Bədii nəsrimizdə İsa Hüseynov
zirvəsi
Şahanə MÜŞFİQ
İsa Hüseynov zaman-zaman fərqli şəkildə
dövrləşdirilən və bu dövrləşdirilmənin
ənənə halını aldığı Azərbaycan ədəbiyyatının
"altmışıncılar" adı ilə qəbul
olunan parlaq ədəbi nəslinə mənsubdur.
Xüsusən,
nəsr sahəsində hiss ediləcək, gözlə
görüləcək dərəcədə canlanmanın
müşahidə edildiyi bu dövr ədəbiyyatımıza
Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli,
Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə,
Rüstəm İbrahimbəyov, Sabir Azəri və müasir
Azərbaycan oxucusunun sevdiyi, qəbul etdiyi onlarla
yazıçılar, tənqidçilər, yaradıcı
adamlar bəxş edib. "Altmışıncılar"
nəsli öz gəlişi ilə ədəbiyyatımızda
səs saldığı kimi, yetəri qədər diqqət cəlb
etməyi də bacardı.
Öz əsərləri ilə müasirlərindən fərqlənən
İsa Hüseynovun çoxşaxəli
yaradıcılığı, ədəbiyyatın bir
çox janrlarında qələmə aldığı dəyərli
nümunələr müəllifin yaradıcılıq
potensialının, təhkiyə areasının xeyli zəngin
olduğunu göstərir. Özünəməxsus
maraqlı təhkiyə üslubu olan yazıçının
qəhrəmanları əsasən kiçik, gözdən
uzaq Azərbaycan kəndinin problemlər içərisində
itib-batan sakinləri və ən qədim Bağ nəslinin
nümayəndələri - Əmirlilərdir. Bu problem onun əsərlərində bir xətt
üzrə inkişaf edərək, müxtəlif məkanlarda,
müxtəlif rollarda əks olunur və zaman-zaman öz
aktuallığını artırır. Yazıçının
qələmə aldığı bədii nümunələr,
yazdığı ssenarilər onun
yaradıclığının zənginliyini bir daha sübut
edir.
İsa Hüseynov olduqca maraqlı və böyük
yaradıcılıq yolu keçmiş, əvəzsiz nadir
incilər yaratmışdır. Bu incilər
altmışıncılar deyilən nəslin yetişməsində,
formalaşmasında böyük rol oynamışdır.
Onun yaradıcılığına ən layiqli
qiyməti qüdrətli qələm sahibləri vermişlər.
M.Hüseyn,
M.İbrahimov, M.Arif, M.Cəfər, İ.Şıxlı,
İ.Əfəndiyev və b. kimi söz ustaları, Asif Əfəndiyev,
C.Abdullayev, T.Hüseynoğlu, T.Hacıyev, X.Əlimirzəyev,
K.V.Nərimanoğlu, N.Cəfərov, A.Hüseynov kimi
tanınmış tənqidçi və ədəbiyyatşünaslar
onun haqqında müxtəlif xarakterli yazılarla mətbuatda
çıxış etmiş, ziddiyyətli fikirlər
söyləmişlər.
İsa Hüseynovun yaradıcılığında diqqət
cəlb edən başlıca amil psixologizmin əsərlərdəki
güclü təzahürüdür. İstər
dövrün, istər ayrı-ayrılıqda bütün
obrazların, istərsə də cəmiyyətin psixoloji
durumu böyük ustalıqla təsvir edilir. Ümumiyyətlə, psixologizmi onun əsərlərinin
əsas məziyyəti hesab edə bilərik. Bunu povest və hekayələri ilə yanaşı,
"Yanar ürək", sonrakı zamanlarda isə
"İdeal" romanında görürük. Hər iki əsərdə obrazların mənəvi
dünyası, zaman axını nəticəsində əmələ
gələn psixoloji dəyişiklikləri yazıçı
poetik dillə zəngin təsvir və ifadə üsulları
vasitəsilə qələmə almışdır.
O, cəmiyyətdəki
nöqsanları, eybəcərlikləri ört-basdır etmədən,
açıq-aydın və reallığa uyğun şəkildə
əks etdirir. Yazıçının
başlıca xüsusiyyəti odur ki, o, cəmiyyətdəki
eybəcərliyi bir şəxsin, bir insanın üstünə
atmır, dövləti, hakim dairələri qüsursuz,
haqqın tərəfdarı kimi saxta tablolarda təsvir etmirdi.
"Saz", "Kollu Koxa" povestlərində,
"Yanar ürək" romanında hakim dairələrdəki
səlahiyyətli şəxslərin xarakterindəki mənfi
xüsusiyyətləri, yaltaqlığı,
riyakarlığı adi kənd adamının təmizliyi,
saflığı fonunda göstərməyi bacarırdı.
