtlar xidmət
siyahısı adlanırdı-müəllif) tapdıq:
Ehtiyatda olan 259N-li piyada polkunun podpolkovniki Əbülfət
ağa Şahtaxtinskinin xidmət siyahısı.
Xidmət
siyahısı 10 aprel 1908-ci ildə tərtib edilib. Xidmət
siyahısında yazılanlardan məlum olur ki, Əbülfət
ağa Tiflisdə gimnaziyanı bitirən ili Sankt-Peterburqda hərbi
məktəbə daxil olub.
Bu isə
sovet dövründə onun haqqında yazılanlarla ziddiyyət
təşkil edir. Ona görə də biz yazımızda xidmət
kitabçası tapılana qədər müəlliflərin
yazdıqlarını da
saxlamaqla, tarixlərdə düzəlişlər apardıq. Bəlkə
də sovet hakimiyyəti illərində müəlliflər
onun fəaliyyətinə inqilabçı ruh gətirməklə
Əbülfət ağanı tariximizdə saxlamaq istəmişlər?!
Hər halda 1975-ci ilədək onun oğlu Abbas bəy sağ
olduğundan, yəqin ki, jurnalistlər (o illərdə əsasən
qəzet yazıları var) onunla görüşüblər və
Abbas bəy atası haqqında müəyyən məlumatları
onlara danışıb. Bu gün onun varisləri bu haqda
heç nə deyə bilmirlər. Bizcə, hərtərəfli
axtarışlarımız bu məsələyə də
aydınlıq gətirəcək.
Mətləbimizdən
uzaqlaşmayaq.
Onun
haqqında indiyədək yazılanlara görə, 1871-ci ildə
Nəcəfqulu ağa Əbülfət ağanı Tiflisə
aparır və təhsilini davam etdirmək üçün
onu realnı gimnaziyaya qoyur. Əbülfət ağa 1877-ci ildə
gimnaziyanı uğurla başa vurub həmin ildə Peterburq
Texnologiya İnstitutuna daxil olmuşdur. Ruhən azadlıq
mücahidi olan Əbülfət ağa oxuduğu İnstitutda
tələbə hərəkatına qoşulmuş, tələbələri
qadağan olunmuş toplantılara təhrik etdiyinə görə
1879-cu ilin dekabr ayında institutdan xaric edilmişdir.
Qeyd
edək ki, Əbülfət ağa qafqazlı, əsasən
azərbaycanlı və dağlı xalqları birləşdirən
"İmdadiyyə" təşkilatının fəal
üzvü olmuşdur. Bu təşkilatın qurucusu və ona
rəhbərlik edən isə Azərbaycanın gələcək
görkəmli dramaturqu Nəcəf bəy Vəzirov idi. Nəcəf
bəy də həmin vaxtlar Moskvada tələbə idi. 3 mart
1878-ci ildə 20 yaşlı Əbülfət ağa Nəcəf
bəy Vəzirova yazırdı: "İmdadiyyənin əsas
müddəalarının müzakirəsini təxirəsalınmaz
vəzifəmizə çevirir. Müzakirə ona görə
lazımdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd
uğrunda hərəkət edə bilək. Biz öz məqsədimizə
nail olmaq üçün bütün vasitələri nəzərdən
keçirməliyik. Həmin məqsəd kifayət qədər
aydın və dəqiq şəkildə müəyyənləşdirilməlidir.
Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjua
rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz
pisliyin kökünü yerli-dibli kəsmək
üçün mümkün qədər çox işlək
əl hazırlamaqdır. Biz vasitə və vəsait
axtarırıq, deməli, onda işçi əllər,
ağırlığı öz üzərinə
götürən qüvvələr tərbiyə etməliyik.
Biz tərəqqipərvər adamlar kimi, nəzərlərimizi
yalnız cəmiyyətin aşağı təbəqələrinə
yönəltməliyik".
Bu məktub
Rusiya İmperiya Təhlükəsizlik İdarəsinin əlinə
keçir. Onlar məktubu
monarx II Aleksandra təqdim
edirlər. Çar isə belə bir dərkənar yazır: "Göstərilən
şəxslərin üzərinə
diqqət hökmən
gücləndirməlidir". Təqib edilən Əbülfət ağa institutdan qovulmuş və ona Rusiyanın
ali məktəblərində
oxumaq qadağan edilmişdi.
1879-cu ildə Əbülfət ağa Moskvaya gəlir və Lazarev adına
Şərq Dilləri
İnstitutunda oxumağa
başlayır. Lakin bu şəxsi institut olduğundan o, burada da diplom ala bilmir.
Əbülfət ağa təhsil
almaq üçün
Almaniyaya gedir və Heydelberq universitetində diplom işini 1880-ci ildə müdafiə edib bakalavr dərəcəsini
alır. Sonra Rusiyaya
dönən Əbülfət
ağanı həmin diplomla qulluğa götürmürlər. Ona
görə də Əbülfət ağa məcbur olur ki, dördüncü dəfə ali
məktəbə daxil
olsun. Onu hərbi iş daha çox maraqlandırdığından 1883-cü ildə Peterburq yunker məktəbinə imtahan vermiş və əla qiymətlərlə məktəbə
daxil olmuşdu. Əbülfət ağanın təhsili
ilə bağlı sovet dövründə yazılanlar belədir.
İndi isə onun xidmət kitabçasında yazılanlarla
tanış olaq.
Əbülfət ağa Şahtaxtinskinin xidmət siyahısından
isə məlum olur ki, o, Tiflisdə
realnı məktəbi
bitirən kimi Sankt- Peterburqda birinci dərəcəli hərbi
məktəbə daxil
olur. Yunkerlər hazırlayan
həmin məktəbi
bitirəndən sonra,
yəni 1879-cu il sentyabrın 1-də
hərbi xidmətə
başlayıb. Hərbi xidmətini
ürəkdən yerinə
yetirən Əbülfət
ağaya 20 sentyabr
1880-ci ildə unter-zabit
rütbəsi verilir.
Həmin
ilin 22 dekabrında o, yunker kimi orduda
fəaliyyətini davam
etdirir. 1881-ci ildə
podporuçik rütbəsini
alan Əbülfət
ağa avqustun 8-də
Semyanovka saray qvardiyasına göndərilir.
Bu zaman o, 23 yaşında
idi.
Əbülfət ağanın xidmət siyahısı çox zəngindir. 1881-ci ildən başlayaraq 1908-ci il də daxil olmaqla hər
ay hərbi xidməti qeyd edilib. Buradakı məlumatlardan
aydın olur ki, o, Sankt-Peterburqda, Tiflisdə, İrəvanda,
Ərdahanda, Gümrüdə,
Bakıda, Kutaisidə,
Qoridə, həmçinin,
İsveçrədə hərbi
xidmətdə olub.
Bütün bunlar hamısı
onun xidmət kitabçasında ardıcıl
yazılıb. Onun təhsil aldığı məktəb
İkinci Konstantinovski
hərbi məktəbi
adlanırdı. Bu məktəb əsasən
atıcılıq üzrə
zabitlər hazırlayırdı.
Hərbi
məktəbi bitirəndən
sonra həyatını
ömrünün sonuna
kimi ordu ilə bağlayır.
(Ardı var)
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan
Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 3 aprel.- S.6.