"Mən kökümlə bu torpağa
bağlıyam..."
İSRAİLDƏ ÇALIŞAN
BACARIQLI HƏKİM İLQAR ƏZMƏMMƏDOV DOĞMA
AZƏRBAYCANA ÖVLADLIQ BORCUNU ƏSLA UNUTMUR
Aydın TAĞIYEV
Doğma
Azərbaycanımızın bir yurd yeri də bizim Şabran
bölgəsidir. Qədim Şirvanın ulu və şanlı
tarixə malik Şabran torpağına qədəm qoyan hər
kəs ilk əvvəl bu torpağın hər
qarışından boy verib görünən əsrlərin
yadigarı, yaşı 3-5 əsrlərə gedib
çıxan əzəmətli Çıraqqalanı görər.
Tədqiqatçılar qədim Şabran şəhərinin
tarixini eramızın 2-ci əsrləri ilə
bağlayırlar.
Yeri-yurdu
tanıdan həmişə onun övladları olub. Qədim
Yunanıstanda həkimlik peşəsinin adı “həyat
keşikçisi, həyat müdafiəçisi" demək
imiş. Ulu, şərəfli bir tarixə malik qədim
Şabran həm də doğma Azərbaycanımıza "Həyat
keşikçisi, həyat müdafiəçisi" bəxş
etmiş bir torpaqdır.
Ötən
əsrin əvvəllərində ilk azərbaycanlı həkimlərdən
biri də Şabranın Pirəbədil kəndində
doğulub boya-başa çatmış, Kiyev Universitetinin tibb
fakultəsinin məzunu Qəzənfər Musabəyov idi. Uzun
müddət respublikamızın baş uşaq cərrahı
olmuş tibb elmləri doktoru, professor Əliağa Əlizadə
də bu torpağın oğlu idi. Tibb elmləri doktoru,
professor Ziyəddin Əfəndiyevin özü ilə
yanaşı, oğlu İbrahimin, qızları Mahirə,
Teyyubə xanımların adları da ölkəmizdə
adlı-sanlı həkimlər kimi yaxşı
tanışdır.
Tibb
elmləri doktorları - Ariz Xəlilov və Emin Cavadovla da
şabranlılar bir həmyerli kimi qürur duyurlar.
Bizimsə
söhbətimiz 2015-ci ildən İsraildə İbrani
Universitetinin "Hadassa" tibb fakultəsinin eyniadlı
klinikasında İnvaziv-kardioloq kimi fəaliyyət göstərən
31 yaşlı həmyerlimiz İlqar Tahir oğlu Əzməmmədov
haqqındadır.
İlqar
həkim haqqında söz açmazdan əvvəl bəri
başdan burasını da deyək ki, həmyerlimizin
çalışdığı müalicə ocağı
dünyada kardiologiya sahəsində ABŞ və Yaponiyadan
sonra ixtisaslaşmış ən güclü
üçüncü klinikadır. Ürəklə
bağlı əksər yeni elmi kəşflər bu klinikada
qeydə alınır. Bu klinikada dünyanın 30 ölkəsindən
adlı-sanlı həkim briqadası çalışır. Həmyerlimiz
onların arasında yeganə azərbaycanlıdır. Ən
ağır ürək-damar xəstələri bu klinikada
müalicə olunur. Burasını da deyək ki, İbrani
universitetinin qurucularından biri də Albert Eynşteyn olub.
Qədimlərdə
həkimlərin peşə emblemi " çıraq -
şölənən şam" idi. Müəyyən
dövr keçdikdən sonra bu etiket "Əlində ürək
tutan qadın", hazırda isə "Piyaləyə zəhər
tökən ilandır". Əlbəttə, bunların hər
birinin öz rəmzi mənası var.
Həkimlərin
emblemi "şölənən şam" olan vaxtlarda bu
simvol latın dilində belə bir cümlə ilə izah
olunurdu: “Aliis inserviendo, consumor" - yəni ki, "özgələr
üçün yanarkən özüm də
yanıram"...