İsa Hüseynov əsasən povest və romanları ilə
tanınsa da, yaradıcılığının ilk illərində
qələmə aldığı hekayələri də diqqətə
layiqdir. Doğrudur, hekayələrinin sayı çox deyil,
ancaq öz bədii gücü, poetik imkanları, zəngin və
dolğun obrazları ilə Azərbaycan ədəbiyyatında
özünəməxsus yerlərdən birini tutub. Ədibin hekayələrində sadəlik,
şirinlik, xalq ruhu oxucunun marağına səbəb olur.
Hekayələrinin demək olar ki,
hamısının mövzusunu müəllif yaxından bələd
olduğu, ruhuna hopdurduğu kənd həyatından
almışdır. Onun qəhrəmanları
da yaxşı tanıdığı, duyduğu kənd
insanlarıdır. "Başa düşə
bilmirəm" hekayəsindəki Xədicə,
"İnciklik" hekayəsindəki Qəndəf,
"Cığırlar" hekayəsindəki Sevər belə
qəhrəmanlardandır.
Lakin onun hekayə yaradıcılığı çox
məhdudddur.
Bu da onun detalçı dilindən irəli gəlir.
Onun əsərinə seçdiyi sujet geniş,
təsvirləri zəngin, bədii təfəkkürü isə
çoxşaxəlidir. Məsələn,
müəllif adi bir lövhəni, hansısa fəslin təsvirini
və ya adi bir otağın görünüşünü
sözlə elə ifadə edir ki, sanki həmin detal oxucunun
gözü qarşısındaca canlanır.
Bildiyimiz kimi, rejimin tələbi ilə ədəbiyyatımızda
çox uzun müddət kolxoz mövzusu başlıca
mövzulardan idi. Ancaq adını çəkdiyimiz
60-cılar nəsli bu tabunu qırıb, əsərlərinə
yeni mövzular gətirməyi bacardılar. Onların içərisində İsa Hüseynov
xüsusilə seçilirdi. O, kolxoz mövzusunu ciddi kənd
problemləri ilə əvəz edə bilən bir
yazıçı oldu. O dövr Azərbaycan kəndi
özünün ən yaxşı təcəssümünü
məhz onun əsərlərində tapdı. "Saz",
"Tütək səsi", "Yanar ürək",
"Teleqram", "Kollu Koxa" və s. kimi əsərlərdə
yaradılmış kənd bir neçə il öncə
kolxoz ədəbiyyatında təsvir olunan kəndin əslində
eynisidir, dəyişən bir şey yoxdur, ancaq tək fərq
ondadır ki, bu kənd reallıqları ilə təsvir
edilib. Bu əsərlərində
yazıçı sanki kolxozlardakı bir sıra
nöqsanları açıb göstərməyi
qarşısına məqsəd qoyub. Bu da
ədəbiyyatımızda yenilik idi. Bu vaxta qədər
ədəbiyyatımızda kolxoz quruluşunun müsbət
keyfiyyətləri əks olunurdusa, artıq İsa Hüseynov
həqiqətləri qələmə alaraq, quruluşun iç
üzünü açıb göstərdi.
Həmin zamanlarda da xalqı əsas narahat edən problem
müharibə idi. Elə yaradıcılığa
müharibə dövründə başlayan ədibin də əsərlərinin
əsas mövzusu məhz müharibədən
götürülmüşdü. O, təsvir etdiyi Azərbaycan
kəndinin timsalında müharibədən əziyyət
çəkən bir dünyanın obrazını yaratdı. Bu mənada "Tütək səsi" və
"Saz" povestləri nəinki təkcə müəllifinin
yaradıcılığında, o cümlədən,
bütün Azərbaycan ədəbiyyatında ən
yaxşı əsərlərdən hesab edilir. Burada əks olunan insanlar müharibəni yalnızca
məişətlərində deyil, canlarında, ruhlarında,
düşüncələrində, bütün
varlıqlarında yaşayan insanlardır.
Bu əsərlərdə müharibə heç bir
şəkildə pislənmir, lənətlənmir, sadəcə
göstərilir, onun haqqında nəticə çıxarmaq
isə oxucunun ixtiyarına buraxılır. Xüsusən
əsərlərin əvvəlində povestin məhz
müharibə mövzulu olduğunu, hadisələrin hansı
şəraitdə cərəyan etdiyini bildirmək
üçün müəllif olduqca uğurlu yol seçir.
Məsələn, "Saz" povestinin əvvəlində
deyilir: "Ötən əsrin 41-ci ilindən, yəni
SSRİ ilə Almaniya arasında o dəhşətli
müharibə başlanandan sonra dünyamızın hər
yerində olduğu kimi, İsfəndiyar kişinin evində, dəmirçixanasında
və həyatında da hər şey dəyişmişdi".
