Kitabxana etikasına dair ilk fundamental milli nəşr
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyinə
ithaf olunmuş "Kitabxana etikasıvə kitabxanaşünaslığın linqvo-konseptual məsələləri"
adlı monoqrafiya geniş ictimaiyyətə
təqdim edilib.
Kitabxana-informasiya, tarix, fəlsəfə,
hüquq və dilçilik sahəsinin mütəxəssisləri üçün
nəzərdə tutulmuş
monoqrafiya Azərbaycan
elminin, mədəniyyətinin,
xüsusən də kitab mədəniyyətinin
inkişafında xüsusi
xidmətləri olmuş
alimlər tərəfindən
hazırlanmış: müəllifləri
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, görkəmli alim Aybəniz xanım Əliyeva-Kəngərli
və institutun "Beynəlxalq əlaqələr"
şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov, elmi redaktoru AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru, Humanitar Elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və elmi məsləhətçisi
pedaqogika üzrə elmlər doktoru, Rusiya Milli Kitabxanası
"Kitabxanalararası əlaqələr"
şöbəsinin müdiri,
Rusiya Kitabxanaçılar
Assosiasiyasının üzvü,
"Rusiya kitabxanaçılarının
etik davranış kodeksi"nin müəllifi
İrina Truşinadır.
"Müasir elmi ədəbiyyat" seriyası
ilə nəşr edilmiş monoqrafiya ilə ilkin tanışlıq onu deməyə əsas verir ki, belə
bir sanballı tədqiqat işini hazırlamaq üçün
müəlliflər illərlə
gərgin əmək sərf etməklə müfəssəl elmi axtarışlar nəticəsində
respublika əhəmiyyətli
iri kitabxanalar, eləcə də qabaqcıl dünya kitabxanalarının fondlarına,
arxivlərə, mümkün
olan onlarla mənbəyə müraciət
etmiş, hər bir sənədi, hər bir materialı
təhlil etmiş, faktları dəqiqləşdirmiş,
çox böyük zəhmət sayəsində
dəyərli bir iş ərsəyə gətirmişlər.
Kitabxana-informasiya əxlaqı problematikasının
bu qədər aktuallıq kəsb etdiyi zamanda belə bir tədqiqat
işinin meydana gəlməsi kifayət qədər zəruri və olduqca əhəmiyyətli məsələdir. Uzun müddət kitabxana etikası müstəqil şəkildə deyil, informasiya etikasının,
informasiya mədəniyyətinin
tərkib hissəsi kimi öyrənilsə də, sözügedən
monoqrafiyada kitabın müəllifləri kitabxana
etikasını müstəqil
anlayış kimi araşdırmış, mahiyyətini
açmış, kitabxanaçının
oxucu və informasiyaya münasibətdə
rəhbər tutduğu
peşəkar neytrallıq
və sosial məsuliyyətlilik prinsiplərinin
əsasını, inkişaf
çərçivələrini, həmin prinsiplərin tətbiqolunma dərəcəsini
və arealını müəyyənləşdirmiş - "etika nədir və necə yaranır", "cəmiyyətə
necə təsir edir", "kitabxana etikası necə yaranıb, inkişaf edib", "kitabxana mədəniyyəti ilə
kitabxana etikasının
fərqi nədədir"
kimi sualları əsaslı şəkildə
cavablandırmağa çalışmışlar.
Bu gün respublikada informasiya cəmiyyətinin
inkişafı şəraitində
ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin,
kitabxanaçı etikasının
formalaşması problemi,
onun tarixi və inkişafı elmi-nəzəri və milli-mənəvi kontekstdən
işıqlandırılmış, bu sahə üzrə
hüquqi fəaliyyətin,
kodeksləşdirmənin özünəməxsus
xüsusiyyətləri tədqiq
edilmişdir. Müəlliflər
bu tədqiqatda kitabxana əxlaqını
kulturolojifenomen kimi öyrənmiş, "kitabxana
işi" və
"kitabxanaçılıq" anlayışları arasında
fərqi müfəssəl
izah etmiş, "kitabxanaçılığın" iş və ya peşə olması ilə bağlı tarixi-sosioloji mükalimə yürütmüşlər.
Monoqrafiyada diqqəti cəlb
edən məsələlərdən
biri də odur ki, ilk dəfə
bu əsərdə bəzi anlayışların
nümunəsində kitabxanaşünaslığın
terminoloji bazası Azərbaycan, türk, ingilis, rus, ərəb,
latın və digər dillərin etimoloji qanunauyğunluqları
müstəvisində linqvo-konseptual
təhlilə cəlb
olunmuşdur.