Bu da
dünyaca məşhur cərrah Mustafa bəy
Topçubaşovun sözləridir: “Hər birimiz bir şam
işığı qədər işıq verə bilsək,
planetimizin günəşə ehtiyacı qalmaz".
Bax,
sözümü uzaqdan başlayıb haqqımda
danışmaq üçün mətləbə keçdiyim
həmyerlimiz İlqar Əzməmmədov da öz peşəsinə
bağlı belə bir həkim, belə bir fədakar peşə
sahibidir. Yaşca xeyli cavan olsa da, tanınmış vətən
övladlarındandır.
İlqar
dünyaya Rusiyada gəlsə də, uşaqlığı
ata-baba yurdu doğma Şabranda, keçmiş Dəvəçi
şəhərinin Güləmli adlı məhəlləsindəkeçib.
İlk təhsilini doğma kəndində alıb. Orta məktəbi
qurtardıqdan sonra 2004-2010-cu illərdə qardaş Türkiyənin
Samsun şəhərindəki "19 Mayıs"
Universitetinin tibb fakültəsində oxuyub. Təhsilini
başa vurduqdan sonra 2011-2015-ci illərdə oradakı
"Samsun Medikana" xəstəxanasında kardioloq işləyib.
2015-ci
ildən isə ingilis və ibrani dillərindən nəzəri
və praktiki üsullarla imtahan olunandan sonra İsrail dövlətindəki
İbrani Universitetinin "Hadassa" tibb fakultəsinin
eyniadlı klinikasında invaziv (ürəyi açmadan ürək
damarlarındakı problemi aradan qaldırmaq) kardioloq kimi fəaliyyət
göstərir.
Vətəndən
uzaqlarda yaşayıb çalışan həmyerlimiz İlqar
həkimin bu misra dilinin əzbəridir: "Mən
kökümlə bu torpağa bağlıyam..." Bu
misranı təkcə şeir, sənət vurğunu kimi əzbərləməyib.
İlqar həkim böyüyüb boya-başa
çatdığı doğma Şabrana, vətəni Azərbaycana
ürəkdən bağlıdır.
Çalışdığı klinikaya, dediyi kimi, Azərbaycandan
da müraciətlər olur. Bu zaman İlqar həkim həmyerlilərinə
əlindən gələn, bacara bildiyi köməkliyi əsirgəmir.
Dediyinə görə, buradakı qiymətlər bəzən
Azərbaycandan gələn xəstələrə münasib
olmaya bilər. Bu zaman o, həmyerliləri olan belə xəstələri
Türkiyədə, Samsun şəhərindəki klinikada qəbul
edir.
İlqar
həkim qürurla burasını da deyir ki, Azərbaycan səhiyyəsində
kardiologiya ən inkişaf etmiş sahələrdən biridir.
Bu sahəyə qısa müddətdə peşəkarlaşan
və xarici təcrübəyə əsaslanaraq
çalışan çoxlu sayda mütəxəssislərimiz
var. Bir sözlə, respublikamızda kardiologiya sahəsi demək
olar ki, dünya təcrübəsi ilə ayaqlaşacaq səviyyədədir.
Kökü
ilə doğma Azərbaycana bağlı olan İlqar həkimin
əlbəttə ki, ən böyük arzusu öz vətənində
çalışmaq, xalqına xidmət etməkdir. İlqar
burasını da yaxşı bilir ki, öz xalqına, ölkəsinə
xidmət təkcə vətəndə yaşayıb
çalışmaqdan ibarət deyildir. Vətəndən
uzaqlarda öz istedadı və savadı, bacarığı ilə
tanınmaq, ad-san qazanmaq, Azərbaycanın adını
tanıtmaq da elə vətənə xidmətdir. İstər
İsraildə, istərsə də Türkiyədə
doğma respublikamızla bağlı müxtəlif
ictimai-siyasi, sosial, mədəni-kütləvi tədbirlərdə
fəal iştirakını da İlqar həkim vətənə
övladlıq borcu bilir.
525-ci qəzet 2018.- 3 aprel.- S.8.