"Tütək səsi" povestində isə vəziyyət
daha acınacaqlıdır. Burada ilk cümlələr
müharibənin əlamətlərindən birinin təsviri
ilə başlayır. Nədir bu
müharibənin əlaməti? Aclıq!
Müharibə hər şeyin bəlası idi. "İnsanı
çörəklə sınağa çəkməzlər"
- deyirlər, müharibə isə insanı məhz
çörəklə, bir tikə quru loxma ilə
sınağa çəkir. Bunun ən gözəl və
eyni zamanda ən ağrılı təsvirinə
sözügedən povestin lap ilk cümlələrində rast
gəlirik: "Necə oldu, səmum hardan əsdi ki, doyunca
yuxuya da həsrət qala-qala gecə-gündüz işləyən
qazancıl adamlar birdən-birə zəlilləşib,
"aclıq" adlanan dəhşətin pəncəsində,
bir tikə çörəyə də möhtac olub, üstəlik,
zülm altına düşdük?! Fikirləşirəm,
sualıma cavab əvəzində illərin
uzaqlığında "pəpə, pəpə, a mənə pəpə!"- deyən körpənin
səsi çəkib məni o uzaqlığa - 1942-ci ilə
aparır, indi acı xatirələrə dönmüş o
müharibə dövrünün hələ əsgərlik
yaşı çatmamış vətəndaşına
çevirir..."
Bu təsvirdə müharibənin gülləbaranı
yoxdur, ölüm-itim yoxdur, qan axmır, tanklar insanları əzmir,
əsgərlər dinc əhalinin yurd-yuvasını
dağıtmır, evləri yandırmır, uşaqlar
öldürülmür. Bu dəhşətlərin, bu vəziyyətin
heç biri burada yoxdur. Ancaq burada bunlardan daha dəhşətli
bir hal yaşanır: bir körpənin aclığı və
bu aclıq qarşısında körpəsinin üzünə
baxa bilməyən bir ana: "Anam cınqırını da
çıxarmır. Uşaq onun əl-qolundan
çəkişdirir. Anam yenə dillənmir.
Dillənsə, yəni oyaq olduğunu bildirsə,
gərək yenə durub Mehbalı əmigilə getsin,
üzünə üzqaralığı çəkib borc istəsin.
Mehbalı əmigildən isə iki dəfə
almışıq. Üçüncü dəfə getmək...
Yox!.. İndi onlar da biz
kökdə deyillərmi?"
Müharibəni yaşamayan, görməyən insan belə
bu təsvirlərdən ağrı, acı duyur. Əslində,
müharibə "Saz", "Tütək səsi"
povestlərindəki kəndlərdən çox-çox uzaqlarda
baş verir. Hansı ki, buradakı insanlar
bəlkə də həmin yerlərin dünyanın hansı
tərəfində olduğunu belə bilmirlər. Ancaq yerini bilmədikləri həmin müharibə
insanlara uzaq olduğu qədər yaxındır. Bu yaxınlıq onların evlərinin içinə,
çörək təşnələrinə qədər gəlib
çıxıb. Deməli, müharibənin
də uzağı, yaxını yoxdur, o varsa, həmişə
yaxındadır, qaşla-göz arasında, alınan nəfəsdədir.
Onun öz məntiqi, öz qayda-qanunu var.
Bəlkə də müharibə haqqında bu vaxta qədər
deyilmiş ən gözəl fikirlərdən biri elə
sözügedən povestdəki fikir idi. Orada qoca, elin
ağsaqqalı Qılınc Qurbana deyir: "Müharibə
olmasaydı, Cəbrayıl o qapını
açmazdı".
Bu təsvirlərdən çıxış edərək
əminliklə demək olar ki, yazıçı müharibə
dövrünü görməkdən, yaşamaqdan əlavə,
onu həm də çox gözəl hiss edir, duyurdu.
Akademik
İsa Həbibbəyli ədibin həmin povestləri
haqqında danışarkən onun
yaradıcılığının ilk mərhələsini bu
cür qiymətləndirir: "İsa Hüseynov povestlərində
həyatı roman miqyasında dərin və əhatəli
şəkildə göstərmişdir. Onun əsərləri,
xüsusən də hekayələri və povestləri insan və
zaman haqqında yanar ürəklə deyilmiş
yazıçı monoloqudur. "Doğma
və yad adamlar" romanı, povestləri roman təəssüratı
yaradır. İsa Hüseynov
sözünü povest həcmində və lakin roman dərinliyində
deməyin ustadıdır".