Kitabda kitabxanaçı professionallığı
ayrıca bölmədə
əhatə edilməklə
peşəkarlıqla professionallıq
arasında fərqli cəhətlər araşdırılmışdır,
müəlliflərin məsələnin
tədqiqinə xüsusi
elmi yanaşması və yüksək səriştəsi nəticəsində
həm kitabxana qaydaları, həm kitabxanaçı professionallığı,
həm də kitabxanaçı etikası
nöqteyi-nəzərindən yanaşmaqla, kitabxanaçının
etik davranış qaydalarının çərçivələrini
müəyyənləşdirərkən
nələrə diqqət
etməli olduğu göstərilmişdir.
Fikrimizcə, monoqrafiyanın ən
mühüm məziyyətlərindən
biri də əsərdə bir sıra dünya ölkələrindən-Türkiyə,
ABŞ, Almaniya, Birləşmiş
Krallıq, Fransa, İtaliya, Rusiya, Ukrayna kitabxanaçılarının
etik davranış kodeksinin təqdim edilməsi və aparılan tədqiqatın
məntiqi nəticəsi
kimi "Azərbaycan kitabxana əməkdaşlarının
etik davranış kodeksi"nin geniş kitabxana ictimaiyyətinin müzakirəsinə verilməsidir.
Dünyanın bir çox ölkələrində
milli kitabxana assosiasiyalarının, birliklərinin,
cəmiyyətlərinin təşəbbüsü
ilə kitabxanaçıların
etik davranışını,
peşə etiketini tənzimləyən qaydaların
artıq müəyyənləşdirildiyi,
kitabxana fəaliyyətində
uğurla tətbiq olunduğunu nəzərə
alsaq, təqdim edilən bu konseptual layihə Azərbaycan kitabxanaçılarının
etik davranış kodeksinin yaradılmasına
təkan verəcəkdir.
"Əlavələr" bölməsində
verilmiş milli etik kodekslər, o cümlədən, IFLA-nın
etik davranış qaydaları tarix üzrə fəlsəfə
doktorları C.A.Cəfərov
və N.X.Babaxanova tərəfindən ixtisarla
ilk dəfə ingilis,
fransız və rus dillərindən Azərbaycan dilinə tərcümə olunmuş,
eyni zamanda, 33 müxtəlif ölkədə
kitabxana etikası kodekslərinin qəbul olunması üzrə cədvəl təqdim edilmişdir. Adı çəkilən əlavə materiallar və sonda verilmiş
Azərbaycan, türk,
rus və ingilis dillərində istifadə edilmiş zəngin elmi məxəz haqda biblioqrafik informasiya mütəxəssislər üçün
xüsusi əhəmiyyət
kəsb edir.
Belə
dəyərli elmi tədqiqat əsərinin meydana gəlməsi AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunun Azərbaycan
elminə, eləcə
də milli kitabxana-informasiya resurs bazasına növbəti çox mühüm və qiymətli töhfəsidir. Ümidvarıq ki, "Kitabxana
etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri"
kitabxana etikası probleminin öyrənilməsi
istiqamətində yeni
mərhələnin başlanğıcı
olacaq və bu sahədə yeni-yeni elmi tədqiqatlara yol açacaqdır.
Təqdirəlayiq haldır ki, əsərin məzmunu və elmi əhəmiyyəti
ilə yanaşı, onun tərtibi xüsusiyyətləri, yazı
və kitabçılıq
mədəniyyəti məsələləri
də yüksək səviyyədə həll
edilmiş, kitabın titulu peşəkar zövqlə seçilmiş,
onun üz və arxa hissəsində
Avstriya əsilli görkəmli Fransa şərqşünas-rəssamı Lüdviq Doyçun "Alimlər kitabxanada" və "Kitabxanada qiraət" adlı rəsm əsərlərindən
istifadə olunmuşdur.
Bütün kitabxanaşünasları, ziyalıları, alimləri,
tədqiqatçıları, mütəxəssisləri, geniş
kitabxana ictimaiyyətini
və oxucu kütləsini monoqrafiyanın
nəşri münasibətilə
təbrik edir, müəlliflərə yeni
yaradıcılıq uğurları
arzulayır, Azərbaycan
elminin, kitabxanaşünaslıq
mədəniyyətinin, tarixinin
qarşısında durmuş
mühüm aktual məsələlər üzrə
növbəti elmi-tədqiqat
əsərlərini gözləyirik.
Adilə ABDULLAYEVA
tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.-
3 aprel.- S.8.