Tənqidçi Vaqif Yusifli İsa Hüseynovu "təpədən-dırnağa
Azərbaycan yazıçısı - Azərbaycan bədii
düşüncəsinin yetirməsi" adlandırır. O qeyd edir ki, dünyada
bir-birinə bənzəyən, bəzən bir-birinin təkrarı
və davamı olan yazıçılar var, lakin İsa
Hüseynov heç kimə bənzəmir və ona bənzəmək
də mümkün deyil. Həqiqətən də
Anar "Qəribə dünyanın adamı" məqaləsində
qeyd edir ki, XX əsrin ən böyük
yazıçılarından biri hesab edilən Çingiz
Aytmatov İsa Hüseynovu özündən daha qüvvətli,
daha istedadlı yazıçı hesab etdiyini vurğulamışdı.
Hansı ki, İsa Hüseynov daha çox onunla
müqayisə edilirdi.
Fikrimcə, oxucunu İsa Hüseynovun əsərlərini
oxumağa vadar edən başlıca məziyyətlərdən
biri də bədii dildir. Demək olar ki, bütün əsərlərin
mövzusu kənd həyatından, sadə adamların məişətindən
gəldiyindən dili də o həyatın sadəliyi ilə
uzlaşır. Ancaq bu sadəlik heç də
bəsitlik demək deyil. Çünki
nasirin təhkiyə dili bədii təsvir və ifadə vasitələri
ilə o qədər zəngindir ki, bunlar əsərin dilinin
canlı, axıcı olmasını təmin edir, oxucu hekayənin,
povestin, hətta irihəcmli romanın belə bir cümləsini
ötürmək istəmir. Sanki əsər
oxucunun dilində su kimi axıb gedir. Bu dil
zənginliyi ilə yanaşı, dinamikliyi,
oynaqlığı ilə insanı cəlb edir. Sanki yazıçı özü sözlə
oynayır, onu əlində "xəmir kimi yoğurub"
öz istədiyi formaya sala bilir. Maraqlıdır
ki, bunun özü belə heç bir yerdə sünilik,
qeyri-təbiilik yaratmır.
Müəllif təhkiyəsindən əlavə,
obrazların dili, dialoqları, mükalimələri də
xoşagələn və diqqətçəkicidir. Hər bir
obrazın öz dili, öz danışığı var. Bu
dil sanki başıqarlı dağların yaşıl
yamaclarından, quşların şirin civiltisindən, şəlalənin
oynaq şırıltısından, küləyin xəfif
xışıltısından süzülüb gəlir.
Bu fərqlilik yalnız obrazıları bir-birindən
ayırmır, bir qəhrəmanın müxtəlif dövrdəki
təsvirini də ayırır. Həmin qəhrəmanın
müxtəlif dövrlərdəki nitqləri də bir-birindən
seçilir. Məsələn,
"İdeal" romanındakı Səməd on səkkiz
yaşında daha sadə danışırsa, yeddi - səkkiz
ildən sonra nisbətən fərqli nitqlə
qarşımıza çıxır. Bu da
müəllif qələminin inandırıcılığına
gətirib çıxarır. Bunu İsa
Hüseynov qələminin daha bir uğuru hesab edə bilərik.
Müəyyən
dövrdən sonra İsa Hüseynov öz yerini İsa
Muğannaya verdi. Özünün də
dediyi kimi, "İdeal" romanı və ondan sonra
yazılmış bütün əsərlərdə İsa
Muğanna İsa Hüseynovun deyə bilmədiklərini dedi. Amma diqqətli oxucu Muğannada da Hüseynovu
tapmağı bacarır. Bütün
hallarda Azərbaycan ədəbiyyatında böyük bir
İsa Hüseynov (Muğanna) dövrü yaşandı.
Bu dövr özündən sonra çox
yazıçıların yetişməsində böyük
rol oynadı.
Əslində, İsa Hüseynovu (Muğannanı) anlamaq
elə də çətin deyil. Onun əsərlərini
oxuduqca başa düşmək olur ki, o, yalnız öz dərdlərini
çəkmir. Heç onu məşğul
edən problemlər yalnız Azərbaycanın, Azərbaycan
xalqının problemləri də deyil. O, bəşəriyyətin
yazıçıdır. Çünki onun dərdi
bəşəriyyətin, insanlığın dərdləri
ilə ortaqdır.
Aprelin ilk günü bu böyük
yazıçının ölümünün
dördüncü ildönümü tamam oldu. Sağlığında bu qədər
böyük irs yaratmış insanlara
"ölüm" sözü heç zaman yaraşmaz. Elə İsa Hüseynova da yaraşmır. Özünün də dediyi kimi, ölüm yoxdur,
ayrılıq var. İnsanı incidən də elə budur.
Biz oxucular isə onu hər əsərində, hər cümləsində
yenidən tapacaq, əbədiliyini hər dəfə yenidən
qutlayacağıq!
525-ci qəzet 2018.- 3 aprel.- S.7.